Anılanlar danıla bilinməz
Bu günlərdə Yazıçılar Birliyinin Natəvan klubunda "Azərbaycan İnternəşnl" jurnalının yeni sayının təqdimat mərasimi keçirildi. Jurnalın yeni sayı 1937-ci ildən başlayaraq müəlliflik hüququnun kimə məxsusluğu biznes maraqlarına qurban verilən məşhur "Əli və Nino" romanının tale gizlinlərinə ayna tutur.
Təqdimat mərasimini AYB-nin sədri, xalq yazıçısı Anar açaraq dedi: "Uzun illərdi bu araşdırma davam edir. 1996-cı ilin aprelində Yazıçılar Birliyində düzənlənən müzakirədə xalq yazıçısı Qılman Musayev, professor Pənah Xəlilov, şair Abbas Abdulla və başqaları çıxış edərək təkzibedilməz faktlar əsasında "Əli və Nino" romanının əslində görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli tərəfindən yazılması ehtimalından danışdılar. Müzakirədə mən də çıxış edərək fikirlərimi bölüşdüm, eyni zamanda bildirdim ki, bu bir müzakirədi. Gələcəkdə kim bu fikirləri təkzib edən mülahizələr irəli sürərsə, biz müzakirəyə yenidən vaxt ayıra bilərik. Lakin sonralar mətbuatda belə fikirlər yer aldı ki, guya biz əsərin müəlliflik haqqı ilə bağlı qərar qəbul etmişik. Ancaq bu, doğru fikir deyil."
Azərbaycan xarici
işlər nazirinin müavini, Diplomatiya Akademiyasının
rektoru Hafiz Paşayev jurnalın fəaliyyətini
yüksək qiymətləndirərək dedi ki, son üç
ildə onun yeni nömrələrinin çıxmamasından
təəssüflənir: “Mən “Əli və Nino”
romanını rus və ingilis dillərində də
oxumuşam. Vaxtilə Amerikada Betti xanımla
tanışlığım zamanı Azərbaycanı
tanıtmaq işinə dəstək verməsini
arzulamışdım. O
zaman Betti xanım adi bir ingilis dili müəllimi idi. Lakin onun potensial imkanları geniş olduğundan
belə bir jurnalın araya-ərsəyə gəlməsi
mümkün oldu. Jurnalın bu sayı
mükəmməl doktorluq dissertasiyasına layiq bir
işdir...”
Sonra "Azərbaycan İnternəşnl"
jurnalının baş redaktoru Betti Bleyer yeni sayın
araya-ərsəyə gəlməsi üzərindəki
işindən söz açdı: "Cənab Hafiz
Paşayevin də vurğuladığı kimi, jurnal üç
ilə yaxındır ki, nəşrini
dayandırmışdı. Bunun səbəbi
başladığımız tədqiqatın irihəcmli
olması idi. Gördüyünüz kimi,
bu tədqiqat bitdi və biz jurnalın nəşrinə
yenidən başlayırıq. Gecikməyimizin
bir səbəbi də tədqiqatımızın faktlara
söykənməsinə çalışmağımız
idi. Anar müəllimin dediyi kimi,
Yazıçılar Birliyinin bir çox üzvləri
belə hesab edir ki, bu əsər
Çəmənzəminliyə məxsusdu. Bu fikirlə həmrəyliyimizi bildirənə
qədər biz Azərbaycan yazıçılarının
əli çatmayan faktları araşdırmağa cəhd
etmişik. Burada çox adamlar var ki,
mən onlara öz minnətdarlığımı bildirmək
istəyirəm - ilk öncə jurnalımızın
əməkdaşlarına. Eləcə də
Azərbaycan Dövlət Tarix Arxivinin, Nəsimi adına
Əlyazmalar İnstitutunun rəhbərliyinə, Maarif Teymura, Tofiq Hüseynoğluya, Abbas
Abdullaya və başqalarına təşəkkür
edirəm. Deyim ki, bu tədbirdə iştirak
edən cənab Ramiz Abutalıbovun şəxsi marağı
və dostluğu olmasaydı, biz çətin ki, "Əli
və Nino" romanının müəllifliyi
məsələsilə bağlı təqdimata
başlayardıq. 2004-cü ilin yanvarında Ramiz
Abutalıbov jurnalımızın Bakı ofisinə
gələrək bizə "Əli xan" romanının
nadir 1944-cü il italyan nəşrini
göstərdi. Maraqlı idi ki, bu nəşrdə
müəllif Qurban Səid kimi yox, Əsəd bəy kimi
göstərilmişdi. Ramiz Abutalıbov bu
nəşrlə bağlı narahatlığını
bildirdi. Bu, bizə də çox
maraqlı gəldi. Bu görüş
araşdırmamızın əsasını qoydu…"
B.Bleyer vurğuladı ki, "Əli və Nino"
romanı ilk dəfə 1937-ci ildə vyanalı naşir
tərəfindən alman dilində işıq üzü
görüb və bu günə kimi 33 dildə nəşr
edilib: "2005-ci ildə Tom Ris "Orientalist" kitabında özünü
Əsəd bəy adlandıran Lev Nissimbaumun "Əli və
Nino"nun müəllifi olduğunu iddia edirdi.
