Ötən ayın sonundakı
sayımızda (26 noyabr 2010) Pənah müəllimin və
onun haqqında verilən materiallarla əlaqədar
zəhmət çəkib özünə xas təmkin və
səmimiyyətlə fikir deyən elm-sənət
adamlarımızdan professor Camal Mustafayevi ayrıca qeyd edə
bilərik. O, telefon söhbətində
Pənah müəllim barədə danışarkən:
"yazdıqları ilə özünə heykəl
qoydu" dedi. Ümumiyyətlə, etiraf edək ki, uzun illərdən
bəri yaxşı tanıdığımız və
qəzetimizdə gedən xüsusilə gərəkli bildiyi
ayrı-ayrı materiallar barədə vaxtaşırı
ətraflı rəyini söyləyən hörmətli
Camal müəllimi hər dəfə eşidəndə onun
tədqiqat obyekti olmuş dahi Nizamini istər-istəməz
xatırlayırsan. Nizami özü deyirdi:
"Böyüklərdən yaz ki, böyüklüyə
çatasan". Heç şübhəsiz Nizami başqa
böyüklükləri yox, şəxsiyyət
böyüklüyünü nəzərdə tutub. Nizami
pərəstişkarları, təbiidir ki, həqiqətə
pərəstiş edər.
Sözü gedən sayımızdan sonra Pənah müəllimlə redaksiyada görüşüb ətraflı söhbət etdik. Danışıq əsnasında Camal müəllimin fikrini də ona çatdırdıq. Bizə elə gəldi ki, adətən, tələbələrinə qüvvət verən Pənah müəllimin özünə güc-qüvvət gəldi.
Pənah müəllim keçmiş Sovet
İttifaqı ərazisində yaşayan xalqların
ədəbiyyatları barədə yazdığı
fundamental tədqiqatı ilə fəxr etməyə
haqlıdır. Onun bu sahədəki unudulmaz
fəaliyyətində Özbəkistanın xüsusi bir yeri
var. Odur ki, söhbət əsnasında vaxtilə
“Ədəbiyyat qəzeti”ndə dərc edilmiş (31 may
1996-cı il) geniş “Dəyirmi masa” söhbətini
xatırlatdı və ondakı bir çox
məsələlərin bu gün də müzakirə
mövzusu olacağını vurğuladı.
Pənah müəllimin, Ayaz
Vəfalının və Yaşar Qasımovun iştirakı
ilə keçirilmiş “Bədii sözün
gücüylə...” adlı həmin söhbəti ixtisarla
dərc edirik.
Bədii
sözün gücüylə...
Ayaz Vəfalı - Azərbaycan və özbək ədəbiyyatları arasındakı əlaqələrin qədimliyi, zənginliyi haqqında çox yazılıb və yəqin yenə də yazılacaq. Bakıya, bizim redaksiyaya digər türk ölkələrindən, o cümlədən də Özbəkistandan gələn qələm yoldaşlarımızı biz səbirsizliklə gözləyir, onları sorğu-suala tutur, uzaq düşdüyümüz yazıçı dostlarımızın işlərindən xəbər bilmək istəyirik.
İndi, dəyərli ədəbi-tənqidi, publisistik kitab və məqalələr müəllifi, Daşkənddə yaşayıb-yazan iki xalqın bir övladı dostumuz Yaşarın redaksiyamıza gəlməyi bizi çoxdan narahat edən bir sıra məsələlər barədə söhbət etməyə imkan verir. Mən istərdim ki, Özbəkistandakı ədəbi proses barədə - bizim orada tanış yoldaşlarımız var, dostlarımız var - onların yaradıcılıq məhsulları və niyyətləri barədə Yaşar müəllim bizə ətraflı məlumat versin.
Yaşar Qasımov - İndi müasir nəsrdə baş verən prosesləri belə ümumiləşdirmək olar ki, keçmişin - yaxın keçmişin, yəni bizim durğunluq adlandırdığımız dövrün ictimai-siyasi-əxlaqi təhlili və yeni dövrdə cəmiyyətin müasir vəziyyətilə əlaqədar təzə mənəvi dəyərləri axtarmaq prosesi gedir. Yəni öz kökümüzə qayıtmaq, qədim milli-mənəvi dəyərlərə qayıtmaq, dini dəyərlərə qayıtmaq, allahsızlıqdan Allahı tanımağa keçmək - bütün bu proseslər nəsrdə çox qəribə şəkildə, özünəməxsus şəkildə gedir. Mən bilmirəm Azərbaycan şerində sufilik əhval-ruhiyyəsi necə, harda görünür? Mən buradakı ədəbi prosesi yaxşı bilmirəm. Amma Özbəkistanda sufilik, yaxud sifiliyə yaxın olan dini rəmzlərlə danışmaq son vaxtlar nəzərə çarpacaq qədər artıb.
