İtirdiklərimiz və qazandıqlarımız
Xalq yazıçısı Elçinin "Sosrealizm
bizə nə verdi?"
silsilə məqalələrini
(“ƏQ”, ¹41-44, 2010) oxuyarkən
Hörmətli Elçin müəllim!
Sovet dövrü ədəbiyyatımıza həsr olunmuş "Sosrealizm bizə nə verdi?" adlı silsilə yazınızı "Ədəbiyyat qəzeti"ndə böyük maraqla oxudum. Səmimiyyətimə inanın, qəzetin növbəti sayını intizarla gözləyirdim. Yəqin ömrümün 50 ildən çoxunu Sovet dönəmində keçirdiyimdən nostalji də öz işini gördü. Mən belə hissi bir dəfə də tələbəlik illərində Həsən Seyidbəylinin "Cəbhədən-cəbhəyə" povesti "Bakı" axşam qəzetində çap olunanda keçirmşdim. O vaxt bizdə detektiv janr yenicə ayaq açıb yeriməyə başlamışdı. Odur ki, insanların, o cümlədən də mənim əsərin ardını həyəcan və intizarla gözləmələrim təbii idi. İnanın ki, sizin silsilə yazınızın mabədini də eləcə intizarla gözləyirdim. Nə gizlədim, bu mövzuya ürəklə qayıtdığınıza görə əvvəla ürəyimin dərinliyində sizə həsəd də apardım. Ciddi təhlil və arqumentlərlə izlənən məqalənizi oxuyub başa çatanda dərk etdim ki, bu mövzuya sizin kimi qələm sahibi və alim, eyni zamanda mövzuya dərindən bələd olan bir şəxs girişə bilərdi. Mən bunu təkcə ona görə qabartmıram ki, siz gözlərinizi açandan gördüyünüz yaradıcı adamlar, eşitdiyiniz onların söhbətləri olub. Bunu deməyə sizin ədəbiyyatşünaslıq, ədəbi proses, tənqid və s. sahələrdə yazdığınız sanballı əsərləriniz və təfəkkürünüz əsas verir.
Elçin müəllim, silsilə məqalənizi oxuduqca həyatımın acılı-şirinli anları gözlərim önündə canlandı. Söhbət açdığınız və ya ötəri adını çəkdiyiniz əsərlərin əksəriyyətini gənclik illərində oxuyaraq konspektini tutmuşdum. O vaxt uşaqdan böyüyə, fəhlədən ziyalıya - hamı kitab oxuyurdu. Bədii ədəbiyyata böyük maraq və ehtiras vardı. Kitablar insanların həyatının bir hissəsinə çevrilmişdi. Onlar evlərdə ən böyük var-dövlət hesab olunurdu. Təəssüf ki, bəşəriyyətin ən böyük kəşfi olan kitablara münasibət dəyişib. Etiraf etdiyiniz kimi onlar öz nüfuzunun zirvəsini tərk ediblər. Oxucuya "gəl-gəl" deyən, kitabları hörmətə mindirən, könül oxşayan kitab mağazaları qeybə çəkiliblər. Boz ədəbiyyat baş alıb gedir. İnsanların zövqünü korlayır. Az qala sovetin bədnam Qlavliti eşqinə düşürəm.
Deyəsən, mətləbdən uzaqlaşdım.
Elçin müəllim, çox maraqlı silsilə yazınız adamı düşünüb-daşınmağa, məsələnin məğzinə varmağa sövq edir. Müqayisələr aparmağa, öz baxışlarına tənqidi yanaşmağa, həqiqəti üzə çıxarmağa meydan açır. Bu sanballı yazınızda nəticə çıxarılmalı, istiqamətləndirici məsələlər çoxdur. Onların bəzilərinin üstündən faktları sadalamaqla keçsəniz də, mətləb aydın olur. Yazınızda ədəbi proseslə bağlı toxunmadığınız məsələlər də demək olar ki, yox dərəcəsindədir. Bütün başqa yazılarınızda olduğu kimi, bu silsilə məqalənizdə də olaylara vicdan tərəzisinin gözü ilə baxıbsınız. Sosrealizm dövründə ədəbiyyatımızın və incəsənətimizin, ümumiyyətlə, mədəniyyətimizin qazandıqları itirdiklərindən çox olub. Onlar haqqında əsərinizdə geniş bəhs edibsiniz. Mən onları sadalamaqla kifayətlənəcəyəm. Sosrealizm Azərbaycan ictimai fikrinin formalaşmasında, milli təfəkkürün güclənməsində böyük rol oynayıb. Milli ədəbiyyatımızın aparıcı janrları - roman, hekayə, povest və s. janrlar sosialist realizmin iştirakı ilə formalaşıb və layiq olduğu yeri tutub. Eləcə də mənsur və sərbəst şeir, tragikomediya. Sosrealizm dövründə Azərbaycanda ədəbiyyat nəzəriyyəsi meydana gəldi, ədəbiyyatımızın fundamental tarixi yazıldı. Müasir Azərbaycan ədəbi və bədii dili formalaşdı. Dilimizin fundamental qarşılıqlı, izahlı, terminoloji, leksikoloji, frazeoloji lüğətləri hazırlandı. Tərcümə sahəsində - Qərb və rus ədəbiyyatı ilə müasir Azərbaycan ədəbiyyatı arasında üçtərəfli gedişata malik miqyaslı işlər görüldü. Dediyiniz kimi, müasir Azərbaycan bədii tərcümə məktəbi də sosrealizmin bəhrəsidir. Ancaq xeyirlə-şər əkiz doğulub, - deyirlər.
