İnadkar rəqs şahzadəsi
Əminə xanım Dilbazi əsrimizin məşhur xanımlarından biri olub. O, xalqımız tərəfindən Azərbaycanın rəqs şahzadəsi adına layiq görülüb.
Uşaqlıqdan öz amalı, görəcəyi işlər uğrunda həmişə inadkarlıq səviyyəsinə qədər qalxaraq istəyinə nail olub. İstər uşaqkən at çapmaqda, istər rəqs etməkdə bütün maneələri uğurla aşıb. Hələ 1938-ci ildə Moskvada incəsənət ongünlüyündə yıxılaraq biləyini çatdatmış, həkimlər onun qolunu gipsə qoyaraq rəqs etməyi qəti surətdə qadağan etmişlər. Böyük şairimiz Səməd Vurğun bundan xəbər tutmuş, ərkyana Əminəni danlamışdı. "Bakıdan bura onunçün gəlirdin ki, qolunu sındırıb rəqs etməyəsən?". Bu sözləri sinirə bilməyən Əminə xanım həkimlərin qəti qadağasına baxmayaraq gipsi açmış və dekadada öz rəqslərilə paytaxt tamaşaçılarını heyran qoymuşdur.
Əminə xanımın ziyarətinə gedəndə ziyarətçilərə keçmiş günləri xatırlayıb danışmağı çox xoşlayırdı. Mən də onun söhbətlərindən həzz alır, yenə də o günlərdən danışmağı xahiş edirdim. Əminə xanım xatirələrinin birində deyirdi: "Bir dəfə Ermənistana qastrol səfərinə getdik. Bizdən qabaq Yerevana simfonik orkestr getmişdi. Bakıya zəng edib dedilər ki, konsertə çox az adam gəlib. Təcili rəqs ansamblını göndərin. Biz yığışıb Yerevana getdik. Ansamblın solistləri Əlibaba Abdullayev və Tutu Həmidova "Qarabağ maralı"nı oxuyurdular. Rəqs kollektivi də rəqs edirdi. Tutu rəqsə başladı. Zal tamaşaçı ilə dolu idi. Konsertin şirin yerində güllə səsləri eşidildi. Səs tamaşaçıların oturduğu zaldan gəlirdi. Səsdən fərəhlənən Əlibaba daha şövqlə oxumağa başladı. O, elə başa düşmüşdü ki, bu razılıq, alqış əlamətidir. O vaxtkı Ermənistan mahnı rəqs ansamblının rəhbəri T.T. Arutunyan soyadlı erməni (o vaxt Türkiyədən yenicə gəlmişdi) mənə pıçıldadı: "Deyin ki, Əlibaba o mahnını oxumasın. Dedim, niyə? Dedi ki, indi buraya erməni-müsəlman davası düşər, o güllə səsini ki eşitdiniz o, etiraz əlamətidir". Mən hələ onda bilmirdim ki, ermənilər o vaxtdan Qarabağı özününküləşdiriblər. Ona dedim: biz konserti yarımçıq saxlayıb qayıdırıq Bakıya. Onların rəqs ansamblı çıxıb "Tərəkəmə"ni, "Uzundərə"ni qədim erməni rəqsi elan edərək ifa edirdilər. Onlar demək olar ki, bütün rəqslərimizi öz adlarına çıxırdılar.
Səhəri gün biz Ermənistanın başqa bir şəhərinə konsert verməyə getdik. Cövdət Hacıyevin tələbəsi olmuş bəstəkar Cavanşir Quliyev və mənim rəqs müəllimim İlya İliç Arbatov da bizimlə idi. İ.Arbatov Qazaxda anadan olmuşdur. O vaxt erməni-müsəlman davasında Qazaxdan qaçan qeyri-azərbaycanlı çox olmuşdu. Arbatov isə lap uşaqkən bizim evə düşüb, bizdə qalıb böyüyüb. Ali təhsil almaq üçün Moskvaya gedib. Orada rəqsin elementlərini dərindən öyrənib və bir pedaqoq-rəqqas kimi Bakıya qayıdıb. Mənim də ilk rəqs müəllimim o olub.
