Unudulmayan Yusif Səmədoğlu
Həyatda elə insanlar var ki,
onların ölümü cismani ömrün sonu kimi mənalanır.
Amma əsl həyat bundan sonra başlayır. O insan aylar, illər,
əsrlər keçdikcə hər yeni nəsil
üçün yenidən doğulur və beləliklə, o
insan məzarıstanın yox, əbədiyyətin
qonağı olur. Böyük Azərbaycan
yazıçısı Yusif Səmədoğlu da belə
insanlardan biridir.
O, Azərbaycanın XX əsrdə
yetirdiyi, lakin şöhrəti sonrakı əsrlərə də
gedib çıxacaq, heç bir zaman unudulmayacaq böyük
şairimiz Səməd Vurğunun ailəsində dünyaya gəlmişdi,
bu ailənin ilk övladı idi.
Mən həyatımda,
yaşadığımız kənddə iki böyük
ağlaşmanın şahidi olmuşam. Beş yaşım
vardı, 1953-cü ildə - mart ayında "ellər
atası" Stalin öldü - ilk ağlaşma onda oldu. Xalq
elə bilirdi ki, Stalin öldü, ölkə yiyəsiz
qalacaq, amma belə olmadı.
1956-cı ilin mayında Səməd
Vurğun vəfat elədi və yenə də böyük bir
müsibətin şahidi oldum.
Çox tezliklə
anladım ki, bu iki ölüm arasında böyük
ayrıntılar var. Tezliklə Stalinin şəxsiyyətə
pərəstişinin tənqidi bir kompaniya halına
keçdi. "Ellər atası" fəxri zirvədən
aşağı yumbalandı, vaxtilə onun ölümünə
matəm tutanlar heykəllərini uçurdular. Amma Səməd
Vurğun unudulmadı. Çünki Səməd Vurğunu
unutmaq azərbaycanlı olduğunu unutmaq demək olardı.
Deyirlər ki, Yusif Səmədoğlu zahirən öz atasına çox oxşayırdı. Amma Yusif Səmədoğlu atasına nə qədər oxşasa da, öz taleyini yaşamışdır. Onlar XX əsrin bir-birindən fərqli iki zaman qütbündə ömür sürmüşlər. 1956-cı ildə, 50 yaşını təzəcə adlamış Səməd Vurğun artıq illər boyu çəkdiyi mənəvi əzablardan, açıq və gizli təqiblərdən "qazandığı" xərçəngdən vəfat etdi. Bu zaman Yüsif Səmədoğlunun iyirmi bir yaşı hələ tamam olmamışdı.
Səməd Yusif oğlu həyatında çox-çox uğurlar, fəxri mükafatlar və ən başlıcası xalqın böyük məhəbbətini qazanmışdı, həm də, öncə dediyimiz kimi başı müsibətlər, bəlalar çəkmişdi, o, böyük şöhrət pyedestalına da bu uğurlar və müsibətlərlə birgə yüksəlmişdi. O, uşaqkən atasını, sonra anasını itirmişdi. Bəy oğlu idi, amma yeni quruluş ona bəy kimi yaşamağa heç macal vermədi, o, komsomolçu oldu.
Şeir aləmində
çox tez parladı. Azərbaycan sovet şeirinin liderlərindən
biri oldu. Qorxulu illər idi. Cavid, Müşfiq, Əhməd
Cavad - onlarla gözəl ziyalılar sürgünlərdə
məhv oldular, güllələndilər. Səməd
Vurğun isə yaşaya-yaşaya bu sürgünlərdən
keçdi.
