Atalar çiynində gedir oğullar

     

Əziziyəm gül qoxar,

Çiçək qoxar, gül qoxar.

Bu, balamın ətridi,

Hər yan mənə gül qoxar.

 

Əziziyəm barım var,

Bağım, bağçam, barım var.

Mübarizim bir dünya,

Övlad adlı varım var.

 

Əziziyəm nur çilər,

Günəş göydən nur çilər.

Balam hamsı gözəldir,

Mübarizim nur çilər.

 

Belə əzizləndi, belə böyüdü,

Bax belə sevildi bizim Mübariz.

Ağakərim qardaş, Şamama bacı

Hər zaman deyirdi - gözüm Mübariz.

 

Boy atdı, böyüdü sarı bülbülüm,

Mənim qızılgülüm, xarı bülbülüm.

Əvvəl bir ev qədər, bir məktəb qədər

Körpə sinəsində boy atdı Vətən.

Sonra da böyüdü arzuları tək -

Köksündə bir dünya Vətən.

 

Baxdı dörd bir yana bura Vətəndi,

Bu torpaq Vətəndi, bu yol Vətəndi.

Bu leysan Vətəndi, bu sel Vətəndi,

Yandı neçə ocaq, - bu kül Vətəndi!

 

Neçə oğul Vətən qurbanı oldu, -

Toyluq xonçalara qara bağlandı.

Analar, bacılar saçını yoldu,

Neçə ürək yandı, sinə dağlandı.

 

Sərhəd od içində alışıb-yanır,

Güllələr səngimir, atəş səngimir.

Atalar çiynində gedir oğullar,

Bəd xəbər mənzilə çatır, ləngimir.

 

Nişanlı qızların saçı ağarıb,

Qara bulud kimi üzü açılmır.

Dupduru sularım yaman bulanıb,

Acı göz yaşları yağır, içilmir.

 

Gözümdə yaş Qarabağ,

Düşmənə daş Qarabağ!

Öz oğlun elər səni

Əyilməz baş, Qarabağ!

 

Fəridə Ləman

Ədəbiyyat qəzeti.- 2010.- 17 dekabr.- S.6.