Xalq akınını anarkən

 

“Ədəbi əlaqələrimizi elə canlandırmalıyıq ki, nəfəsi hər gün duyulan, nəbzi müntəzəm vuran canlı ülfətə çevrilsin”.

Mərhum Sabir Əhmədli aktuallığını bu gün də itirməyən həmin qənaətini qırx beş il əvvəl böyük qırğız akını Toktoqulun (1864-1939) 100 illik yubileyi təntənələrində iştirakından aldığı təəssürat nəticəsində yazmışdır. “Yol düşüncələri” kimi qələmə alınan bu sətirlər (“Ədəbiyyat və incəsənət”, 3 iyul 1965-ci il) həm sənət, həm də həyat barədə oxucunu da düşünməyə-danışmağa dəvət edən dəyərli qeydlərdir.

 

Qırğızıstan əziz şairi Toktoqulun yubileyini əsl bayram kimi qarşılayırdı. Uşaqdan-böyüyə, kəndçi, ziyalı - bütün xalq doğma şairinin anadan olmasının 100 illiyini dərin hörmət və məhəbbətlə qeyd edirdi. Tyan-Şan ətəkləri, bərəkətli qırğız torpağı sevinirdi, yurdlar, obalar şənlik içərisində idi. Şairin yubiley mərasimi onun mənsub olduğu xalqın milli varlığının ifadəsi idi. Xalq, ömrünün çoxu ağır niskil və yoxsulluq içərisində keçən mərd şairinin ruhunu sevindirmək istəmişdi.

Toktoqulun vətəninə Yakutstandan və Baltik sahillərindən, qonşu Orta Asiya respublikalarından, Moldaviyadan və Azərbaycandan, Xakasiyadan və Tatarıstandan, Moskvadan, Leninqraddan nümayəndələr gəlmişdilər. Qonaqların gətirdikləri ən yaxşı hədiyyələr böyük akının adı ilə bilavasitə bağlı idi, onun müxtəlif dillərdə buraxılmış kitabları idi. Özbək sənətkarlarının hazırladıqları güldan gözəl təsir bağışladı. Şairin yubileyi, gələn qonaqların şəxsində millətlərin dostluq, mehribanlıq məclisinə dönmüşdü. Bütün ölkə Toktoqulun başına yığışmışdı. Bu çox qiymətli, unudulmaz görüş idi.

Respublikanın paytaxtı frunze şəhərinin əsas teatrlarından birində yubiley iclası açıldı. Qəlbini, sazını, şerini Vətən səadəti üçün vermiş akın - şairin adı dönə-dönə yad edildi. Şərəfi bir daha ucaldı, haqqı sayıldı. Səhnənin ortasında, əzəmətli göy dağların fonunda, mavi tül üzərində şairin şəkli asılmışdı. Ədalətin, həqiqətin dönməz aşiqi sübhçağı, tər-təmiz yüksəklikdə qərar tutmuşdu. Başında qırğız qalpağı olan qoca akın sonralar tez-tez rast gəldiyimiz adi qırğız kəndlisinə çox bənzəyir. Yaxından, təbii və səmimi baxan gözləri diri, gümrah, nikbin idi. Rəssam, el aşığını olduğu kimi çəkmişdi. Bir qədər bayram ruhunda; elə bil Toktoqul öz yubileyində iştirak edirdi, elə bil onun doğma təbəssümünün şəfəqi hündür Alatoo dağlarına da düşmüşdü.

Toktoqulun yubileyi üçün xeyli iş görülmüşdü. Onun kitabları, albomlar, şəkillər, həyatı və yaradıcılığı haqqında kitabçalar nəşr olunmuşdur. Şəhər mağazalarının, teatr foyelərinin bəzəyi bunlar idi. Lakin yubiley, şairi vətənində tanıtmaq və yaymaq deməkdir söyləsək, əlbəttə, insafsızlıq olar. Toktoqul xalqın mayasından yaranmışdır. Onun sənəti xalqın sənətidir. Toktoqul, qırğız xalqı deməkdir. Şeirlərini, mahnılarını hamı əzbər bilir. Bu, şairin doğulduğu kənddə daha artıq duyuldu.

Toktoqul Satılqanov bizim köçəri aran obalarına oxşayan, yovşanlı təpələr arasındakı düzəgahda yerləşən bir kənddəndir. Qatarla Frunzedən oraya iki günlük yoldur. Təyyarə isə sinəsi, ətəyi göm\göy, bəzən də qırımızı, quru, zirvəsindəki diş-diş sıldırım qayalar yağışdan, ildırımdan çapılıb sökülmüş Tyan-Şanın bir qolu üzərindən uçaraq bir saata çatır. Aerodromu əvəz edən meydandan rayon mərkəzinə, şairin obasına qədər camaat gül-çiçəklə yola çıxmışdı. Əksəriyyəti milli geyimdə idi: mahuddan qırğız çuxası, qırğız qalpağı, məst. Uzun Əhməd çayının sahilində hündür qranit abidədə Toktoqulun büstü qoyulmuşdur. Aşığın qəbri beş-on dəqiqədə gül-çiçəklə qalandı. Ölkəmizin bütün sənət ocaqlarından gəlmiş qonaqlar, şairin və onun ömür yoldaşının məzarına əklillər qoydular, rəhmət dedilər.

