“Milli özünüdərk,
milli oyanış,
dirçəliş prosesi xalqımıza birinci növbədə
ədəbiyyatdan keçir”
Böyük ədəbiyyat dostu və hamisi, ümummilli lider Heydər Əliyevin sərlövhəyə çıxarılmış
unudulmaz sözləri
müstəqil Azərbaycanın
ədəbi-bədii sərvətinə,
milli-mənəvi dəyərlərinə
dövlət səviyyəsində
ən yüksək qiymətin mötəbər
təsdiqidir.
Ədəbiyyatımızın, mədəniyyətimizin böyük dostu və hamisi ümummilli lider Heydər Əliyev yazıçılarımızın X qurultayındakı nitqində söz-sənət sahiblərimizə münasibətindən danışarkən göstərirdi ki, mən 1971-ci ildə Azərbaycan yazıçılarının qurultayında ilk dəfə Azərbaycanın rəhbəri kimi iştirak edirdimsə, ondan əvvəlki qurultaylarda da kənarda olmamışdım. O zaman mən Azərbaycanın rəhbəri deyildim, başqa vəzifələr tuturdum, ancaq yazıçıların qurultaylarını daim izləyirdim və imkanım olanda gəlib salonda oturub yazıçıları dinləyirdim. Mən hər dəfə yazıçılarımızın görüşlərinə gedirdim və onlarla görüşməyi özüm üçün böyük bir hadisə hesab edirdim. Bu, həmin məsələyə mənim şəxsi münasibətimdir. Ancaq, eyni zamanda, 1969-cu ildən tale mənim üzərimə böyük bir vəzifə, böyük bir məsuliyyət qoymuşdur. Mən o məsuliyyəti dərk edərək, o vəzifəni layiqincə yerinə yetirməyə çalışaraq, həmişə hesab etmişəm, bu gün də hesab edirəm ki, ədəbiyyata, mədəniyyətə diqqət yetirmək, qayğı göstərmək lazımdır, ədəbiyyatdan, mədəniyyətdən həyatın başqa sahələrində işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün istifadə etmək lazımdır.
Azərbaycan müstəqilliyini yenidən qazandıqdan sonra məlum çətinliklərlə müşayiət olunan keçid dövrü ölkə başçısından heç şübhəsiz, möhkəm iradə və böyük məsuliyyət, dəqiq fəaliyyət, eyni zamanda ictimai-siyasi, iqtisadi-mədəni situasiyanı düzgün qiymətləndirməyi tələb edirdi. Heydər Əlirza oğlu bu çox mürəkkəb vəzifənin öhdəsindən layiqincə gəldi. Onun cəmiyyətin həyatında baş verən mühüm hadisələri özünəxas müdrikliklə dəyərləndirməsi müstəqil Respublikamızın qarşılaşdığı problemləri ardıcıl və uğurla həll etmək işində ciddi əhəmiyyətə malikdir. Heydər Əliyev adı çəkilən nitqində ədəbiyyatımızın xalqımıza etdiyi xidməti çox yüksək qiymətləndirməklə bərabər, eyni zamanda dəqiq göstərərək deyirdi: “...Bu gün, ümumiyyətlə, müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. ...Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir”.
Dünya miqyaslı siyasətçinin, dövlət xadiminin doğma ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi bu yüksək qiymət və müxtəlif tarixi şəraitdə respublikamıza rəhbərlik etdiyi sınaq dolu illər ərzində bütün çətinliklərə baxmayaraq, ardıcıl şəkildə uğurla həyata keçirdiyi əzəmətli ədəbi-mədəni proqramlar inkişaf tariximizin unudulmaz səhifələri, eyni zamanda mötəbər dövlətçilik məktəbidir. Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətlə dediyi aşağıdakı sözlər həmin məktəbin yaşarı ənənələrini layiqincə davam və inkişaf etdirmək qətiyyətini təsdiqləyir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır.
Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Çox keçmədi ki, Respublika Prezidenti İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamını imzaladı. Ziyalılarımızın, bütün xalqımızın ədəbi-mədəni həyatımızda şəksiz böyük hadisə kimi qiymətləndirdiyi bu sərəncam dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsini mümkün etdi.
Dövlətimizin başçısı cənab İlham Əliyevin “Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının və “Ədəbiyyat qəzeti”nin nəşrə başlamasının 75 illik yubileyi haqqında” 18 may 2009-cu il tarixli sərəncamı ulu öndərin zəngin ənənələrə malik ədəbiyyatımıza göstərdiyi böyük qayğının yeni şəraitdə davamıdır.
Sərəncamda vurğulandığı kimi: “Azərbaycan Yazıçılar Birliyi fəaliyyətə başladığı vaxtdan etibarən müxtəlif sınaqlardan keçərək milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında böyük xidmətlər göstərmişdir. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyəti tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirmək işində öz vəzifəsini layiqincə yerinə yetirmişdir.
Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanı kimi “Ədəbiyyat qəzeti” söz sənəti problemlərinə, klassik irsə və aktual yaradıcılıq məsələlərinə dair səhifələrində dərc etdiyi yazılarla müasir ədəbi prosesə töhfələr vermişdir.”
Bütün bunlar
həqiqətən xalqımızın
milli sərvəti və intellektual mülkiyyəti olan ədəbiyyatımızın, mədəniyyətimizin daha
da inkişafı üçün görülən
və bundan sonra da görülməsi
yüksək səviyyədə
vəd verilən işlərin layiqincə həyata keçiriləcəyinə etibarlı
bir təminatdır.
Ədəbiyyat qəzeti.- 2010.- 10 dekabr.- S.1.