"Marallar"ın xələfləri

    

  Satiramızın təməl babası M.Ə.Sabir böyük bir vətəndaş ağrısı və təəssüfü ilə "Mən hələ gördüyümün dörddə birini yazmayıram" - deyirdi. Sözün doğrusunu yazmağın hünər olduğu zamanların qələm adamları bu gördüklərini "nüki-bəd" edib diqqəti vəziyyətdən çıxış yollarına yönəldirdilər. Nə qədər çətin, ağrılı və təhlükəli olsa da, möhkəm təməli qoyulurdu sözün doğrusunu deməyin. Öz dövrü üçün bu doğru sözü M.F.Axundzadə, H.Zərdabi, Mirzə Cəlil, Sabir, Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Haqverdiyev yazdı. Bu görkəmli sənətkarların mənəvi varislərindən biri olan tanınmış yazıçı Xeyrəddin Qoca çağdaş ədəbi həyatımızda gördüklərini "nüki-bəd" eləyib cəmiyyətin diqqətinə təqdim etməyi özünə vətəndaşlıq borcu bildi, böyük sələfləri kimi çatışmazlıqları, sosial bəlaları, eybəcərlikləri faş etməyin zərurətini anlatdı. "Ola bilməz ki, satira və yumorun kiməsə az da olsa təsiri olmasın" qənaətilə baş-başa yazdı-yaratdı. Onun bu qənaət və amalla yazdığı çoxsaylı kitabları sırasında yaxın günlərdə "İdeal-Print" nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr edilən "Biz bizə bənzərik…" kitabı da yer aldı. Öz üslubuna sadiq qalan Xeyrəddin Qoca bu dəfə də ədəbi "marallar"ının yağını yağ, ayrınını ayran üstə çıxardı. Bir ucu yüz il əvvələ - "Molla Nəsrəddin"in nəşrə başlayıb, intişar etdiyi dövrə, bir ucu da çağdaş zəmanəmizə, günümüzün reallıqlarına söykənən, əslində bütün dövrlər üçün gündəmdə olan sosial ədalətsizliklərin, problemlərin kökünə gedib çıxdı, böyük sələfləri kimi bu problemləri faş edə-edə oxucu yaddaşını, düşüncəsini, ətrafa münasibətini vətəndaş yazıçı cəsarətilə dönə-dönə silkələdi. Kəskin sarkazm yolu ilə yox, səmimi yumor, ironiya, istehza, atmaca, ikibaşlı sözlər vasitəsilə.

"Başağrısı olmasın, mənim gördüyüm, görməməzliyə vurduğum hadisələr, şeylər çoxdur, saymaqla qurtaran deyil…"

Ədəbi ənənəyə söykənən, cəmiyyətdəki bütün eybəcərliyi bir yerə toplayıb onlara birlikdə gülmək ustalığı X.Qocanın "Biz bizə bənzərik…" kitabını da şərtləndirir. Cəmiyyətin ümumi bəlasına çevrilən tanış cizgilər, umacaqlı münasibətlər bu kitabdan bol-bol keçir. Bu tanışlıqdan məyus, xəcil olsa da, təqdim olunan personajlar və problemlərlə çağdaş olmağımızın reallığından qaça bilmirik. Cəhənnəmin reklam olunan çal-çağırına, bər-bəzəyinə valeh olub cəhənnəmə göndərilmək yalvar-yaxarı edən binəvanı necə başa salasan ki, ay bədbəxt, sənin gördüklərin reklam idi… Bütün mənəviyyatsızlığı ilə aləmə bəlli olanların bir özgəsinə "qardaşoğlu, neynirsən pulu-zadı, əsas mənəviyyatdır, mənəvi zənginlik hər şeydən üstündür" dərsi verməsini necə həzm edəsən? Kitabı oxuya-oxuya bu zəmanədə adamsız - karlı dayısız olmağın acısını (nə qədər kədərli və gülünc olsa da) dönə-dönə yaşayırıq. Özgələrin güvə düşmüş dağarcığını özününkülərə qumaş yerinə sırımaq istəyənlərin manqurt xislətlərinə ağrılı bir ironiya yaşanır "Biz bizə bənzərik…"də.