A.V. - İndi, məsələn, elə mənim özüm üçün də çox maraqlıdır, oradakı qələm yoldaşlarımız Azərbaycanda son illər gedən xalqın taleyini həll edən ictimai-milli hadisələrlə bağlı, ədəbi proseslə bağlı nə dərəcədə narahatdırlar?
Y.Q. - Ayaz müəllim, mən sizin sözünüzə dəqiq cavab vermək istəyirəm. O mənada ki, həqiqətən də bu narahatçılıq özbək ziyalılarında, özbək ədəbiyyatçılarında var. Amma bugünkü narahatçılıq, məsələn, siz dediyiniz yoldaşların, yazıçıların narahatçılığı Azərbaycandakı ədəbi prosesdən, ya həmkarlarının yaradıcılıq taleyindən daha çox Azərbaycan xalqının ictimai vəziyyəti ilə bağlıdır. Yəni o mənada ki, qardaş xalq ağır, amansız, müharibə şəraitində necə yaşayır, hansı çətinlikləri var, bu çətinliklərə necə kömək etmək olar? Amma mən burda onu qısaca demək istərdim ki, bizim son səkkiz ildəki yanğılarımıza, faciələrimizə özbək xalqı, özbək ziyalıları heç vaxt laqeyd olmayıb. Mən özüm gözümlə gördüyüm, bilavasitə iştirak elədiyim, şahidi olduğum bəzi şeyləri deyə bilərəm. 88-ci ildən etibarən bu münaqişə-müharibə başlayandan bəri bu narahatçılıq orda olub. Məsələn, səhv eləmirəmsə, 88-ci il idi. "İzvestiya"nın bir müxbiri müsahibə apararkən Abdulla Aripov deyir ki, Qarabağ Azərbaycanın olmalıdır. Axı Mirzə Uluğ bəyin 3-4 yaşı olanda mənim ulu babam Əmir Teymur Qarabağın Xankəndində qışlayıb. Əmir Teymur əgər orda qışlayıbsa, yaşayıbsa, demək, Əmir Teymura yaxın olan, onun oylağı olan bir yer, yəni Türküstan türklərinin oylağı olan bir yer, əlbəttə, Azərbaycanın olmayıb kimin olmalıdır?
Və sonra Abdulla Aripov mənə dedi ki, inanırsanmı, minlərə teleqram gəldi ki, Abdulla Aripov, sən niyə deyirsən ki, bəs Qarabağ Azərbaycanındır.
A.V. - O teleqramı vuranlar yəqin ki, ermənilər olar.
Y.Q. - Təbii ki, ermənilər olub. Ondan sonra bax, yadımdadır mənim həyatımda, mənə elə gəlir, elə şəxsi həyatımda da, ictimai həyatımda da ən faciəli günlər olan 90-cı ilin qanlı yanvar hadisələri sizi burda, bizi də orda şok vəziyyətinə saldı. Özbək dostlarımızı da. Biz səhərə kimi radiodan - "Azadlıq"dan, "Bi-Bi-Si"dən, ümumən, Amerikadan, Almaniyadan və başqa yerlərdən məlumat bilmək istəyirdik. Onları dəhşətlə, ağlaya-ağlaya dinləyirdik. Moskvadan xəbər gözləmək mənasız idi. Həmin stansiyalar tez-tez şəhərdə baş verən hadisələr haqqında xəbərlər verirdi. Biz üç gün demək olar ki, bu hadisələri izləmişik və həmin günlərdə Özbəkistan Yazıçılar İttifaqı da matəm vəziyyətində idi, son dərəcə ağır vəziyyətdə idi. Bu həqiqətən də belə idi. Bizə, başqa azərbaycanlılara, başqa ziyalı yoldaşlara doğrudan da başsağlığı verirdilər və Yazıçılar İttifaqından, həmçinin soydaşlarımızdan mən özüm gözümlə görmüşəm, onlarla teleqramlar Qorbaçova göndərilirdi. Hamısı hiddətlə, qəzəblə. Yazıçı üsyanı xüsusi təsirə malikdir.
