Sabit Rəhman
– 100
Görkəmli ədib
və dramaturq
Dekabrın
7-də M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanasında ədəbiyyatımızın
görkəmli nümayəndəsi,
yazıçı-dramaturq Sabit
Rəhmanın anadan olmasının 100 illiyinə
həsr olunmuş tədbir keçirildi. Mədəniyyət və
Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq düzənlənən mərasimi
sözügedən kitabxananın
direktoru Kərim Tahirov açaraq dedi: "Öz xalqının milli-mənəvi
dəyərlərinin inkişafına
böyük əmək
sərf etmiş insanların xatirəsi heç vaxt unudulmur. Ötən əsrin əllinci
illərində Azərbaycan
ədəbiyyatına dəyərli
töhfələr vermiş
Sabit Rəhman da həmişə xatırlanır. Hesab edirəm
ki, bu gün
onun da ruhu
burada bizimlədi.
Biz bu cür tədbirləri kompleks halında keçiriməyi
planlaşdırmışıq…"
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında
S.Rəhmanın oğlu,
görkəmli bəstəkar
Emin Sabitoğlu ilə olan yaxın
münasibətindən, ailəvi
dostluğundan söz açdı: "Onunla müxtəlif bölgələrimizə,
eyni zamanda xarici ölkələrə
birgə səfərlərimizi
heç vaxt unuda bilmirəm. Düz on il
əvvəl Sabit Rəhmanın anadan olmasının 90 illiyilə
bağlı tədbir
keçirməyi planlaşdırırdıq.
Hazırlıq işi başlanmışdı.
Emin Sabitoğlu da o zaman çalışdığı
Türkiyədən tədbirdə
iştirak etmək üçün gəlmişdi.
Görüşüb məsləhətləşdik,
dəvətnamənin eskizlərinə
birgə baxdıq.
Lakin məhz yubiley günündə Emin qəflətən dünyasını
dəyişdi və bu tədbiri reallaşdıra bilmədik.
Sabit Rəhmanın 80-ci ildönümü
isə ötən əsrin 90-cı illərinin
burulğanına düşmüşdü.
Nəhayət, görkəmli yazıçının
100 illiyinin keçirilməsini
qərarlaşdırdıq. Çox istərdim ki, bu tədbirlərdə Emin müəllim də iştirak edə biləydi. Həyatsa davam edir. Demək çox xoşdu ki, hər iki sənətkarın
ruhu və qoyub getdikləri irs həmişə
bizimlədi. Sabit Rəhmanın dramaturgiyası
bir çox görkəmli aktyor nəsli yetişdirib.
Elə bir teatrımız yoxdur ki, zaman-zaman
Sabit Rəhmanın dramaturgiyasına müraciət
etməsin. Onun mükəmməl
əsərləri həmişə
yaşyacaq".
Xalq yazıçısı, AYB-nin
katibi Çingiz Abdullayev çıxışında
vurğuladı ki, S.Rəhmanın pyesləri
əsl milli pyeslərdi, həmişəyaşardı.
Sonra o, yazıçının oğlu
Emin Sabitoğlu ilə aralarında olan dostluqdan, xalq yazıçısı
Anarın Eminə olan qardaşlıq sevgisindən söz açdı.
Tədbirin aparıcısı,
filologiya elmləri doktoru Bədirxan Əhmədov yazıçının
həyat və yaradıcılığı haqqında
ətraflı məlumat
verərək bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanasının təşəbbüsü
ilə yaxın günlərdə "Sabit
Rəhman - 100: bioqrafiya"
kitabı işıq üzü görüb:
"Elm və təhsil"
nəşriyyatı isə
mənim "Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı"
monoqrafiyamı nəşr
edib".
Xalq artisti Amaliya Pənahova çıxışında bildirdi
ki, o, ilk dəfə səhnədə S.Rəhmanın
"Yalan" əsərindəki
Xumar rolunu ifa edib: "Bu ifa çox uğurlu oldu. Sonra mən "Nişanlı qız"da
Zərifə, "Yalan"da
Şəlalə obrazını
oynadım..."
Kinoşünas Aydın
Kazımov S.Rəhmanın
ssenarist kimi fəaliyyətindən danışdı,
"Arşın mal alan" filminin tale gizlinlərini önə çəkdi, professor Nizami
Tağısoy S.Rəhmanın
yaradıcılıq xüsusiyyətlərindən
söz açdı.
Sonda yazıçının nəvəsi
Ceyran xanım ailə üzvləri adından tədbirin keçirilməsində əməyi
olanlara dərin təşəkkürünü bildirdi.
S.Əsgərli
Ədəbiyyat
qəzeti.- 2010.- 10 dekabr.- S.2.