Elmilik və
bədiilik:
paralelliklərin vəhdəti
Çağdaş
Azərbaycan ədəbi-ictimai fikrində uzun
müddətdən bəri xüsusi istedadı və
çoxcəhətli fəaliyyəti ilə diqqət
mərkəzində dayanan görkəmli yazıçı
və tanınmış alim Kamal Abdulla universal elmi-bədii
düşüncənin geniş imkanlarını
nümayiş etdirməkdə davam edir. Onun
timsalında ədəbi və elmi-nəzəri
qənaətlər vahid düşüncə sisteminin üzvi
tərkib hissəsi kimi təqdim olunur. Ədəbi
əsərlərində hadisələrə və insanlara,
ictimai-mənəvi proseslərə həm də elmi
cəhətdən yanaşan Kamal Abdulla belə məqamlarda
yeni və fərqli yöndən bədii
düşüncənin konkret ifadəsinə nail ola bilir. Həm də, əksinə,
ədəbi düşüncədən gələn notlar
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Kamal
Abdullanın elmi əsərlərinə müəyyən
obrazlılıq, zənginlik, estetik kamillik
əlamətləri bəxş edir. Məsələnin
bu cəhəti Kamal Abdullanın sırf dilçilik
istiqamətində, nəzəri-qrammatik yöndə
yazılmış əsərlərində də
müşahidə olunmaqdadır. Dilçi alim kimi Kamal
Abdullanı linqvistika məktəbində təsdiq edən
sadə cümlənin leksik-semantik
xüsusiyyətlərinə həsr olunmuş, ciddi
dilçilik faktına çevrilən elmi
əsərlərində misal çəkmək
üçün bədii əsərdən gətirilən
sitatlar, təhlil məqsədilə seçilmiş və
üzərində iş aparılan mətnlər həmin
funksiyanı yerinə yetirir. Bu mənada onun dilçilik
əsərlərində, məsələn, "Azərbaycan
dilində sadə cümlə sintaksisinin nəzəri
problemləri" monoqrafik tədqiqatındakı (1999)
bədii ədəbiyyat layı nəzəri
düşüncəni izah edən, yaxud təsdiqləyən
əlamət kimi çıxış etsə də,
əslində əsərin tam mətnində özünəməxsus
yeri olan vacib element səviyyəsində diqqəti
çəkir və qrammatik əsəri tamamlamaqla
bərabər, həm də onu xeyli dərəcədə
zənginləşdirir. Fikrimizcə, linqvistikaya
dair tədqiqatlarında Kamal Abdullanın digər dilçi
alimlərdən daha çox və məqamına görə
üstün səviyyədə, həm də yaradıcı
şəkildə bədii ədəbiyyata müraciət
etməsinin əsas səbəbi də onun
təfəkküründəki bədiilik aktının
özünəməxsus enerjisindən gəlir. Aşkar
görünür ki, Kamal Abdulla qrammatika kitabları
üçün səciyyəvi olan bədii
ədəbiyyatdan misal çəkmək xatirinə yox,
gerçək mənada Azərbaycan dilinin
bütövlüyünü, tamlığını
bütün tutumu və sistemi ilə təqdim etmək
niyyəti ilə hər iki istiqaməti birlikdə ifadə
etməyi vacib sayır. Hələ 1977-ci
ildə Moskvada müdafiə etdiyi namizədlik
dissertasiyasında "Kitabi-Dədə Qorqud"
dastanlarının dilində sintaktik paralelizm"
məsələsini araşdırarkən mövzunun
tələblərinə görə dastan mətninin dərin
linqvistik təhlilini aparmaqla dilçilik yönlü
ədəbiyyat siyasətini böyük bacarıqla həyata
keçirmişdi. Ona görə də
"Dədə Qorqud" dastanlarının dilindən
söz açan bu əhəmiyyətli tədqiqat yalnız
Azərbaycan ədəbi dili tarixinə deyil,
bütövlükdə filologiya elminə aid qiymətli elmi
əsər kimi qarşılanmışdır. Bundan başqa, dilçilik istiqamətində
yazılmış bu əsər
ədəbiyyatşünaslıq mənasında da
Qorqudşünaslığa sanballı
töhfələrdən biri sayılmaqdadır. Bizə görə, ilk dəfə bu
əsərində müşahidə olunan paralellik
təkcə Kamal Abdullanın dilçilik
tədqiqatlarının deyil, ümumiyyətlə, onun
elmi-bədii yaradıcılığının, hətta
ictimai-təşkilati fəaliyyətinin də
