Düşündürən kitab   

     

Bütün oxuduğum kitabları iki yerə bölmək istərdim: müasir dünyanın fəlsəfi dünyagörüşünü və baxışlarını əks etdirən, dünyaya yeni prizmadan baxmağı, demokratik yanaşma tərzini aşılayan; avtobioqrafik, keçmiş yaşadığımız dövrün şirin, acı xatirələri ilə həyat dərslərini əks etdirən, eyni zamanda qürurla yaşadığımız anları yada salmaqla həyatın inkişafını təkamülləşməkdə görmək arzusu ilə yaşayan insanların yazdığı kitablar. Oxucu kimi həmin kitablarda zəngin psixoloji, polefonik və b. məqamlarla üzləşirsən. Bir sözlə, belə kitabların məzmunu insanşünaslığı, cəmiyyətşünaslığı təlqin edən kitablardır. Həmin kitablar içərisində Gülrux Əlibəylinin "Dəyişən dünyamız" kitabı üzərində dayanmaq istəyirəm.

Gülrux xanım bir ziyalı alim kimi özü də, yaradıcılığı da maraqlıdır, müasirdir, cəlbedicidir, aktualdır. Onun bir esseist, publisist kimi yaradıcılığında yenilik motivləri güclüdür. Xüsusilə xoşbəxtliyi yaratmaqda görməsi yəqin ki, insanların çoxu tərəfindən qəbul ediləndir. Sadə həyat tərzi keçirən, maddi həyat şəraiti cəhətdən həsəd aparılmayan bu nəcib insan, yazıb-yarada bildiyi üçün özünü xoşbəxit sanır. Onun fikrincə, belə, bu kimi xoşbəxtlər dünyada bizdən sonra gələnləri salamlaya bilərlər. Bu ağbirçək dünyaya, gələcək nəsillərə xeyir-dua verməklə onlarda fərəh hissi oyadacağına böyük ümid bəsləyir. O, arzu edir ki, gələcək nəsillər keçmiş yaradıcı dühaları ilə fəxr etsinlər. Nizami, Füzuli, Mirzə Cəlil, Sabir və b. onlardan sonrakı nəsilləri, bizləri salamladıqları kimi.

Gülrux xanımda böyük vətənpərvərlik, xalqına bağlılıq vardır. Bu keyfiyyəti əsasən 20 Yanvar hadisələri ilə bağlı yazısında ifadə edir. Xalqın qələbə ruhunun ən güclü silahdan üstün olduğuna böyük qiymət verir. 20 Yanvara qədər, 20 Yanvar ərəfəsində və sonrakı dövrdə itirdiklərimizin əvəzini qaytarmaq məqsədilə yaxın vaxt ərzində özünüdərkə, zənginləşməyə, yeni həyata başlamağa, sivil insanlar sırasına çıxmağa səsləyir: "Bu yolda özün özünə kömək ol, kimsədən imdad umma" - sözləri ilə bir daha müdrik insan olduğunu göstərir. Xanım zəif vücudu ilə gələcəkdə qurulmaqda olan dünyanı möhkəmlətməyə, qorumağa səsləyir. O, buna əmindir, çünki müasir Azərbaycanda gənclər onun dediyi kimi, artıq xəyalpərəstlikdən uzaqlaşmaq, romantikadan fərqli mövqeyi tuturlar, xarici dilləri öyrənməyə, kompyuter sistemini, müasir iqtisadi qanunları öyrənməyə və s. istiqamətləndirirlər.

