Gizli eşqin aşkar görüntüləri

     

XIX-XX əsr türk ədəbiyyatının böyük simalarından biri, Türkiyədə roman janrının qurucularından biriXalid Ziya Uşaklıgildir (1865-1945). Əsli-nəsli Uşaklıqdan olduğu üçün ailə Uşakzadələr ləqəbini daşımışdır. Zəngin və mədəni bir ailədən olan Xalid Ziya İstanbulda dünyaya gəlməsinə baxmayaraq, əsərlərində Uşaklıgil ləqəbindən istifadə etmiş, ədəbiyyat tarixində Xalid Ziya Uşaklıgil kimi tanınmışdır.

Xalid Ziya "Sərvəti-fünun" (1896-1901) ədəbi cərəyanın ən böyük nəsr ustası sayılır. Sərvəti-fununçular orta yaşlarından fransız dilini öyrənən, fransız ədəbiyyatına gənc yaşlarından bələd olmasına baxmayaraq, milli ədəbiyyata, milli düşüncə tərzinə malik ziyalılar idi.

Xalid Ziya hələ 19 yaşında ikən "Novruz" adlı qəzet çıxarmış gözəl mühərrir idi. İngilis, fransız, alman, italyan, ərəb və fars dillərini bilirdi. Mənsur və mənzum şeir kitabları mövcud olsa da, o, türk ədəbiyyatının ən usta romançısı kimi ədəbiyyat tarixində yer almış, modern türk hekayə və romanının babası sayılmışdır.

Xalid Ziya tədqiqatçıları yazırlar ki, Türkiyədə Xalid Ziya qədər sağlam bir roman ənənəsinə malik romançımız yoxdur. O, türk romanının qurucusudur. Onun romanlarında həyatdan götürdüyü hadisələr təsvir olunur, təsadüflərə və qəribə rastlaşmalara yer verilmir. Bu mənada romanlarının "hər zaman üçün mükəmməl sayıla biləcək bir əsər" olduğu ədəbi tənqid tərəfindən qəbul edilmişdir.

"Aşkı-məmnu" (gizli, yasaq eşq) Xalid Ziya Uşaqlıgilin 1896-cı ildə yazdığı ən böyük romanıdır.

XIX, XX və hətta XXI əsr türk ədəbiyyatında müstəsna yeri olan "Aşkı-məmnu" mövzusu, romanın qəhrəmanları, üslubu, personajların gerçək həyatdan alınması baxımından hər zaman ədəbi tənqidin diqqət mərkəzində olmuşheç də təsadüfi deyildir ki, 2008-ci ildə bu roman əsasında 79 bölümdən ibarət bir serial (dizi) çəkilmiş, iki il televiziya tamaşaçılarının çox izlənən və çox sevilən növbəti seriyası həsrətlə gözlənən televiziya tamaşasına çevrilmişdir.

Film yazıçının romanında təsvir etdiyi bütün hadisələri əks etdirir. Bugünkü texnikanın, müasir geyim tərzinin filmdə əksini tapması onu günümüzün həyat tərzinə yaxınlaşdırmış, əsərin məzmun və kompozisiyasına uyğun şəkildə edilmişdir. Əsərdə olan bir-iki adın, məsələn, fransız dayə Mlle de Coutonun "Madmazel" və ya "Dəniz xanım" adı ilə ifadəsi və rusəsilli ev xidmətçisi Katinanın Katya şəklində filmdə əks olunması əsərdə edilən dəyişiklik deyildir.

Türk romanında önəmli bir yeri tutan, günümüzdə də müasir səslənən, böyük maraqla seyr edilən "Aşkı-məmnu" nədən bəhs edir?

45 yaşındakı Adnan bəyin Nihal və Bülənd adlı iki övladı var. Həyat yoldaşı vəfat etmiş, dul qalmış Adnan bəy İstanbulun kübar cəmiyyətində eşq macəraları ilə tanınan Firdevs xanımın 21 yaşındakı qızı Bihtərlə evlənir.

Adnan bəy zəngin olduğu üçün onunla evlənən Bihtər çox keçmədən bu kübar, zəngin həyatın içində sıxılmağa başlayır. Ehtiraslı bir ərə ehtiyac duyur.