açarıdır. Daha doğrusu,
müxtəlifliklərin mahiyyəti və sintezi
görkəmli yazıçı kimi də,
tanınmış elm xadimi kimi də Kamal Abdullanın
bədii yaradıcılığındakı və elmi
fəaliyyətindəki özünəməxsusluğu
müəyyən edən əsas faktordur. Məhz
elmlə bədii düşüncənin ən müxtəlif
formalarda yanaşı, paralel, həm də üzvi
vəhdət halında təzahür etməsi, xüsusi bir
keyfiyyət, harmoniya yarada bilməsi Kamal Abdullanı
ədəbiyyatda da, dilçilikdə də
özünəqədərkilərdən,
müasirlərindən, hətta sonrakı yeni nəsildən
də fərqləndirir. O, yazıçı olaraq həm
də elmi düşüncənin bədii ədəbiyyatda
yerini və mövqeyini müəyyən edə bilmişdir. Dilçilik əsərlərində də
ədəbi əsərlərdən və bədii
düşüncədən yaradıcı şəkildə
bəhrələnməyin öhdəsindən gəlməyi
bacarmışdır. Həm də
bütün bunlar eyni atanın iki övladı kimi vahid bir
ailənin üzvləri təəssüratı yarada
bilirlər. fikrimcə, həmin
formatda elmi düşüncə və bədii
yaradıcılıq ilk öncə qabarıq
şəkildə Azərbaycan ədəbi-elmi fikrində Kamal
Abdullaya məxsus elmi istiqaməti müəyyən
etmişdir. Bu, o qədər yetkin
səviyyədə Kamal Abdullanın
yaradıcılığında öz əksini
tapmışdır ki, hətta onun bir çox
əsərlərindən hansının konkret olaraq
dilçiliyə, yaxud ədəbiyyatşünaslığa
aid olduğunu ayırd etmək çətindir. Məsələn, "Mif və yazı"ya
həsr olunmuş silsiləyə folklorşünaslıq,
mifologiya baxımından yanaşsaq, Kamal Abdullanı yeni
təfəkkürə malik mifoloq kimi önə
keçmək zərurəti meydana çıxmış
olar. Əksinə, bu qəbildən olan
əsərlərində yazı ilə bağlı
araşdırmalara xüsusi diqqət yetirsək, onda
müəllif nəzərimizdə ümumi dilçilik
nəzəriyyəsi üzrə mükəmməl bir
mütəxəssis kimi canlana bilər. Ancaq "Mif
və yazı" silsiləsində hər iki
əlamətlə qaynayıb-qarışmış, biri
digərini yüksək səviyyədə elə
tamamlamışdır ki, bu tədqiqat əsasında az qala keyfiyyətcə yeni bir elm sahəsi -
linqvistik ədəbiyyatşünaslıq
yaranmışdır. Və Kamal Abdullanın
simasında nəinki Azərbaycan
ədəbiyyatşünaslığına, ümumən
Qorqudşünaslıq elminə linqvistik poetika
sahəsində uğur qazana bilən yeni tipli bir alim
gəlmişdir. Doğrudur, bu
qəbildən olan tədqiqatlar adətən strukturalizmə
yaxınlığı ilə diqqəti cəlb edir. Hətta, bəlkə, Kamal Abdullanın
tədqiqatlarını Azərbaycan strukturalizminin elmi
ifadəsi kimi dəyərləndirənlər də tapıla
bilər. Bizə görə isə
linqvistik poetika adlandırdığımız elmi istiqamət
daha çox mətnşünaslığa yaxın olan
strukturalizmin sədlərini aşaraq dilçiliyin də,
ədəbiyyatşünaslıq elminin də geniş
məkanını özündə ehtiva edir. Kamal Abdullanın da elmi əsərlərində
xüsusən "Gizli Dədə Qorqud"
tədqiqatlarında sintez halında olan elmi və bədii
düşüncənin paralelizminin əhatə dairəsinin
genişliyini görməmək mümkün deyildir. Məşhur "Dədə Qorqud"
dastanlarının "gizli" qalmış sirlərini
üzə çıxaran bu bənzərsiz əsərlə
əslində Qorqudşünaslığın da yeni bir
təmsilçisi gizlindən aşkara
çıxmışdır. Və "Dədə
Qorqud" dastanlarının səciyyəvi
xüsusiyyətlərinin izahı timsalında əslində
Kamal Abdulla həm də özünün qayəsini
aşağıdakı kimi şərh edir: "Dastana xas olan
cəhətlərdən biri harmoniyadır. Dünyanın
harmoniyalı çağı idi ki, onun varlığı
dastana da hopmuşdu, dastanı da mayalandırmışdı.
