Çaldığı musiqini yaşayırdı...

 

 Əşrəf Əşrəfzadəni xatırlayarkən

 

 Keçən yazılarda Qala kəndinin tarixi, maddi-mədəni dəyərləri, adət-ənənələri, toyları haqqında danışmışdıq.

Qala kəndində musiqi sahəsində məşhur insanlar da olub. Maraqlıdır ki, onlardan çoxlarının övladları da ata-babalarının sənətini - bəziləri həvəskar kimi, bəziləri isə ustadlar kimi, - davam etdirmişlər. Xüsusilə muğam sahəsində.

Bakı ətraf kəndlərdə muğamı çox sevirlər indi kəndlərdə muğamsız toylar olmur.

XIX əsrin sonu XX əsrin əvvəllərində Qala kəndində Məmmədhüseyn adlı bir xanəndə olub. Çox mahir muğam bilicisi imiş.

Hazırda onun adını daşıyan nəvəsi yavaş-yavaş toylarda iştirak edir, məlahətli səsə malikdir. Toy aparıcısı kimi yox, qonaq kimi sazəndələr ona bir dəstgah oxudur.

Yusif Muradov çox yanıqlı səsə malik olduğundan ona Nalə Yusif adı vermişdilər. Oğlu Bəhmənin yaxşı səsi var, o, Əli Bayramlıda neft sahəsində çalışır bir həvəskar kimi balaca məclislərdə dinləyicilərin nəzərini özünə cəlb edir.

Yenə Qala kəndində boya-başa çatmış Ağababanın (biz ona Ağabba deyərdik) məlahətli "Seygah"ı vardı, nəvəsi babasının sənətini davam etdirməsə , uzun illər kiçik məclislərdə dinləyicilərin zövqünü oxşayır.

Klarnet ustası Məlik qalalı olub. Məlik Fərmanov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında klarnet ifaçısı olmuşdur.

Qala Şüvəlanın ab-havasını udmuş, maddi nemətlərindən istifadə etmiş Əşrəf Ərşəfzadə sağ qalsaydı, bu il onun 70 yaşı tamam olacaqdı.

Əşrəf demək olar ki, mənim gözümün qabağında böyümüşdü.

Əşrəf hələ uşaqlıq illərində toy mərasimlərində musiqiyə çox bağlı idi. Xüsusilə Filarmoniyanın solisti olmuş Məlikin klarnetdə çalğılarına diqqətlə baxar qulaq asardı.

Məlikdən sonra Abşeron toylarını Həsən Məhərrəmov aparardı.

Həsən toyda çalarkən Əşrəf onun yanında oturub barmaqlarına diqqət yetirərdi. Bunu hiss edən Həsən Məhərrəmovun - mənə şagird olarsan?! - kəlməsi uşağın lap ürəyindən olur.

Həsən Məhərrəmov Bakıda məşhur "Beş mərtəbə" deyilən binanın arxasında yaşayırdı. Ustadın boş vaxtlarında Əşrəf Şüvəlandan (o vaxt nəqliyyat o qədər yaxşı deyildi) həvəslə şəhərə gedər, musiqi təhsili alardı.

Mən Həsənlə təxminən həmyaş idim. Nədənsə söhbətlərimiz çox yaxşı tuturdu.

Bir dəfə mənə gileylənib dedi:

- Cümşüd! Radioda diktor elan edir ki, tütəkdə çalır Həsən Məhərrəmov, balabanda çalır Həsən Məhərrəmov, zurnada çalır Həsən Məhərrəmov, klarnetdə çalır Həsən Məhərrəmov, saksafonda çalır Həsən Məhərrəmov. Heç bir titulum yoxdur.

Əşrəfi özünə oğul sayırdı (onun övladı yox idi).

Yeri gəlmişkən, bir sıra Qərb musiqi alətləri var ki, artıq Azərbaycan pasportunu alıb. Məsələn, violençelə Natiq, qaboya Cəlilov, saksafona Həsən Məhərrəmov, gitaraya Rəmiş Azərbaycan pasportu verdilər.

Həsən toylara gedəndə hərdən yaxşı öyrətdiyi oyun havalarını Əşrəfə çaldırırdı.

İndiki kimi yadımdadır, Şüvəlanda yaxın qohumlardan birinin toy məclisində Həsən bir-iki oyun havası çaldı klarneti verdi Əşrəfə. O, çalğısını muğamla başladı keçdi oyun havasına.

Əşrəf musiqini qurtarandan sonra onun müəllimi, Azərbaycan nəfəsli alətlər ustası Həsən Məhərrəmov oturduğu yerdən ayağa qalxıb:

- Əziz qalalılar, bundan sonra şənlikləri, toyları Əşrəf Əşrəfzadə aparacaq, artıq mənə ehtiyacınız olmayacaq.

Əşrəf artistlik kursuna getmiş, artistlik dərsi oxumuşdu. Onun toy aparmasının xüsusi əlamətləri vardı, musiqini ifa edəndə xüsusi hərəkətləri tamaşaçını özünə cəlb edirdi. Belə ki, çaldığı musiqini yaşayırdı. Birnəfəsə saatlarla musiqi ifa edir, mahnıdan-mahnıya keçir, zövq şövqlə özünü aparırdı.