1956-cı ildə, Səməd
Vurğun vəfat edəndə dövr, zəmanə artıq
mülayimləşmişdi. Moskvada, Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunda təhsil alan Yusif Səmədoğlu sonuncu kursu
Bakıda-ADU-nun filologiya fakültəsində başa
çatdırdı. Sonra qəzet və jurnallarda əməkdaşlıq
elədi, sonra kinostudiya, sonra "Ulduz" və "Azərbaycan"
jurnallarında baş redaktor, sonra da Yazıçılır
İttifaqının birinci katibi, Milli Məclis… Amma harada
işləyir-işləsin, Yusif Səmədoğlu
atasından gələn bir xətti-azərbaycançılığı,
vətənçilik ideyasını həm əsərlərində,
həm də ictimai fəaliyyətində başlıca meyara
çevirdi. Gəlin, onun ilk hekayələrindən birinə
- "220 ¹-li otağ"a müraciət edək. Bu hekayənin
qəhrəmanı olan gənc bütün varlığı
ilə Azərbaycana bağlıdır, Moskvada təhsil alan
dostlarının birdən-birə dəyişməsi (adət-ənənələrimizə
dodaq büzmələri, tarı yox, saksafonu, trubanı sevmələri,
rus qızlarına məftun olmaları) onun mənliyinə
toxunur. Buna görə də o, "Bizdən Azərbaycana
salam!" deyən dostlarından əbədi ayrılır,
yataqxananı tərk edir. "Komendantdan pasportumu geri alanda o
qoca kişi diqqətlə üzümə baxdı və
soruşdu:
- Orada heç kim qalmadı?
Yoxsa gecdir, yatmaq vaxtıdır. Mən nə etdiyimi bilmirdim.
Yazıq qocanın üstünə qışqırdım: -
Xeyr, qaldı! Bir fahişə qaldı, bir də o fahişəyə
oxşayan iki oğraş!"
***
Ölümündən sonra
Yusif Səmədoğlunun "Deyilənlər gəldi
başa" kitabı çapdan çıxdı. Bu kitabda
Yusif Səmədoğlunun demək olar ki, bütün nəsr
yaradıcılığı öz əksini tapır. Yusifin
14 hekayəsi, "Qətl günü" romanı və bir
də "Deyilənlər gəldi başa" bitməmiş
romanı bu ktabdadır. Sayca az, amma sanbalca gözəl əsərlər.
Bəli, o, az yazırdı. Özü də istəyəndə
yazırdı, istəməyəndə yox.. Amma elə
yazmadığı illərdə də heç kəs onun
istedadlı olduğuna qətiyyən şübhə eləmirdi.
***
"Dərd də azar kimi gələndə
batmanla gəlir". "Qətl günü" romanı bu
fraza ilə başlayır. "Dünya duracaq yer deyil, ey can səfər
eylə" (Nəsimi). Yusif Səmədoğlunun bu məşhur
romanı dünya və insan haqqındadır. Dünyada isə
əsrlərdir ki, lokal və qlobal müharibələr,
hakimiyyət uğrunda amansız çarpışmalar,
ölüm-dirim savaşları baş verir- "Dünya
yaşıyor hərb ilə qovğalar içində"
(M.Hadi). Tanrının yaratdığı insanlar bir-birinə
qənim kəsilirlər. "Yalnız deyil insanlara, vəhşilərə
sorsan, Onlar belə insandakı vəhşiliyə heyran"
(H.Cavid) . Bəşəriyyət tərəqqiyə,
sivilizasiyaya doğru irəliləyir, insan zəkasının
yaratdığı nəsnələr çox şeyi dəyişdirir,
ancaq insandakı əzəli-əbədi xasiyyətlərin
bir çoxu dəyişilməz qalır. Dünya yenə
gücün, zorun, mənəm-mənəmliyin,
işğalçı müharibələrin cəngində
inləyir. "Qətl günü" romanı bu mənada
bir çağırış-haray təsiri
bağışlayır. İnsan həyatındakı ahəngdarlıq,
ritm və harmoniya pozulanda o, nəfsin, tamahın və qəbahətin
qulu olur.