Oğuz cəmiyyətinə harmoniya xas idi ki, dastanda da
harmoniya öz əksini tapmışdı... Yüksək
harmoniya - yəni hər bir cəhətin, detalın bir-biri
ilə sıx, qarşılıqlı əlaqəsi, birinin
digərini şərtləndirməsi dastan üçün,
onun zaman ardıcıllığında yaşaması
üçün nə deməkdir - bu, aydın
məsələdir. Əlaqə olmasa idi,
dastanı vahid bir orqanizmdə birləşdirə bilən
bütövlük və tamlığa nail olmaq mümkün
olmazdı. Özü də sistemli
əlaqə əlaqənin yüksək mərhələsi
kimi mürəkkəb orqanizmlərdə heç də
həmişə göz qabağına keçmir".
"Kitabi-Dədə
Qorqud" dastanlarının mahiyyətini açan
paralelliklərin harmoniyası prinsipi eyni səviyyədə
geniş mənada Kamal Abdullanın yaradıcılıq özünəməxsusluğunu
bəyan edir.
Kamal Abdulla təkcə Dədə Qorqud
tədqiqatlarında deyil, tam olaraq bütün yönləri
ilə fəaliyyətində elmlə bədii
düşüncənin və ya bədiiliklə elmi fikrin
harmoniyasını özündə cəmləşdirən
bənzərsiz yaradıcı şəxsiyyətdir. O,
yaradıcılıq prosesində bədii
düşüncə üstünlük təşkil
edəndə yazıçı, tədqiqatçı zəhməti
aparıcılıq qazananda isə alim kimi
çıxış edir. Onun elmi
əsərləri sadəcə olaraq bədiilik faktorundan
yaradıcı istifadə ilə meydana çıxan
tədqiqatları olmayıb, elmi və bədii
düşüncəni birlikdə, sintez halında yaşadan
alimin elmi-ədəbi traktatları kimi səslənir. Yaxud da bu əsərlər tanınmış elm
xadiminin bədii biçimdə də təqdim edilən elmi
baxışlarıdır. O, elmin səbri, yaxud da
enerjisi, imkanları tükənəndə ədəbi
düşüncəni elmi biçimdə ifadə etməyi
bacarır. Bu mənada Kamal Abdullanın
yaradıcılığı müstəqillik dövrü
Azərbaycan elmi və ədəbi-ictimai fikrində yeni
hadisədir. Qeyd olunan prinsiplərdən
hər ikisində eyni səviyyədə, həm də sintez
şəklində yüksək istedad nümayiş
etdirmək hələ ki, hamıdan çox görkəmli
yazıçı-alim Kamal Abdullaya müyəssər
olmuşdur. Məhz Kamal Abdulla müasir
Azərbaycanda alim təfəkkürlü yazıçı,
yaxud da əksinə, yazıçı istedadına malik olan
alim funksiyalarını yüksək səviyyədə
nümayiş etdirir. O, ən yeni dövr Azərbaycan
elmini ardıcıl olaraq yazıçı
təfəkkürü ilə formalaşan ideyalar və tezislərlə
zənginləşdirən bənzərsiz elm xadimidir. fikrimizcə,
"Sirr içində Dədə Qorqud"
formatındakı tədqiqatında
Qorqudşünaslığın hüdudlarını
aşaraq və cəlbedici elmi ideyalar irəli sürməsinin,
maraqlı elmi nəticələrə gələ bilməsinin
əsas səbəbi məsələnin qoyuluşundan
tutmuş elmi həllinə qədərki bütün
məqamlarda Kamal Abdullanın problemə
alim-yazıçı, yaxud yazıçı-alim fəhmi
ilə fərqli baxışla müdaxilə edə
bilməsinin məntiqi yekunudur.
