Elmiliklə kütləviliyin vəhdəti

     

  Qarşımda bir kitab var: "Bir dilçinin xatirələri" (Bakı, "Elm və təhsil", 2010). Onu vərəqlədikcə dönüb keçmişə boylanıram, elmimizin tarixinə səyahət edirəm. Bu kitabın müəllifi AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor, anadan olmasının 50 illiyini bu yaxınlarda qeyd etdiyimiz millət vəkili Nizami Cəfərovdur.

Ziyalıların etimadını qazanmış, beynəlxalq aləmdə tanınan, istedadı ilə seçilən alim, pedaqoq və ictimai xadim Nizami Cəfərov burada yaxın tarixə qısa bir nəzər salmışdır. Onun dilçilik elmimiz, bu sahənin tanınmış nümayəndələrinin həyat və fəaliyyəti haqqında düşüncələri oxunaqlı dili olan maraqlı bir ömür kitabına, romana çevrilmişdir. Kitabı bir nəfəsə oxuduqca obrazlı dillə, mükəmməl tərzdə təsvir olunan hadisələr, elmimizin məbədi, qaynar universitet həyatı məni qoynuna alıb məzunu olduğum filologiya fakültəsinin şirin xatirələrlə dolu keçmişinə apardı...

Xatirə janrında yazılan bu kitab orijinal quruluşa və üsluba malikdir. Bu dəst-xətt, yazı manerası ancaq Nizami Cəfərova məxsusdur. Təsadüfi deyildir ki, XIX əsrdə yaşamış görkəmli alman dilçisi Vilhelm Humboldt demişdir ki, dil xalqın ruhudur, insanın özüdür. Və Nizami Cəfərov da bu baxış bucağından dilçilik elmimizin yaxın tarixinə özünəməxsus şəkildə nəzər salmış, yeri gəldikcə elmimizin problemlərinə toxunmuşdur.

Kitabın məndə yaratdığı ilk təəssürat bundan ibarətdir ki, Nizami Cəfərov tərcümeyi-halı ilə əlaqədar Bakı Dövlət Universiteti, Elmlər Akademiyası və "Ədəbiyyat qəzeti" mühitində dilçilik elminin bir dövrünün inkişaf mənzərəsini təsirli səhnələrlə yaddaşlara həkk etməyə müvəffəq olmuş, bu elmi yaradanların bitkin, dolğun portretlərini çəkmişdir.

Ədəbiyyatşünasların müəllimi Firidun bəy Köçərli olduğu kimi, dilçilərin də müəllimi Azərbaycanın ilk rəsmi professoru Bəkir Çobanzadə olmuşdur. B.Çobanzadədən sonra Azərbaycan dilçiliyini onun üç tələbəsi davam etdirmişdir.

Təsadüfi deyil ki, müəllif bu üç dilçini: akademiyanın həqiqi üzvü Məmmədağa Şirəliyevi, müxbir üzv Əbdüləzəl Dəmirçizadəni, professor Muxtar Hüseynzadəni yeni Azərbaycan dilçiliyinin yaradıcıları olaraq səciyyələndirir, onların həyatından yaddaqalan epizodları, diqqəti çəkən məqamları, yetirmələri üzərində necə zəhmətlə çalışdıqlarını oxucuya ustalıqla çatdırır. Qeyd etmək lazımdır ki, bu elm xadimlərinin elmi-nəzəri səviyyələri, əsaslandıqları tədqiqat metodları bir-birindən fərqlənsə də, hamısını istisnasız olaraq bir amal, bir qayə birləşdirirdi ki, bu da ana dilinə sonsuz məhəbbət idi və 50-ci illərdən başlayaraq yetişən böyük Azərbaycan dilçilərinin, demək olar ki, hamısı bu üç görkəmli dilçinin tələbələri olmuşlar.