Romanda əbədi Xeyir-Şər
mübarizəsi ortaya qoyulub. Bu mübarizə bəlkə elə
dünyanın yaranışından üzü bəri gələ-gələ
bitmək bilmir. İctimai quruluşlar, cəmiyyətlər və
saysız-hesabsız insan nəsilləri bir-birini əvəz
edir, amma mübarizə davam edir. Hər dövrün, hər
epoxanın, bəlkə də hər günün öz
Hörmüzü və Əhriməni olmuşdur. Bu əbədi
döyüşdə Şər həmişə güclü
olmuş, amma bəşəriyyət Xeyirə,
İşığa inam bəsləmişdir. "Qətl
günü" də bu mənada istisna deyil və bu mövzu
- Xeyir-Şər mübarizəsi onun da başlıca konflikti
kimi müəyyənləşə bilər. Əbədi
Xeyir və Şər mübarizəsini üç zaman
hüdudunda açıqlayan müəllif sanki belə bir
fikri təlqin edir: bütün zamanlarda Şər daimi fəaliyyətdə
və hərəkətdə olmuşdur. Lakin hər dəfə
və zamanın hər bir pilləsində onun mübarizə
formaları öz müxtəlifliyilə seçilib...
...Qeyd elədik ki, romanda
bir-birindən fərqli üç zaman təsvir olunur. Deməli,
üç dövrün psixologiyasını bədii tədqiq
obyektinə çevirmək lazım gəlir. Burası da təbiidir
ki, müəllif insanların psixologiyasında dövrün,
zamanın psixologiyasını əks etdirir. Azğın
hökmdarın cəlladlığı əsrində insanları
bir-birinə bağlayan münasibətlər tamamilə itaət
və asılılıq üstündə bərqərardır.
İki əsr keçmiş, cəmiyyətin ictimai-siyasi təməli
yenidən qurulmuş, lakin Şərin kökü kəsilməmişdir.
Böyük şairin edamına bais olan satqın saray şairləri
indi Muxtar Kərimli cildində üzə gülür, Sədi
əfəndi kimi məmləkətin gözü olan
yazıçıların ölüm hökmünə qol
qoyurlar. Doğrudur, Muxtar Kərimlilərin meydan
suladıqları vaxtlarda Sədi əfəndilərin
nüfuzu və şöhrəti möhkəm idi. Amma Sədilərin
ədəbi şöhrəti Kərimlilərin rəsmi
mövqeyi sədlərini dəf etməyə qadir deyildi.
Çünki bir neçə gündə Sədi əfəndini
gedər-gəlməzə yola salan Salahovlar
yaşayırdı və onların varlığı hələ
uzun illər xalqın başı üzərində
dolaşacaqdı. Bu, o Salahovdur ki, adamları sinfi mənsubiyyətinə,
yalnız bəy, ya koxa, ya da çox ağıllı
olduğuna görə divara söykəyib güllələmək
əmri verirdi. Sonralar, çox sonralar Zülfüqar kişi
belə bir əmri yerinə yetirib Sarıca oğlu Məhəmmədi
Qanlı çanağa qalxan cığırda qanına qəltan
elədiyini bütün dəhşəti ilə duyacaqdı.
Hər gecə yuxusunda Sarıca oğlu Məhəmmədi
görəcəkdi. "Yandım, kül oldum, ay
dağlar!" deyəcəkdi.
"Qətl günü"
romanı barədə söz açan müəlliflər təbii
ki, bu əsərin Azərbaycan nəsrində maraqlı bir ədəbi
hadisə olduğunu qeyd etmişlər. Mən xalq
yazıçısı Anarın bu fikri ilə tam razıyam
ki: "Mənim fikrimcə, bu romanın meydana
çıxması ədəbi fakt çərçivəsindən
qat-qat böyük əhəmiyyətə malikdir. "Qətl
günü" - müasir ədəbiyyatımızın həqiqət
günüdür".
