“İdealım inamlı və imanlı olmaqdır”

 

- Teymur müəllim, zamanı, tarixi yaşamaq daha çox tale işi, alın yazısıdı. Ancaq bu yaşam civarında ömrü, taleyi tarixiləşdirmək, bütün zamanların çağdaşına və tərkib hissəsinə çevirmək artıq fəaliyyət, yaşamaq elminə sahib çıxmaq faktıdı. Bu mənada tam səmimiyyətilə deyə bilərik ki, sizin ömür yolunuz büsbütün tarixiləşmək amalına hesablanıb, bu ömrü ləyaqətlə, inamla yaşamısınız. Necə deyərlər, bənzərsiz bir qocaman dağa ki, dəryada durar…

- İndi həyatın gedişatı, gündəlik qayğılar adamı elə cəlb edir ki, yaşanmış illərin haqq-hesabına varmağa, ötənləri xatırlamağa belə vaxt olmur. Deyim ki, görkəmli xalq şairimiz Nəriman Həsənzadənin hələ ötən əsrin altmışıncı illərində bacısı qızına həsr etdiyi bir şerin son misraları elə mənim özümün də cəmiyyət, ailə, vətən qarşısındakı hesabatımın bəyanı kimi səslənir:

 

Ömrün yolları da pilləkan kimi,

Gendən ucalara lap çox baxmışam.

Mən o pillələrlə bir insan kimi

Gör ki, necə gəlib, necə qalxmışam.

 

- Bu görüşümüzdən daha üç gün keçəcək və dekabrın 25-də anadan olmağınızın səksən illiyini qeyd etmək üçün bütün doğmalar, qədirbilən insanlarla bir araya gələcəksiniz. Şübhəsiz ki, o gözəl məclisdə söhbət yenə də uzaqdan, çox-çox uzaqdan başlanacaq. Ən əvvəl ondan ki, 1930-cu ildə Şəmkir şəhərində dəmir yolu fəhləsi ailəsində anadan olmusunuz…

- Hələ ondan əvvəllərin də söhbətləri var. Bu barədə qələm dostum Qalib Qadirin yazdıqlarında ətraflı bəhs olunub. Əslimiz-nəslimiz köklü Azərbaycan torpaqları olan, indi Ermənistan adlanan Oğuz yurdundandı. 1918-ci ildə Ermənistanda daşnak hakimiyyəti qurulması və millətçi erməni siyasəti yerli azərbaycanlıları ata-baba yurdlarından didərgin salmışdı. Bu ağır günlərdə ellikcə Cənubi Azərbaycana pənah aparanların arasında atam Sultanov Əkbər Əhmədbəy oğlu, anam Güllü Cahanbaxışbəy qızı da vardı. O zaman hələ çox gənc olan ata-anamın valideynləri yaxın simsar olduqlarına görə qaçqınlıq dövründə iki gəncin ailə həyatı qurmalarına xeyir-dua vermişdilər. 1920-ci ildə bolşeviklər Azərbaycanı zəbt etdikdən sonra bu gənc ailə Şəmkir stansiyasında məskunlaşmışdı.

- İnqilabdan əvvəlsə babanız Əhməd kişinin qoyun sürüləri Qərbi Azərbaycanın Artız kəndinin otlaqlarında, Qızıl ziyarəti yaylağında bəslənərmiş…

- Hə, babam Əhməd kişinin böyük təsərrüfatı, qoyun sürüləri, çoxlu mal-qarası olub. Bu, qədim Oğuz yurdunun bərəkətindən idi. Tale elə gətirdi ki, 1937-ci ildə atam Şəmkirdə qəflətən vəfat edəndən bir il sonra dayılarımın tövsiyəsilə ailəmiz İrəvana köçdü. Beş il İrəvandakı Əzizbəyov adına orta məktəbdə təhsil aldım. Yay aylarında günlərimi Dəlmə bağlarında təbiətin qoynunda keçirərdim. Böyük qardaşım İbrahim, bacım Xanımzər təsərrüfat işlərində anama kömək edərdi.

