Yazıçılar Birliyində
Ölməzlik örnəyi
Azərbaycan xalqının mənəvi mədəniyyət tarixində ölməz əsərləri ilə yer alan dahi bəstəkar Üzeyir Hacıbəyli universal bilgiyə, fövqəl fitrətə, orijinal qələmə sahib bir şəxsiyyətdir. O, təkcə "Koroğlu", "Leyli və Məcnun", "Arşın mal alan", "O olmasın, bu olsun" və s. opera və operettaların yaradıcısı deyil, həm də ictimai həyata təsir göstərən saysız-hesabsız felyeton və məqalələrin də müəllifidir. Bu baxımdan dahi bəstəkarın aşıq yaradıcılığı ilə bağlı məqalələri, çıxışları olduqca maraqlı və dəyərlidir.
"Üzeyir Hacıbəyli və aşıq yaradıcılığı" mövzusunda AYB-nin Natəvan klubunda keçirilən tədbirin iştirakçıları bəstəkarın publisistikasındakı bu məqama xüsusi toxundular. Tədbiri giriş sözü ilə açan AYB-nin məsul katibi Nazim İbrahimov rus dilində çap etdirdiyi "Üzeyir Hacıbəyli" ensiklopediyasını da iştirakçıların nəzərinə çatdırdı, ölməz sənətkarın yubileyi ilə bağlı görülən və görüləcək işlərə bir aydınlıq gətirdi.
Tədbiri keçirən "Aşıq Şəmşir Mədəniyyət Mərkəzi"nin sədri yazıçı-publisist Qənbər Qurbanov çıxış edərək aşıq sənətinə, xalq musiqisinə böyük dəyər verən və zaman-zaman bu qaynaqlardan qidalanan Ü.Hacıbəylinin çoxşaxəli yaradıcılığına toxundu. Xalq şairi, Respublika Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub böyük bəstəkarın yaradıcılığında aşıq musiqisinin, folklorumuzun xüsusi rol oynadığını konkret dəlillərlə isbatladı.
Tanınmış ziyalılardan professor Cavad Heyət və professor Məhərrəm Qasımlı Ü.Hacıbəyli yaradıcılığının təkcə Azərbaycan və türk dünyası arealında yox, ümumşərq və ümumdünya musiqi mədəniyyəti müstəvisində dəyərləndirdilər.
Tədbirdə
şairlərdən Adil
Cəmil, Gülxani Pənah, Oqtay Rza, Musa Ələkbərli,
Mahirə Abdulla və b. çıxış
edərək Ü.Hacıbəyli
sənətinin ölməzliyi
haqqında mülahizələrini
iştirakçıların diqqətinə çatdırdılar.
A.Savalan
Ədəbiyyat
qəzeti.- 2010.- 24 dekabr.- S.5.