Bu fikirdə mənim demək
istədiyim həqiqətin özəyi var. "Qətl
günü" doğrudan da ədəbi fakt çərçivəsindən
qat-qat əhəmiyyətlidir. Y.Səmədoğlu yeni tipli Azərbaycan
romanı yaratmışdır. Burada Qərb epik romanına məxsus
monumentallıqla Qərb romanlarına xas olan polifonizm vəhdətdir.
Çox vaxt bu əsərdən söz açanda Q.Q.Markesin
"Yüz ilin tənhalığı", Ç.Aytmatovun
"
Və bu roman tipinə
görə də çoxçalarlıdır. Ona mifoloji
roman deyənlərə də, fəlsəfi-psixoloji roman
söyləyənlərə, tarixi roman kimi dəyərləndirənlərə
də haqq qazandırırıq.
***
"İncə dərəsində
yaz çağı" hekayəsinin sonluğunu
xatırlayıram: "Sayalı arvad… elə bu vaxt
başı üzərində səhərki uğultunu
eşitdi. Başını yuxarı qaldırıb seyrək
buludlardan aşağıda uçan səhərki vertolyotu
gördü. Əgər Qara dağ yerindən qopub Sayalı
arvadın üstünə gəlsəydi belə qorxmazdı.
İçi-içalatı, sümükləri birdən don
tutub, onu qara qızdırmalılar kimi titrəməyə
saldı. Əlini qoynuna salıb pulları
çıxartdı. Vertolyotun yönəldiyi səmtə
sarı qaçmağa başladı. Sayalı arvadın
müsibətli səsi vertolyotun uğultusuna
qarışdı:
- Əylə, başına
dönüm, əylə, ay doxtur! İncəli Çərkəz
ölüm ayağındadır. Başına dönüm, ay
doxtur. O da hökumət adamıdır, kolxoz qurub, bandit tutub! Əylə!..
Sayalı arvad çox
qaçdı, amma vertolyota çata bilmədi. Üzüqoylu
çəmənliyə yıxıldı".
Bu səhnə mənim
fikrimcə, analoqu olmayan bir səhnədir.
Hekayə yetmişinci illərin
sonlarında dərc edilib. Elə bir vaxtda ki, sovet quruluşu hələ
ən böhranlı çağına gəlib
çatmamışdı. Doğrudur, daha Xuruşşov
dövründə olduğu kimi kommunizm illüziyaları,
ideal cəmiyyət arzuları insanları məşğul eləmirdi,
amma sosializm deyilən quruluşa inam hələ
sarsılmamışdı. Sosializm bir sistem kimi dünyaya
meydan oxuyurdu. Ancaq bu sistemin və quruluşun gec-tez
dağılacağına, hətta yerlə-yeksan
olacağına inananlardan və bunu gözləyənlərdən
biri də Yusif Səmədoğlu idi. "Böyük
kommunizmin sabahına mən, Sadə xatirə tək gəlməyəcəyəm"
- deyən Səməd Vurğunun oğlu Yusif Səmədoğlu…
***
Yusif Səmədoğlunun
"Astana" hekayəsi belə bir proloqla başlayır:
"Ölüm var ölümdü, ölüm də var
zülümdü". Bu fikrin yazıçının əsərlərində
tez-tez təsadüf olunan ölümlərə, qətllərə
bilavasitə dəxli var.
Ümumiyyətlə,
ölüm faktoru insan həyatının danılmaz və
qaçılmaz məqamıdır. Bütün yollar
ölümə aparır, amma bu yollar da müxtəlifdir və
sonu şərəfli, ya şərəfsiz şəkildə
başa çatır. "Astana"dakı ölüm
labüd və qaçılmazdır (intihar olsa da başqa
çıxış yolu yox idi). "Qətl
günü"ndəki ölümlərin də bir çoxu
məntiqi sonluqla başa çatır.