Sosrealizmin mənfi cəhətləri də az olmayıb. Bu, təbiidir. Sosrealizm sistemin bəhrəsi olduğundan yeri gəldikcə ona xidmət göstərmək zorunda idi.
Bu haqda da inandırıcı şəkildə, inkarolunmaz faktları ortaya qoymaqla yazmısınız. Sistemin əlində alət olan sosrealizm dövründə ən böyük itkimiz yaradıcı adamlarımız - Mikayıl Müşfiq, Seyid Hüseyn, Əhməd Cavad, Hüseyn Cavid, Əli Nazim, Yusif Vəzir Çəmənzəminli, Mustafa Quliyev, Salman Mümtaz və başqaları oldular. Sosrealizm Azərbaycanda romantizm cərəyanına sağalmaz yara vurdu. XX əsrdə meydana gələn bir çox ədəbi cərəyanların qarşısına sədd çəkdi. Halbuki milli-mənəvi dəyərləri qoruyaraq saxlamaq şərti ilə Qərbdən öyrənmək, yaxşı cəhətləri mənimsəmək və ondan bəhrələnmək olardı.
Elçin müəllim, son dövr bədii ədəbiyyata əsl sənət nümunəsi olmaq baxımından nəzər saldıqda, məni qınamayın, mən Andre Jidinin fikrinə haqq qazandırmaq zorundayam. "Sənət müstəbidlik zamanı daha əzmkardır, nəinki azadlıq zamanı".
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" və digər məqalələrində əbədiyyatımızla bağlı səsləndirdiyi fikirləri də düşündürücüdür. Bilirəm, məni konservator adlandıracaqlar. Lakin mən nəinki ədəbiyyatımızda, başqa sənət sahələrində də bir durğunluq görürəm.
Doğru qeyd edirsiniz ki, 1956-cı ilə qədərki dövrdə yazıçılar, eləcə də rəssamlar, bəstəkarlar, memarlar, rejissorlar və başqaları sosialist realizminə məhkum edilmiş yaradıcı insanlar idi.
O da var ki, elə o dövrdə də istedadlar
parlayırdı. Mən bilmirəm Üzeyir bəylər,
Qarayevlər, Əmirovlar, Niyazilər, Səməd
Vurğunlar, Rəsul Rzalar, Mehdi Hüseynlər, İlyas
Əfəndiyevlər, Süleyman Rəhimovlar, Süleyman
Rüstəmlər, Adil İskəndərovlar, Mehdi Məmmədovlar,
Tofiq Kazımovlar, Tahir Salahovlar, Mikayıl Hüseynovlar,
Mikayıl Abdullayevlər, Tofiq Quliyevlər, Qaryağdılar,
Əbdürrəhmanovlar, Ömər Eldarovlar bir də nə
vaxt yaranacaqlar. Doğrudur ki, bu vaxt tələb
edən məsələdir. Lakin mühit
də öz işini görür.
Özünüz də etiraf
edirsiniz ki, 1995-2000-ci illərdə XX əsr Azərbaycan
ədəbiyyatında hadisə hesab etdiyiniz bir əsər
belə oxumayıbsınız. Yəni, belə bir
əsər ortaya qoyulmayıb. Aradan on il
keçib. Hələ də hadisə ola
biləcək əsərin yolunu gözləyirik.
Ədəbiyyatda insan problemi
də müşkül məsələyə çevrilib. Əvvəllər
qəhrəman oxucu tərəfindən asanlıqla dərk olunurdu.
İndi isə qəhrəman dərkolunmaz
varlığa çevrilib.
