Milli Kitabxanada yazıçı -
jurnalist Xalidə Hasilovanın
90 illik yubileyi qeyd olundu
M.F.Axundzadə adına Milli Kitabxanada tanınmış dramaturq, yazıçı və jurnalist Xalidə Hasilovanın 90 illik yubileyi qeyd olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirin əvvəlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizdə qadın problemlərinə, qadın hərəkatının inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən film göstərilmişdir.
Kitabxananın direktoru Kərim Tahirov salona toplaşmış yaradıcı ziyalıların nümayəndələrini, Xalidə Hasilovanın qohumlarını salamlayaraq yazıçının yaradıcılığının əsas mərhələlərindən, "Azərbaycan qadını" və "Göyərçin" jurnallarında fəaliyyətindən danışmışdır.
Gecədə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, tanınmış jurnalist Flora Xəlilzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı və başqaları çıxışlarında Xalidə Hasilovanın yaradıcılığından, onun səmərəli jurnalistlik və tərcüməçilik fəaliyyətindən söhbət açmışlar.
Sonda Xalidə Hasilovanın qızı ailələri adından yubileyin təşkilatçılarına təşəkkürünü bildirmişdir.
Salonda Xalidə Hasilovanın kitablarından ibarət sərgi təşkil olunmuşdu.
Ədəbiyyat
qəzeti.- 2010.- 17 dekabr.- S.6.