"O, çamadanı
açdı. Ordaydı: səkkiz dənə gülləsi,
biri də ayaqda. Tapançanı çıxarıb ucadan, lap
ucadan dedi:
- Ay apardınız ha!
Soyuq lüləni
ağzına soxdu və tətiyi çəkdi.
Həmin anda - gecəydimi, səhərdimi,
gündüzdümü, bilmirdi - həmin anda gözlərinin
işartısından irəli düşən işıq dairəsində
öz növbəsini gözləyən nizə
vıyıltı ilə havanı yarıb harasa uzağa
süzdü, həmin anda Bakının müsəlman qəbiristanında
qara torpaq altında kəfənə bürünmüş bir
qarı elə ufuldadı ki, o biri meyitlər də
eşitdi" ("Astana").
"Qətl
günü"ndə Baba Kaha simvolik obrazını
xatırlamaq yerinə düşərdi. Baba Kaha dünyada ən
bəd əməllərin, pislik və murdarlıqların ərşə
qalxdığı zaman qoynundan alov püskürür, zəlzələ
yaradır.
Və Baba Kaha hər dəfə
insanlar arasında haqq-nahaq tərəzisinin gözü əyiləndə,
insaniliyə zidd əməllər baş qaldıranda,
ikiayaqlı bəndələrin allahsızlığı
başlayanda dəhşətli küləyi ilə
insanları cəzalandırır: "Baba kahanın oyusmundan əsən
o qədər güclü idi ki, bu qara və soyuq axarın
sürətinə işıq da çatmazdı.
- Kökünüz kəsilsin
sizin, ay ikiayaqlı bəndələr!"
***
Yüsif Səmədoğlu
xarakter ustası idi. İstənilən bir nəsr əsərinə,
ya da ssenariləri əsasında çəkilən filmlərə
baxın. Şəksiz ki, istər nəsr əsəri olsun,
istərsə də bədii film - bu əsərlərdə
Yüsif Səmədoğlu istedadlı bir sənətkar
olduğunu sübut edir - bütün yazıçı mədəniyyəti,
xüsusilə təsvir üsulunun özünəməxsusluğu
və rəngarəngliyi ilə…
Bu mənada "Qətl
günü" romanını zəngin xarakterlər
qalereyasına bənzətmək olar. Bunları
çeşidləmək də olar: insan obrazları, təbiət
obrazları, rəmzi-simvolik obrazlar və bir də sırf
mifik obrazlar. Romanı oxuyanda isə sanki fərqinə
varmırsan - təbiət obrazlarını da insan obrazları
kimi qəbul edirsən. Yəni obrazların canlımı,
cansızmı, realmı, irrealmı olduğu bir elə əhəmiyyət
kəsb eləmir.
"İnsanlar küləkdən
bezmişdi, külək də insanlardan".
Yusif Səmədoğlunun
hekayələrində də xarakter yaratmaq
ustalığının şahidi oluruq.
"220¹-li otaq"
kitabına toplanan hekayələr Yusif Səmədoğlunun
ilk qələm təcrübələri idi. Bu hekayələrdə,
əgər belə demək mümkünsə, Yusif Səmədoğlu
da, onun təsvir etdiyi qəhrəmanlar da romantik gənclik
dövrünü yaşayırdılar. Ədəbi tənqid
Yusifin bu hekayələri haqqında xoş sözlər dedi və
müəyyən təcrübəsizliyinə baxmayaraq ədəbiyyata
istedadlı bir gəncin gəlişini alqışladı. Həmin
istedadın püxtələşməsini isə biz
"Qalaktika" adlı ikinci hekayələr kitabında
gördük. "Qalaktika"da Yusifə və onun qəhrəmanlarına
xas olan romantik dövrün ötüb keçdiyini hiss elədik.
Artıq bu hekayələrdə romantik xəyal və
arzuların həyatın sərt üzü ilə
qarşılaşdığını görmək çətin
deyildi.