Elçin müəllim, silsilə yazınızı
oxuyarkən məsələnin məğzinə nüfuz
etmək üçün oncildliyinizi, xüsusən də elmi
və publisistik məqalələr toplanmış 7,8,9,10-cu cildləri yenidən
nəzərdən keçirdim. Ədəbi prosesdə
demək olar ki, toxunmadığınız problem yoxdur. Bütün bunların nəticəsi olaraq
silsilə yazınızdakı ümumiləşmələr,
gəldiyiniz qənaətlər hədəfə düz
dəyir, insanın qəlbini riqqətə gətirir. Ürəkgenişliyi ilə S.Vurğundan, onun
"Muğan" poemasından, "Azərbaycan"
şerindən söz açmağınız
ümumiyyətlə, poeziyamıza
məhəbbətinizdən xəbər verir. S.Vurğun çağdaş poeziyamızda ən
çox poema yazan və o nadir şairlərdəndir ki,
poemalarındakı poeziya parçalarına musiqi
bəstələnib. "Muğan" poemasında
"Ceyran", "Komsomol" poemasında
"Dünya", "Aygün" poemasında "Oxu,
gözəl" belələrindəndir. Ümumiyyətlə,
görkəmli şəxsiyyətlər haqqında
yazdıqlarınız dünyanın
keşməkeşlərini hələ dərindən dərk
etməyə qadir olmayan gənclər üçün bir
məktəbdir, qədirşünaslıq nümunəsidir.
Mehdi Hüseyn haqqında fikriniz deyilənlərin bariz
nümunəsidir:
"Mehdi Hüseynin dünyagörüşündə -
otuzuncu, qırxıncı illərdə, əllinci illərin
əvvəllərində - vulqar sosializmin təsiri
güclü idi, amma bununla bərabər onun qısa
ömrü başdan-başa ədəbiyyat, sənət
mücadiləsinə həsr olundu və bu mənada
Azərbaycan ədəbiyyatında Mehdi Hüseynə tən
gələn ikinci şəxsiyyət tanımıram".
O da maraqlıdır ki, hər hansı sənətkar
haqqında fikir söyləyəndə tam səmimi olursunuz:
"Tarix var və hərə öz yazısının
cavabdehidir" - deyərək, həqiqəti ortaya qoymaqdan
çəkinmirsiniz. Beləcə bu
məqalənizlə də bir daha başqalarına
nümunə olmaq səviyyəsinə yüksəlir,
nüfuzlu söz sahibinə çevrilirsiniz.
Bəzi qələm sahiblərindən fərqli olaraq Sosrealizm dövrü ədəbiyyatçılarımıza verdiyiniz obyektiv qiymət silsilə yazınızın dəyərini daha da artırır. Şərq aləmində hökmdarlara əsərlər həsr etmək, ta qədimdən dəbdə olub və bu gün də var. Mən bu gün də Səməd Vurğunun "Partiyamızdır" və ya Stalinin adına ünvanlanan şerini maraqla oxuyuram. Bəyəm Stalinə ünvanlanan şeirdə söhbət təkcə Stalindən gedir? Bu şeirdə tarixə, tarixi şəxsiyyətlərə qiymət verilir.
Mənim mövqeyimə, əqidəmə görə məni qınamalıdırlarmı? Bəyəm Zəlimxan Yaqubun ulu öndərimizə həsr etdiyi möhtəşəm poemasına görə onu qınamalıyıq?
Elçin müəllim, ədəbi proseslə səsləşən elə bir mövzu yoxdur ki, bəhs etməyəsəniz. Sizin 37-ci ilə qədər və 37-ci il terroru həqiqətləri barədə yazdıqlarınız o qədər təsirlidir ki, sanki qalaq-qalaq kitab oxuyur, faciənin dərinliyinə və çıxılmazlığına varırsan.
Burada məni ən çox qane edən odur ki, "ifşaçılıq" dövründə öz qələm yoldaşlarına, həmkalarına qara yaxan, böhtan atan, insanlıq simasını itirmiş adamların kimliyi üzərində çox dayanmırsınız, o baxımdan ki, onların ruhu onsuz da narahatdır. Yaşayan qohumlarının nə günahı var ki, onların babaları bəlkə canlarının qorxusundan, bəlkə də xislətindən o yolun yolçusu olublar.