- Teymur müəllim, bayaq xalq şairi Nəriman Həsənzadənin adını çəkdiniz, tərcümeyi-halınızla tanış olduqca Nəriman müəllimlə aranızda yaxın tale oxşarlığı gördüm. Onun sözləridi ki, doğru danışmağı çoxu ar bilir…

- Elədi… Ancaq necə xatırlamayasan ki, 1943-cü ilin olayları ailəmiz üçün ağır keçdi. Yeddinci sinifdə oxuyurdum. Lakin dayılarım məsləhət bildilər ki, sənət məktəbinə gedim, arteldə çəkmə tikməyi öyrənim. Bu, ailəmizi çətin vəziyyətdən çıxarmaq üçün çox vacib idi. Getdim. Bir il usta yanında şəyirdlik etdim. Artıq üç ay sonra anam mənim tikdiyim çustları imkanlı qonşulara verib əvəzində qatıq-süd alırdı. Bu, ailənin dolanışığına müəyyən qədər kömək edirdi. Buna baxmayaraq anam istəyirdi ki, mən təhsil alım. Onun israrlı təkidilə növbəti dərs ilində orta məktəbin səkkizinci sinfinə getdim.

- Və burada yaxşı oxumaqla yanaşı, şuluxluğunuzdan da qalmadınız. O barədə olan xatirələrinizi oxuduqca eyzən düşünmüşəm ki, mənim ipək kələfi kimi tanıdığım Teymur müəllim necə dəcəllik edərmiş.

- O da olub. İş o yerə çıxdı ki, məktəbin direktoru Sadıq Fərəcov "valideynlərin gəlməsə səni məktəbə buraxmayacam" - deyə mənə bərk tapşırıq verdi. Anamdan çəkindiyim üçün evdə demədim. Dərsə buraxılmasam da iki-üç gün məktəbə gedib-gəldim.

- Və bu tənbehin özü sizə ilk uğur gətirdi…

- Doğrudan da çox qəribə oldu, məktəbin pedaqoji kollektivi əvvəlcə təklif etdi ki, məni məktəb komsomol komitəsinin katibi seçsinlər. Bunun üçün qanunla iclas gününü gözləmək lazım idi. Ona görə də başqa bir təkliflə məni məktəbin divar qəzetinə redaktor seçdilər. Təsəvvür edin, tənbeh əvəzinə mükafatlandırıldım. Tezliklə redaktoru olduğum "Molla Nəsrəddin" adlı divar qəzeti məktəb kollektivinin sevimli mətbu orqanına çevrildi. Mənə bu etimadı göstərməkdə görünür müdiriyyətin öz mülahizələri varmış. Əvvəla, məşhur "Molla Nəsrəddin" jrunalının yaradıcısı Cəlil Məmmədquluzadə 1887-ci ildə müəllimlik fəaliyyətinə burada, Uluxanlı məktəbində başlamışdı. Eyni zamanda, dayım Rəhim Allahverdiyev o zaman İrəvanda Azərbaycan dilində çıxan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru işləyirdi. Onun ziyalılar arasında böyük hörmət və nüfuzu vardı.

- Onuncu sinifin buraxılış imtahanları zamanı isə siz artıq qızıl medal uğrunda mübarizəyə qoşulmuşdunuz…

- Nəticəsi o oldu ki, Maarif Nazirliyində mənə qızıl medal və orta məktəbi əla qiymətlərlə bitirəmk haqqında kamal attestatı təqdim edəndə dedilər orta məktəbi qızıl medalla bitirdiyinə görə sən daha imtahanlardan azadsan və istədiyin instituta imtahansız qəbul oluna bilərsən!

- Və siz Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini seçdiniz…

- Lap uşaqlıqdan ədəbiyyata böyük həvəsim vardı. Mütaliəni çox sevirdim. Böyük qardaşımın qayğı və diqqəti sayəsində yeni çapdan çıxan bütün kitabları vaxtında alıb oxuya bilirdim. Artıq universitet həyatının ilk aylarında mühazirələr məni darıxdırır, bərk dilxor edirdi. Dinlədiklərim mənim üçün oxunmuş kitab idi. Arada istədim ki, sənədlərimi götürüb Neft-kimya İnstitutuna verim. Ancaq sonra qorxdum ki, müəllimlərim arxamca "məsuliyyətdən qorxub qaçdı" - deyə düşünərlər. O illərdə dayım artıq Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsində məsul işdə çalışırdı. Evdə öz iş otağını mənim ixtiyarıma vermişdi. Burada qalmaq nə qədər rahat olsa da mən qaynar yataqxana həyatına üstünlük verdim.