Adnan bəyin əslində uzaq qohumu Bəhlul eşq macəraları ilə yaşayan, İstanbulun bütün əyləncə yerlərini beş barmağı kimi tanıyan, əyləncələrdən doymayan, bütün əxlaq qaydalarına nağıl kimi baxan bir gəncdir. O, hər rastlaşdığı gözəl qadınlarla bir macəra yaşamışdır. Adnan bəyin zəngin köşkündə yaşayan Bəhlul köşkdə hər gün gördüyü, təmasda olduğu əmisi Adnan bəyin gənc və gözəl xanımı Bihtərə də eşq ehtirasını hiss etməkdədir. Bihtərin gənclik və məhəbbətə olan ehtiyacı onların arasında gizli bir eşq macərasını başladır.

Digər tərəfdən də Adnan bəyin artıq yetişmiş qızı Nihal bu zəngin köşkün içində yaşayan Bəhlula aşiq olur.

Zaman keçdikcə Bəhlul Bihtərdən soyumağa, Nihala könül verməyə başlayır.

Qızının gizli eşqinin bəlli olmaması üçün firdevs xanım Nihalla Bəhlulun evlənməsi üçün çox canfəşanlıq göstərir. Bihtər isə onların evlənməsinə bir fəlakət kimi baxır, bu evliliyi heç cür qəbul etmək istəmir. Neçə dəfə Bəhlulla olan münasibətini Adnan bəyə söyləmək qərarına gəlir. Bəhlula olan sevgisini etiraf etmək və bu etirafla Bəhluldan və Nihalla Bəhlulun evlənməsinə zəmin hazırlayan anası firdevs xanımdan intiqam alacağını düşünür. Dəfələrlə təşəbbüs etsə də, buna bir fürsət tapa bilmir. Eşqin girdabından çıxa bilməyən, bu eşqdən vaz keçməyi bacara bilməyən Bəhlulla Bihtər arasındakı gizli eşq artıq yavaş-yavaş ortaya çıxmağa başladığı zaman Bəhlul Bihtəri ortada buraxıb, Nihalla evlənmək qərarına gəlir. Bihtər bu rəzalətə dözə bilməyib intihar edir. Gizli eşqin üstünün açıldığı, ərinin şübhələndiyi və hətta son anda bildiyi bir zamanda Bəhlulun da onu yarı yolda qoyub gedişindən sonra Bihtər əri Adnan Ziyagilin otağındakı siyirmədən onun tapançasını götürürintihar edir. Beləlilkə, Bihtər və Bəhlul arasındakı romantik eşq intihar və ölümlə nəticələnir. Nihalla Bəhlulun evlənməsinə əngəl yaradan bu intihar Bəhlulun da baş götürüb qaçması ilə sona yetir.

Əsərdə Bihtərin intihar səhnəsi olduqca romantik bir şəkildə ifadə edilir:

"…İki addım atdı və ərinin otağına girdi. Kiçik dolabın siyirməsini çəkdi. Burada idi. Onu aldı və otağında əlində o zərif bir oyuncağa bənzəyən şeylə qaranlıqda özünü yapayalnız görüncə titrədi. Bütün gücü birdən söndü. Doğrudanmı bunu edəcək? Belə gənc, gözəl, hələ yaşamağa vaxt tapmadan

Ən əvvəl şam yandırmaq istədi. Hər halda qaranlıqda ölmək, özünü bir daha görmədən ölmək… Demək, öldükdən sonra hər şey bitəcəkdi. Bitməz-tükənməz bir qaranlıq içində əbədi bir kölgə olacaqdı…

Əlindən silahı buraxmayaraq sol əli ilə kibrit qutusunu axtarırdı. Birdən ara qapının, bir dəqiqə əvvəl qapanan bu qapının cırıldadığını, birisinin onu açmaq istədiyini eştidi. Dizləri titrədi, gözləri hələ qaranlıqda getdikcə şiddətlənən bir çığırtı ilə sarsılan qapıya dikilmiş halda əlindəki sədəf qablı silahı sıxırdı.

…Və artıq qapı şiddətlə döyülürdü. Həyat yoldaşı ona: -Açınız, deyirəm, nədən açmırsınız? - deyirdi.

