Klassik irsimizdən
Ədəbiyyatımızın səhifələrini vərəqlədikcə xalqımızın dünya ədəbiyyatı və mədəniyyəti xəzinəsinə bəxş etdiyi Xaqani, Məhsəti, Nizami, Nəsimi, Xətai, Füzuli və başqa böyük mütəfəkkirlərimizi yad edirik.
C.Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyində "Klassik irsimizdən" rubrikası altında keçirilən tədbirlərdə klassiklərimizin ədəbi irsi öyrənilir və təbliğ edilir.
Bu günlərdə muzeydə Azərbaycan ədəbiyyatının dünya şöhrətli şairi Məhəmməd Füzuliyə həsr olunmuş "Qüdrətli söz ustadımız" mövzusunda poeziya saatı keçirilmişdir.
Muzeyin direktoru Sübhi Kəngərli klassik poeziyamızın təbliğinin müasir dövrdə əhəmiyyətindən danışdı.
Tarix elmləri namizədi, şair Vaqif Məmmədov çıxış edərək Azərbaycan nümayəndə heyətinin tərkibində 1994-cü ildə Füzulinin 500 illiyi münasibətilə YUNESKO xətti ilə İraqda keçirilən Füzuli günlərində iştirakından, həmin tədbirlər çərçivəsində Bağdad, Nəcəf, Kərkük şəhərlərində keçirilən tədbirlər haqqında xatirələrindən və Kərbəla şəhərində Füzulinin qəbrini ziyarət etmələrindən danışdı. Vaqif Məmmədovun 16 il əvvəl həmin səfər günlərində yazdığı "Füzulinin qəbri önündə" şeri də tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Çıxışının sonunda şair Vaqif Məmmədov Füzuli ilə bağlı İraqda keçirilmiş həmin tədbir zamanı çəkilən fotoşəkillərdən hazırlanmış xüsusi bukleti muzeyə hədiyyə etdi.
Naxçıvan şəhər 12 nömrəli orta məktəbin ədəbiyyat müəllimi Zəhra Qasımova dahi şairin irsinin orta məktəblərdə tədrisindən, muzeyin böyük elmi işçisi Günel Novruzova füzuli irsinin muzey eksponatları vasitəsilə təbliğindən danışdı.
Naxçıvan Dövlət Filarmoniyasının muğam ustalarının ifasında füzulinin musiqi dünyasından nümunələr səsləndirildi, şagirdlər şairin qəzəllərindən bədii qiraət etdilər.
Sonda tədbir iştirakçıları ekspozisiyada nümayiş olunan sərgi ilə tanış oldular.
İradə MƏHƏRRƏMOVA
Ədəbiyyat
qəzeti.- 2010.- 10 dekabr.- S.2.