Müəllif, keçid dövründə insanların ziddiyyətli, ekzistensial xüsusiyyətlərinin daha qabarıq üzə çıxdığını bildirir. Görünür onun estetik-fəlsəfi baxışları deyilənlər barədə insanşünas kimi nəticə çıxara bilməyinə kömək olar. Gülrux xanım pul haqqında yazdıqları fikirlərlə etiraf edirəm ki, məni təəccübləndirmişdir. Pulun tarixi rolunun, idarəetmə əhəmiyyətinin, ən mürəkkəb insanın psixologiyasının pulla bağlı söhbətlərdə açmaq bacarığı maraq doğurur. Pul haqqında adi insanların, klassiklərin dediklərini ümumiləşdirərək pula münasibətdə ali ideyanı önə çəkir. Bunsuz ən böyük pulun fəlakət törədə biləcəyini yada salır. Müdriklərin sözü ilə ifadə edir ki, "pulu qazanmaq üçün yüksək səriştə, xərcləmək üçün yüksək mədəniyyət olmalıdır". Müəllif israr edir ki, ideyasız hər hansı pullu cəmiyyət tənəzzülə yuvarlanmalıdır. İndi isə insanların bir çoxu dünyanı pul ilə alıb-satmaq ümidi ilə yaşayır, bu hisslər bir neçə müddətə güclənə bilər.

Yuxuda şəhəri seyrə çıxan bu insan hər tərəfi gözəl, yaraşıqlı görür, hamı şəndir, insanların üzündə təbəssüm görünür. O özünü xoşbəxt sanır və deyir: "Hamı xoşbəxt olduğu üçün mən də xoşbəxtəm!" Bu sözlər millətini sevən böyük ananın xeyir-duasıdır.

Həyatın bir çox məqamlarından, kişi-qadın münasibətlərindən, ziyalılıqdan söz açaraq bəyan edir ki, o, insanları mənəvi cəhətdən dost və qohum görmək istəyir. Deyilənlər mənə İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə nənələrimizin və analarımızın xeyir-duasını xatırladır: "Allah hamının balasını saxalsın, bizimkilər də onların içində!" Bəlkə də bu deyilənlər dünyada zorun, ekoloji gərginliyin, kosmik kataklizmlərin dəhşətlərinə düçar ola biləcək dünya insanlarının yeni amalına çevriləcəkdir.

Maraqlıdır ki, Gülrux xanımda indiyə qədər başqaları tərəfindən qələmə alınan, başqaları tərəfindən xeyli təhlil olunmuş mövzulara toxunarkən yeni söz, yeni fikir söyləmək məharətini də müşahidə edirik. Ona görə də, xanımın dediyi - "Rəsul Rzanın rənglərə münasibəti, bizim ənənəvi təsəvvürümüzü qırır, onlara yeni gözlə baxmağa məcbur edir" - ifadəsi deyərdim ki, oxucunu bu mövzuya yenidən qayıtmağa sövq edir. İxtisasından asılı olmayaraq həmin şeir insanda müşahidə etmək qabiliyyətini artırır, həqiqətən idrakını itiləyir.

Azərbaycan musiqisinə, xüsusilə Azərbaycan mahnısı və rəqslərinə gəlincə demək istərdim ki, Gülrux xanım burada da yeni fikir, yeni söz deyə bilmişdir. Müəllif bildirir ki, mahnı ən xəlqi və humanist janrdır. Yaxşı mahnı xalqın qəlbinin qızıl külçəsidir. Xalq mahnısıyla qidalanan professional mahnı zənginləşir, dinləyicinin ürəyinə yatır. Alim musiqinin və mahnıların dünyəviliyini, keçiriciliyini nəzərə almaqla bildirir ki, adət-ənənələrdəki, dillərdəki tarixi genetik əlaqələri nəzərə aldığımız kimi, dünya xalqlarının mahnıları arasındakı qohumluğu, yaxınlığı nəzərəalma tədqiq etməliyik. Müəllif hələ indiyə qədər fəlsəfi mahiyyəti kifayət qədər açılmayan rəqslərin məzmununu, insana sehrli təsirini, xüsusilə estetik, hətta emosional təsiri barədə qiymətli təhlil verir. Bununla, müəllifin oxucuya verdiyi anlayışlar insanda daha geniş ideyalarla yanaşı deyərdim ki, biofiziki hisslər barədə düşünməyə sövq edir.