Bəzi millət vəkillərinin qanun yazmaq əvəzinə cümlə düzəltmək işgüzarlığı, başabəla nazirlərin "hazıra nazir olmaq" səlahiyyəti, vəzifə sahiblərinin "biz rüşvət almırıq, bizə "hörmət edirlər" məntiqi, tapançanın beldə, zopanın əldə olmasını əsl kişi peşəsi bilənlərin cılız təbiətləri X.Qocanın təqdimində gülməli və ağlamalıdır. Müəllif əl çala-çala alçalanların kölə təbiətini, "əyilmək də pulla deyil ki!" məntiqilə yaşayanların qul xislətini ustalıqla qələmə alır. Səhnəyə, ekrana-efirə istedadını yox, çılpaq bədənini çıxaranlara acı bir eyhamla işarə edir: "Deyəsən veriliş mənə yaman təsir edib, xəstə kimi olmuşam. Çünki harada yarıçılpaq qız görürəm, ona yazığım gəlir. Elə bilirəm, dilim-ağzım qurusun, onu yeyəcəklər…"

"Biz bizə bənzərik…"də küçüyün hürə-hürə it olması yaşamını həyat normasına çevirənlərə, "papaq olmasın şlyapa olsun, nə fərqi?" prinsipsizliyinə vərdiş edənlərə davamlı bir etiraz yaşanır. Cəmiyyəti qudurmuş it kimi tutmağı bacaranların ayağına verməklə idarə etməyi özlərinə iş metodu seçənlərin hökmranlığına davamlı nifrət "Biz bizə bənzərik…"də üst qatdadı.

"Mən sizə xidmət edirəm" hekayəsində təqdim edilən şöbə müdiri Qurbanov müəssisənin direktoru Əli Nadiroviçin fikrinə hesablanıb, müdirin "yaxşı" dediyinə yaxşı, "pis" dediyinə pis deməklə yerini isti salır. Müdirin təəccübləndiyini görəndə Teymurləngin plov qonaqlığını yada salır, o məşhur qonaqlıqda Molla Nəsrəddinin plovu fatehin könlüncə tərifləməsini, yaxud pisləməsini, "mən hökmdara xidmət edirəm, plova yox" - deməsini dilə gətirir. İşarə vurur ki, Əli Nadiroviç, mən sizə xidmət edirəm, işçilərə yox ki!..

Müəllifin dərin ağrıyla qoyduğu bu nidalı nöqtələrdən sonra əlavə şərhə, izahata ehtiyac belə qalmır. Əslində X.Qocanın yazdığı hər bir yumorlu hekayə sözsüz şəkillərə bənzəyir. Yəni şərhə ehtiyac yoxdur; baxan kimi "marallar"ın içinin astar tərəfə çevrildiyini əlbəəl görürük. Dəbə uyub özlərini başqa millətlərə oxşatmaq canı-dilliyi edən bizimkilərə bizlərin münasibətini apaydın ifadə edir bu kitabda yazılanlar. Oxuyub, necə ürəkdən gülməyəsən ki, idarə müdiri unudub evdə qoyduğu telefon kitabçasında işlə əlaqədar olduğu tanışlar sırasında kişi adları altında eyzən "gözəlçə"lərinin telefon nömrələrini yazıbmış. Necə təəccüblənməyəsən ki, Əbdüləli müəllim soyadını belə yaza bilmədiyi oğlunun adından məqalələr yaza-yaza onu baş redaktor vəzifəsinə qədər necə yüksəldə bilir? Gülüş gülüşü çəkir. Həmkarlar ittifaqı yerli komitəsində Qara dəniz sahilinə istirahət üçün verilən putyovkanı rəisləri Təmkinli Sakitin adına yazmaqla əslində bir güllə ilə iki dovşan vururlar; düz iyirmi bir gün rəis Qara dəniz sahilində, işçilər də idarədə istirahət etmək imkanı qazanırlar.

"Dava düşdü"də ər-arvad ciddi sosial problemlər ucbatından ailədə növbəti qalmaqalın düşməsinin səbəbini yenə özgə yerdə axtarırlar: "Tamam yadımızdan çıxıb, duz dağılanda gərək üstünə qənd ataydıq…"

"Ələmdarın dayısı"nda cavan oğlanı layiq olmadığı vəzifələrə dayısına görə yüksəldirlər. Ancaq bu yüksəlişin dayının işdən çıxarılmasına görə enişi də özünü çox ləngitmir.

"Niyə tərifləyib"i oxuyub təəccüb etməyə bilmirsən ki, sən demə, xoşuna gəlməyən işçini tərifləyə-tərifləyə yuxarı idarəyə işə göndərməklə də ondan "can qurtarmaq" olarmış.