"Qalaktika" hekayəsindəki
professoru və Kərim kişini xatırlayın. Onlar
ömürlərini başa vurmaqdadırlar, gənclik
dövrlərin xatırladıqca məyusluğa
qatılırlar. Səbəb heç də qocalıq deyil. Əsas
səbəb odur ki, onlar məşhurlaşandan sonra
doğulduqları kəndi, eli, obanı unutmuş, qəfəs
bülbülünə çevrilmişlər.
"Qəfəs
bülbülü" ifadəsi 60-70-ci illərin nəsri
üçün çox səciyyəvi idi. O mənada
kı, həmin illərin nəsrində
meşşanlığın tənqidi çox mühüm
bir mövzuya çevrilmişdi. Yusif Səmədoğlunun
"Soyuq daş" hekayəsində də Qızla
Oğlanın sevgisi meşşanlığın soyuq nəfəsinə
tuş gəlir: Qız onlara qonaq gələn şəhərli
oğlanın zahiri görünüşünə, şəhərdən
gətirdiyi "mədəniyyətə" aludə olur və
beləliklə gözəl bir məhəbbət dastanı
sona çatmamış soyuq daşa çevrilir. "Foto -
fantaziya" hekayəsi isə cəmiyyətdə qütbləşmənin
doğulduğu mənəvi faciələrdən söz
açır.
"Qalaktika" hekayələr
kitabından sonra - Yusif Səmədoğlunun nəsr
kitabında fasilə yaranır. Bu arada o, yalnız bircə
hekayə yazır ("Bayatı-Şiraz"), ancaq onu
çap etdirməyə müvəffəq olmur. Yalnız
1987-ci il "Ulduz" jurnalının 2-ci sayında hekayə
işıq üzü görür. O zaman çox az adam Y.Səmədoğlunun
belə bir hekayə yazdığından xəbərdar idi.
Bu, o zamana görə çox "xatalı" hekayə idi.
Çünki hekayədə qlavlitin asanlıqla imtina edə
biləcəyi, çapına icazə verə bilməyəcəyi
məqamlar az deyildi. Həmin hekayədə söhbət
heç də bir cümlə, bir neçə cümlə və
yaxud bir neçə abzas üstündə getmirdi, söhbət
və mübahisə bu hekayənin məzmununda, mahiyyətində
idi. Unutmaq olmaz ki, o zaman ədəbiyyatda sovet ideologiyası hələ
çox güclü idi, sistemin arzulamadığı ədəbi
qəhrəman heç cür qəbul oluna bilməzdi.
Əsərin qəhrəmanı
Səbzəli dayı nə 30-cu illərin inqilabçı
obrazlarına, nə "kolxoz quran, bandit tutan" personajlara,
nə də zərbəçi əmək qəhrəmanlarına
bənzəyirdi. Səbzəli dayı - bu bədbəxt insan
restoran çalğıçısı idi. Hər gün
tavada bir yumurta qayğanaq edib, öz mənasız
çalğısı ilə (kontrabasda) yeyib-içənləri
əyləndirən, çox zaman gülüş və
ironiya hədəfinə çevrilən bu qoca zavallı
müharibə illərində "Hitleri təriflədiyi
üçün" (bunu zorla onun boynuna qoyurlar)
üç-dörd il qazamatda yatır. Belə bir zavallı
insan ədəbiyyatın qəhrəmanı ola bilərdimi? Təbii
ki, sovet ədəbiyyatının "ənənələri"
belə bir qəhrəman tipini inkar etməli idi. Əgər
"Bayatı-Şiraz" yazıldığı dövrdə
- 60-cı illərin sonlarında - 70-ci illərin əvvəllərində
çap edilsəydi, belə bir möcüzə baş versəydi,
sovet ədəbi tənqidi onu öz artilleriyasının gur
atəşlərinə qərq edəcəkdi.
