Teymur Əhmədov
Teymur Əhmədovun təşkil və redaktə etdiyi qəzetlərin sayı ydımda deyil. Onların sayı o qədərdir ki, hamısını yadda saxlamaq çətindir. Ancaq yadda qalan odur ki, başçılıq etdiyi qəzetlər həmişə maraqlı və oxunaqlı olmuşdur. Hər bir redaktorun birinci növbəli vəzifəsi dövrün, zamanın nəbzini tutmaqdır. Teymur ətrafında baş verən hadisələrə dərhal reaksiya verir. Ən kiçik hadisələri belə elə şəkildə oxuculara çatdırır ki, oxucu bu xəbərlərin qəzetin hansı səhifələrində dərc edilməsinə baxmayaraq, onları axtarıb tapır və maraqla oxuyurlar. Bu, redaktorun həm məharətindən və həm də zövqündən asılıdır. Teymur cəfakeş redaktordur. O, materialların keyfiyyətindən asılı olmayaraq hamısına eyni diqqət və məsuliyyətlə yanaşır. Buna görə də qəzet səhifələrində onun gözündən heç bir səhvə yol verilmir. Oxucular qarşısında məsuliyyət duyduğu üçün orfoqrafiya səhvlərinə də yol vermir. Mən onun fəaliyyətində dərin kök salmış bu məziyyətə - vaxtilə mənimlə birlikdə işlədiyim "Azərbaycan" jurnalında redaktorluq dövründən şahid olmuşam… Buna görə də onun əlindən çıxan materialları mən oxumadan nabora göndərirdim. Ona inanırdım və o da bu inamımı həmişə doğruldurdu. Redaktorluq hər adamın işi deyil. Redaktorluq insandan istedad tələb edir. Teymurda bu istedad vardır və getdikcə o, daha da püxtələşirdi. Mən deyərdim ki, o, məhz redaktorluq üçün doğulmuşdur. Yuxusuz keçirdiyi gecələr elə bil onun boynuna biçilib.
T.Əhmədovun fəaliyyəti çoxcəhətlidir. O, eyni zamanda ədəbiyyat tarixi ilə, ədəbi proseslərin araşdırılması ilə də məşğul olur. Onun xüsusilə xalqımızın böyük oğlu N.Nərimanov barədə monoqrafiyası və bir seriya elmi məqalələri ədəbiyyat tariximizin qiymətli əsərlərindəndir. Bəzən təəccüb edirsən, o qəzetdəki gərgin işindən necə vaxt tapıb bu araşdırmalarla məşğul olur.
Bir insan kimi çox xeyirxahdır ki, bu da hamıya məlumdur. Ancaq onun bir redaktor kimi qəribə taleyi var, əslinə baxsan, bütün redaktorların taleyi belədir. Müəlliflərin əsərlərini müntəzəm olaraq qəzet səhifələrində dərc edir. Ancaq di gəl ki, hər hansı bir müəllifin zəif əsərini dərc etmədikdə, ondan küsür və gileylənir. Ancaq Teymurda elə bir təmkin vardır ki, bu gileylərə dözür, əhəmiyyət vermir. Axırda bir söz demək istəyirəm: kaş bütün redaktorlar Teymur kimi olsunlar. Eşq olsun sənə əziz, mehriban dostum.
Qılman İlkin
Ədəbiyyat
qəzeti.- 2010.- 24 dekabr.- S.4.