Jurnalımızın 2005-ci il yay
nömrəsində Tom Risin bu təqdimatını
nəşr etmək istəyirdik. Lakin bir
qədər tərəddüd etdik. Bəs
Azərbaycanda bu məsələyə münasibət necə
idi? Buna görə də Azərbaycan
tərəfinin də fikrini öyrənmək istədik.
Düzünü deyim ki, bu məqsədlə
Yusif Vəzirin oğlu Orxan Vəzirovun yanına
gedərkən beynimizdə çox şübhələr var
idi. Məsələnin artıq
çözüldüyü qənaətində idik. Lakin onunla görüşdükdən sonra biz
əslində məsələ ilə bağlı heç
nə bimədiyimizi başa düşdük. Əvvəlcə Əsəd bəyin adı
altında çap edilmiş kitabları toplayıb tədqiq
etdik. Tezliklə tarixçi və
tədqiqatçıların Əsəd bəyin etibarsız
yazıçı olması xəbərdarlıqları
ilə
Betti xanım Lev Nissimbaumun 1918-1919-cu tədris ilində
Bakıdakı 2 saylı kişi gimnaziyasının 3-cü
sinfində oxuyarkən Azərbaycan dilini bilməməsini, bu
dildə imtahan verərkən əvvəlcə "2",
təkrar imtahan zamanı "3" qiymət almasını,
alman dilindən "4-5", fransız dilindən isə
"3-4" qiymətlər aldığını əks
etdirən, hazırda Azərbaycan Respublikası Dövlət
Tarix Arxivində saxlanılan qiymət cədvəlini
nümayiş etdirərək göstərdi ki, əslində
Lev Azərbaycan dilini 1918-1919-cu tədris ilindən başlyaraq
öyrənməyə başlamışdır. Qeyd etdi ki, Lev Nissimbaumun Kiyevdə tapılan doğum
şəhadətnaməsində göstərilir ki, o, 20
oktyabr 1905-ci ildə Kiyevdə anadan olub. Valideynləri
Abram Leybusoviç Nissimbaum və Basya Davidovna Tbilisidən
idilər. Yusif Vəzir Çəmənzəminli və
Lev Nissimbaumun hər ikisi müxtəlif illərdə
Bakıdakı 2 saylı kişi
gimnaziyasında təhsil almışdılar. Yusif Vəzir ilk
əsərlərini "Əli xan", "Əli"
təxəllüslərilə yazmışdı. Vəzirovun "Gündəlik"lərində
yazılanların çox hissəsi "Əli və
Nino"da öz əksini tapıb. Y.V.Çəmənzəminlinin
"Qızlar bulağı", "Studentlər"
romanları da "Əli və Nino"da olduğu kimi
universitetin sinif otağının təsvirilə
başlayır. Rus yazıçısı
İvan Turgenev Yusif Vəzirin ən çox sevdiyi
yazıçılardan idi, onun haqqında 1934-cü ildə
məqalə yazmışdı, əsərlərini Azərbaycan
dilinə çevirmişdi. "Əli
və Nino"da İ.Turgenev adı çəkilən
yeganə rus dramaturqudur. Yusif Vəzirin
həm anası, həm atası seyid olub. Ona
görə də onun Seyid Qurban (Qurban Səid) imzası
ilə yaza bilməsi həqiqətə daha yaxındı.
Yusif Vəzir 1909-cu ildə Bakı realnı
məktəbində təhsil aldığı zaman
yaşadığı yerə qonşu olan
küçədə eyni zamanda azərbaycanlı
Əlipaşa Əliyev və onun həyat yoldaşı,
gürcü gözəli Aleksandra da yaşayırdı.
