Rəsul Rza - 100
Ümumrespublika bədii
qiraət müsabiqəsi
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-2-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş "Deyilən söz yadigardır" mövzusunda V Ümumrespublika bədii qiraət müsabiqəsinin final mərhələsi keçirilib.
Üç seçim turundan və final mərhələsindən ibarət olan müsabiqədə 40 şəhər və rayondan 18-30 yaşlarında 90-a yaxın gənc iştirak edib. Onlar səlis danışıq qabiliyyətini, natiqlik məharətini və səhnə davranışını nümayiş etdirib mənsur şeirlər, bayatılar, qəzəllər, laylalar, aşıq seirləri, hekayələr, romanlardan parçalar söyləyiblər.
Gənclərin istedadını Mədəniyyət və Turizm Nazirliyinin, dövlət teatrlarının mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətinə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova, tanınmış aktyorlar Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva və Pərvanə Qurbanova yer alıb. Tədbirdə şair və yazıçılar da iştirak ediblər.
Ertəsi gün "Deyilən
söz yadigardır" mövzusunda V Ümumrespublika bədii
qiraət müsabiqəsinə yekun vurulub. Seçim
turlarından sonra finala 8 nəfər çıxıb. Füzuli rayon sakini,
Azərbaycan Dövlət İncəsənət Universitetinin
III kurs tələbəsi Ərzanalıyeva Pərvin
Ərzanalı qızı birinci, Sumqayıt şəhər
sakini, Azərbaycan Dövlət İqtisad Universitetinin III kurs
tələbəsi Qurbanova Könül Əliyar qızı
ikinci, Bakı şəhər sakini, Rus Dövlət Dram
Teatrının aktrisası Ağayeva Həcər Maqsud
qızı üçüncü yeri tutublar.
Ədəbiyyat
qəzeti.- 2010.- 10 dekabr.- S.2.