Teymur
Əhmədov
Ədəbiyyatşünaslıq
sahəsində çiyin-çiyinə
çalışdığımız qırx beş il ərzində
həmişə mənim diqqət mərkəzimdə
olmuşdur. Mən dostumun monoqrafiya, məqalələri və
tərtib etdiyi kitabları ardıcıl surətdə
oxumuşam. Onlardan ali məktəb auditoriyalarında "XX əsr
Azərbaycan ədəbiyyatı tarixi" və "Azərbaycan
ədəbi tənqidinin tarixi" fənləri üzrə
oxuduğum mühazirələrdə və elmi-tədqiqat
işlərində bol-bol bəhrələnmişəm.
Hər iki tədris kursu üzrə
seminar məşğələlərində alimin N.Nərimanov
haqqında monoqrafiyalarını və digər əsərlərini
tələbələrimə məcburi ədəbiyyat olaraq
oxutmuşam. "Nəriman Nərimanovun dramaturgiyası",
"Nəriman Nərimanovun yaradıcılıq yolu",
"Nəriman Nərimanov" monoqrafiyaları mənim və
tələbələrimin masaüstü kitablarıdır.
Onların Azərbaycan Dövlət Pedaqoji Universitetinin
kitabxanasındakı oxunmaqdan köhnəlmiş,
sökülmüş, cırılmış nüsxələri
buna şahiddir.
Teymur böyük həyat təcrübəsinə,
geniş intellektə və zəngin mənəviyyata malik bir
insan, ziyalı və vətəndaşdır. Bu qəbildən
olan bütün şəxsiyyətlər kimi o da təvazökar,
son dərəcə sadə və səmimidir.
Teymur dostluqda səmimi və etibarlıdır. Çoxsaylı faktlardan mən onun Mirzə İbrahimovla və Vəli Məmmədovla münasibətlərini misal gətirmək istəyirəm. Teymur namizədlik və doktorluq dissertasiyalarını akademik Mirzə İbrahimovun rəhbərliyi altında yerinə yetirmişdi. Teymurun Mirzə İbrahimovla münasibəti sadəcə, necə deyərlər, "ustad-şagird" əlaqələri dairəsində məhdudlaşmırdı. O, bu çərçivəni aşıb səmimi dostluğa çevrilmişdi. Mirzə İbrahimov Nizami adına Ədəbiyyat İnstitutunda rəhbərlik etdiyi "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin bütün işlərini Teymura etibar etmiş, onun simasında özünə sədaqətli varis hazırlamışdı. Teymur Mirzə müəllimi sevir, onun şəxsiyyətinə sözün sağlam mənasında pərəstiş edirdi. Şəxsən məndə belə bir təəssürat vardır ki, Teymurun əhatə olunduğu, hörmət bəslədiyi və etimad göstərdiyi adamlar arasında Mirzə İbrahimov birinci yerdə dayanır. Bu gün o, rəhbərinə böyük məhəbbətinin ifadəsi olaraq onun irsinin təbliğinə xüsusi səy göstərir.
Xeyrulla MƏMMƏDOV
Ədəbiyyat qəzeti.- 2010.-
24 dekabr.- S.4.