Onlar qızlarına Əli xan və Ninonun
əsərdə qızlarına verdiyi Tamara adını
qoymuşdular. "Əli və Nino"da yer alan həyəcan və sosial problemlər
Çəmənzəminlinin gündəliklərində,
roman, hekayə və oçerklərində yer alan
hissələrlə eynilik təşkil edir. Əsəd
bəyin (əslində Levin) Azərbaycanda
yaşadığı illərdə ərəb
əlifbasından geniş istifadə edilib, hətta
rəsmən dövlət səviyyəsində. Ancaq o, bir çox kitablarına ərəb
əlifbası ilə avtoqraf yazmağa cəhd edərkən
belə dörd sözdə dörd-beş səhvə yol
verib. Onun yazdığı avtoqrafdan
görünür ki, Əsəd bəy Azərbaycan dilində
ərəb əlifbası ilə nə öz adını,
nə də böyüyüb boya-başa çatdığı
ölkənin adını yaza bilmir. Əsəd
bəyin (L.Nissimbaumun həyat yoldaşı Elfrida Ehrenfels
öz məşuqəsinə qoşulub qaçandan sonra o,
yazırdı ki, bütün qadınları torbaya doldurub
dənizdə boğmaq lazımdı. Bu
düşüncəylə yaşayan Əsəd bəy Nino
kimi bir qəhrəmanın səmimi surətini necə yarada
bilərdi? Bütövlükdə isə "Əli
və Nino" romanında ifadə edilmiş
məsələlər Çəmənzəminlinin
düşüncə tərzinin ayrılmaz hissəsini təşkil
edir…"
Professor Məhərrəm
Qasımlı mərasimdə çıxış
edərək bildirdi ki, Çəmənzəminli
Azərbaycanın ilk folklorşünas alimlərindən biri
olub. "Əli və Nino" əsərilə
bağlı Betti xanım çox sistemli araşdırma
aparıb. O, tədqiqat üzərində
çalışarkən ardıcıl olaraq bizimlə də
əlaqə saxladı. Betti xanım doğru
qənaətə gəlib ki, Lev Nissimbaum
yaşadığı dövrün basqılar altında
özünü müsəlman kimi qələmə verib, milli
mənsubiyyətindən imtina etməyə məcbur idi.
Yusif Vəzirə gəldikdə isə, onun
müxtəlif əsərləri var ki. O
əsərlərdən Əli bəy adı keçir. Təklif edərdim ki, Yusif Vəzirin "Bir
cavanın dəftəri" əsəri "Əli və Nino"
ilə bir yerdə nəşr edilsin. O zaman
müəllif nəfəsinin doğmalığı daha
aydın hiss olunar…"
Şair Abbas Abdulla 1991-ci ildə "Ədəbiyyat
qəzeti"ndə çap etdirdiyi "Anılan və
danılan Yusif Vəzir" məqaləsini xatırladaraq
Yusif Vəzirin həyat yoldaşının da gürcüstanlı
olduğunu önə çəkdi. Bildirdi ki,
14 yaşında Azərbaycanı tərk etmiş Lev Nissimbaum
heç vaxt Bakını, Şuşanı belə dolğun
təsvir edə bilməzdi.
Tarixçi alim Ramiz Abutalıbov, Azərbaycan-Almaniya
Dostluq Cəmiyyətinin sədri Çingiz Abdullayev və
professor Bəhlul Abdulla çıxışlarında Betti
Bleyerin araşdırmalarına münasibətlərini
açıqladılar.
Mərasimi AYB-nin sədri,
xalq yazıçısı Anar yekunlaşdırdı.
P.S: "Ədəbiyyat qəzeti" "Əli və
Nino" ətrafında gedən mübahisə və
araşdırmaları maraqla izləmiş, öz
səhifələrində həqiqətin üzə
çıxması naminə obyektiv fikirlərə geniş
yer vermişdir. 1994-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda,
1996-cı ildə AYB-də əsərin
müəllifliyilə bağlı keçirilən
müzakirələrdən geniş yazı çap
etməklə yanaşı, qəzetimiz 1991-ci ildə Abbas
Abdullanın "Danılan və anılan Yusif Vəzir",
S.Hüseynoğlunun "Yenə də "Əli və
Nino…" (21 iyul, 2006), "Əli və Nino" gizlinləri
və yaxud şəxsi istəklər elmin yolunu
kəsməməlidir" (7 sentyabr, 2007), "Əli və
Nino" urdu dilində" və s. məqalələrinə
də yer ayırmışdır.
Hazırladı:
SƏRVAZ
Ədəbiyyat
qəzeti.- 2010.- 10 dekabr.- S.3.