Xanımana Əlibəylinin
90 illik
yubileyi qeyd olundu
Dekabrın 23-də Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
əməkdar incəsənət xadimi, tanınmış
uşaq yazıçısı Xanımana Əlibəylinin
(1920-2007) 90 illik yubileyi qeyd olunmuşdur.
Tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru Zahid Xəlil və digər çıxış edənlər Xanımana Əlibəylinin yaradıcılığı haqqında fikirlərini söyləmiş, xatirələrini bölüşmüşlər. Bildirilmişdir ki, müəllifin "Balaca həkim" (1955), "Yaz konserti" (1960), "İşləməyən dişləməz" (1961), "Ulduzların nəğməsi" (1966), "Karnaval" (1968), "Noğul" (1970) və s. şeir və poema kitablarında yüksək mənəvi keyfiyyətlər tərənnüm olunmuşdur. X.Əlibəylinin bəzi əsərləri keçmiş SSRİ xalqlarının, eləcə də çex və slovak dillərinə tərcümə edilmişdir.
Filologiya elmləri doktoru Gülər Abdullabəyli anasının həyat və yaradıcılığından danışaraq demişdir ki, iki universitet bitirmiş X. Əlibəyli təkcə yazıçı deyil, eyni zamanda uşaq həkimi olmuşdur. Bu səbəbdən yazıçı uşaqların psixologiyasını yaxından bilmiş, əsərləri də balacaların böyük məhəbbətini qazanmışdır. G.Abdullabəyli Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın onun anası haqqında söylədiyi fikri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır: "Xanımana Əlibəyli Azərbaycan uşaq ədəbiyyatının klassiki və uşaq dramaturgiyasının banisidir".
Sonda G.Abdullabəyli tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
Mərasimdə Xanımana Əlibəylinin uşaqların həmişə sevə-sevə baxdıqları "Dovşanın ad günü" (1957) tamaşası nümayiş olunmuşdur.
Ədəbiyyat
qəzeti.- 2010.- 24 dekabr.- S.6.