Müasir qırğız mədəniyyəti qədim ənənəyə arxa çevirməyir, əksinə, ondan faydalanaraq yüksəlir. Qırğızların iftixarla dedikləri kimi, qədim sənəti və xalq yaradıcılığını təbii və saf saxlamağa çalışan xalqlardan biri də onlardır. Yeni mədəniyyətə yiyələnmək qədimi atmaq deyil. Qalxdığın pillələri keçilmiş sanıb söksən, havada qalarsan.

Toktoqul rayonunun mərkəzindəki parkda üç saatdan çox davam edən konsert oldu. Məktəblilər, yeniyetmələr, Toktoqulla bir zamanda yaşamış qoca el ustadları çıxış edirdilər. Qu quşları kimi ağ, ətəkli ipək don geiynmiş, qırmızı məxmər nimtənəli, qaraqaş, qara, odlu ceyran gözlü qırğız qızları və cəsur, qızğın cikitlər Toktoqulun mahnılarını oxudular. İlk növbədə, gənclərdən ibarət qırx nəfərlik xorun oxuduğu mahnı hamını valeh etdi. Qəhrəmanlıq, şücaət nidaları ilə qan coşduran ahəngdar mahnını elə bil bütün xalq oxuyurdu, ulu dağlar və sinəsindən altı yüz çay axan qırğız torpağı oxuyurdu. Məktəbli qızların sünilikdən uzaq, anadangəlmə səsləri qəlbi titrədirdi. İnsan azadlığının, bəşəri heysiyyətin tərənnümü olan bu mahnıları vaxtı ilə Toktoqul da oxumuşdur.

İzdihamın hər tərəfdən bürüdüyü səhnə də səhnəlikdən çıxmışdı. Kosa saqqallı, qısaboy bir akın gəlib stulda əyləşdi, qıyakı sazladı. Qıyak xalq çalğı alətidir. Kamançanın ilk formasıdır, çömçəyə oxşayır. İpdənmi, köşədənmi telləri var.

Sifəti gözlərinin içinəcən yanıb qovrulmuş kəndçi akın "At getdi" havasını çaldı. Səsi çox da bərk çıxmayan həmin aləti bir ovsunçu kimi elə danışdırıd ki, ilxıçının atı necə çağırdığını, heyvanın necə yaxınlaşdığını, necə tövşüdüyünü, ayaqlarının tappıltısını eşidən kimi olduq. Qoca usta, öz əli ilə düzəltdiyi alətə sehrli bir şey kimi baxırdı. Onun sirrinə, hikmətinə etiqad bəsləyir, inanırdı. Qoca sənətkar, Toktoqulu anır, onunla birlikdə çalırdı...

12 milyona qədər qoyun saxlayan qırğız kəndlisi atın cilovunu əlindən buraxmayıb. Küçələrdə, idarələrin qabağında, yollarda, yurdların yanında atalara, övlad-uşağı, arvadı ilə tərkləşmiş tərəkəmələrə tez-tez rast gəlmək olur. At, qırğızlara həm də bu gün çox dəbdə olan cıdır yarışları və başqa əyləncələr üçün lazımdır.

...Rayonun camaatı cıdır meydanına toplaşmışdı. Yeniyetmə qızlar atı güllə kimi səyridirdilər. İnsanın sel kimi axıb qaynaşdığı meydandakı mənzərə qədim dastanlardakı kimi idi. Atlı qızı atlı oğlan qovurdu. Elə olurdu ki, çatıb qızın atını şallaqlayırdı. Amma yəhərin qaşına yatmış göy atlı qıza çatan olmadı... Cıdıra çıxanlar, bir-birini çəkib yəhərdən salmaq üçün əlləşənlər, qurşaq tutanlar hər hansı sirk tamaşasından həyəcanlandırıcı, əyləncəli idi. Burada artist yox idi. Peşəkarlar deyil, kəndin adi nümayəndələri çıxış edirdi. Bu hadisələrə dalıb düşünərkən adama elə gəlirdi ki, Toktoqul yalnız bir nəfər, tək bir şəxsiyyət deyil. O, sadə akın, ağzı köpüklənən atların belində uçan qorxusuz igidlərin, ağ ipək üstündən gözəl nimtənə geyib, bellərini kəmərlə çəkmiş elat qızlarının, qolunun üstündə boz tərlan meydanı ağır-ağır dolaşan iri bədənli qoca ovçunun varlığında görünür, yaşayırdı.

