Ad günün mübarək, Kamal

 

Görkəmli ziyalımız, yazıçı, alim Kamal Abdullanın 60 yaşı tamam olur.

Çox-çox illər bundan əvvəl Moskvada təhsil alan azərbaycanlı tələbələr məni görüşə dəvət etmişdilər. Görüşdə mənim haqqımda məruzə edən gənc aspirantın orijinal mülahizələri, yazdıqlarıma gözlənilməz baxışla yanaşması diqqətimi çəkdi. Bu gənc Kamal idi. Hətta görüş əsnasında Kamalın mənə verdiyi sual da yadımda qalıb... " liman" povestinin personajlarından biri - Dadaş oğlunu Moskvada ali məktəbə qəbul etdirmək üçün məktub yazır. O görüşdə Kamal qəfilcən mənə belə bir qəribə, qeyri-adi sual verdi: - Dadaşın oğlu instituta daxil ola bildimi?

Doğrusu, onacan bu barədə düşünməmişdim, daha doğrusu, bu ağlıma gəlməmişdi. Amma bu sual bir növ " liman"ın inandırıcılığını təsbit edirdi. O dərəcədə inandırıcı ki, oxucu personajların bədii mətndə yer almayan, amma real həyatda davam edən talelərini təsəvvürlərində canlandırmağa çalışır. Məqalədə bir məqam da Kamala gənclik illərindən xas olan orijinal düşüncə tərzini göstərirdi. O, qeyd edirdi ki, müəllif, müəyyən personajının taleyilə bağlı hansı məsələnisə bilmədiyini etiraf edərkən əsərinin gerçəklik gücünü artırır, yəni "nəql etdiyim hadisələr o qədər realdır ki, bəzi şeyləri mən özüm - müəllif bilmirəm". Məncə, bu çox dəqiq dərin müşahidədir.

Məqalədə işlətdiyi "desant cümlə" ifadəsi , yanılmıramsa, məhz Kamalın uğurlu tapıntısıdır.

Ədəbi həyatımızda Kamal Abdullanın ciddi dilçi alim kimi, tənqidçi kimi mötəbər yeri var. O, elmlər doktoru, professor, nəhayət, Elmlər Akademiyamızın müxbir üzvü, böyük nüfuz sahibidir. Özünü alim kimi təsdiq edəndən az sonra Kamal bədii yaradıcılıqla da məşğul olmağa başladı, hekayələr, povestlər, romanlar, pyeslər, şeirlər yazdı qısa zaman ərzində tək Azərbaycanda deyil, Rusiyada, Türkiyədə tanındı, fransada, başqa ölkələrdə, o sıradan çox uzaq məmləkətlərdə - Yaponiyada, Braziliyada kitabları nəşr olundu. Yaradıcılığıyla ətraflı tanış olandan sonra Kamal Abdulla haqqında iri bir esse yazmışdım. Bu essedə Kamalın istər bədii əsərləri, istərsə elmi araşdırmaları üçün səciyyəvi bir cəhəti - gözlənilməz baxış bucağını vurğulayırdım.

Bu bənzərsizlik onun da, mənim qibtə etdiyimiz nadir ədəbiyyat sərvətimizə - "Kitabi-Dədəm Qorqud"a yanaşmada da aydın görünür. "Kitabi-Dədəm Qorqud" haqqında dastanın öz həcmindən qat-qat böyük tədqiqatlar, araşdırmalar, kitablar yazılıb - Azərbaycanda da, Türkiyədə, Rusiyada, Avropada da... Kamalın dastana baxışı fərqli orijinaldır.

Onun dastana elmi baxışı məndə böyük maraq doğurur, Dədə Qorqud mövzusuna bədii müraciəti isə müəyyən məqamlarında etirazıma səbəb olurdu. Mən Kamal haqqında yazımda bunu ona görə gizlətmədim ki, səmimi iradlarımın Kamal tərəfindən oyləsinə səmimi dərk olunacağına əmindim. Çünki Kamal onun şəxsiyyətini , alimlik yazıçılıq fəaliyyətini yüksək qiymətləndirdiyimi yaxşı bilir.

Onun bədii yaradıcılığına inamım rəğbətim yeni əsərilə - "Cadugərlər vadisi" tanış olarkən daha da artdı.

"Cadugərlər vadisi" Şərq macəra üslubunun dünya ədəbiyyatının ən yeni, çağdaş ədəbi təmayüllərilə üzvi vəhdətindən yaranmış bir romandır müasir nəsrimizin ciddi uğuru sayıla bilər.

Kamal Abdulla şəxsiyyətinin bir mühüm cəhəti onun təşkilatçılıq bacarığıyla bağlıdır. Rektoru olduğu Slavyan Universitetini az bir zaman ərzində yeni-yeni dillər üzrə fakültələrlə, kafedralarla, kabinetlərlə zənginləşdirdi, buranı xarici qonaqların, o cümlədən Dövlət xadimlərinin həvəslə ziyarət etdikləri mədəniyyət, maarif ocağına çevirdi, dünya bədii ədəbiyyatının, dilçilik, fəlsəfə kitablarının nəşrlərini təşkil etdi.

Dostum Kamal Abdulla ömrünün bəhərli dövrünü yaşayır - 60 yaşın müdrikliyi gənclik həvəsilə, cavanlıq enerjisilə qovuşanda - bu yeni yaradıcılıq təşkilatçılıq uğurlarının rəhnidir.

Ad günün mübarək, Kamal!

 

ANAR

Ədəbiyyat qəzeti.- 2010.- 3 dekabr.- S.4.