Özbək ədəbi ictimaiyyəti bu hadisələrlə, tanıdıqları qələm sahibləri ilə şübhəsiz ki, orada həmişə maraqlanırlar. Məsələn, Ləziz Kayumov Özbəkistanda mənim müəllimim, rəhbərim olub. Həmişə Pənah müəllimi soruşur. O 90-cı ilin yanvar hadisələrində doğrudan çox çaşqın soruşurdu - görəsən Pənah müəllim neynir, dəhşətdir. Biz bir-birimizə necə kömək edə bilərik?
Biz bir-birimizlə əlaqəni kəsməməliyik, nəiyn bahasına olur-olsun, son dərəcə çətin olsa da, qohumluq, qardaşlıq ünsiyyəti, bu əlaqələr yaşamalıdır. Hansı əsərləri tərcümə etmək məsələsi çox mühümdür. Xüsusilə indi - türk respublikaları milli istiqlaliyyət əldə etdiyi bir vaxtda Türk dünyasının daha sıx birləşməsinə, İslam aləminin yaxşı mənada ən saf duyğularla birləşməyinə xidmət edən əsərləri ilk növbədə diqqətlə seçib tərcümə etməliyik. Əlbəttə, bu birlik kiməsə qorxu yaratmaq üçün yox, özünün qüvvəsini artırmaq üçündür. "Birlik harda, dirilik orda". Yəni bu millət, bu xalq özünün qüvvəsini cəmləmək üçün birləşməlidir, bir-birini axtarıb uzaqda olanını da tapmalıdır. Bu mənada vacib əsərlərin tərcüməsinə ehtiyac çoxdur. Mən bu barədə Pənah müəllimin fikirlərini eşitmək istərdim.
Pənah Xəlilov - Bu təklifinizə cavab verməmişdən qabaq mən Yaşarı "Ədəbiyyat qəzeti" redaksiyasında görməyimə çox sevindiyimi etiraf edirəm. O, mənim özbəklərə təklifim və vasitəçiliyimlə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsindən istedadlı tələbə kimi Daşkənd Universitetinə keçirilmişdi. O, etimadımızı doğruldub, özbəkcə danışmağı, sərbəst yazmağı öyrənib və indi müasir özbək ədəbi prosesinə konkret icmal verən bir alimdir. Bundan sonra da o Daşkənd-Bakı arasında hər iki ədəbiyyatı yaxşı bilən alim kimi çox xeyir verə bilər.
Biz ona daha ağır və məsul tapşırıqlar verə bilərik. Mənim Yaşara ümidim çoxdur, o, Daşkəndə bir neçə mədəniyyət və tədqiqat ocağı ilə, ali məktəblərlə bağlıdır. Bizim ehtiyacımızı, sifarişimizi Daşkənd yazıçı və ədəbiyyatşünaslarına çatdırıb, demək olar ki, kəsilmiş əlaqələrimizin canlanmasına kömək edə bilər.
Ayaz, tərcümələrimizdə hansı əsərləri qabağa çəkib üstünlük verməyin lazım gəldiyi barədə fikrim budur ki, müştərək klassik abidələrimizdən başlayıb zəmanə məhsulunu da unutmayaq. Ən klassik nümunələrin ortaqlığına tədqiqatın diqqətini artırmaqla yanaşı, əlyazmalarının nəşrinə nail olmalıyıq. Yadıma düşür, Daşkənddə çap olunmuş "Üç bülbül gülşəni" (1986); Durbəkin "Yusif və Züleyxa", Qütb Xarəzminin "Xosrov və Şirin" tərcümələri - bunların ikisi də işlənmiş ortaq mövzuları yenidən işləmək və dəri dilindən türkcəyə gələcək tərcümələrin örnəyini yaratmaq kimi böyük işin özülü sayılmalıdır. Nə yaxşı olar ki, belə nadir əsərlər çap olunanda ya nəşriyyat, ya nəşrə hazırlayan ocaq və ya şəxs həmin əsərin bir nüsxəsini bir neçə il bundan əvvəlki dəbə uyğun akademiyalarımızın kitabxanasına, paytaxtlarımızın mərkəzi kitabxanası fonduna hədiyyə göndərəydilər. Bizim respublikamızdan da qarşılıqlı şəkildə Özbəkistana göndəriləydi. Kitab mübadiləsi M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası vasitəsilə olsa daha yaxşıdı. Eyni zamanda bizim ayrı-ayrı müəlliflərimizdən kimin imkanı varsa, özünün çap olunmuş əsərinin bir nüsxəsini qonşu respublika kitabxanasına göndərməyi vacib borc saysın. Onların heç bir imkanı yoxdursa, nəşriyyatlar müəllifin qonorarı hesabına (əlbəttə onun razılığı ilə), belə bir təşəbbüsü üzərinə götürsün.