Demək, onunbu qapını açmağa, nə səsə cavab verməyə, nə də o adamın qarşısına çıxmağa gücü qalmamışdı.

…Birdən onun titrəyən dizlərinə bir alçaq sandalya toxundu. Ayaqlarının önündə ona yeriməyə mane olan bir divar yüksəldi. OhAçmayacaq, o adamın qarşısına çıxmayacaqdı. Əlindəki o kiçik, zərif oyuncağın qara ağzı qıvrılır, qıvrılır, ona çevirmək, qaranlıqda onu tapmaq istəyir və onu inandıran bir səslə: "Bəli, gözəl, gənc, nəfis qadın, sənin üçün yalnız bu var" - deyirdi.

Sonra artıq qırılmaq üzrə olan qapının qarşısına gəldi, sanki onu bir qüvvət bükdü, məğlub etdi. Nəhayət, o qara ağız qıvrıldı, bir ilan xəyanəti ilə qaranlıqda eşqlə sızlayan nöqtəni tapdı…"

XIX əsrdə istər Rusiyada, istərsə də Türkiyədə fransız dilinə, fransız mədəniyyətinə, fransız ədəbiyyatına aludəçilik bir tarixi həqiqətdir. Bu roman o zaman fransız həyatını təqlid edən türk kübar ailələrinin həyatından alınmışdır.

Romanda Bihtərin yasaq eşqi, Adnan Ziyagilin təmsil etdiyi XIX əsrin sonlarındakı yüksək kübar cəmiyyətinin yaşayış tərzi o dövrün kübar sosial mühitinin bir parçasıdır. Odur ki, roman haqqında yazanlar bu romandakı bəzi oxşarlığı fransız ədəbiyyatından Madam Bovariyə, rus ədəbiyyatından Anna Kareninaya bənzətmişlər.

Bəzi tənqidçilər də romanı "qadınların sağlam bir biçimdə ədəbiyyatımıza girdiyi ilk əsər" kimi qiymətləndirmişlər.

"Aşkı-məmnu" romanının ən qüvvətli tərəfi onun təsvir etdiyi qəhrəmanlardır. Bihtər, Adnan bəy, Firdevs xanım, Bəhlul, Nihalbunlar hamısı həyatda görünüb-bilinən bir çox tipləri xatırladır. Bu tiplər, bəlkə də, yazıçının həyatda görüb-tanıdığı bir çox insanın xüsusiyyətlərini özündə cəmləmiş obrazlardır.

Yazıçı romanın bir yerində türk kübar cəmiyyətində ayrıca yeri olan, davranış və rəftarları ilə seçilən Adnan bəyi belə təsvir edir: "O, otuz yaşına qədər məsum bir həyat keçmişdi. Həyatın ən böyük eşq hadisəsi evlənməsi idi. İndi on altı illik bu izdivac xatirində bir zəif çiçəyin belə sevincdən məhrum uzun, çılpaq bir çöl parçası kimi uzanırdı. Bu on altı il yalnız həyat yoldaşının bitib-tükənməyən xəstəliklərindən ibarət xatirələrdir".

Həyat yoldaşının vəfatından sonra uşaqlarına ana, özünə xanım olaraq seçdiyiAdnan bəyin seçiminə yaşıl işıq yandıran, onu sevdiyini söyləyən gənc və gözəl qız Bihtər olur. Romanın bütün konfliktiburadan başlayaraq davam edir.

Adnan bəyin zəngin köşkünə əvvəllər həftədə bir dəfə gələn, sonradan bu köşkdə yaşayan, ona "əmi" deyə müraciət edən Bəhlul Adnan bəyin uzaq qohumu olan yaxın dostunun oğludur. Atasının vəfatından sonra Adnan bəyin himayəsində yaşamağa başlamışdır. Bəhlul haqqında romandan bir örnək:

"Atası vilayətlərdən birinə məmur olub getdikdən sonra Bəhlul Qalatasarayda yatılı (internat) məktəbə verilir. Həftədə bir gecə Adnan bəyin yalısına gedərdi. Atası o qədər uzaqda idi ki, Bəhlul tətil zamanı uzun müddət səyahət etməkdənsə, məktəbdə qalmağı üstün tuturdu… Həyat onun üçün uzun bir əyləncə idi".