Bizə görə, Kamal
Abdullanın mifdən yazıya qədərki dövrün
tədqiqi və təqdimindəki yeniliyi də məlum
arxeoloji materialların, yaxud etnoqrafik elementlərin
təhlilinin sərhədlərini keçə bilməsi, daha
doğrusu, məsələyə yaxşı mənada bir
qədər də kənardan baxa bilməsinin
nəticəsidir. Bu məqamda Kamal Abdullanın mifdən
yazıya qədərki düşüncələri
yazıçı-linqvist;
folklorşünas-dilçi-yazıçı baxışlar
sisteminin sintezindən yoğrulmuş
düşüncələrinin məhsuludur. Hətta onun tədqiqatlarında
cəmiyyətşünaslıqdan gələn fikirlər
də özünə şahmat taxtasında olduğu kimi,
uyğun yer tapa bilir. Heç şübhəsiz,
Kamal Abdullanın cəmiyyətşünaslıq
baxışları daha çox onun
yazıçılığından doğur. Amma bu da aydın görünür ki, Kamal
Abdullanın cəmiyyətşünaslıq
baxışları sosioloji xarakter daşımır. O,
bədii əsərlərində olduğu kimi,
cəmiyyətə dair düşüncələrində
də həyatın dərinliklərinə enmək,
görünməyən qatlara işıq salmaq kimi
vəzifələri bacarıqla həyata keçirir.
İndiki mərhələdə Kamal Abdullanın elmi
fəaliyyətindəki ədəbiyyat faktoruna ən
səciyyəvi və uğurlu nümunə sayıla bilən
"Dilçiliyə səyahət" əsəri
özünün xarakterinə görə Azərbaycan
dilçilik elminin qeyri-adi əhvalatıdır. Müəllifin "dilçi olmayanlar
üçün dilçilik" adlandırdığı bu
maraqlı kitab təkcə yanaşma tərzi etibarilə yox,
əhatə etdiyi dilçilik məkanının
genişliyinə, elmi informasiyalarının yeniliyinə
görə professional dilşünaslar üçün də
əhəmiyyətli əsərdir. Bu, Azərbaycan
dilçilik elminin tarixinə dilçilik,
ədəbiyyatşünaslıq, fəlsəfə və
bədii yaradıcılıq müstəvisində
yaradılmış orijinal əsər kimi daxil ola
biləcək dəyərli və sanballı elmi
nümunədir. "Dilçiliyə
səyahət" əsəri Kamal Abdullanın bütün
yaradıcılıq yolu boyunca ardıcıl olaraq davam
etdirdiyi müxtəlifliklərin harmoniyasının
ümumiləşmiş yekunu olan qiymətli elmi
əsəridir. Bu, müəllifin eyni
məqsəd naminə ən müxtəlif elmi və bədii
yaradıcılıq sahələrinə səyahət
etmək səriştəsinin mükəmməl
göstəricisidir. "Dilçi
olmayanlar üçün dilçilik" əsəri
ixtisasca dilçi olan Kamal Abdullanın dilşünaslıq
aspektində yazılmış elmi-ədəbi
səyahətnaməsidir. "Dilçiliyə
səyahət" əsəri Azərbaycan dilçilik elminin
ilk romanıdır. Azərbaycan
dilçiliyində birinci dəfədir ki, elmi
əsərdə həm də kamil bədii obrazlar
yaradılmışdır. Kamal
Abdullanın "Dilçiliyə səyahət" adlı
elmi əsərindəki bədii təxəyyülün
məhsulu olan Zalxa və Əhməd obrazları hekayə,
yaxud povest personajları kimi yadda qalırlar.
Əsərdə onlar müəllif tərəfindən
ədəbi qəhrəmanlar kimi səciyyələndirilir:
"Vaxt yetişdi. Bizim qəhrəmanlara
qayıdaq. Onları az qala lap
unutmuşduq. Zalxa və Əhməd
"bəs" deyənəcən bir-birilə xeyli
danışdılar. Onlar artıq susublar.