Müəllifin də tamamilə haqlı olaraq qeyd etdiyi kimi, o dövrdə universitet dilçilərinin önündə yalnız tarixi xidmətlərinə görə deyil, intellektinə, müəllimliyinə, milliliyinə və şəxsiyyətinə görə Muxtar Hüseynzadə gedirdi. O Muxtar Hüseynzadə ki, bizim demək olar dilçi müəllimlərimizin müəllimi olmuşdu. "Müasir Azərbaycan dili" deyəndə onun adı elə qətiyyətlə çəkilirdi ki, sanki o ana dilimizin qrammatikasını yazmaqla kifayətlənməmiş, onu yaratmışdı...Onun öz məktəbi vardı. Sovet ideologiyasının hər cür milli məktəbi dağıtdığı bir şəraitdə M.Hüseynzadənin "patriarxal normativliyi" yalnız ona görə yaşayırdı ki, təmənnasız, səmimi və milli idi".

M.Hüseynzadə təkcə Nizami Cəfərovun təsvir etdiyi XX əsrin səksəninci illərində deyil, biz oxuduğumuz 70-ci illərdə də, bəlkə 60-cı illərdə, əllinci illərdə də belə idi: dağ vüqarlı, məğrur, səmimi, həqiqəti deməkdən qorxmayan, görkəmli elm xadimi...

Burada Nizami müəllim Muxtar Hüseynzadənin bilavasitə yetişdirdiyi mərhum professorlardan Əlövsət Abdullayev, Fərhad Zeynalov, Musa Adilov, Abdulla Vəliyev və bu gün dilçiliyimizin ən nüfuzlu nümayəndələri sayılan akademik Ağamusa Axundov, müxbir üzv Tofiq Hacıyev, professor Yusif Seyidovun elm və tədrisin inkişafında göstərdikləri böyük xidmətlərini yaddaqalan epizodlarla, inandırıcı lövhələrlə, boyalarla, canlı və şirin bir dillə təsvir etməyə nail olmuşdur.

Müəllif "Elmlər Akademiyası və Dilçilik İnstitutu" adlı bölmədə bu elm ocağının spesifik xüsusiyyətlərindən, buradakı elm adamlarının dilçiliyimizə verdiyi töhfələrdən, eyni zamanda buradakı mübahisələrdən də açıq şəkildə bəhs edir, bu qurum haqqında qənaətlərini belə yekunlaşdırır: "Akademiya mənim üçün yalnız elmi tədqiqat müəssisəsi deyil, eyni zamanda Azərbaycan elminin ideya-metodoloji əsaslarını, istiqamətlərini müəyyənləşdirən bir generatordur. Və bir vaxtlar onu dağıtmağa çalışan, nüfuzdan salan qüvvələr nə qədər böyük səhv etdiklərinin fərqində olmamışlar. Reforma lazım idi, bu gün də lazımdır, ancaq illərlə formalaşmış bir milli intellekt strukturunu məhv etməyə qalxışmaq düşmənçilik idi. Etiraf edim ki, mən Azərbaycan elminin ümumi mənzərəsini ancaq akademiyadan baxanda tam miqyası ilə görə bilirəm. O cümlədən dilçilik elmimizi"...

Nizami Cəfərov kitabda Türkiyəyə ezamiyyətə getməsi, orada bir müddət qalıb ortaq türk ədəbiyyatı dərsliyi kitabının yazılması məsələsi üzərində də durmuş, bununla əlaqədar ortaq türk dili məsələsinə münasibətini bildirmək lüzumunu hiss etmişdir. Məlumdur ki, hələ XIX əsrin sonları, XX əsrin əvvəllərindən ortaq türk yazı dili problemi gündəmə gətirilmiş, sovetlər dağıldıqdan sonra bu məsələ daha da aktuallaşmışdı. Çünki sovet dövründə millətlərarası ünsiyyət vasitəsi rolunu rus dili oynayırdı. Yeni müstəqillik dövründə bu vəzifəni hansı dil yerinə yetirməlidir? Bu problemə fərqli yanaşmalar meydana çıxmışdı. Məsələn, özbək dilçiləri müxtəlif türk dillərinin materialları əsasında süni bir dil yaratmağı təklif edirdilər. Nizami Cəfərov bu məsələyə münasibətini açıqlayır və bizcə doğru olaraq bildirir ki, bu vəzifəni ən çox inkişaf etmiş, ən böyük əhali kütləsi ilə təmsil olunan və arxasında daha geniş texniki imkanlar dayanan Türkiyə türkcəsi ifadə edə bilər. Müəllif bu sahədə görülmüş işləri ümümiləşdirməklə fikrinə yekun vuraraq yazır: "Mənə elə gəlir ki, müəyyən çətinliklərə baxmayaraq Türk dünyasında inteqrasiya, əməkdaşlıq yönündə xeyli irəliləmə var. Və burada Azərbaycan türkoloqlarının rolu kifayət qədər böyükdür. Heç zaman unutmamalıyıq ki, əlifba - yazı islahatını ilk dəfə biz başlamışıq, ilk Türkoloji qurultayı ilk dəfə biz keçirmişik"..