A.V. - Burada bir məsələyə də toxunmaq istəyirəm. Türkiyə televiziyasının bir verilişinə baxırdım. Bizim qələm yoldaşlarımızdan biri özbək-azəri ədəbi əlaqələri ilə bağlı suala cavab verərkən belə bir fikir söylədi ki, guya Azərbaycanda Nəvaini, demək olar ki, bir o qədər də yaxşı tanımırlar. Şübhə etmirəm ki, həmin adam o fikri şəxsən özünün məlumatı kimi deyirdi. Ancaq düzü ki, bu fikir, bu cavab məni çox təəccübləndirdi. Çünki bizdə iki qardaş xalq arasındakı ədəbi əlaqələrin tədqiqi neçə-neçə sanballı monoqrafiyalara mövzu olub: Həmid Araslının böyük Nəvai haqqında, həmçinin Xəlil Rzanın, Pənah Xəlilovun, Cənnət Nağıyevanın və başqalarının tədqiqləri, Əlişir Nəvainin, Maqsud Şeyxzadənin, Qafur Qulamın, Aybəkin və bir çox digər şair və ədiblərin azəri dilinə tərcüməsi və həmin tərcümələr barədə araşdırmalar dostluq salnaməmizin çox qiymətli səhifələridir. Dahi Nizamiyə nəzirə olaraq türkcə "Xəmsə" yaradan ölməz Nəvai onun mənəvi dünyası ilə görüşməyi özünə əvəzsiz şərəf sayır, "Şeyx ilə görüşmək istəyirəm mən, - Ayağına düşmək istəyirəm mən" - deyirdi. Böyük Füzuli "Leyli və Məcnun"unda Nəvaini Nizami ilə yanaşı xatırlamırmı?! XX əsrin əvvəlində ilk görkəmli ədəbiyyat tarixçimiz Firidun bəy Köçərli ikicildlik məşhur "Azərbaycan ədəbiyyatı" kitabının lap əvvəlində Nəvaiyə bütün Azərbaycan şairlərinin "ustadı məqamında" olduğu üçün yığcam olduğu qədər də dolğun səhifələr həsr etmirmi? Hələ sonradan üzü bəri aparılan neçə-neçə sanballı, əhatəli tədqiqatları demirəm. Mənə elə gəlir hazırkı çətinliklərdən ədəbi prosesin layiqincə çıxması üçün biz bünövrəyə əsaslanmalıyıq, möhkəm bünövrəyə. Bu möhkəm bünövrəni isə Nizami, Nəvai, Füzuli kimi böyük şəxsiyyətlər qoyublar. Siz bayaq haqlı olaraq dediniz ki, hər sahədən, xüsusən də türk aləmindən tərcümədə hər əsərin tərcüməsinə ehtiyac yoxdur. Tərcümə əsəri diqqətlə seçilməlidir. Yaxşı yadımdadır, mən Nəvainin "Xəmsə"sindən "Leyli və Məcnun"u tərcümə edəndə siz niyə məhz bu poemanı seçdiyimi soruşdunuz. Mən cavab verdim ki, Azərbaycan ədəbi dilinin banisi olmaq kimi yüksək bir mövqeyə yetmiş böyük Füzulinin xalq həyatını, dövrünün ədəbi-ictimai-fəlsəfi fikrini əks etdirən ensiklopedik əsəri "Leyli və Məcnun"dur. O da maraqlıdır ki, həmin mövzunu böyük Azərbaycan türk şairi Nizami Gəncəvi ilk dəfə fars dilində, yenə digər böyük türk şairi Əlişir Nəvai ondan öyrənməklə öz ana dilində - cığatay türkcəsində, üçüncü bir nəhəng Azərbaycan türk şairi Məhəmməd Füzuli isə nəhayət, azəri türkcəsində qələmə almışdır. Doğma dilimizdəki bu böyük dastanın hər sətri həm Nizami, həm də Nəvai şerinin şəhdi-şirəsi ilə yoğrulmuşdur. Vaxtilə hələ 40-cı ildə Səməd Vurğun Nizami "Leyli və Məcnun"unu Azərbaycan dilinə çevirdiyini deyir, Nəvai "Leyli və Məcnun"unun da dilimizə çevrilməsini arzulayırdı. Bu, adi arzu deyildi. O böyük arzunu yerinə yetirmək bizim üçün ən müqəddəs bir işdir.
