Kamal Abdulla -
60
Hörmətli Kamal müəllim!
Sizi - görkəmli alim və yazıçını
60 yaşınızın tamam
olması münasibətilə
təbrik edirik.
Siz 1976-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib
SSRİ EA Dilçilik İnstitutunun
Türk dilləri şöbəsinin aspiranturasına
daxil olmusunuz. Aspiranturanı başa vurub 1977-ci ildə Moskvada "Sintaktik paralelizm"
("Kitabi-Dədə Qorqud"
dastanlarının dili
üzrə) adlı namizədlik dissertasiyası
müdafiə etmisiniz.
Əmək fəaliyyətinə
1977-ci ildə AEA Nəsimi
adına Dilçilik İnstitutunun
Türk dillərinin müqayisəli tədqiqi
şöbəsində başlamısınız.
1984-cü ilədək burada şöbə müdiri vəzifəsinə
kimi yüksəlmisiniz.
1984-cü ildə "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası müdafiə etmisiniz.
1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının
müdiri, professoru olmusunuz. 1988-1990-cı illərdə
Azərbaycan Mədəniyyət
fondu sədrinin birinci müavini işləmiş, 1990-cı ildə
Azərbaycan Mədəniyyət
Fondu İdarə heyətinin sədri, eyni zamanda M.F.Axundov
adına Rus dili və Ədəbiyyatı
İnstitutunun Ümumi
və rus dilçiliyi kafedrasının
müdiri seçilmisiniz
1993-cü ildən 2000-ci ilədək
yenidən Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri
olmusunuz. 1994-1995-ci illərdə Bursa Uludağ
Universitetinin Türk dili və ədəbiyyatı
bölümünün professoru
kimi fəaliyyət göstərmisiniz. 2000-ci ildə Bakı Slavyan Universitetinin rektoru təyin edilmisiniz.
Siz türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində
diqqətəlayiq araşdırmaların
müəllifisiniz. Dilçilik, ədəbiyyatşünaslıq, həmçinin qorqudşünaslığa
dair sanballı tədqiqatlarınız ölkəmizdə
və onun hüdudlarından kənarda
nəşr olunmuş,
böyük maraqla qarşılanmışdır. "Azərbaycan dili sintaksisinin nəzəri problemləri", "Azərbaycan
dilində mürəkkəb
sintaktik bütövlər",
"Dilçiliyə səyahət
və yaxud dilçi olmayanlar üçün dilçilik",
"Azərbaycanca danışaq",
"Müəllif - əsər-oxucu",
"Əvvəl-axır yazılanlar",
"Gizli Dədə Qorqud", "Sirrinçində
dastan və yaxud gizli Dədə
Qorqud - 2", "Mifdən
yazıya gizli Dədə Qorqud" və s. elmi kitablarınız elmi-nəzəri
araşdırmalarınızın geniş diapazonunu əks etdirir.
Sizin çoxşaxəli fəaliyyətinizin
bir sahəsi də bədii yaradıcılıqdır. "Yarımçıq əlyazma",
"Sehrbazlar dərəsi",
"Unutmağa kimsə
yox" romanlarınız
ədəbi ictimaiyyətin
böyük marağına
səbəb olmuşdur.
Siz dramaturgiya və poeziyaya da müraciət
etmiş, dəyərli
bədii nümunələr
yaratmısınız. "Ruh", "Casus",
"Qəribədi, deyilmi",
"Kədərli seçmələr",
tərcümələrinizdən ibarət "Gümüş
dövrün sirləri"
kitablarınız sizə
böyük oxucu auditoriyası qazandırmışdır.
Siz dünyanın bir çox aparıcı təhsil ocaqlarında, simpoziumlarda mühazirələr
oxumuş, ölkəmizi
ləyaqətlə təmsil
etmisiniz. AMEA müxbir üzvü, əməkdar elm xadimi, bir çox xarici universitetlərin fəxri doktorusunuz. 2007-ci ildə Rusiya
Prezidenti V.V.Putin tərəfindən "Puşkin"
medalı, Çexiyanın
"Karl Kramej" medalı,
Polşanın "Böyük
xaç" kavaler ordeni ilə təltif edilmisiniz.
Hörmətli Kamal müəllim!
Sizi bir daha yubileyiniz
münasibətilə təbrik
edir, sizə uzun ömür, cansağlığı, elmi-pedaqoji
və ədəbi fəaliyyətinizdə yeni-yeni
uğurlar diləyirik.
Azərbaycan Yazıçılar
Birliyi
Ədəbiyyat
qəzeti.- 2010.- 3 dekabr.- S.4.