- Burada isə artıq sizi Xəlil Rza, Bəkir Nəbiyev, Qulu Xəlilov, Əliağa Kürçaylı, Vaqif Vəliyev, Zakir İsmayılov, Şükür Seyfullayevli yataqxana həyatı gözləyirdi.

- Demə, demə… Bizə çox gözəl alimlər və görkəmli şəxsiyyətlər dərs deyirdi. Məmməd Arif, Məmməd Cəfər, Cəfər Xəndan, Mir Cəlal, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Əli Sultanlı, Həmid Araslı, Abbas Zamanov - öz dövrlərinin bir-birindən fərqli və bir-birindən üstün fikir korifeyləri… Mehdixan Vəkilovun, Nəzər Paşayevin, Zülfəli İbrahimovun, Muxtar Hüseynzadənin, Rüstəm Rüstəmzadənin mühazirələrini necə unutmaq olar? Diplom rəhbərim, akademik Feyzulla Qasımzadə məsləhət gördü ki, kafedrada qalıb işləyim. Ancaq iş elə gətirdi mən təyinatla İrəvana gedəsi oldum.

- Xatirələrinizdən bilirəm ki, İrəvan mühiti sizə perspektivdə heç nə vəd etmirdi…

- Ümumiyyətlə, hələ o vaxtdan İrəvandakı ictimai-siyasi ab-hava ziyalıların hərtərəfli mənəvi-zehni, ictimai-siyasi və intellektual inkişafına imkan vermirdi. Erməni şovinizmi bütün qapıları azərbaycanlı kadrların üzünə kip bağlamışdı. Heç bir sahədə irəli getmək mümkün deyildi. Ona görə də mən 6-7 il İrəvanda işləyəndən sonra fikrimdə qərarlaşdırdım ki, ev problemini həll edən kimi Bakıya qayıdım. Mən sanki cismən İrəvanda, fikrən və ruhən isə Bakıda yaşayırdım. Bakının qaynar elmi və ədəbi mühiti məni dəfedilməz qüvvəylə özünə çəkirdi. Aspiranturaya qəbul olunmağım bu fikrin gerçəkləşməsinə stimul verdi. Unudulmaz Şıxəli Qurbanov, Kamal Talıbzadə mənə ilk məsləhətlərini verdilər, mən akademik, xalq yazıçısı Mirzə İbrahimovun ilk aspirantı oldum. Onun məsləhəti ilə "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda elmi iş yazmağa qərar verdim. Dostum Vəli Məmmədov da mənə ürək-dirək verdi. Yaxşı bilirdim ki, N.Nərimanovu yenidən doğma xalqına qaytarmaq üçün onu bütöv və hərtərəfli tədqiq etmək, öyrənmək lazımdır. Bu proseslərdə Mirzə müəllim mənə yaxından köməklik etdi. Böyük yazıçının qayğısını sonrakı illərdə də üzərimdə hiss elədim. 1968-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunda onun təşəbbüsü ilə yaradılan "XIX əsr Azərbaycan ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifəsində çalışmağa başladım. 1976-cı ildə isə Mirzə müəllim həmin institutda "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsini yaratdı, nəzərdə tutulmuş yeddi nəfər əməkdaşın biri də mən oldum. Mənim doktorluq mövzumun da şöbənin planına salınmasının təşəbbüskarı Mirzə müəllim oldu.

- Teymur müəllim, zəngin həyat təcrübənizi şərtləndirən xatirələrinizi dinləmək çox xoşdu. Lap elə doxsan illik yubileyinizə qədər bu xatirələri beləcə öz axarıyla dinləmək istərdim. İndilikdə isə ötən əsrin doxsanıncı illərinə - xalqımız üçün taleyüklü hadisələrin baş verdiyi məqamlara qayıdaq. Haqqınızda yazılanlardan və xatirələrinizdən bilirəm ki, həmin illərdə sizin ziyalı mövqeyiniz özünü daha qabarıq şəkildə büruzə verib.