Nəhayət (bu asan iş olmadı), Əhməd Zalxaya
hər şeyi başa sala bilib. Zalxa da ona
inanıb. İnanıb ki, Əhməd
qayıdacaq. Hara, nə zaman, necə, nə ilə
getsə də, hökmən qayıdacaq... Əhməd
və Zalxa ilə birlikdə
mətləbdən-mətləbə adlayıb, adadan-adaya
üzdükcə bir-birimizə alışdıq, heç
bilmədik vaxt necə keçdi.
Və nəhayət, adalar, yelkənli gəmi,
Əhməd və Zalxa... Yəqin ki, oxucu
məni obrazbazlıqda günahlandırmaz. Çünki hər xalqın, hər adamın
olduğu kimi, hər kitabın da "öz dili" var və
ya olmalıdır. Əhmədlə
Zalxanın mənə çox köməyi dəydi. Onlar bu kitabın dilini, dilçi olmayanlar
üçün (bəlkə həm də dilçilər
üçün) daha görüntülü etdilər".
Bundan başqa, "Dilçiliyə səyahət"
əsərində bir çox görkəmli alimlərin -
Sokratın və Platonun, Artur Rembo və Mahmud
Kaşğarinin, Məmmədağa Şirəliyev, Muxtar
Hüseynzadə və Əbdüləzəl
Dəmirçizadənin də elmi xidmətləri ilə
yanaşı, bədii obraza xas cizgiləri də görünür.
Kamal Abdulla özü də
"Dilçiliyə səyahət" əsərində
yazdıqlarının "özünəməxsus
şəkildə məlum və naməlum hissələrin
qarışığından ibarət olduğunu"
büruzə verməklə üslubundakı harmonik paralelizmi
etiraf etməli olmuşdur. Bu keyfiyyət
paralelliklərin harmoniyası, müxtəlifliklərin birliyi
elmi əsərlərində olduğu kimi, Kamal Abdullanın
bədii yaradıcılığı üçün də
xarakterikdir. Tarazlıq - harmoniya haqqında
aşağıdakı fikirləri onun elmi
yaradıcılığında da, bədii
əsərlərində də eyni səviyyədə
nəzərə çarpır: "Bütün zamanların
çox ədalətli və dəqiq bir qanunu var -
tarazlıq. Bu tarazlıq qanunu demək olar ki,
hər şeyi tənzim eləyir. Hər bir
sənətkar öz yaradıcılığında
bəzən sövqi-təbii bu tarazlığı
gözləyir..."
Kamal Abdullanın bədii
yaradıcılığı sirr içində həyatın
orijinal vasitələrlə bədii yozumundan
yoğrulmuşdur. Keçmiş sovet ədəbiyyatı
üçün səciyyəvi olan tarixi nikbinlik və
ideoloji ümumiləşdirmələr onun
yaradıcılığı ilə qətiyyən uzlaşmır.
