Güman etmədiyim məqam - güman etdiyim cavab

  

 Adətən insanların bir-birini yaxşı tanımasının etibarlı səbəblərindən biri kimi səfər yoldaşlığını vacib sayırlar. Şübhəsiz, burada həqiqət var. Ancaq mənə elə gəlir insanların xarakterini işlə əlaqədar ünsiyyət əsnasında daha düzgün müəyyən etmək olur. Məşhur məsəldə deyildiyi kimi: "İş canın cövhəridir" - deməli, həqiqətən də insanın mahiyyəti - cövhəri daha çox iş əsnasında məlum ola bilər.

Bu qənaətimə səbəb görkəmli ədib mərhum Yusif Səmədoğlu ilə 1976-cı ildə baş redaktoru olduğu "Ulduz" jurnalında qısa vaxt ərzində birlikdə çalışmağım olub.

İş elə gətirmişdi ki, 1976-cı il mayın axırlarında baş redaktor müavini işlədiyim "Ədəbiyyat və incəsənət" qəzetində Azərbaycan yazıçılarının VI qurultayının materiallarında bəzi məqamların dəqiq getməməsi mənim nöqsanım kimi qəbul edilmişdi. Və buna görə də "Ulduz" jurnalına ədəbi işçi kimi göndərilməyim lazım bilinmişdi. Ancaq şahid olan qələm yoldaşlarım da yəqin xatırlayarlar ki, müzakirə iştirakçılarında bir daxili narahatlıq var idi. Mən bu daxili narahatlığı hiss etdiyim dərəcədə qiymətləndirməklə bərabər, Mərkəzi Komitənin müvafiq şöbəsinə yazdığım yığcam məktubda məsələyə öz münasibətimi də bildirmişdim. Bu, mənim daxili rahatlığım üçün lazım idi. Onu da deyim ki, həyatımdakı belə narahat və kifayət qədər mürəkkəb məqam barədə indicə oxuyacağınız bir neçə cümləni qeyd etməmiş olsam, elə bilirəm, Yusif müəllimin xarakterində çox yüksək qiymətləndirdiyim, heç vaxt yadımdan çıxmayan mənəvi keyfiyyətinin təsir gücü dəyərincə duyulmaz.

Həmin "kifayət qədər mürəkkəb məqam" səbəbindən birlikdə işləməyimizi mənə elə gəlirdi, heç də hər kəs tərəddüdsüz qarşılamaz. Bu gümanımı təsdiqləyən sonrakı bəzi nüanslar özü-özlüyündə, əlbəttə, az şey demirdi.

İşə gəldiyimin, səhv etmirəmsə, elə birinci günü Yusif müəllim redaksiya əməkdaşlarını öz otağına toplayıb mənim barəmdə, "anlaşılmazlıq olduğunu" dedi. Və daha sonra söylədiyi iki-üç cümlədə hələ də yadımdan çıxmayan bir səmimiyyət duydum. Ümumiyyətlə, məndə belə bir təəssürat yaranmışdı ki, çoxlarının çəkindiyi müxtəlif səbəblərdən Yusif müəllim, Səməd Vurğunun oğlu olaraq çəkinmirdi.

"Ulduz"da işlədiyim beş-altı ay müddətində Yusif müəllimin mənə münasibətində, bəlkə incikliyim gümanı səbəbindən, son dərəcə həssaslıq hiss edirdim. Bir-birindən, necə deyərlər, bir addımlıqda olan otaqlarımızın qapıları açıq olduqda da, bir söz demək istədikdə onun məni çağırdığını görmədim. Sakitcə durub mən olan otağa gələr, özünə xas sadəliklə nə etmək lazımdırsa deyərdi. Mən belə nadir ünsiyyəti vaxtilə Qasım Qasımzadənin "Ədəbiyyat və incəsənət" qəzetinin redaktoru olarkən o zaman şöbə müdiri işləyən Əkbər Ağayevə münasibətində görmüşdüm.

Yusif müəllim mənə belə müraciətlərinin birində Kür boyundan gəlmiş (hansı rayondan olduğu yadımda deyil) bir ədəbiyyat müəlliminin şeirlərinə baxıb, fikir deməyimi, münasib bildiyimi çap üçün götürməyimi xahiş etdi. Bilmirəm, elə o gün, yoxsa səhərisi həmin müəllif yanıma gəldi. Şeirlərini diqqətlə oxudum. Düzü, məyus oldum, mənim bu ovqatımı başa düşmək çətin deyil. Ancaq neyləyə bilərdim, həqiqət nədirsə, odur: çoxlarında gördüyümüz kimi, heca var, qafiyə var, ancaq şeir yoxdur, bədən var - ruh yoxdur.