Əşrəfin bəstələdiyi "Milis qardaşım", "Həyatı", "Mürşüdü", "Fikrəti", "Şüvələni" oyun havaları hamısı muğam üstə qurulduğundan, hələ yaşayır. Elə toy məclisi yoxdur ki, orada xüsusilə "Şüvələni" havası ifa olunmasın. Onun oyun havaları elə şirin idi ki, bir mahnı başlayanda dinləyici ya rəqs edən musiqinin ardını heç olmazsa zümzümə edərdi.

Bakıətrafı kəndləri Əşrəfsiz toy etməzdilər. Onun qeydiyyat kitabı həmişə növbə ilə dolu olardı.

"Vağzalı" oyun havasına mərhum Şəmsi İmanov möhür vurmuşdu. Məni bağışlasın musiqiçilər, Şəmsidən sonra "Vağzalı" havasını Əşrəf onun şagirdi olaraq ifa edib, ustadından geri qalmadı. Onun ifa etdiyi musiqi Dövlət radiosunun "Qızıl fondu"nda saxlanılır.

O, toyu aparmağa dəvət olunanda toy sahiblərinin maddi imkanlarına baxardı. Maddi cəhətdən zəif olan toy sahiblərinə ilk dəfə sazəndələr adından pul salardı.

Onun dövründə mikrafon, səsucaldan alətlər olmadığından toy çox sadə, musiqi səsi qulağa xoş eşidiləsi olurdu. Belə ki, yanaşı oturmuş qonaq bir-birinin dediyini asanca eşidirdi.

Hazırda Əşrəfin oğlu Fikrət atasının sənətni davam etdirir. O, Səid Rüstəmov adına Azərbaycan Dövlət Orkestrində klarnet ifaçısıdır. O da atası kimi toy məclisləri ad günlərində iştirak edir.

O vaxtlar respublikalara azad, sərbəst gediş-gəliş var idi. O, respublikadan kənarda da çoxlu toylar aparmışdı. Gördüyünüz şəkil təxminən 1970-1972-ci illərdə fotoqraf dostunun oğlunun Orta Asiyanın Mari şəhərində keçirilən toy məclisində çəkilmişdir.

Həmin nadir şəkildə, soldan birinci tanımadığım bir şəxs, ikinci Paşa Quliyev, üçüncü Əşrəf Əşrəfzadə, dördüncü qarmon ustası Zakir Mirzəyev, beşinci isə ilk dəfə solo ifa edən nağaraçı Çingizdir.

Hal-hazırda müsahibim olan Süleymanov Bilalın (1944) dedikləri:

- Təxminən 1970-1972-ci illər idi. Leninqrada "Bakı" restoranının açılışı oldu. Əşrəflə mən getmişdim. O, bir ay həmin restoranda konsert verdi. Mən davam etmədim vətənə qayıtdım.

Onunla təxminən həmyaş olan 1933-cü il təvəllüdlü həmyerlisi yaxın dostu Paşa Quliyevin dedikləri:

- Mən Əşrəflə çox yaxın idim, həmişə başqa kəndlərə ya rayonlara, bəzən respublikalara gedəndə məni özü ilə aparardı.

Respublikamızdan kənarda yaşayan azərbaycanlılar Əşrəfin toy aparmasını görəndə övladlarının toylarını aparmağı xahiş edirdilər.

Əşrəfin dostlarından Rəşid Quliyev belə xatırlayır:

- Əşrəf Dağıstana, Buynakski şəhərinə toya getmişdi. Bir toya dəvət olunmuş Əşrəf orada bir neçə toyda iştirak etməli oldu.

Oradakı bir maraqlı hadisəni danışmaq istəyirəm.

Əczaçı olan bir bakılı bizi qonaq çağırdı. Adı Seyfulla idi, çox mehribançılıqla ailə üzvləri ilə bir məclisdə oturmuşduq. Onun bir qızı ilə həqiqi mənada ailə qurmaq fikri başımdan keçdi. Bakıya gəldim. Bir qayda olaraq uzaq səfərdən gələn evdə öz təəssüratını danışır. Mən deyəndə ki, bizi aptekçi Seyfulla qonaq çağırdı, anam sözümü bitirməmiş dedi:

- Heç bilirsən o kimdir?! Sənin xalan qızının (Qızbacı xala) əridir. Neçə illərdir ki, Bakıdan köçüb, Buynakskidə işləyir. Xalan qızının əczaçılıq təhsili yoxdur, bəzən aptekdə ərini əvəz edir.

İnsanın sirdaşı anadır. Mən anama fikrimi deyəndə, anam qeyri-iradi ayağa durub məni bağrına basdı:

- Günü sabah ona sənin üçün elçi gedərik.

Atam, anam, bir neçə ağsaqqal, ağbirçək elçi getdilər, mənim istəyimi yerinə yetirdilər. İndi üç oğul, iki nəvə sahibiyəm.

Əşrəf Əşrəfzadənin dostlarının çoxlu xatirələri var. Onun gülər üzü, xoş xasiyyəti, çılğınlığından başqa, özü cəlbedici, yaraşıqlı bir gənc idi. Allah-taala ona insana xas olan bütün gözəlliyi, insaniyyəti vermişdi, ömürdən başqa.

Bir mahnıda yaxşı deyilib:

 

Yazıq o kəsə ki, qaraqabaqdır,

gözəl yaraşır insana gülmək!..

 

Əşrəf Əşrəfzadə sağ olsaydı, bu il onun 70 yaşı tamam olacaqdı.

 

Cümşüd MURADOV

Ədəbiyyat qəzeti.- 2010.- 10 dekabr.- S.6.