Konsert zamanı İ.Arbatov "Uzundərə" oynamağa başladı. Yerlərdən səslər eşidilirdi: "Uzundərə" erməni rəqsidir. Mən ayağa durub onların cavabını vermək istəyəndə Arutunyan yenə də pıçıltıynan: "Bura Yerevan deyil, burada əsl ermənilər yaşayır. Cavab versən, möhkəm dava düşər" - dedi. O, mənim çiyinlərimdən yavaşca basaraq oturmağa məcbur etdi. Konsertdən sonra qonaqlar üçün böyük ziyafət verməliydilər. Mən ziyafətə qalmaq istəmədim. Qorxdum ki, bizi zəhərləyərlər. Dedim, biz təcili Bakıya qayıtmalıyıq.
Ukraynada rəqslər barədə simpozium keçirilirdi. Məni də dəvət etmişdilər. Erməni nümayəndələri öz çıxışlarında dedilər ki, "Uzundərə", "Tərəkəmə" erməni xalq rəqsidir. Mən yerimdə sakit otura bilmirdim. Söz alıb erməni baletmeysterinə sual verdim: "De görüm, "Uzundərə" sözü hansı dildədir?" Komissiya susub cavab gözləyirdi. Erməni baletmeysteri yavaşca mızıldanır, - bilmirəm. Mən yenə soruşdum: "Rəqsin ritmi hansı saydadır?" - Yenə cavab verir, - bilmirəm. Mən qətiyyətlə çıxışa başladım: "Uzundərə" həm say hesabı ilə bizimkidir, harada meydana çıxıb, indi onu da sizə danışacam. Qarabağda uzun bir dərə varmış. Gəlini evdən çıxarıb o uzun dərənin boyunca oğlan evinə aparırlarmış. Zurnaçı da zurnasını şövqlə, həvəslə çala-çala gedirmiş. Onun belə gözəl çalğısını eşidən bəylər, toy adamları onun papağına nəmər - pul qoyurlar. Bundan həvəslənən zurnaçı daha da qızışır. Ovurdlarını hava ilə doldurub daha da bərkdən çalır. Sonralar toylarda musiqi sifariş verəndə zurnaçı soruşurmuş ki, hansı havanı çalım, deyərlərmiş o uzun dərədə çaldığın havanı çal. Bax, bu rəqsin adı əsl Azərbaycan sözü olan "uzun dərə" sözündən əmələ gəlib.
Mən yenidən sual etdim: - Bəs "Tərəkəmə" rəqsi necə yaranıb? Hardan əmələ gəlib bu söz?
- Ona da cavab verərəm. Yayda əhali heyvanı dağlara, yaylaqlara aparar, qış üçün ərzaq, məhsul hazırlayarmış. Kəndə qayıdanda yağı, motalda tutduqları pendiri, qovurmaları hazır olarmış. Dağa qalxan əhali tərəkəmə adlanırdı. Özlərinə məxsus musiqi çalardılar. Adını da qoymuşdular "Tərəkəmə". Mən bunu da sübut etdim. Erməni baletmeysterinin səsi daha eşidilmədi."
Əminə xanım söhbətinə ara verir. Mən daha onu yormaq istəməyib sağollaşıram.
Bu il dünyaşöhrətli rəqs şahzadəsi Əminə xanımın 91 yaşı tamam olur. Qədirbilən xalqımız və dövlətimiz Əminə xanımı heç vaxt yaddan çıxarmır. Daim onunla maraqlanır.
Biz də öz tərəfimizdən elimizin gözəl rəqqasəsi Əminə xanıma Allahdan rəhmət diləyirik. Nə yaxşı ki, Əminə xanımın oynadığı rəqslərin lent yazıları varmış. Onlara baxdıqca Əminə xanımın ölümünə inanmırıq, lent yazılarına baxıb onu sevinc və təəssüf hissilə yad edirik.
Salatın ƏhMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2010.- 17 dekabr.- S.4.