P.X. - Doğrudur. Çoxdur klassik əsərlərimiz. Hamısı da öz tərcüməsini gözləyir. Amma imkan məhdudluğuna görə zirvə hansıdırsa, günün ruhunu bizə daha sənətkaranə şəkildə hansı əsər çatdırırsa, istər klassiklərimiz olsun, istərsə də müasir yazıçılarımız, ancaq zirvələri qabağa salmalıyıq. Biz çalışmalıyıq ki, birinci növbədə öz məfkurəsinə, sənətkarlıq səviyyəsinə görə çox yüksəkdə duran və bu gün də bizə lazım olan əsərlərin tərcüməsi vacib sayılsın, qarşılıqlı mübadilələrimiz ən çox bunların üstündə dayansın. Ə.Nəvainin Azərbaycanda guya az tanınmasını deyənə bu qədər məlumatsızlığına görə yalnız təəssüf etmək olar. Nəvaini türk ədəbiyyatının babası kimi M.F.Axundov da nümunə göstərmişdir. F.Köçərli də, Salman Mümtaz da, M.Füzuli kimi bir düha da bu babadan ilham almışdır. Bizim bir neçə şairimiz Herata gedib Ə.Nəvai məclisinə düşməyi, qarşısında şeir oxuyub təqdirini eşitməyi şərəf bilmişdir. Şah İsmayıl Xətai kimi Azərbaycan şairi məhz Ə.Nəvai irsinə dərin rəğbəti ucundan cığatay ləhcəsinə öz əsərlərində yer vermişdir. Həmin şeir məclisində iştirak edən hökmdar Hüseyn Bayqara əruzu gözəl bilirdi; çox həssas şair imiş, imalə və cüzi vəzn pozğunluğunu dərhal duyurmuş. Onların qarşısında şeir oxuyub sınaqdan çıxmaq hünər idi.
A.V. - İndinin özündə də Füzuliyə, klassik ədəbiyyata özbək ədəbiyyatı nümayəndələrinin, - mən hələ yaşlı nəsli demirəm, hətta orta nəslin ən istedadlı nümayəndələrinin, - məsələn, Erkin Vahidovun, müasir ictimai-siyasi həyatın ən vacib mövzularını qələmə aldıqları bir vaxtda böyük məhəbbətlə yanaşdıqlarını, onlardan yüksək sənətkarlıq dərsi aldıqlarını görürük. Yaxşı yadımdadır ki, 60-cı illərin axırlarında Aral gölü sahilində poeziya günləri keçirilərkən məclis iştirakçıları böyük ədəbi tədbirdən sonra axşam yeməyinə yığışmalı idilər. Hamı yığışandan sonra havanın qaraldığı bir vaxt qonaqlardan iki nəfərin süfrə arxasında olmadıqlarını görüb narahatlıqla ətrafı axtarmağa başlamışdılar. Ev sahibləri bizi gölün sahilində - Erkin Füzulidən, mən isə Nəvaidən bir-birimizə əzbər deyərkən tapdılar…
Erkin Vahidov özü "Füzulinin heykəli qarşısında" şerini yazıb, Füzuli qəzəlinə təxmis yazıb. Mən ondan Nəvaidən də çox, füzulidən qəzəllər eşitdim. Yəni özbək ədəbiyyatının poeziyada indiki aparıcı qüvvələri Nəvai ilə yanaşı Füzulini də bizim qədər sevirlər, oxuyurlar, öyrənirlər, tədqiq və istifadə edirlər. Ona görə qarşılıqlı əlaqələrimiz, əməkdaşlığımız və tərcümə sahəsindəki işimiz xüsusi bir diqqət və ardıcıllıqla davam etdirilməlidir.