Bu günün mədəniyyət aləmində müasir səsi ilə tanınmış yazıçısı, rəssamı, ictimai xadimləri olan qırğız eli, doğma şairin sevdiyi adətləri saxlayır, həqiqi xəlqiliklə nəfəs alır.

Biz gücü, miqyası etibarı ilə ölkəmizdə ən iri tikintilərdən sayılan, nadir coğrafi şəraitdə yaradılan Narın HES-də də olduq. Söz sənəti sahibləri, qonaqlar öz qardaşlarının - sadə əməkçi insanın iradəsi qarşısında heyrətdən dondular. Nə qədər qanrılıb baxsan da, başı görünməyən, divar kimi qalxan, ayaq yeri belə olmayan dağlarda, qayalarda alpinistlərin düzəltdiyi ağac pilləkənlər burula-burula yuxarı dırmanır. Qayaların əlyetməz, ünçatmaz yerlərində iş gedir. Burada maşın-texnika dayanacaqları yaradılmışdır. Tyan-Şan dağlarının arası ilə axan hikkəli Narın çayının qabağı burada kəsiləcək. Ölkəmizdə ən hündür bənd qaldırılacaq. Çayı yatağından ayırmaq üçün 15 metr ucalıqda tunellər vurulmaqdadır. Burada yaradılacaq böyük hövzədən fərqanəyə, Qazaxıstana da dirilik suyu axacaqdır. Narın stansiyası Orta Asiya elektrik şəbəkəsində başlıca mənbə olub qüdrət paylayacaqdır. Əzəməti ölçü-biçiyəgəlməyən həmin elektrik stansiyasına qırğız xalqının sevimli oğlu Toktoqulun adı qoyulmuşdur.

Yubiley məclislərində, səfər, gəzinti zamanı, süfrə arxasında faydalı söhbətlər oldu. Ölkənin müxtəlif tərəflərindən buraya yığışmış sənət nümayəndələri bir-birini ədəbi mühitdən, yeniliklərdən hali edirdilər. Lakin bu qısamüddətli görüşlərin özü də, əlaqələri genişləndirməyin, müntəzəm ədəbi rabitə yaratmağın hazırda nə qədər zəruri olduğunu kəskin hiss etdirirdi.

Bütün ciddiyyəti ilə və ucadan demək lazımdır ki, bizim əlaqələrimiz istəyimizin, duyduğumuz ehtiyacın müqabilində çox azdır, zəifdir. Bəzən də yox kimidir. Ədəbi əlaqələr bəzi hallarda şablon, birtərəfli şəkil almışdır. Qarşılıqlı fayda və tərəqqi üçün, mənəvi ünsiyyət xatirinə mədəni əlaqələri daha da genişləndirmək lazımdır. Məsələn, Azərbaycan, eləcə də, özbək, türkmən oxucusu, yazıçısı, alimi bir-birinin ədəbi nailiyyəti, ədəbi həyatındakı yeniliklər ilə bilavasitə tanış olmaq üçün əvəzsiz imkana malikdir. Mətbuatın qanad açıb dünyanın hər yerinə çatdığı dövrdə, məsələn, Azərbaycanın paytaxtı Bakıda Paris, London, Roma və başqa şəhərlərin qəzet-jurnalları satıldığı halda, nə üçün qardaş respublikaların milli dillərində nəşr edilən qəzet və jurnallar olmasın? Demək artıqdır ki, Azərbaycan oxucusu, ziyalısı özbək, türkmən, qazax, tatar dillərində buraxılan əsərləri, mətbuatı əslindən oxuya bilər. Kitab ticarətçiləri, mətbuat müəssisələri səyləri birləşdirib bu faydalı işə rəvac verməlidirlər.

Yeri gəlmişkən deyək ki, həmin nəzərlə baxanda yaradıcılıq əlaqələrimiz, söhbətlərimiz də köhnə çərçivəyə qapanmış kimi görünür. Ədəbiyyat alimlərimiz ən yaxşısı bununla təskinlik tapırlar ki, əlaqələrin tarixini tədqiq edir, arxiv materialları tapırlar. Bəs müasirlik? Bəs bu gün yaşayan hazırkı nəsillərin əlaqəsi? Qarşılıqlı keçirilən həftəliklər, ongünlüklər, qəzet səhifələri mübadiləsi, ara-sıra edilən tərcümələr əhəmiyyətli tədbirlərdir. Bununla belə, həmin tədbirlərin yalnız bir məqam, bir hadisə olduğu, bəzən də beş öynənin xörəyini bir dəfədə yeməyə bənzədiyi aşkar işdir.

Ədəbi əlaqələrimizi elə canlandırmalıyıq ki, nəfəsi hər gün duyulan, nəbzi müntəzəm vuran canlı ülfətə çevrilsin.

 

Sabir Əhmədli

Ədəbiyyat qəzeti.- 2010.- 24 dekabr.- S.3.