"Cavidnamə"
"Adına repressiya illəri
deyilən acı tarixin günahsız qurbanı olaraq Sibirə
- xalq dilində gedər-gəlməzə sürgün ediləndə
qüdrətli şairimiz Hüseyn Cavidi yola salan kimsə yox
idi. Çünki dövrün Stalin-Bağırov xofu
yaşanırdı. İllər sonrası Cavid Sibirdən Vətənə
qayıdanda bütün Azərbaycan onun pişvazına
çıxmışdı. Çünki müstəqil Azərbaycanın
Heydər Əliyev kimi böyük oğlu və Cavidə
tükənməz Heydər Əliyev məhəbbəti, xalq
sevgisi var idi. Cavid əfəndi ana yurduna bu səfəriylə
bir daha dastanlaşdı, heykəlləşdi, türbələşdi.
Zamanın buzu sındı, haqqında çox qiymətli əsərlər
yazıldı. İnamla deyə bilərəm ki, Cavid
haqqında ən möhtəşəm ədəbi-elmi-tarixi
abidələrdən biri də cavidşünas alim Azər
Turanın bu gün təqdim edilən "Cavidnamə"
kitabıdır.”
Keçirilən təqdimat
mərasimini açan xalq şairi Zəlimxan Yaqub belə dedi.
Vurğuladı ki, Azər Turan son 15 gün ərzində bizə
iki dəfə möhtəşəm Cavidli anlar
yaşatdı: "Yaxın günlərdə o, AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurası
qarşısında Cavidin yaradıcılığı
haqqında yazdığı dissertasiyanı uğurla
müdafiə edərək halal haqqını
reallaşdırdı. İndi də "Cavidnamə"nin
sevincini yaşayırıq. Bu kitabın ən qiymətli cəhətlərindən
biri odur ki, burada bütövlükdə Rasizadələr və
Cavidlər ailəsinin taleyi çox geniş şəkildə
öz əksini tapıb. Tərtibat xüsusiyyətlərinə
görə "Cavidnamə" kitab içində
kitabdı. Şeyx Məhəmməd Rasizadənin kitabı,
Mişkinaz xanımın kitabı, Tahir Rasizadənin
kitabı, Turan Cavidin kitabı, Türkçülük və
Turançılığın kitabı… Azər Turan bu
kitabı Cavidin əqidəsinə,
türkçü-islamçı əxlaqına sahib
çıxmaqla bütün varlığı, həyatı,
düşüncəsiylə yazıb, mövzunun içində
əriyə-əriyə yaradıb. Cavid ömrünün, Ərtoğrol,
Mişkinaz xanım, Turan xanım ömrünün kəsilən,
qırılan yerindən sanki Azər Turan var olub, doğulub. Ona
"Azər" adını böyük ziyalı və vətəndaş
olan atası İmamverdi Əbilov, "Turan" adını
isə Cavid yadigarı Turan xanım rəsmən,
yazılı şəkildə verib. 2003-cü ildə Azərin
qırx yaşı tamam olanda unudulmaz Turan Cavid 1922-ci ildə
atasının ailəvi çəkdirdiyi bir şəklin
altına "Azər Turan, Tanrı səni - Cavid
ocağının ləyaqətli varisini bütün bəlalardan
qorusun…" sözlərini yazıb ona
bağışlamışdı. Bu etibara Azər "Cavidnamə"
ilə möhür vurdu. Azər "Cavidnamə"ni həmin
sözlərin davamı kimi yazdım. Bundan sonra
cavidşünaslıqda kim nə yazsa bu kitabın çevrəsində
fırlanacaq".
Professor Nizaməddin Şəmsizadə mərasimdə çıxış edərək dedi: "Azərbaycan ziyalılığını ortaq məxrəcə gətirən dəyərlərdən biri də Cavid ömrü, cavidşünaslıqdı. Təqdim olunan kitab ümumən ədəbiyyatımıza, milli kimliyimizə olan böyük bir sevginin ifadəsidi. Cavid əfəndi çox az bir ömür yaşadı, ancaq müxtəlif əsrləri - on doqquz - iyirmi və iyirmi birinci əsrləri özündə birləşdirdi. Biz tarixin müxtəlif dönəmində Cavidə ehtiyac duyuruq.
İllər öncəsi Azər "İrfan çobanı" adlı bir kitab yazıb çap etdirmişdi. Fikrimcə, Azərin özü də davranışı, elmə, mədəniyyətə münasibəti ilə bir irfan çobanı, irfançılıq fəlsəfəsinin, sufizm ideyasının layiqli davamçısıdır. Bu kitab çox dəyərli bir iş, hərəkətdi və Cavid haqqında yazılmışların uğurlu yekunudu. "Cavidnamə" Cavidlə bağlı məchul nöqtə qoymur".
Millət vəkili Qənirə Paşayeva "Cavidnamə"nin maraqlı və dolğun alınmasının başlıca səbəbini müəllifin Cavid ocağına bağlılığı, Turan xanımla ruhu birliyində gördüyünü dedi: "Azər Cavid düşüncəsinin, Cavid ruhunun adamıdı. Ona görə də bu əsər belə mükəmməl və oxunaqlıdı. Müəllif "Cavidnamə" üzərində çox həssaslıqla işləyib. Ulu öndər Heydər Əliyev Cavidi Azərbaycana qaytardı. O böyük xidmətin işığında belə bir kitabın araya-ərəsyə gəlməsi qanunauyğunluqdu. Hesab edirəm ki, bu kitab yayılmalı, təbliğ olunmalıdı. "Cavidnamə"nin nəşrinə dəstək verən "Cahan Holdinq"in rəhbərliyinə dərin təşəkkürümü bildirirəm".
Akademik Vaqif Abbasov, millət vəkilləri Fazil Mustafa, Gülər Əhmədova, Musa Qasımov, şair Adil Cəmil, Cavidin yaxın qohumu Əbülfəz Naxçıvanlı, Azərbaycan Dövlət Arxivinin direktoru Ataxan Paşayev, 1982-ci ildə Cavidin nəşini Vətənə gətirən qrupun rəhbəri Həmid Cəfərov və başqaları çıxış edərək "Cavidnamə"nin məziyyətlərindən söz açdılar.
Sonda Azər
Turan danışdı. Kitabın işıq üzü
görməsində əməyi olan insanlara minnətdarlığını
bildirdi, "Cavidnamə"nin yazılmasına səbəb
olan bir çox məsələlərlə bağlı fikirlərini
bölüşdü: - Cavid əfəndi haqqında məndən
əvvəl də yazanlar olub, indi də yazanlar var, heç
şübhəsiz gələcək zamanlarda da yazılacaq.
Eyni zamanda onun da fərqindəyəm ki, zamanın irfan küləkləri
bizim yazdıqlarımızı toza çevirəcək, ancaq
Cavid əfəndinin yazdıqları həmişə qalacaq…
Sərvaz
Ədəbiyyat qəzeti.- 2010.- 30 dekabr.- S.6.