P.X. - Elədir. Məsələ bu yerdədir ki, indi biz milli dövlət qururuq. Sabiq SSRİ-nin vaxtında da hər respublikanın özünün dövləti var idi. Prezidentimiz Heydər Əliyev də çox gözəl deyir ki, biz sovet dövründə də dövlətsiz qalmamışıq. Demokratik dövlət quruculuğumuzun indiki müstəqil mərhələsində iqtisadi-siyasi problemlər beynəlxalq aləmdə daha geniş miqyasda diqqət mərkəzində dayansa da ədəbi-mədəni əlaqələrimiz unudulmamışdır, biz bütün Türk dünyası və türk xalqları ilə ədəbi-mədəni əlaqələrimizi bərpa edib onu yeni tələblər əsasında dərinləşdirməliyik.
Buna görə də bizim quruculuğumuzu möhkəmləndirmək üçün ciddi siyasi addımlarla yanaşı, düzgün siyasi meylləri duyan və ona vaxtında cavab verən ədəbiyyatın ən yaxşı nümunələrini tərcümə etmək qayğısına qalmalıyıq.
A.V. - Doğrudur ki, ədəbi şəxsiyyətlərimizdən, ədəbi əsərlərimizdən o böyük nümayəndələri, o böyük nümunələri seçib saydırmalı, sevdirməliyik ki, onlar həqiqətən indiki müstəqil türk dövlətlərinin inkişafına və möhkəmlənməsinə, müstəqilliyinə daha artıq kömək eləsin. Bu mənada mən ilk növbədə bayaqkı söhbətimizin davamı kimi Nəvai və Füzulinin adlarını çəkmək istərdim. Nəvai çığatay türkcəsinin fars dilindən üstünlüyünü göstərmək üçün "Mühakimətül-lüğəteyn" əsərində müqayisə aparır və şəksiz üstünlüyü öz ana dilinə verir. Sizə məlum olduğu kimi o, fars dilində də şeirlər yazır - "Divani-fani"ni (fars dilindəki əsərlərində Nəvai "Fani" imzasını işlədirdi).
P.X. - Nəvai deyir ki, "ağlamaq" sözünün, farsca üç məna çaları varsa, türk dilində on dörd məna çaları var. Demək, türk dillərində sözlərin məna çalarları yazıçıya insan duyğularını bütün incəlikləri ilə əks etdirmək imkanı verir. Türk dilinin imkansızlığından yox, qələm sahiblərinin dil zəifliyindən şikayətlənmək olar.
A.V. - Bununla da Nəvai ana dilinin üstünlüyünü çoxlu faktlarla sübuta yetirir və eyni zamanda qeyd edir ki, mən fars dilində ona görə "Divan" yaratmışam ki, mən türk qələm əhlindən türk dilində yazmağı tələb edəndə deməsinlər ki, özü farsca bilmədiyi üçün belə deyir. Bu mənim farsca yazdığım, bu da ana dilində yazdıqlarım. Ancaq əsas ana dilində yazmaq lazımdır! Bu xidmət tarixən Ə.Nəvai çiyinlərinə düşmüşdü.
P.X. - Yazıçının böyük bəşəri niyyətləri onun sağlam və güclü milli duyğusuna söykənməlidir.
A.V. - Ə.Nəvainin dediyimiz böyük ənənəsini Füzuli davam etdirdi. Və məlum olduğu kimi, türkcə Divanını, "Leyli və Məcnun"u və başqa ölməz əsərlərini Azərbaycan dilində - ana dilində yazmaq üçün hansı qeyrətləri göstərdiyinə tarix özü şahiddir.
Eyni zamanda, Pənah müəllim, ədəbi hadisələrin özündə də bizim həm dövlət, həm də xalqların - qardaş xalqların arasındakı əlaqələrin möhkəmlənməsinə kömək üçün yaxşı fürsət kimi istifadə etməliyik.