Gülrux xanım amansız müharibədə qardaşını, əzizini itirən bir azərbaycanlı qadını kimi qardaş həsrəti ilə yaşayır. Bu hisslərin içərisində qardaş-bacı münasibəti dünya xalqlarının hissləri ilə oxşarlığı çoxdur. Məsələni fəlsəfi cəhətdən qiymətləndirən alim qeyd edir ki, iki qardaş nadir hallarda dost ola bilir. Məlum ifadəni misal gətirir: "Qardaşım mənim, düşmənim mənim". Bundan fərqli olaraq yazır ki, kənd yerlərində indi də bacılar öz talelərini, xoşbəxtliklərini qardaşlarına qurban verirlər. Qardaşını itirən Gülrux xanımın da ağrıları bizə tanışdır. Gülrux xanımın qardaşı Sədiyar orduya könüllü gedir, az vaxtda şəhid olur. Bir çox Sədiyarlar Almaniya savaşında çox qısa vaxtda qırıldıqları kimi, Əfqanıstan və Qarabağ savaşında da cavanlarımız çox sürətlə həlak oldular. Hər üç müharibədə itkilər az ola bilərdi. İlk növbədə döyüşə göndərilənlər fiziki, taktiki, psixoloji cəhətdən hazırlaşdırılmırdılar, yaxud da zəif hazırlaşdırılırdılar.

Qarabağ savaşı başlayanda XX əsrin axırı idi. Biz o savaşa hazır deyildik, hazırlıq işi də pis vəziyyətdə idi. Ulu öndər, dünya şöhrətli Heydər Əliyevin hakimiyyətə qayıdan kimi atəşkəsi tətbiq etməsi düzgün siyasət idi. Əks halda biz hələ çoxlu qurbanlar itirəcəydik. İndi fiziki, psixoloji, taktiki cəhətdən hazırlıqlı, vətəni düşmənlərdən azad etməyə hazır olan ordumuz vardır.

Gülrux Əlibəyli yaradıcılığında qadınlar güclü, zəif, ilham mənbəyi olub cəmiyyətin aparıcı qüvvəsi kimi tərənnüm olunur. O, dünya dahilərinin, yaradıcı insanların, qadınlar haqqındakı ideyalarını oxucuların nəzərinə çatdırır, bəzi kişilərin qadınlar haqqındakı fikirləri ilə razılaşmır.

Gülrux xanımın "dünya dağılır" deməsini mən ilk dəfə siyasi anlam kimi başa düşür, onun mənasının açılmasında çətinlik çəkirdim. Lakin o, özü ürəyinin dərdlərini rəfiqəsi ilə bölüşəndə çox məsələlərə aydınlıq gətirir. Bir çox sualların cavabını tapır, bəzilərinin düzgün cavablandırılmasına yaxınlaşır. Ümumiyyətlə, onların ürək sözlərindən aydın olur ki, bazar iqtisadiyyatı müasir insanları eqoistləşdirir, işsizliyi millət üçün bir müddət fəlakətə çevirir, insanlarda mədəniyyət səviyyəsi aşağı düşür, cavanlarda fiziki sağlamlıq və həyat səviyyəsi aşağı olur. Yeni dünyagörüşlü soyuqqanlı insanlar formalaşır və s. Belə hallar inkar edilmir. Gülrux xanımın dediyi kimi, Azərbaycan milli mentaliteti, mədəniyyəti, mənəviyyatı ilə yetişən, tərbiyələnən insanlar yuxarıda göstərilən hallarla çulğalaşırlar. Lakin səbəblərini kifayət qədər aça bilmirlər.

Yenidənqurma dövründə həyatımızın xeyli gərginləşməsinə səbəb ermənilərin qabaqcıl hesab edilən bəzi qadınları da səbəb oldular. Yenidənqurma dövründə qonşularımız, onlar üçün gözəl vətənə çevrilən Azərbaycanın çörəyinə təpik atdılar. Hər şeyi unutdular. Silva Kaputikyanlar yada salmadılar ki, bizdə Züleyxa Seyidməmmədovalar, Gülruxlar, Salatınlar və başqaları kimi iradəli qadınlarımız vardır.

