Görüşlər
Ötən həftə Azərbaycanın
gözəl guşələrindən sayılan, son beş ildə aparılan quruculuq və tikinti
işləri nəticəsində simasını tamam dəyişmiş
Xaçmaz şəhərində tanınmış
şair-nasir, publisist-tərcüməçi, filologiya elmləri
üzrə fəlsəfə doktoru firuzə Məmmədli ilə
şimal bölgəsinin çoxsaylı oxucularının
görüşü keçirildi.
Azərbaycan
Yazıçılar Birliyinin təşkilatçılığı,
Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
Heydər Əliyev adına Mərkəzi Mədəniyyət
sarayında təşkil olunan məclisdə bölgə
ictimaiyyətinin nümayəndələri, ziyalılar,
müxtəlif nəsil oxucular, eyni zamanda F.Məmmədlinin Bakıdan gəlmiş
həmkarları iştirak edirdi. Musiqili - ədəbi poeziya
bayramını Xaçmaz Rayon İcra Hakimiyyətinin
nümayəndəsi Yaqut Məsimova açdı və məclisdəkilərə
Şimal bölgəsinin yetirməsi, tanınmış
şair, alim kimi firuzə Məmmədlinin həyat və
yaradıcılığı barədə geniş məlumat
verdi. Xaçmaz Rayon İcra Hakimiyyətinin
başçısı Şəmsəddin Xanbabayevin məclisin
səbəbkarına təbrikini çatdıran Y.Məsimova F.Məmmədliyə
qiymətli hədiyyə və gül çələngini təqdim
etdi.
Sonra "Azərbaycan" dərgisinin
baş redaktor müavini, tənqidçi Vaqif Yusifli, YYSQ sədri,
yazıçı-kulturoloq Aydın Xan (Əbilov), Qadın
Yazarlar Birliyinin sədri, yazıçı Nüşabə Məmmədli,
Təhsil Nazirliyinin nümayəndəsi, nasir Südabə Həsənova,
şair Qəşəm Çıraqlı, Xaçmaz rayon Təhsil
şöbəsinin müdiri Mədinə Nurməmmədova,
eləcə də Nüsrət Abdullayev, Yəhya İsayev,
Solmaz Novruzova və başqaları çıxış edərək
gözəl ziyalı, istedadlı qələm adamı,
tanınmış alim, fəal ictimaiyyətçi firuzə Məmmədlinin
yaradıcılığı haqqında xoş sözlərini,
xatirələrini, arzularını məclisdəkilərlə
bölüşdülər.
Poeziya
bayramında məktəblilər və mədəniyyət
sarayının əməkdaşları tərəfindən
şairənin şeirləri səsləndirildi, eyni zamanda
"Ulduzlar" ansamblının üzvləri tərəfindən
mahnılar ifa edildi.
Sonda söz Firuzə Məmmədliyə verildi. Şairə
rayon icra hakimiyyətinə, tədbirin təşkilatçılarına,
çıxış edib xoş sözlərini
çatdıranlara, şeirsevər iştirakçılara
minnətdarlığını çatdırdı. Xatirələrini yada salan F.Məmmədli şeirlərini
oxudu, məclis iştirakçılarının
çoxsaylı suallarını cavablandırdı və
kitablarını oxuculara hədiyyə etdi.
Elə həmin
gün tədbirdən sonra Bakıdan gəlmiş qonaqlar
Xaçmaz şəhərinin mərkəzində
açılmış, şəxsiyyətlər parkında,
eləcə də başqa görməli yerlərinə
baxdılar.
A.Əbilov
Ədəbiyyat qəzeti.- 2010.- 30 dekabr.- S.6.