Pənah Xəlilov - Doğru deyirsən. Mən çox olmuşam Özbəkistanda. Onlar da çox qonaqpərvərdilər, son dərəcə qonağa hörmət eləyəndilər. Hətta yeri gələndə qonağın kefini açmaq üçün müsiqiçilər də gətirirlər. Mən bunun gözümlə şahidi olmuşam ki, bir Nəvai aşuləsi var - aşulə mahnı deməkdir, nəğmə deməkdir, - bir də Füzuli aşuləsi var. Məsələn, biri müəyyən ritm ilə Füzuli aşuləsini oxuyur. Sonra keçir Nəvai aşuləsini oxuyur. Bu mənada Füzuli də orada o dərəcədə yayılıb ki, camaat Nəvaidən onu seçmir, qətiyyən. Və əminəm ki, burada başlanan yubileyin təntənəsi orada heç də bizdəkindən əskik olmayacaq və çalışıb onun da nəticələrini bura yetirmək lazımdır. Füzuli yubileyini biz qurtara bilərik, amma füzuli ilə biz heç vaxt qurtara bilmərik. Buna görə də harada nə yazılıbsa, nə deyilibsə onlardan mümkün qədər sonralar yavaş-yavaş istifadə edib füzuli haqqında ən gözəl sözləri dərc etməliyik.
Füzuli irsini ərəb əlifbasında olan əlyazmalarına görə biz, özbəklər, türkmənlər, türklər və başqaları öz ləhcələrinə uyğun oxuyur və kirill əlifbasına da oxuduqları kimi göçürürlər. Bu tələffüz fərqləri ilə bərabər Füzuli hər bir türk üçün doğmalaşır. Amma bizə daha doğmadır, çünki Füzuli əlyazmalarının düzgün oxunuşu Azərbaycan tələffüzünə yatarlıdır. Bununla yanaşı tələffüz fərqi Füzulini, Nəsimini, Vaqifi, Məhdimqulunu ümumtürk şairləri cərgəsindən ayıra bilməz.
Milli iftixarımız olan bu klassikləri ümumtürk fenomeni kimi sevdirmək, onlara türklərin hamısının babası hörmətini artırmaq vəzifəsi qarşımızda durur.
Klassiklərimizə bu gözlə yanaşan ədəbiyyatşünaslıq nə qədər qiymətlidirsə, qardaş türk xalqlarının müasir ədəbiyyatı, ədəbi şəxsiyyətləri haqqında monoqrafiyaların orijinalı - özbəkcəsi, türkməncəsi, tatarcası elm ocaqlarına, ədəbiyyatşünaslara bir o qədər lazımdır. Qonşu xalqın ədəbi prosesini kifayət qədər dərindən izləyə bilməyənlərə obyektivliklə yazılmış monoqrafiyaların köməyi olur. İstərdim ki, elmi ədəbiyyatın mübadiləsi də genişləndirilsin. Qoy tənqidçilər təzə ədəbi prosesə icmalar yazsınlar və bunları qonşulara çatdırsınlar. Mən neçə ildir ki, Özbəkistana, Türkmənistana, qazax, qırğız elinə gedə bilmirəm, təzə ədəbi məhsulu ələ keçirməyə imkan tapmıram. Bu əsərləri işıqlandıran yazılar oxumayanda tamam məlumatsız qalıram və ali məktəblərdə son ədəbi nailiyyətlərə dair oxuduğum mühazirədə inamla söyləyəcəyim söz azalır və səthiləşir. Bilik məhdudluğunu ortadan götürmək, onu zənginləşdirməkdən ötrü də yollar axtarmalıyıq. Qənaətimə görə yazıçılar birliklərimiz, tədqiqat institutlarımız hər milli ədəbiyyatın son nailiyyətlərinə dair obyektiv icmal yaratmaq və bunları qonşularına yetirmək qayğısına qatlaşmalıdır.
Nəhayət, onu demək istəyirəm ki, biz ünsiyyətimizi həmişə və hər vasitə ilə, xüsusən də ədəbi-bədii sözün qüvvəsiylə daim artırmalıyıq. Çünki səmimi söz, təsəlli gətirən söz, qarşılıqlı əlaqələri daha da qüvvətləndirən söz, mən elə bilirəm, hər şeydən artıqdır, çörəkdən də artıqdır. Və buna görə də sözün özünün kəsəri qılıncdan da artıqdır. Sözün özünün məlhəmi var. Hər xəstəliyi dərmanla sağaltmırsan, sözlə də sağaldırsan. Buna görə o xoş sözü biz eşidəcəyik, bizim xoş sözümüzü onlar eşidəcəklər. Demək hərəkətə gələcəklər, hərəkətə gələcəyik. Nəhayət, öz-özümüzdən soruşacağıq: Nədən ötəri biz bir-birimizdən xəbərsizik?!
Ədəbiyyat qəzeti.- 2010.- 17 dekabr.- S.1, 3.