Silsilə yazınızda müdhiş sistemin tüğyan elədiyi vaxt baş verən və bütün dünyanın diqqətini çəkən bir hadisədən - XIX partiya qurultayında ədəbiyyatdan danışarkən Ç.Malenkovun "Bizə Sovet Qoqolları və Şedrinləri lazımdır" - deyə bəyan etməsi və "Pravda" qəzeti baş məqaləsində (30.XI.1952) nasirlərə, şairlərə, dramaturqlara və tənqidçilərə müraciətlə "Həqiqəti yazın!" - deməsi həqiqətdən kənar deyildi. Malenkovun sistemə qarşı çıxması ona çox baha başa gəldi. O, Mərkəzi Komitənin Baş katibi vəzifəsindən kənarlaşdırılaraq əyalətə - uzaq Sibirə elektrostansiya direktoru vəzifəsinə göndərildi. Bu, Sistemin ədəbiyyata olan münasibətinin bariz göstəricisidir.
Məlum məsələdir ki, sovet dövrü ədəbiyyatımız üçün səciyyəvi olan nikbinlik, ideoloji ümumiləşmələr sonralar bir çox yazıçılarımızın, o cümlədən də sizin yaradıcılığınızla uzlaşmadı. Akademik İsa Həbibbəylinin göstərdiyi kimi, keçən əsrin 60-cı illərindən başlayaraq böyük çətinliklərlə olsa da, genişlənməkdə olan tənqidi realizm o zamankı mövcud ədəbiyyat siyasətinin ideoloji buxovlarını qırıb dağıtmış, insan və həyat üzərində köklənmiş təbii bir ədəbi prosesin yaranmasını və inkişaf etməsini şərtləndirmişdir.
Elçin müəllim, "Altmışıncılar" barədə silsilə yazınızda maraqlı faktlar çoxdur. Səhv etmirəmsə "Altmışıncılar"ın yaradıcılığının bütün keçmiş SSRİ məkanında meydana çıxdığı barədə Azərbaycanda ilk söz açan da sizsiniz.
Qəribədir ki, uzun müddət "Altmışıncılar"ın ədəbiyyatımıza gəlişini bəziləri nəsildəyişmə prosesi anlamında qəbul edirdilər. Əslində doğru olaraq qeyd etdiyiniz kimi, bu, bədii-estetik hadisə olub, novatorluqla ənənə arasında - milli ədəbi ənənələr və dünya ədəbiyyatı təcrübəsindən gələn ənənələr arasında bağlılıq idi. "Altmışıncılar" təsdiqləyə bildilər ki, bəşəriliyə aparan yol millilikdən keçir. Eyni zamanda mühüm olan odur ki, "Altmışıncılar"da forma və məzmun milliliyi milli məhdudiyyəti yarıb keçdi. Həqiqətən də, "Altmışıncılar"ın milli ədəbiyyatımızın inkişafında xidmətləri danılmazdır. Onlardan biri də milli ədəbi ənənələrə bağlılıq məsələsidir ki, onun sayəsində "əvvəlki onilliklərin üzərindən folklora körpü salındı". Bununla belə deməliyəm ki, "Altmışıncılar"a qədər də yazarlarımız folklordan bol-bol bəhrələniblər.
XX əsr yazıçı və şairlərindən az adam tapılar ki, folklorla bağlılığına dair namizədlik dissertasiyası yazılmasın. Mən o dissertasiyaların səviyyəsindən söz açmadan təkcə onu demək istəyirəm ki, bu da danılmaz faktdır. Doğrudur, bir yazıçı və alim kimi folklorla ilgili sizin xidmətləriniz müstəsnadır.
Mən bunu çəkinmədən deyirəm. Bir çox ölkələrdə çap olunan "Mahmud və Məryəm" romanınız, "Dədə Qorqud aliliyi", "Klassik aşıq poeziyasında "Dünya" obrazı" monoqrafiyalarınızı, Güney Azərbaycan folkloru işığında bütöv xalqımızın bayatılarına həsr etdiyiniz "Mən səndən ayrılmazdım" adlı məqalənizi göz önünə gətirirəm. Məhz bu baxımdan "Sosrealizm bizə nə verdi?" yazınızda xalqımızın ən böyük milli sərvəti olan folklora xüsusi önəm verməyiniz təqdirəlayiqdir. Folklor sözün həqiqi mənasında xalqın ruhu, psixologiyası, onun istək və arzularının, mənəvi aləminin güzgüsü, tükənməz incilər xəzinəsidir. Professor Yaşar Qarayevin qeyd etdiyi kimi, əsatir və bayatıda, nağılda və dastanda əbədiləşən, canlı yaddaşa çevrilən, heç kəsin soyunu, əslini, zatını unutmağa qoymayan, onu parçalanmaqdan xilas edən, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü təmin edən də folklordur. Məhz buna görədir ki, folklordan yan keçən, ondan bol-bol bəhrələnməyən qələm sahibi tapmaq çətindir. Bu keçmişdə də belə olub, sovet dönəmində də, indinin özündə də. Təsadüfi deyildir ki, Kamal Abdullanın postmodernizm nümunəsi olan "Yarımçıq əlyazma"sı da folklor üstündə köklənib.