- O illərdə xalqımızın mənəvi durumu sınandı və şükürlər olsun ki, xalq yenə də o qarışıq dövrdən alnıaçıq, üzüağ çıxdı. Təbii, özümə vətəndaşlıq borcu bilirdim ki, ermənilərin xalqımıza qarşı şovinist və vəhşi hərəkətlərindən hiddətlənən xalqla, layiqli ziyalılarla bir arada olum. Əhalini məlumatlandırmaq üçün təklif etdim ki, "Ata yurdu" adlı qəzet nəşr etdirək. Qəzetin nəşr olunması ilə mənim yuxarı dairələrdə sorğu-suala tutulmağım bir oldu. 1990-cı ilin martında isə "Vətən səsi" qəzetinin ilk sayı mənim redaktorluğumla işıq üzü gördü. O zaman Bakıda məskunlaşmış qaçqın və məcburi köçkünlərə ögey münasibət yürüdənlərə qarşı 25 nəfərin imzasıyla Mütəllimova müraciət hazırlayıb çap etdirdim. Bir həngamə qopdu ki… Məni Bakı şəhər hərbi komendantlığına çağırdılar. Qəzetə qarşı təqiblər səngimədi. O zaman "Vətən səsi" ulu öndər Heydər Əliyevin Amerika jurnalistinə verdiyi müsahibəni rus dilində çap etmişdi. Bu müsahibədə Heydər Əliyev Qorbaçovun yenidənqurma siyasətini boş bir şey adlandırmışdı. Bu da Qorbaçovun hakimiyyət başında olduğu bir dövrdə ona yarınanları qane etmirdi. Sonra Heydər Əliyevin 1991-ci ildə Milli Məclisdə Qarabağdakı vəziyyət və çıxış yolları haqqında tarixi çıxışını dərc etdim. Hakimiyyətdə olan qüvvələr nəticədə mənim qəzetdən getməyimə nail oldular. İki ay sonra "Vətən həsrəti" qəzetini nəşr etdirməyə başladım, az keçməmiş ensiklopediyanın "Yeni fikir" qəzetinin baş redaktoru oldum. Nəhayət, 1995-ci il oktyabr ayının 9-da ümummilli lider Heydər Əliyev məni qəbul etdi və mən "Respublika" qəzetinə baş redaktor təyin olundum.

- Ümumiyyətlə, redaktorluq fəaliyyəti sizin fəaliyyətinizdə xüsusi bir mərhələ təşkil edir…

- Bu, mənim taleyimdi. Bayaq dediyim kimi, hələ orta məktəbdə oxuyarkən məktəb kollektivi məni divar qəzetinin redaktoru seçmişdi. Eyni zamanda, bu mərhələnin təməli mən hələ 1965-1968-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri işləyərkən qoyulmuşdu. Bir müddət də AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunda “Elturan” jurnalında məsul redaktor işlədim. O illərdə qazandığım təcrübə sonralar redaktorluq fəaliyyətimdə mənə çox kömək etdi. Bütün dövrlərdə çalışmışam ki, yazılarımda, rəhbərlik etdiyim qəzetdə erməni təcavüzünə məruz qalmış ata-baba yurdumuzun, Qərbi Azərbaycanımızın qarət və qəsb edilməsilə bağlı acı həqiqətləri konkret misallarla, inkaredilməz faktlarla tarixin yaddaşına köçürüm. Mən bütün Türk dünyasının mücahidi Əlibəy Hüseynzadənin siyasi, fəlsəfi, ədəbi fikrinin aynası olan “Füyuzat” jurnalını yüz il sonra Əlibəyin unudulmaz xatirəsinə ehtiram əlaməti olaraq yenidən nəşr etdirməkdən, yeni “Füyuzat”ın baş redaktoru olmaqdan xoşhalam. Mən həmişə mütərəqqi düşüncəli ziyalıların gücünə və köməyinə arxalanmışam. İmanlı və inamlı, nikbin olmaq mənim həyat idealımdır.

- Bu, dedikləriniz sizin ilk gənclik illərinizdə yazdığınız şeir və hekayələrinizdə, "Didərgin" imzasıyla çap etdirdiyiniz bədii yazılarınızda da aydın ifadəsini tapıb.

- Abbas Səhhət, Lermontov demişkən, əsərlərim mənim tərcümeyi-halım, xarakterimin ifadəsidi. İndiki halda isə ən əsası inamlı olmaqdı. Qəti əminliyimin əks-sədasıdı ki:

 

Əziziyəm, sovuşar,

Bu dərd-bəla sovuşar.

Geri dönər el-oba,

Həsrətlilər qovuşar.

 

-El-obanın geri dönəcəyi günlərdə görüşənə qədər!

 

Söhbətləşdi: SƏRVAZ

Ədəbiyyat qəzeti.- 2010.- 24 dekabr.- S.4.