Sovet dövrü Azərbaycan
ədəbiyyatı çərçivəsində
keçən əsrin altmışıncı illərindən
başlayaraq böyük çətinliklərlə olsa da,
genişlənməkdə olan tənqidi realizm o zamankı
mövcud ədəbiyyat siyasətinin ideoloji buxovlarını
yıxıb dağıtmış, insan və həyat
üzərində köklənmiş təbii bir ədəbi
prosesin yaranmasını və inkişaf etməsini
şərtləndirmişdir. Postsovet
dövrü Azərbaycan ədəbiyyatında həmin
ədəbi xətt ən müxtəlif
istiqamətlərdə inkişaf edərək yeni meyllərin
formalaşmasına şərait yaratmışdır. Kamal Abdullanın bədii
yaradıcılığı həyatın
dərinliklərinə və qəribəliklərinə
doğru hərəkatın milli ədəbiyyatdakı yeni
imkanıdır. O, bədii əsərləri ilə
sanki tam halda Azərbaycan ədəbiyyatının uzun
illər yazıla bilməmiş, yarımçıq
qalmış əlyazmalarını bütövləşdirmək,
tamamlamaq vəzifəsini həyata keçirməkdədir. Mifdən, əlyazma mətnlərindən, dastan süjetlərindən,
tarixilikdən müasirlik işığında
yaradıcı istifadə, şərtilik və zaman bu yeni
tipli ədəbiyyat üçün səciyyəvidir. Məşhur "Yarımçıq əlyazma"
romanı yeni dövr Azərbaycan ədəbiyyatında
həyatı tam, bütöv, dərin qatları ilə
açan tamamlanmış bədii əsərdir. Bu
qiymətli əsərlə Azərbaycan
ədəbiyyatında yeni bir tarixi mərhələ
başlanır: Postmodernizm. Tərəddüd
etmədən demək olar ki, Kamal Abdulla Azərbaycan
postmodernizm ədəbiyyatının
yaradıcısıdır. "Yarımçıq
əlyazma" milli postmodernist ədəbiyyatın
təməl şərtlərini əks etdirə
biləcək əhəmiyyətli və bədii
cəhətdən yetkin nümunəsidir. "Yarımçıq
əlyazma" romanı mifə, tarixə və faktlara,
həyata və insana vahid kontekstdə, yalnız fərqli
rakursda yanaşmanın əlyazmasıdır. Bu, Dədə Qorqudun, yaxud Şah İsmayıl
Xətainin deyil, geniş mənada Azərbaycanın
yazıçı təxəyyülü ilə
bütövləşdirilməsinin əlyazmasıdır.
Bu cür yanaşma Kamal Abdullanın
ədəbi prosesdəki yaxın və oxşar axınlardan
fərqli üslubunun əlyazısı kimi nəzərə
çarpır.
"Yarımçıq
əlyazma" romanında postmodernizmə xas olan
şərtilik əsasında keçmişlə müasirlik
arasında mənəvi körpü yaradılır. Müəllifin
zamanca Dədə Qorqud dövrü ilə Şah
İsmayıl Xətai epoxasını üzvi surətdə
əlaqələndirməsi və bütün bunları
müasir həyatımıza xitab şəklində ifadə
etməsi romanda milli-mənəvi bütövlük
ideyasının öz əksini tapmasını
şərtləndirir. "Yarımçıq
əlyazma" romanı nəticə etibarilə Azərbaycan
ruhunun bütövlüyünün tale yazısıdır.
Bu, sanki "Yarımçıq
əlyazma"da katiblik vəzifəsini həyata
keçirən Oğuz başbiləni Qorqud Atanın yeni kitabıdır.
Kamal Abdullanın dastandan
tanıdığımız obrazları fərqli rakursda
təqdim etməsi bir tərəfdən "Dədə
Qorqud" dastanındakı gizlinlərin sirlərinin açılmasının
roman formatında davam etdirilməsinin nəticəsidir. Digər tərəfdən isə yanaşmadakı
fərqlər Oğuz elinin həyatına həm də
bədii baxımdan yazıçı müdaxiləsinin
ifadəsidir. Eyni tip yanaşmanı əsərdəki
Şah İsmayıl Xətai obrazına münasibətdə
də görmək mümkündür. "Yarımçıq
əlyazma" romanı mifdəki, əlyazmadakı Qorqud
Atadan cavan Qorquda, hökmdar Şah İsmayıldan onun
davamçısı kimi yetişdirilən gənc
İsmayıla və çağımıza
ünvanlanmış ibrətamiz müraciətnamədir.
Romanın mövzusu və qəhrəmanları
Kamal Abdulla üçün bu əsərdə
bədiiliklə elmiliyi daha incə məqamları ilə
sintez etməyi önə çıxarmışdır.
Kamal Abdulla romanında miflə tarixi, mifoloji
obrazla tarixi şəxsiyyəti güclü
yazıçı fəhmi ilə yanaşı, həm də
mükəmməl tədqiqatçı səriştəsi ilə
əlaqələndirmişdir. "Yarımçıq
əlyazma" bədii düşüncənin romanı, alim
təfəkkürünün salnaməsidir. Bu
əsərlə Azərbaycan romanının daha bir
forması: roman-əlyazma meydana çıxır, yəni
əlyazmanın motivləri əsasında yazılan
süjetin yozumundan yoğrulmuş roman yaranır. Fikrimizcə, "Yarımçıq əlyazma"
romanı Kamal Abdullanın bədii
yaradıcılığı ilə yanaşı, elmi
fəaliyyətinə də bir yerdə, tam halda yekun vurur.