Siz haqlı olaraq sosialist realizminin açıq yaradıcılığına vurduğu zərbədən, aşıq poeziyasının eybəcər nümunələrinin qəzetlərdə çapından, aşıq şerinin acınacaqlı vəziyyətə salınmasından ürəkağrısı ilə söz açırsınız. Təsəlli olan odur ki, sosrealizm buxovlarına sığmayan, sistemi qamçılayan sənətkarlarımız da var idi.
Tutumu, dərin mənası ilə qalaq-qalaq kitablara sığmayan tale yüklü dərdlərimizi, xalqımıza üz vermiş bəlaları, faciəni Azaflı Mikayıl tək bircə bənddə necə məharətlə ifadə etmişdir:
Qoca Azaflıyam, dilim var, lalam,
Təbrizdə
qardaşım, Sibirdə balam.
Elə dərd varmı ki, çəkməmiş olam,
Bax, onlar ağartdı
başımı mənim.
Ustad el aşığı sovet dönəmində
nəinki məclisdə oxuması, hətta dilə gətirilməsi
belə təhlükəli olan:
Əlimizdə zorba çomaq,
Başımızda motal papaq,
Ağ şalvarda qara yamaq,
Kommunizmə gedirik biz
- misraları ilə başlayan
şeri oxuduğuna görə başının
üstünü qara buludlar almış, "Oğurluqda
və evində silah saxladığına görə
təqsirli bilinərək" zindana atılmışdı
(1961-1964). Sizin söz
açdığınız Aşıq Avak kimiləri isə
orden və medallarla təltif olunmuşdular.
Elçin müəllim,
silsilə yazınızda söz açdığınız,
Qərb ədəbiyyatında geniş yayılan, Azərbaycan
ədəbiyyatında da boy verməyə başlayan
postmodernizm, sürrealizm cərəyanları, absurd
əsərlər barədə bəhs etmədim. Lakin
bilməmiş deyilsiniz ki, mən sizin absurd, qeyri-absurd
"Qatar Pikasso. Latur. -
1968" hekayənizdən başlamış bütün
əsərlərinizi oxumuş, haqqınızda yazıb
çap etdirdiyim iki məqaləmdə bu
məsələlər üzərində ətraflı
dayanmışam.
2007-ci ildə
Ə.Bəndəroğlu "Mahmud və Məryəm"i
Kərkükdə çap edərkən kitaba
"Elçinin sənət dünyası" adlı
geniş məqaləmi daxil edib. Səhnədə
oynanılan bütün əsərlərinizi
görmüşəm. "Mənim
ərim dəlidir", "Dəlixanadan dəli
qaçıb və yaxud mənim sevimli dəlim", "Ah,
Paris, Paris!", "Poçt şöbəsində
xəyal", "Mən sənin dayınam" kimi forma,
məzmun, ideya baxımında maraqlı əsərlərinizi
görmüşəm. Sənət
dünyanıza az-çox bələdliyim mənə daxili
bir rahatlıq gətirib.
Hörmətli Elçin müəllim, sovet dövrü ədəbiyyatımıza həsr olunan "Sosrealizm bizə nə verdi?" silsilə yazınız qalaq-qalaq kitabların mövzusu olan məsələləri ortaya qoyur. Adamı heyrətə gətirən ümumiləşdirmə qabiliyyətiniz, ədəbi prosesə dərin bələdliyinizdir.
Görkəmli yazıçı, tənqidçi və ədəbiyyatşünas alim kimi böyük bir dövrün ədəbi məsələlərini, ədəbiyyatımızın qarşılaşdığı çətinlikləri araşdırır, sovet sisteminin bəhrəsi olan sosrealizmin ədəbiyyatımızı məruz qoyduğu itkilərdən və qazandıqlarımızdan söz açırsınız. Bu silsilə məqalələriniz dönə-dönə oxunmağa, Yazıçılar Birliyində, Bakı Dövlət və Pedaqoji Universitetlərinin filologiya fakültələrində müzakirə olunmağa və qiymətləndirilməyə layiqdir.
Dərin hörmətlə,
Qəzənfər Paşayev
Ədəbiyyat
qəzeti.- 2010.- 17 dekabr.- S.1, 2.