Teymur Əhmədov - 80

     

Hörmətli Teymur Əhmədov!

Sizi - görkəmli ədəbiyyatşünas alimi 80 illik yubileyiniz münasibətilə təbrik edirik.

Siz 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olmuş, 1936-cı ildə ailəlikcə valideynlərinizin vaxtilə deportasiya olunduğu İrəvana köçmüsünüz. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis) rayonunda orta məktəbi qızıl medalla bitirmiş, təhsilinizi Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmisiniz (1949-1954). Eyni zamanda 1954-1958-ci illərdə Ermənistan KP MK-nın orqanı "Sovet Ermənistanı" qəzetində müxtəlif vəzifələrdə çalışmış, Ermənistan KP İrəvan şəhər komitəsi yanında Marksizm-Leninizm Axşam Universitetini (1955-1957), Moskvada isə "Pravda" qəzeti nəzdində olan Ümumittifaq jurnalistika və fotoreportaj üzrə qiyabi lektoriyanın jurnalistika şöbəsini (1959-1961) bitirmisiniz. 1961-1964-cü illərdə AEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili almış, "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik (1966), "Nəriman Nərimanovun yaradıcılıq yolu" mövzusunda doktorluq işi müdafiə etmisiniz. 1984-cü ildə nəşr edilən "Nəriman Nərimanov" kitabınız rus, ingilis, fransız və ərəb dillərində kütləvi tirajla nəşr edilib.

Siz 1965-1968-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə AEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968-1990), 1988-ci ildən aparıcı elmi işçi olmusunuz. 1990-1991-ci illərdə "Vətən həsrəti", 1992-1993-cü illərdə "Hikmət", "Yeni fikir" qəzetlərinin baş redaktoru işləmisiniz. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1995-ci ildən "Respublika" qəzetinin baş redaktorusunuz. Siz AEA "Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi" üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi (1968-ci ildən), Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının və Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi geniş elmi axtarışlar aparmış, AMEA Milli Münasibətlər İnstitutunda Elmi nəşriyyat şöbəsinin müdiri və "Elturan" ("Milli məsələlər") jurnalının məsul redaktoru olmusunuz (1992-2003).

Səmərəli əməyiniz dövlət tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı (1982), akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilmiş, 1996-cı ildə "İlin layiqli ziyalısı" fəxri adına layiq görülmüş, 2002-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmisiniz.

Siz ilk gənclik illərinizdən bədii yaradıcılıqla da məşğul olmuş, "Ülkər" adlı şeir və hekayələr kitabınız 1961-ci ildə İrəvanda işıq üzü görmüşdür. "Dostluq nəğməkarı", "Nəriman Nərimanovun dramaturgiyası", "Nəriman Nərimanov", "Vedibasarın qanlı-qadalı günləri", "Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918-1920-ci illər)", "Mirzə İbrahimov" və s. monoqrafiyalarınız dərin oxucu marağı qazanıb. "Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)" (1987), "Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)" (1995) da sizin məhsuldar əməyiniz sayəsində araya-ərsəyə gəlib.

Hörmətli Teymur Əhmədli!

Sizi bir daha 80 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, ailə səadəti, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

Ədəbiyyat qəzeti.- 2010.- 24 dekabr.- S.4.