Bu sözləri müəllifə deyəndə, o, əvvəlcə təəccüb etdi. Çox hörmət bəslədiyim, neçə illər əvvəl dünyasını dəyişmiş, lakin həmin vaxtlar həyatda olan məşhur bir şairimizin adını çəkdi: - Bəs o deyirdi "bu şeirlər yaxşı şeirlərdir, apar çap eləsinlər…"

Soruşdum ki, o, bu sözü sənə harda deyirdi?

- Dənizin qırağında, oturub çay içirdik…

Məcbur oldum mən öz vəziyyətimi ona olduğu kimi hiss etdirim:

- Amma mən redaksiyada deyirəm; bəyənsəm çapa təqdim etməliyəm. Ona görə də məcburam ki, kiminsə xoşuna gələni yox, olanı deyim…

Bununla belə mən, müəllifin bir ədəbiyyat müəllimi kimi şeirlə yaxından maraqlanmağını, ürəyi istəyəndə yazmağını da onun öz mənəvi aləmi üçün xeyirli hesab etdiyimi dedim. Lakin bunun heç də şairlik iddiasına düşməyə əsas vermədiyinə də inanmasını məsləhət bildim.

Maraqlı burasıdır ki, həmin müəllim mənə əslində istədiyim, lakin, düzü, heç gözləmədiyim bir cavab verdi: "Allah sizin köməyiniz olsun, daha mən rayondan bura o qədər yolu nahaq yerə gəlib-getmərəm; oturub işimi görərəm…"

Sonra söhbətimizin nəticəsini Yusif müəllimə dedim və əlbəttə, o, mənimlə razılaşdı.

Sən demə, hələ qarşıda məni heç güman etmədiyim bir məqam gözləyirmiş. İşlədiyim jurnalın növbəti sayı üçün yazdığım məqalədə Azərbaycan sovet poeziyasının təşəkkül tarixindən danışarkən, ədəbi ictimaiyyətimizdə mübahisə doğurmayan bir fakt kimi əvvəlcə Süleyman Rüstəmin, sonra Səməd Vurğunun adını çəkirdim. Ancaq materialı mətbəəyə göndərmək məqsədilə baş redaktora təqdim etməli olan iş yoldaşım çəkdiyim adların sırasını dəyişməyi təklif etdi. Mən ona niyə bu cür yazdığımı izaha çalışdım və imzamla gedən bir fikrə özümün cavab verməli olacağımı xatırladıb yalnız materialı baş redaktora təqdim etməsini istədiyimi dedim . Bu mübahisəni də ehtiyac duysaydı, o özü həll edə bilərdi. Lakin iş yoldaşım materialı həmin şəkildə baş redaktora təqdim etməkdən qəti imtina etdi.

Belə halda mənim vəziyyətimi təsəvvür etmək gərək elə də çətin olmasın. Deməli mən məlum mövzuya uyğun olaraq obyektivliyinə şübhə edilməyən bir faktı - yuxarıda göstərdiyim ad sırasını dəyişməməyi - əvvəlcə Süleyman Rüstəmin, sonra isə Səməd Vurğunun adının yazılmasına razılıq verməyi Səməd Vurğunun oğlundan, necə deyərlər, xahiş etməliydim. Doğrusu, bir az əvvəldə dediyim kimi, mənim üçün çox mürəkkəb məqamda, hər an o dərəcədə həssas münasibətini hiss etdiyim bir insana yəqin müəyyən namünasiblik doğura biləcək bu söhbəti açmaq mənə çox ağır gəldi. İki-üç gün tərəddüd içində qaldım. Nəhayət, ancaq ikilikdə, yalnız özü ilə danışmaqdan başqa çarə bilmədim. Mən onu məsələdən agah etdikdən sonra təqribən belə dedim: - Yusif müəllim, siz bu jurnalın baş redaktorusunuz, mən də sizin əməkdaşınız. Xüsusilə, bu vəziyyətdə bir ədəbi faktı guya sizə xoş gedə biləcəyi üçün təhrif etmək, güman edirəm, sizə də xoş olmaz, mənim üçün heç məqbul sayılmaz.

Yusif müəllim qətiyyətlə: - Əlbəttə, Ayaz, əlbəttə, əslində də elədir, elə də yaz, - dedi və materialı mətbəəyə göndərməyi tapşırdı.

Mənim üstümdən elə bil dağ götürüldü.

Güman etmədiyim məqamda, güman etdiyim cavabı aldım. O mənim yaddaşımda eləcə də qaldı…

 

 

Ayaz VƏFALI

 

Ədəbiyyat qəzeti.- 2010.- 30 dekabr.- S.3.