Ancaq gəlin, həmin
dövrü xatırlamayaq. "Bayatı-Şiraz" hekayəsinə
sadəcə olaraq bir ədəbi əsər kimi yanaşaq və
hesab edək ki, elə bu hekayə 80-ci illərin sonlarında
qələmə alınmışdır. Belə olan təqdirdə
də "Bayatı-Şiraz" hekayəsi öz bədii-estetik
dəyərin itirmir, çünki bir hekayə nümunəsi
kimi o, kamil bir əsərdir. Klassik hekayələrə xas olan
"xarakterik bir hadisə, yığcam bir sujet, ümumiləşdirici
bir mətləb, müxtəsər, şirin, sadə söyləmə,
nəqletmə üsulu" (Mir Cəlal) bu hekayənin də
məziyyətlərin təşkil edir, yəni klassik hekayələrə
məxsus olan bütün komponentlər
"Bayatı-Şiraz"da cəmləşmişdir. Ancaq
"Bayatı-Şiraz" sırf müasir hekayədir. Onu
müasir hekayə kimi səciyyələndirən cəhətlər
isə bunlardır: dil materialının bugünkü ədəbi
dilimizin durumunu özündə əks etdirməsi, psixoloji
effektin ön plana çəkilməsi (fərdin daxili aləminin
bütün incəliklərinə baş vurulması ) və əlbəttə,
Y.Səmədoğluya məxsus sənətkarlıq
priyomlarının nəzərə çarpması…
"Bayatı-Şiraz"
hekayəsi 60-70-ci illər nəsri üçün çox səciyyəvi
olan bir mövzuda yazılmışdır - bu da adi, sıravi
insanın həyatıdır. Müəllif bu sadə və
zavallı insanın necə təmiz və saf olmasını bədii
tədqiq obyektinə çevirmişdir. Bu əsərlə
Anarın "Dantenin yubileyi" hekayəsi arasında
oxşarlar, paralellər tapmaq olar. Belə ki, hər iki hekayənin
qəhrəmanı sənətdə
çalışırlar, lakin istedadsız və
bacarıqsızdırlar, həm də həyatda öz yerlərini
tapa bilməmişlər. Hər iki hekayə gözlənilməz
sonluqla-novellavari tərzdə başa çatır. Ancaq fərdi
insan tipi kimi Səbzəli dayı da, Feyzulla Kəbirlinski də
özünəməxsusluğu ilə seçilirlər.
Hekayənin finalını isə
heç unutmaq olmaz. İki pullu şəxs Səbzəli
dayıdan kontrabasda "Bayatı-Şiraz"
çalmağı xahiş edir və o… canını dişinə
tutub iki əlliliyin xətrinə belə bir
biabırçılığa gedir.
"Yüz manat-iki dənə
şax əllilik qoltuq cibində, almaq istədiyi ucuz televizorun
xəyalı gözləri qabağında Səbzəli
dayı yavaş-yavaş yol gedirdi.
Az getdi, üz getdi, sevindiyindən
birdən başını yuxarı qaldırdı.
Qaldırdı ki, baxsın görsün yuxarılarda nə
var, nə yox?
Uca binaların zil qara siluetləri
arasından parıltılı ulduzların əhatəsində
süd yolunu gördü. Təəccüb elədi.
Çünki əlli ildən yuxarı idi ki, süd yolunu
görməmişdi.
Dayanıb, əlləri
cibində doyunca tamaşa elədi. Birdən Səbzəli
dayını ağlamaq tutdu, ta ürəyi boşalanacan
ağladı.."