Müəllif "O, dahi idi və ana dilini sevirdi" bölməsində ulu öndər Heydər Əliyevin müstəqillik illərində ana dili sevgisi ilə, böyük əzmlə girişdiyi dil quruculuğu, dilimizin qorunması, dövlət dilinin statusunun yüksəldilməsi istiqamətində həyata keçirdiyi həyati əhəmiyyət daşıyan ideya və fəaliyyətləri, bununla əlaqədar özünün şahid olduğu, müşahidə etdiyi fakt və hadisələri qələmə almışdır.

Hamıya məlumdur ki, Heydər Əliyev insanlara böyük dəyər verirdi, elmi, istedadı yüksək qiymətləndirirdi. N.Cəfərov da ümummilli liderin bilik, bacarıq və istedadını qiymətləndirib irəli çəkdiyi, ona mühüm vəzifələr etibar etdiyi elm adamlarından biridir.

Müəllif prezidentin iştirakı ilə 1995-ci ildə dilimizin adı haqqında keçirilən müzakirələrdə ümummilli liderin bu məsələdə əzmkarlıq nümayiş etdirməsinin şahidi olduğunu bildirir, böyük dövlət xadiminin "kim bizim mənşəcə türk olduğumuzu inkar etmək fikrindədirsə, həmin fikri başından çıxarsın" - deyərək birmənalı şəkildə milli mənsubiyyət və milli dil məsələsində öz münasibətini açıq şəkildə bəyan etməsini milli mövqeyimizin möhkəmləndirilməsi faktı kimi təqdir edir.

N.Cəfərov Azərbaycan dilinin statusu məsələsində Prezidentin elm adamlarının fikirlərinə hörmətlə yanaşdığını, faydalı təklifləri nəzərə aldığını qeyd edərkən proseslərdə iştirak edən bir millət vəkili olaraq Prezidentin 2001-ci ildə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" məşhur fərmanını böyük ictimai-siyasi əhəmiyyətə malik olan tarixi bir sənəd kimi qiymətləndirir: "Mən belə bir fərmanın çıxacağını əvvəlcədən bilirdim. Xüsusi olaraq demək istəyirəm ki, Azərbaycan dövlətçiliyinin tarixində Azərbaycan dilinin ictimai-siyasi, elmi, mədəni mövqeyini yüksəldən belə bir sənəd heç bir zaman qəbul edilməmişdi".

Bu vaxta qədər Milli Məclisdə azsaylı xalqlar inciyər deyə Azərbaycan dilinin qorunması haqqında xüsusi qanun hazırlanmasına mane olan opponentlər məhz bu fərmandan sonra reallıqla barışmalı oldular. Məhz bu fərmandan sonra hazırlanması və müzakirəsində Nizami müəllimin də bilavasitə iştirak etdiyi "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun layihəsi Milli Məclisin ümumi iclasında böyük səs çoxluğu ilə qəbul edildi.

