Allahım

 

Mələk idim, bir buğdaya satıldim,

Cənnətimdən cəhənnəmə atıldim.

Bu yollarda əzablara qatıldım,

Cənnətimə qaytar məni, Allahım.

 

Bu meydanın ərəni yox,əri yox,

Baş qötürüb gediləsi yeri yox.

Bu meydanın basqa dərdi-səri yox

Cənnətimə qaytar məni, Allahım.

 

Ötənlərin nağılları başımda,

Ömür sığar bir qəbirin daşında.

Gözüm daha gördüyündən daşındı -

Cənnətimə qaytar məni, Allahım.

 

 

Bu kənd

 

Dağların qoynuna atılıb bu kənd,

Gözləri çuxura düşüb vaxtdı.

Haylasan, cavab da verən tapılmaz,

gözü açılar, ki baxtı.

 

Daha güvənci yox ağır elinə,

Mizrab vuranı yox indi sazına.

Dağlar da qısılıb biri-birinə,

Bir ocaq yoxdu ki, bəlkə qızına.

 

Gələni-gedəni yoxdu bu kəndin,

Cığırı ot basıb, görünməz olub.

Kecib boğazına yağı kəməndi, -

Öldüyü, qaldığı bilinməz olub.

 

Bəxtinə gör nələr olubdu qismət,

İndi o elləri qar almadadı.

Yetim bağcalar da tumara həsrət, -

Qısılıb çəpərə qaralmadadı.

 

 

Sallaqxana

 

Bilən yox burada oyun gedir,

Kimsə yox bunların çata dadına.

Mələşə-mələşə yüz qoyun gedir

Bir keçi dalınca balta altına.

 

Bu qismət yazılıb onun alnına,

Eh, hələ neçə yol sınayacaqlar.

Bilir, sən getməsən, balta altına

Sürüyüb özünü aparacaqlar.

 

Ölüm qara devdi, açıb ağzını,

Bəlkə taleyindən bezib gedirsən.

Bəlkə , dəyişib alın yazını -

Ya qoyun olmaqdan bezib gedirsən.

 

Bu balta boğubdur çox arzuları,

Arzular baş ilə kəsilir elə.

Bil ki, sənin kimi çox quzuları

Gudaza verəcək keçilər hələ.

 

***

 

Ovub gedir əsrlərdi daş daşı,

Neyləyirəm bər-bəzəyi, daş-qaşı.

Bir ömürə kitabədir başdaşı,

Oxumağa göz gərəkdi, göz gərək.

 

Hər addımda neçə savab, günah var,

Bir savaba qənimdi min günahkar.

Min kisədir eylədiyin günahlar

Çiyninə al, daşı, sürü, döz görək.

 

Bir boğazda neçə cəllad bıçağı,

Boş qalıbdır neçə ana qucağı.

Söndürmüsən neçə odu, ocağı, -

Alışmağa köz gərəkdi, köz gərək.

 

Düşüb çölə yüz didərgin, yüz qaçaq,

Ağıl qaçaq, fikir qaçaq, söz qaçaq.

Utanmağa tapmayırıq yer, qaçaq, -

Üz tutmağa olmalıdır üz gərək.

 

 

Bəsimdi

 

Durduq, bir ömürün önündə durduq,

Bu yolda min bərə, min tələ qurduq.

Vurduq, qılınc vuran qolları vurduq

Azadlıq deyənin dili kəsildi,

Bəsimdi, Allahım, bu da bəsimdi.

 

Dərd içə salınsa, duyanı olmaz,

Sağın soldan basqa həyanı olmaz.

Olmayan ağrının dərmanı olmaz

Ağrıyan mizrabın əlacı simdi,

Bəsimdi, Allahım, bu da bəsimdi.

 

Tutduğun mənzilin yoludur bu dağ,

Yaşından, yaşımdan uludur bu dağ.

Ağacın uzanan qoludur budaq, -

Kişisən, uzanan qolu kəs indi,

Bəsimdi, Allahım, bu da bəsimdi.

 

 

Dahilər

 

Bir dəli sel axır üzərimizdən,

Başımız üstündən tufanlar əsir.

Dünya kiçildikcə gözlərimizdə -

Dahilər azalır əsrbəəsr.

 

Dünya zəhərlənir xislətimizdə

Zaman dərə keçər, zaman dağ aşar.

Zamanın torpağa oxşarı çoxdu, -

Zəhəri artdıqca barı cırlaşar.

 

Sözlər toxum kimi səpilər, gedər, -

Torpaq öz gülünü yetirməliydi.

Deyə bilmədiyim o söz bəlkə ,

Hansısa dahini yetirməliydi.

 

O hansı nəğmədir ötür dilində,

Sənin qüdrətin öz səsindədir.

Torpağın qiyməti bar-bəhərində,

Millətin qiyməti dahisindədir.

 

 

Mükafat

 

Sən niyə bu quşu qəfəsə saldın, -

Uçurdu bu Vətən torpağı ustdə.

Hər yoldan ötəni həvəsə saldın, -

Vuruşur bu quşa ortaqlıq üstə.

 

Qonşu qarğasına bülbülüm deyir,

Qamaşır gözləri parıltısından.

Bəs bu quş o ala qarğacan deyil? -

Dincəlmək olmayır qarıltısından.

 

Qarğalar qalmışdı haray-həşirdə,

Yamanca qaralıb qarımışdılar.

O quşu aradan götürmək üçün

Hələ mükafat da ayırmışdılar.

 

Bağlanıb o quşun daha əl-qolu,

İndi qarğalar da rahat yatacaq.

Utanma, yaxın gəl, ay Vətən oğlu,

Al bu mükafatı, sənə çatacaq.

 

 

Ucalıq dərdi

 

Uçur xəyal ucalığa güman tək,

Ümid deyib zirvələri haqladım.

Dağ ömrünü yaşayanı duman tək

Ayaq altda sürünəndə ağladım.

 

Bir ömürün qayğısı çox, qəmi çox,

İndən belə ucalmağın dərdi var.

Ucalıqdan baxanda bu dünyanın

Gözümüzdə qaralmağı dərdi var.

 

 

Yalçın Qoca

 

Ədəbiyyat qəzeti.- 2010.- 30 dekabr.- S.6.