Göründüyü kimi, romandakı hadisələr təsadüflərin nəticəsi deyil, həyatın özündən doğan real hadisələrdir. Odur ki, romanın qəhrəmanları həyatımıza qarışmış və bu gün də sıx-sıx rast gəldiyimiz tipləri xatırladır.

"Aşkı - məmnu"dakı qəhrəmanları haqqında müəllif belə demişdir: "Əsərdə bir çox şəxslər vardır. Bunların heç biri müəyyən bir qrup şəxsiyyətlərin təsviri deyildir. Fəqət, ümumiyyət etibarilə bir çox şəxslərdən alınmış parça-parça cüzlərdən meydana gəlmiş bir varlıqdır. Məsələn, Bəhlul mənim xüsusiyyətəlrimi tanıdığım bir-iki, bəlkə üç gəncdən toplanmış bir gəncdir. Firdevs xanım və qızları, hələ Nihal və babası, bunlar da elə…"

Sənətkarlıqla işlənmiş bir üslubda əşyaların, insanların, təbiətin təsvirini böyük bir ustalıqla qələmə alan yazıçı "Aşkı - məmnu" romanında türk cəmiyyətinin dərin və köklü məsələlərinə deyil, ümumiyyətlə, maddi şərtlərin acısını duymayan, sadəcə eşq üçün yaşayan insanların həyatını təsvir etmiş, bu insanların duyğularının inkişafını bütün incəlikləri ilə diqqət edərək son dərəcə məzmunlu və mənalı bir roman yazmışdır. Bu, bəlkə də, yazıçının zəngin bir ailə içində doğulub-böyüməsinin, daima zəngin çevrələr arasında olmasının ona təlqin etdiyi bir düşüncə idi.

Bu düşüncə tərzini XXI əsrdə ekranda canlandırmaq, özüçox həssaslıq və ustalıqla canlandırmaq filmin aktyorlarının böyük professionallığından irəli gəlir.

Adnan bəyin təmsil etdiyi yüksək kübar cəmiyyətinin yaşayış tərzi, Bəhlulun eşq macəraları, Nihalın dərin sevdası, Nihalla Bihtəri qarşı-qarşıya gətirən eşq duyğuları, Bəşirin pünhan eşqi, Cəmilənin göz yaşları, Bəşirin vicdan əzabları, Büləndin həssas və yaşını qabaqlayan düşüncə tərzi, Peykərin mütəvazi ailə xanımı olması, Katyanın iki cəbhəyə işləməsi filmin usta aktyorları tərəfindən böyük məharətlə canlandırılmışdır. Elə filmin ən gözəl tərəfi də sağlam və özünəxas oyunçu kadrların olmasıdır.

"Aşkı - məmnu" romanının qəhrəmanları kimi "Aşkı - məmnu" televiziya filminin aktyorları da sayma-seçmədir. Adnan Ziyagil - Səlcuq Yöntəm, Bihtər - Beren Saat, Bəhlul - Kvanç Tatlıyuğ, Firdevs xanım - Nəbahət Çehrə, Süleyman əfəndi - Raha Cabbar, Hilmi Ünal - Rəcəb Ağtuğfilmin bütün iştirakçıları ən yüksək səviyyədə rollarını oynayaraq tamaşaçı rəğbətini qazanmışlar. Filmin ərsəyə gəlməsi və bu qədər maraqla izlənməsində Hilal Saral, Mustafa Şen, Kərəm Çatayın böyük xidmətləri var.

110 il bundan əvvəl yazılmış "Aşkı - məmnu" romanının qəhrəmanları bu gün də müasirdirlər. Onların film həyatının da çox uzunömürlü olacağına inanıram. Bütün iştirakçılar ekranda o qədər canlı, o qədər sərbəst, o qədər həyəcanlı, o qədər real rol nümayiş etdirirdilər ki, tamaşaçı gizli eşqin aşkar görüntülərindən əzab çəksə də, filmi böyük zövq və heyranlıqla izləyir.

 

 

Maarifə Hacıyeva

 

Ədəbiyyat qəzeti.- 2010.- 9 iyul.- S.5.