Sözün işığında
Söz işığında damla-damla yanan qadın şairələrimizdəndir Simuzər Nüsrətbəyli. Təsadüfi deyil ki, şeirlərinin birində ömrünü şam ömrünə bənzədərək elə-beləcə deyir:
Bir şamın ömrüdü Simuzər ömrü
Yanar damla-damla öz işığında.
Simuzərin şeirlərində vətən məhəbbəti, itirilmiş torpaqlarımızın həsrəti, acısı özünəməxsus boyalarla, qadın ürəyinin döyüntüsü ilə həmahəng şəkildə canlanır. "Azərbaycan" şeirində:
Göylərdə ulduz çox, günəşsə birdir,
Yeganə günəşim tək vətənimdir.-
deyən şairə "Ağlama, Şuşam, ağlama" şeirində min qəlbə sığışmayan ağrı-acını bir qəlbin iztirabından keçirib ağı kimi bizə çatdırır. Bu ağı Şuşaya həsr olunmuş yüzlərlə şeirin içərisində ən təsirlisidir desək, bəlkə də yanılmarıq:
Yurdum yandı ocaq kimi,
Düşmən gəzir qoçaq kimi.
Boş qalıbsan papaq kimi,
Ağlama, Şuşam, ağlama.
Kirs dağım,
buzdan qar
Yan günəşim, yan, qaralma.
Düzdə nərgizim,
saralma,
Kolda bənövşəm,
ağlama…
İtirilmiş Şuşanı
başımızdan düşüb
boş qalmış papağa bənzədən
şairə bu böyük dərdi daşıyan vətən
torpağına "ağlama"
deyir, inanır ki, Şuşamız da, düşmən tapdağında qalan başqa torpaqlarımız
da tez-gec azad olacaqdır. Xalqın qeyrətinə inanan şairənin ağısının
içində də bir nikbinlik yaşayır.
"Ağlama torpağım"
şeirində şairin
vətən sevgisi bir el anasının arzusu kimi səslənir.
El-oba sevincə, toya bürünsün,
Bir də ağlamasın Vətən
torpağı,
Qanlı qərənfillər
ah çəkdi, yetər,
Xoşbəxt sabahların
gəlsin sorağı…
Simuzərin şeirlərində doğma
yurdun tərənnümü,
təbiət gözəlliklərinin
təsviri əsas yerlərdən birini tutur. Yurdunu qarış-qarış dolanan şairə heç bir gözəlliyə, mənzərəyə
biganə qalmır.
Onun şeirlərində
dağlar gözəli
şəlalə yeni bir obraz kimi
yaddaşımızda özünə
yer tapır:
Şəlalə elə bil
qız hörüyüylə
Küsüb,
qayalardan asıb
özünü.
"Burdan bahar keçib" şeirində sellərin coşqunluğu, bir qızın çaşqınlığı,
quşların qanadlı,
yolların ağatlı
olması baharın bu sevgi, ömür
yollarından keçməsi
ilə obrazlaşır. Şeirin
son bəndində isə
oxuyuruq:
Burdan bahar keçib deyən:
Ağlayıb,
Göz yaşından
Nərgiz, yasəmən
qalıb,
Bu da onun dəsmalı-
Bir yaşıl
çəmən qalıb…
İnsanlara həyat
verən, ürəklərin
ən gözəl duyğusu olan sevgi, doğma insanlara məhəbbət,
dünyanı xoşbəxt
gələcəyə apara
bilən ən ümdə insani xüsusiyyətlərdən biri
olan yaxşılıq,
sevinc və saflıqla dolu olan uşaq dünyası və s. mövzular da Simuzərin yaradıcılığından
yan ötmür. O, həzin, kövrək duyğularını bayatılarla,
həyat təcrübəsindən
doğan fəlsəfi
düşüncələrini isə rübailərlə
ifadə edir.
Gör bu alın yazım necə xətlidir,
Ömrüm çaylar kimi hərəkətlidir.
Qəlbimdən su içər mənim əllərim,
Bəlkə onunçün də bərəkətlidir.
Onu əlinə qələm almağa məcbur edən sevgidir, vurğunluqdur Çünki
onun şair əlləri elinə, yurduna, insanlığa sevgi ilə dolu olan qəlbindən
su içir.
Mən sənətdə
yananların,
Ozanların, Cünunların,
Eşqdəsə Məcnunların,
Kərəmlərin vurğunuyam…
- deyir şair. Özü də sənətdə yananlardandır. Leyli kimi
Məcnunların vurğunudur.
Əsli kimi Kərəmlərin oduna yananlardandır.
Doğma
yurdun, elinin vurğunudur, doğma torpağının, doğma
ocağının oduna
yananlardandır. Bir sözlə,
aşiqdir, şairdir.
Şam kimi damla-damla yanır öz içində. Simuzərin indiyə
kimi 10 kitabı işıq üzü görüb. Kitabdan kitaba
inkişaf yolu keçib. Bu gün yaradıcılığının
ən qaynar dövrünü yaşayır
Simuzər xanım.
Gənclik eşqi ilə
yazıb-yaradır. Ona yeni-yeni
yaradıcılıq uğurları
arzulayır, məhəbbətin,
ilham bulağın tükənməsin deyirəm.
Ağamir CAVAD
Ədəbiyyat qəzeti.- 2010.- 30 dekabr.- S.4.