Təzə faktlar işığında
Hələ neçə
il bundan əvvəl yerli mətbuatda çıxan
ayrı-ayrı yazılarda haqlı qeyd edilirdi ki, “Əli
və Nino” romanının müəllifliyi probleminin
araşdırılmasında ədəbiyyatşünas
alimlərimiz sırasında professor Pənah Xəlilov
davamlı axtarışları, bu problemlə ardıcıl
məşğul olması ilə fərqlənir. Öz
təbirincə desək, “çox su götürən
xəmir”in artıq yoğrulub-yapılması
üçün arayıb tapdığı yeni materiallara
əsasən təzə fikir söyləmək, əlinə
keçən sənədlərə arxalanaraq “Əli və
Nino”nun Yusif Vəzirin halal irsi olduğunu bir daha
təsdiqləmək istəyi üstün gəlmişdir.
“Ədəbiyyat qəzeti”nin 9 fevral 2001-ci il tarixli
sayında həmin mövzuda dərc olunmuş materialı
təkrar çap etməyə ehtiyac duyduq.
On ildən artıqdır ki, "Əli və Nino" əsəri milli ədəbiyyatımızın gerçək faktına çevrilmiş, mühacirətdən vətənə dönmüş bədii nümunə kimi fəal surətdə ədəbi gedişata daxil olmuşdur. İlk dəfə 1937-ci ildə alman dilində Qurban Səid təxəllüslü müəllifin romanı kimi nəşr olunmuş əsər 1990-cı ildə Mirzə Xəzərin tərcüməsində Azərbaycan dilində səslənəndən sonra ədəbi ictimaiyyətin geniş marağına səbəb oldu. Və eyni zamanda belə bir mübahisəyə rəvac verdi: Qurban Səid təxəllüsü altında gizlənmiş yazıçı kimdir?
Əslində, problemin tarixi daha əvvəldən, romanın alman nəşrindən sonra geniş yayılaraq ingilis və italyan dillərində də səslənməsi, Qərb, türk, habelə Azərbaycan alimlərinin diqqətini cəlb etməsindən başlamış. Və iki versiya doğurmuş: Qurban Səid görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlidir (1); Qurban Səid - milliyyətcə yəhudi, 30-cu illərdə Əsəd bəy imzası ilə səs-küylü əsərlər nəşr etdirmiş Lev Nissimbaumdur (2). Maraqlıdır ki, Y.V.Çəmənzəminlinin övladları Orxan və F1ikrət Vəzirovların, habelə bir sıra ədəbiyyatçıların təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyi və Kinematoqrafçılar İttifaqının romanın məhz Y.V.Çəmənzəminliyə aid olduğunu təsdiqləyən "Azərbaycan mədəni ictimaiyyətinə müraciət"indən sonra da mübahisələr səngiməmiş, həqiqətə doğru daha gerçək addımlar atılmışdır. Filologiya elmləri doktoru, professor Pənah Xəlilovun yenicə çapdan çıxmış "Əli və Nino" problemləri" kitabı (Bakı, 2000) problemin məhz ən son durumunun faktı kimi meydana gəlmişdir.
90-cı illərdən "Əli və Nino" romanının kimə məxsusluğu məsələsi ilə ciddi və ardıcıl şəkildə məşğul olan və əsərin məhz Yusif Vəzirin olduğunda israr edə\n Pənah Xəlilov nəşrə yazdığı "Giriş əvəzi bir neçə söz"də beləcə də göstərir: "Beləliklə, "çox su götürən xəmir"in artıq yoğrulub yapılması üçün mənim əlimə də təzə materiallar keçdi. İndi "Əli və Nino"nun almanca ilk Vyana nəşrinin (1937) kserosurətini, bu mətn əsasında Jenia Qramanın ingiliscəyə tərcüməsinin London nəşrinin və Mirzə Xəzərin azərbaycancaya tərcüməsini tutuşdurmaqla təzə fikir söyləmək, təzə sənədlərə arxalanmaq imkanı xeyli genişlənmişdir".
Kitaba müəllif opponentləri ilə geniş faktlar zəminində apardığı polemika gedişində yazdığı məqalələri toplamışdır. Vaxtilə 1996-97-ci illərdə "Ədəbiyyat qəzeti" və "Ədalət" qəzetlərində dərc olunmuş "Əli və Nino" Yusif Vəzir Çəmənzəminlinindir", "Sirr açılır" məqalələrində P.Xəlilov problemin özünə qədərki mənzərəsinə aydınlıq gətirməklə, habelə 30-cu illərdə Əsəd bəyin müəllifliyi ilə çap olunan əsərləri ətrafında mübahisələrə dair tarixi materiallara müraciət etməklə "Əli və Nino" romanının bu imzaya məxsus ola bilməyəcəyini sübuta yetirir. Yusif Vəzirin öz yaradıcılığına söykənərək, Qurban Səid imzasının məhz onun olduğu xeyrinə əsaslı dəlillər gətirir.
"Hansı Nissimbaum?", "Lev Nissimbaumun könhə, amma təzəcə aşkarlanan sirləri" yazıları yenə də adı çəkilən şəxsin romanın müəllifi ola biləcəyi imkanını təzə faktlarla heçə endirir. "Əli və Nino" (azərbaycancadan almancaya çevirmədir)" məqaləsində P.Xəlilov romanın almanca, ingiliscə mətnlərinə dərindən nəzər yetirərək, burda əsərin azərbaycancaya tərcüməsi zamanı faktik olaraq düşmüş Azərbaycan dilində cümlə və ifadələrə rast gəlir. Və bununla da ilk dəfə almanca nəşr olunmuş romanın orijinalının məhz Azərbaycan dilində olduğunu bir daha təsbit edir.
Pənah Xəlilovun
"Əli və Nino" problemləri" kitabı milli
ədəbiyyatımızın dəyərli
nümunələrindən biri kimi ətrafındakı
mübahisələrə son qoymaq baxımından
gərəkli və vaxtında çap olunmuş
əsərdir. Kitabı "Nurlan" nəşriyyatı 500
nüsxədə buraxaraq ədəbi-elmi ictimaiyyətin
diqqətinə çatdırmışdır.
Ə.Tehran
"Ədəbiyyat qəzeti"
9 fevral 2001-ci il
Ədəbiyyat
qəzeti.- 2010.- 10 dekabr.- S.3.