"Yarımçıq əlyazma" Kamal
Abdullanın sirr içindən alıb uzun bir dövr
ərzində araşdırıb öyrəndiyi, yaxud
bədii düşüncədə əks etdirdiyi
çoxaspektli araşdırmalarının mühüm
yekunudur.
Elmi, bədii, siyasi-fəlsəfi
düşüncənin və yanaşmanın ifadəsi kimi
meydana çıxan "Yarımçıq əlyazma"
romanı geniş oxucu kütləsinə ünvanlansa da,
əslində həm də oxucudan müəyyən
hazırlıq səviyyəsi də tələb edir. Bu,
elmyönlü bədii ədəbiyyatın, o
cümlədən də bu sahədə xüsusi ədəbi
istiqamət formalaşdırmış Kamal Abdullanın
yaratdığı ədəbiyyatın xarakterindən,
səviyyəsindən doğur və öz oxucusunu da
müəyyən olunmuş səviyyəyə
yüksəltməyə səfərbər edir.
Son illərdə meydana çıxmış "Parisin
seçimi", "Sehirbazlar dərəsi",
"Unutmağa kimsə yox" kimi nəsr
əsərlərində mifoloji məqamlardan, folklor
motivlərindən yaradıcı istifadə ilə bədii
ideyanın təqdimi özünəməxsus yer tutur. Bütövlükdə Kamal Abdulla Azərbaycan
ədəbiyyatında mifoloji motivli müasir romanın
görkəmli yaradıcısıdır. Göründüyü
kimi, yazıçının yaradıcılığında
mif və müasirlik paralelizmi də həmişə hakim
olmuşdur.
Çoxcəhətli yaradıcılıq
fəaliyyətinə malik olan Kamal Abdullanın şeirləri
kəmiyyət etibarilə onun yaradıcılığında
az yer tutur. Amma müəllifin bədii
əsərlərini lirizmin daim müşayiət etdiyini
nəzərə alsaq, onda lirik parçaların Kamal Abdulla
üçün əvvəla, təsadüfi
olmadığı, ikincisi isə
yaradıcılığının üzvi tərkib
hissəsi olduğu qənaətinə gələ bilərik. Burası da görünür ki, Kamal Abdullanın
şeirləri onun iri həcmli əsərlərini yazmaq
üçün bir hazırlıq, yaxud məşq funksiyasını
da yerinə yetirir. Kamal Abdullanın
yaradıcılığı üçün xarakterik olan
fəlsəfi kədər onun şeirlərində də
əsas mahiyyəti ifadə edir. Bunlar
zahirən konkret ovqatın ifadəsi kimi
görünsələr də, sistem halında ümid dolu bir
kədəri poetik baxımdan dolğun şəkildə
mənalandıra bilirlər.
Ümidlərin göydə durna lələyi,
Kim dedi ki, simürğ quşu var imiş?
İtən ümid - ömrümüzün
bəzəyi
İtən lələk
göydən yağan qar imiş.
Arzuların dil açar yalvarar ki,
Əvvəl-axır bir
oyuncaq ver bizə.
Olacağın olmağına nə var ki,
Bircə dənə
"olmayacaq" ver bizə.
Səciyyəvi haldır ki,
Kamal Abdullanın Nikolay Qumilyevdən, Anna Axmatovadan, Mixail
Kuzmindən... etdiyi tərcümələrində də eyni
ovqatın nəbzi döyünür. Bu mənada onun
şeirləri ilə tərcümələri bir-birini
tamamlayır. Sənətkarın bir
çox esselərində də lirizm nəzərə
çarpır. Hətta onun bəzi
esseləri mənsur şeir təsiri bağışlayır.
Bununla bərabər, Kamal Abdullanın esselərində elmilik
notları da az deyildir. Bu
esselərdən bəziləri resenziya xarakteri
daşıyır. Esselərindəki görkəmli
sənətkarlar İlyas Əfəndiyevin, Ənvər
Məmmədxanlının yaradıcılığı,
Anarın "Ağ liman", Əkrəm Əylislinin
"Kür qırağının meşələri"
əsərləri, Vaqif Səmədoğlunun və Vaqif
Bayatlının şeirləri haqqında yazdıqları
sanki təzə çıxmış kitablar haqqında
təəssüratlarıdır.