Ölümlə bağlı epik təhlili haqqında çox danışmaq olar. Bu mövzu bizi düşünməyə, ölümdən qorxmamağa, həyatda günahlar işlətməməyə sövq edir. Onun təsvirində ölüm qədim turklərdə olduğu kimi kabusa yox, həyatın davamı, insan ruhlarının əbədiyyətə qovuşması deməkdir.

Gülrux xanım bəzi insanların gözəlliyə qarşı laqeyd olmağından şikayətlənir. O, bu sahədə yaxşı işlərə yüksək qiymət verməklə yanaşı bildirir ki, biz gözəlliyi qoruya bilmək mədəniyyətinə tamamilə yiyələnə bilmirik. Çünki biz gözəlliklərə qərq olmuş ölkədə yaşayır, bəzən də bir çoxumuz ona asanlıqla nail olduğumuz üçün layiqincə qiymətləndirmirik. Bəzilərimiz də gözəlliyi o qədər "sevirik ki", eqoizmin təsirindən onu mümkün qədər hamısını özümüzküləşdiririk, maksimum istifadə edirik. Yaxud da gözəlliyi dərk etmədən onu basıb keçirik, onu gələcək nəsillər üçün saxlamırıq. Dünyada gözəllik - bakirə qızın quldurlar əlindən çırpınıb xilas olmaq istəməsinə bənzəyir. Əgər bəşəriyyət gözəlliyi qoruya bilsələr, gözəllik də bizi xilas edə biləcəkdir.

Müəllifin "Dağılan dünyamız" yazıçı əvvəlkindən bir qədər fərqlidir. O, 1990-cı ildən sonrakı vəziyyəti əks etdirir. Ölkədə bütün siyasi, iqtisadi, mənəvi böhranları yada salır. Yenidənqurma adı ilə gələn bu böhranda bütün dünya qlobal gərginliklərə məruz qaldı. Çoxlu sayda şəhidlər verdik. 20 Yanvar, Xocalı qırğını törədildi. Ona görə də insanlar sarsıldılar, xarici dünyamız dağıldığı kimi, daxili dünyamız da sarsıldı. Başqa millətlərlə yanaşı, özümüzün içərimizdən də özümüzə əl qaldıranlar tapıldı. Azərbaycanı, onun varını hərə bir tərəfə dartmağa başladılar. Dədə Qorqud demiş, şükür ki, hələ yaşayırıq, dururuq. Bəli, ən başlıcası yaşadırıq. Şükür ki, ölkə ayağa qalxdı, balanslı siyasət aparılır. Azərbaycan güclü dövlətə çevrilir. İndi Azərbaycanda dünya durulmağa başlayır. Bəli bir çoxlarımız keçid dövrünün ağrılarından problemlərindən qurtara bilməmişik.

Nəzərə almaq lazımdır ki, keçid dövründə çətinliklər yoxsulluq yaratsa da, Azərbaycanın Prezidenti cənab İlham Əliyev çox inamla bildirmişdir ki, bizim dövlətin inkişaf istiqamətləri yoxsulluğun tədricən aradan qaldırılmasına yönəldilmişdir. Bugünkü inkişaf və yeniliklər deyilənlərə inanmağa əsas verir.

Gülrux Əlibəylinin kitabının bizdə optimist duyğular yaradan, bizi düşündürən məqamlarını qəbul edir. Həcmcə çox da böyük olmayan kitabda, güclü informasiya verilməsini - insanı düşündürən zəngin problemlər qoyulmasını mən çox az kitablarda görmüşəm.

Az da olsa fəlsəfi, estetik, ali intellektual hisslərə malik insan bu kitabı oxuduqca özündə vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik ruhunu canlandıra bilər.

 

 

Şövqi Göyçaylı

 

Ədəbiyyat qəzeti.- 2010.- 30 dekabr.- S.5.