Hekayə beləcə
tragikomik bir sonluqla bitir. Və hər sətrində
yazıçının öz qəhrəmanına rəğbəti
duyulan hekayədə yaşadığımız o
dövrkü cəmiyyətin (lap elə bugünkü cəmiyyətin)
bütün eybəcərlikləri böyük ustalıqla
canlandırılmışdır. Daha dəqiq: o cəmiyyətin
bütün gözə görünən və görünməyən
aləmi onun kiçik bir guşəsinə - o balaca restorana
sığışdırılmışdı…
Son söz əvəzi
Yusif Səmədoğlunu ilk
dəfə haçan gördüyümü qətiyyən
xatırlaya bilmirəm. Bəlkə də "Ulduz"
jurnalında baş redaktor işlədiyi ilk günlərdə
görmüşəm onu. Redaksiyalarımız yanaşı
idi. Amma xatırlayıram ki, ona baxanda istər-istəməz -
atası Səməd Vurğuna məxsus əlamətlər,
cizgilər axtarırdım. Təbii ki, mən Səməd
Vurğunu görməmişdim, amma şəkillərinə
doyunca tamaşa etmişdim. Günlərin bir günü
curnalımızın makinaçısı Sona xanım
Sadıqovadan (Allah rəhmət eləsin) soruşdum: "Sona
xala, siz 34-cü ildən bu jurnalda işləyirsiniz, XX əsrin
demək olar ki, bütün görkəmli
yazıçılarını gömüsünüz,
onların ən gözəl əsərlərinin ilk oxucusu siz
olmusunuz. Səməd Vurğunu da çox
görmüsünüz. Deyə bilərsinizmi, Səməd
Vurğuna onun hansı oğlu daha çox oxşayır -
Yusif, yoxsa Vaqif?" Sona xala azca xəyala dalıb dedi: "Ən
çox Yusif oxşayır. Səməd sədr olanda bir də
görürdün Yusifi də (ona Yosqa deyərdik), o biri
uşaqlarını da özüynən götürüb gəlib.
Qoyurdu mənim yanıma və tapşırırdı ki, Sona
bacı, bunlardan göz ol. Yaman dəcəl idilər, koridoru ələk-vələk
eləyirdilər… Eh, Səməd ayrı aləm idi".
1987-ci ildə Y.Səmədoğlu
"Azərbaycan" jurnalına baş redaktor təyin olundu.
O, düz 10 il baş redaktorumuz oldu.
1987-1992-ci illərdə
Yusifin kabineti qarşısında həmişə bir canlanma
görərdim. O illərin dərdli adamları, yerindən-yurdundan
didərgin düşənlər, haqqı tapdalananlar Yusif
qağaya üz tuturdular. fikirləşirdim ki, axı, Yusif Səmədoğlu
nə qədər görkəmli yazıçı olsa belə
bu qədər adama necə kömək göstərə bilər?
Amma Yusif Səmədoğlu iynənin ucu boyda bir guman yeri
vardısa, köməyini, qayğısını əsirgəmirdi.
O həyəcanlı illərdə
Y.Səmədoğlu Azərbaycan xalq hərəkatının
liderlərindən və ilhamvericilərindən birinə
çevrilmişdi. Yusif Səmədoğlu siyasət
meydanından çəkilmədi, Milli Məclisdə, ali
kürsülərdə və beynəlxalq aləmdə öz
sözünü dedi və bununla sübut elədi ki, kəskin
yazıçı ağlı nəinki insanların, hətta
insanlararası, dövlətlərarası münasibətlərin
də dərinliklərinə baş vurmağa qadirdi.
…Yusif Səmədoğlunun vəfatı
hamı kimi məni də dərindən sarsıtdı. 1998-ci
ilin 18 avqust günü bu böyük
yazıçının dəfn mərasimində iştirak
etdik. Yüzlərlə, minlərlə, onminlərlə Azərbaycan
oxucusu necə böyük bir insanı və sənətkarı
itirdiyini dərk elədi.
Elə bilirəm ki, Yusif Səmədoğlu
hələ neçə nəsillər üçün təzədən
doğulacaq - Nizami, Füzuli, Nəsimi, Cavid, Sabir, Səməd
Vurğun kimi. Yusif həmişə bizim üçün cavan
qalacaq.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2010.- 30 dekabr.- S.3.