Bədii nəsr və
dramaturgiya Kamal Abdullanın
yaradıcılığının qoşa qanadlarıdır. Onun
nəsrində dramatizmin, dialoqun özünəməxsus
funksiyaları vardır. Dramaturgiyasında
isə nəsrvari təhkiyədən gələn
əlamətləri də müşahidə etmək
mümkündür. Dram əsərləri
üçün səciyyəvi olan psixologizm bir çox
məqamlarda onun dramaturji gedişlərinin
ağırlığını, təkamülünü
müəyyən edir. Naxçıvan Dövlət
Universitetinin səhnəsində tamaşaya qoyulmuş və
Türkiyə Cümhuriyyətinin Bayburt
şəhərində keçirilmiş uluslararası
Dədə Qorqud festivalında mükafata layiq
görülmüş "Beyrəyin taleyi"
əsərinin çoxplanlı kompozisiyasındakı
tədrici dinamika nəsrvari əlamətlərin
təzahürlərindəndir. Bundan başqa,
Kamal Abdullanın dramaturgiyası da onun elmi
əsərlərinə yaxındır. Doğrudur,
hər hansı bir bədii əsərini
səhnələşdirərək dram əsəri
yazmadığı kimi, əsasən elmi əsərlərini
də drama çevirməmişdir. Kamal
Abdullanın dramları ayrı-ayrılıqda tam,
müstəqil, bütöv əsərlərdir. Bununla
belə, onun "Şah İsmayıl və yaxud hamı
səni sevənlər burdadı", "Hərdən
mənə mələk də deyirlər", "Simurq
quşu", "Ruh", "Casus" və sair kimi dram
əsərlərində də elmi fəaliyyəti zamanı
araşdırdığı axtarışların, gəldiyi
qənaətlərin əks-sədası
eşidilməkdədir. Bu amil Kamal Abdullanın
dramaturji qəhrəmanlarının fikir-ideya yetkinliyinə,
müasirliyinə təkan verir. Buna
görədir ki, dram əsərlərinin
qəhrəmanları insan və zaman haqqında monoloqları,
mühakimələri ilə yadda qalırlar. Təkcə müəllif kimi yox,
şəxsiyyət-vətəndaş kimi Kamal Abdullanı
ifadə edən rezonyor obrazları onu qəhrəmanları
ilə birlikdə böyük səhnədə də
təsəvvür etməyə imkan verir. Belə
məqamlarda proobrazın səhnədən salona
müraciəti alimin, yaxud intellektual düşüncəli
bir ziyalının geniş auditoriyadakı
davranışına bənzəyir.
AMEA-nın müxbir
üzvü Kamal Abdulla elmi və bədii
yaradıcılıqla təşkilatçılıq
fəaliyyətini də bacarıqla əlaqələndirir. Görkəmli
yazıçı-alimin Bakı Slavyan Universitetinin rektoru kimi
məqsədyönlü fəaliyyəti ölkəmizdə ali məktəb quruculuğunun uğurlu
nümunəsi sayılmağa layiqdir. O, Dissertasiya
Şurasının sədri, Mədəniyyət fondunun,
Dilçilik üzrə Əlaqələndirmə
Şurasının rəhbəri kimi səmərəli və
yorulmaz fəaliyyəti ilə də Azərbaycan elmi-pedaqoji
fikrinin, milli ziyalılığın inkişafına
ürəklə xidmət edir. Bədii
yaradıcılıq, tədqiqatçılıq,
elmi-ədəbi əlaqələr və
təşkilatçılıq işi sahəsindəki
ardıcıl və səmərəli fəaliyyəti ilə
o, tərcümeyi-halındakı bütün paralelləri
vahid meridianda qovuşdurur. Bunlar
altmış illik ömrün şərəfli və
mənalı hesabatıdır. Təbrik edirəm! Daha
böyük uğurlar arzulayıram!
İsa
HƏBİBBƏYLİ
Ədəbiyyat
qəzeti.- 2010.- 3 dekabr.- S.4.