Ölülərin hesabına pul çıxarmağın qanun-qaydası "Hərə bir cür pul qazanır"da yazıya alınıb. "Ölürəm, ölürəm" deyib, ölüb qurtarmamağın yolunu "Qabiliyyət lazımdır"dan oxuyub bilirik. Alça satanla xalça satanı qarışdıran hakimlərin korafəhimliyi, göyərti yeməklə otlamağın fərqini ayırd edə bilməyənlərin miyanəliyi, "dünya malına görə adamı tutmazlar" düşüncəsiylə hakimlərə tənə edənlərin peşəkar düzəlməzliyi kitabda yumorlu bir dillə qamçılanır. "Bizə düz adam lazım deyil" hekayəsində yeni müdir kadrlar şöbəsinin müdirinə tapşırıq verir ki, bizə təmiz adamlar lazım deyil, onları başdan eləyin getsin. Müdirə yalnız rüşvətxor, gözükölgəli, bir neçə sifəti olan, məddah, simaca eybəcər işçilər lazımdır. Əslində belə işçilər onun daxili simasının, mənliyinin ifadəsidi. Müdir yaxşı bilir ki, belələri deyilənlərə "baş üstə" deməkdən başqa heç nə bilmir, minib çapsan da, etiraz etməzlər. Hörmətə minməyin yolu belə insanlarla işləməkdən keçir.

"İstəyirdim görəsən" hekayəsini oxuyanda görürsən ki, təsvir olunan qəribəliklər cəmiyyətdə çoxdur. Belə ki, hekayədə Həcc ziyarətinə gedən bir kişidən söhbət açılır. O, səfərə çıxmamışdan qabaq pulunu mömin müsəlmanların iştirakılə axunda əmanət verir. Qayıdanda axund pulu danır və ətrafındakıları şahid çağırır. Yalançı şahidlər and içib-aman edirlər ki, bu kişi axunda pul-zad verməyib. Adamlar dağılışandan sonra axund əmanəti sahibinə qaytarır. Kişinin təəccübləndiyini görəndə deyir ki, istəyirdim görəsən biz kimlərlə işləyirik…

Müəllif göstərir ki, lazım gələndə qatığa qara, qaraya ağ deyənlər təəssüf ki, cəmiyyətdə hələ də var. Özü də daha çox dilbir, əlbirdirlər. Belələri yüz cür oyundan çıxırlar. "Yalan-palan" hekayəsində deyildiyi kimi, bu adamlar o qədər hoqqabazlıqlar edirlər ki, adam meymunun insandan əmələ gəlməsi fikrinə düşür. Belələri qova-qova "Mərdi namərd edənlər…"di. Bu hekayədə Qasım ona görə sevinc içindədir ki, Mərdi işdən çıxarırlar. Mərdin günahı təmizlikdən danışması, yaltaqlıq, satqınlıq etməməsidi, savadı, şəxsiyyəti və qüruru var. Bu biabırçılığı eşidən Nəsirin bircə söz deməyə gücü çatır: "Allah mərdi qova-qova namərd edənin evini yıxsın!" Oxucu da iç dünyasında Nəsirlə həmfikirdi: "Amin!"

Kitabda verilən "Əncir yarpağı da olmayacaq", "Özgəyə quyu qazan", "Bizə yaramaz lazımdır", "Onlara yazığım gəlir", "Borclu qala bilmərəm", "Qozbeli qəbir düzəldər" və s. hekayələri də bu ovqatla oxunur. Oxuduqca baxıb görürsən ki, müəllifin ön sözdə önə çəkdiyi əndişə əbəs deyilmiş - bu yazılanlardakı bəzi incəlikləri ürəyinizə salmayın. Ona görə də "gülmək istəsəniz gülün" məsləhəti daha ağlabatandı. Müəllifin məsləhətincə kitabı heç oxumamaq da olar. Çünki kitabda yaltaqlardan, məddahlardan, bədxahlardan, nadanlardan, cahillərdən… bəhs olunduğundan burada yazılanların bizə heç bir dəxli yoxdur…

Kitabda müəllif marağı və istəyi lap üst qatdadır; yazıçının davası tənqid hədəflərinin onu başa düşəcəyi yerə qədərdir: "Soruşuram, ata-babalarınız Mirzə Cəlilə, Sabirə, Əbdürrəhim bəyə o zamanlar çox "qəmiş" qoyublar, indi onları tərifləyirsiniz, niyə? Cavab verirlər "ata-babalarımız bilər, biz bilərik, sən qəmiş qoyma". Sizləri özbaşına buraxmaq olmaz! Qəmiş də qoyacağam, hələ o tərəfə də keçəcəyəm! Sizin də balalarınız gələcəkdə məndən danışarlar - bəsimdir!"

 

Sərvaz

Ədəbiyyat qəzeti.- 2010.- 3 dekabr.- S.6.