Nizami Cəfərovun həyatının müəyyən dövrü "Ədəbiyyat qəzeti" ilə bağlı olmuşdur. Bu qəzetin səhifələrində dilçi-tənqidçi alimin mədəniyyətimizin, dil və ədəbiyyatımızın müxtəlif məsələlərinə aid xeyli sanballı məqalələri çap olunmuşdur. Müəllif həm qəzetin o zamankı baş redaktoru xalq şairi Nəriman Həsənzadənin, həm bugünkü baş redaktoru şair-ədəbiyyatşünas Ayaz Vəfalının səmərəli jurnalistlik fəaliyyətini işıqlandırır, eyni zamanda sonuncunun on illərlə qəzetin ağırlığını çiynində daşımasından, bu vəzifəni uğurla yerinə yetirməsindən konkret misallarla söz açır. Müəllif haqlı olaraq qeyd edir: “İstedadlı gənclərin gəlişi, keçmiş əməkdaşlara ehtiramla yanaşılması bir daha göstərir ki, "Ədəbiyyat qəzeti" bizim hamımızın qəzeti, Azərbaycan Yazıçılar Birliyi bizim hamımızın Birliyi olaraq qalır. Məndə belə bir hiss var ki, bizim hamımızın yaşı "Ədəbiyyat qəzeti"nin yaşı qədərdir...Və onlar nə qədər yaşayacaqsa, bizim dilimizin ömrü də o qədər uzun olacaq. Və əgər Azərbaycan yazıçısı yüz illər boyu məhz ana dilində yazmasaydı, ana dilinin ictimai mövqeyi uğrunda mübarizə aparmasaydı, bizim belə qüdrətli ədəbi dilimiz olmazdı".

Nizami Cəfərovun "Bir dilçinin xatirələri" kitabının müsbət məziyyətləri çoxdur. Əsərdə müəllifin işlətdiyi bədii ifadə yaradıcılığı nümunəsi olan orijinal, məna yükü ağır və sanballı olan ifadə və cümlələri oxuduqca onların Nizami Cəfərovun özünəməxsus şifahi nitqi ilə tam şəkildə səsləşdiyinə valeh olmaya bilmirsən, həmin anda mətndə, sətirlərdə sanki Nizaminin səsi gəlir.

Xalq yazıçısı İsmayıl Şıxlının bəzi əlyazmalarını Nizami müəllim çap etdirir, amma müəllif narazı qalıb deyir ki, mən o şeirləri çap etdirəsi olsaydım, qırx il bundan qabaq çap etdirərdim. Nizaminin münasibəti: "Deməli lazım deyilmiş... Və deməli, lazım deyil"... Və yaxud başqa. "Hərdən bir tənbeh edirdi, o da həyalı uşaqlar kimi qulaq asırdı."

Müəllif kitabını sanki mənsur şeir şəklində qələmə almışdır. Nizami müəllimin təsvirinə, təhkiyə tərzinə fikir verin: "...Sənədlərimi verdiyim guşəyə yaxınlaşanda gözüm "Ədəbiyyat yazıdan kəsilənlər"in siyahısına sataşdı. Adlar, soyadlar yazılmamışdı, yalnız imtahan vərəqələrinin nömrələri vardı. Ürək döyüntümün nəfəskəsici sədaları altında nömrələri diqqətlə nəzərdən keçirdim, bildim ki, kəsilməmişəm... Ən böyük biabırçılıqdan qurtardıq!"...

Və ya: "Gözləri dayısının gözlərinə oxşayan" uşaqlar bizimlə də oxuyurdular... Sonra da oxudular... Və mənim dekan olduğum illərdə də oxuyurdular. İnanmıram ki, hələ neçə illər oxuyub qurtara bilsinlər".

Nizami Cəfərovun "Bir dilçinin xatirələri" kitabı böyük elmi əhəmiyyəti ilə yanaşı dilçi alim-pedaqoqların, elm xadimlərinin bir neçə nəslini əhatə edən şirin xatirələrlə doludur.

 

Əbülfəz Quliyev

Ədəbiyyat qəzeti.- 2010.- 24 dekabr.- S.2.