"Seçilmiş əsərlər"

  

Çağdaş poeziyamızda tanınan şairlər sırasında Ramiq Muxtarın da adı tez-tez çəkilir. Ramiq Muxtar tanınan və sevilən şairlərdəndir.

Şair "Məsləkim" şerində özünün həyat amalını poetik dillə belə ifadə edir:

 

Bir əqidəm, bir amalım,

bir işıqlı yolum vardır.

O yol böyük Vətən dərdim,

azadlığın şüarıdır.

 

Ramiq Muxtarın şeirləri təbiiliyi ilə seçilir. Onun "Dəvə dağ" şeri bu baxımdan diqqəti cəlb edir.

 

Oğuz baba

Uzun illər

Dəvəsilə duz daşımış

Bu mahaldan o mahala.

Nicat vermiş, həyat

Vermiş insanlara

Bu minvalla.

Kim deyir ki,

Ömürdən pay ola bilməz?

Yorğun babam duz

Ömrünü misqal-misqal

Düz paylamış insanlara.

 

Onun maraqlı şeirlərindən biri də "Yedək qayıq" adlanır. Bu poetik nümunədə xalqımızın müstəmləkə əsarətinə qarşı etiraz səsi öz bədii ifadəsini tapmışdır. Qələm dostu, ustad sənətkarımız Anarın istəyilə yazılan bu şeirdə oxuyuruq:

 

Mən də düz iki əsr

Yedək ömrü yaşadım.

Bu zülmü, əzabı

Kürəyimdə daşıdım.

Sarı, göygöz div oldu

Yol göstərən "qardaşım".

Nələr görmədi gözüm,

Nələr çəkmədi başım...

 

Bu misralardakı təbiilik, səmimilik, vətən torpağının çəkilməz dərdlərinə sənətkar münasibəti oxucunu həm kövrəldir, həm də düşündürür.

Gənc dövlətimizin uğurları, beynəlxalq aləmdə artan nüfuzu şairin ayrı-ayrı nəğmələrində qürurla səslənir. "Bakı-Tbilisi-Ceyhan" şerində şairin bu hissləri oxucunu ürəkdən sevindirir:

 

Böyük Turan elinə

Uzanır qızıl kəmər.

Aralıq dənizinə

Qan verir mavi Xəzər.

 

Şair müstəqilliyə qovuşmağı həyatının ən şirin anı kimi mənalandırır, lakin müstəqilliyə qovuşsa da, başının üstündə qara buludların olması onu bir an rahat buraxmır:

 

Qara bulud, çəkil get,

Yanar günəş mənimdir.

Azərbaycan vətənim,

Müstəqil dövlətimdir.

Müstəqil vətənimdir.

 

İndiyə qədər özüm üçün tam ayırd edə bilməmişəm: o özü mənim üçün daha doğma və yaxındır, yoxsa yazıb-yaratdıqları? Gözümün qabağında böyüyüb, ömür "onluqlarını xərcləyib"; yaşa dolub, saç ağardıb - 40 ildən artıq dostluq etdiyim Ramiq Nağıyev kimi, adına "ədəbiyyat aləmi" dediyimiz dünyada özü də, sözü də seçilən, nüfuz qazanan qələm sahibi Ramiq Muxtar kimi…

Hərdən elə bilmişəm ki, onu məndən yaxşı tanıyan yoxdur, ancaq hər təzə əsəri ilə tanış olduqca görmüşəm ki, yox, Ramiqin dünyası, nağıllardakı qırxıncı otaq kimi, çox sirli-soraqlıdır, hər təzə yazısında o, təzə bir aləm açıb. Ramiqin qələmindən çıxan hər yeni əsər o sirli dünyanın bir yeni qatıdır - açıldıqca açılır, oxunduqca oxunur və onun yazılarını sevməmək, onlara heyran qalmamaq olmur. Çünki bu yazılar Ramiqin özünə yaman oxşayır:

 

Gözlərində gözüm qaldı,

Ürəyimdə sözüm qaldı.

Durna kimi uçub getdin,

Təkcə mənə dözüm qaldı.

Bax açılan qollarıma,

Çıx baxtımın yollarına.

 

Bu misralar Ramiqindir və həmin şeirə bəstəkar Nəriman Məmmədovun yazdığı mahnı dillər əzbəridir.

Mənə belə gəlir ki, bu şeir Ramiq Muxtarın şair tərcümeyi-halının bir parçasıdır: onun bəxtinin yollarına, qələm sahibinə əsl xoşbəxtlik gətirən oxucu sevgisi çıxıb.

Onun başqa bir şerinə yenə də yaxın dostu və dədə-baba qonşusu Nəriman Məmmədovun bəstələdiyi başqa bir mahnı da dinləyicidə eyni ovqatı yaradır:

 

Heç bilmirdim məhəbbətin dadını,

Çəkməyirdim, gözəl, sənin adını,

Verdin mənə ürəyinin odunu,

Qəlbim yanır, söndür qarla, yağışla,

Bir günahım varsa, gülüm, bağışla.

 

Onun sözlərinə 120-dən artıq mahnı bəstələnib.

Son illərdə respublikamızda keçirilən hərbi vətənpərvərlik mövzusundakı müsabiqələrdə onun şeirlərinə bəstələnmiş mahnılar 8 dəfə birinci mükafata layiq görülüb.

Ümummilli liderimiz Heydər Əliyevin şəxsi göstərişi ilə "Dünya azərbaycanlılarının birlik nəğməsi"nin mətnini də Ramiq Muxtar yazıb.

O, prezident təqaüdçüsüdür, Rəsul Rza Beynəlxalq mükafatının laureatıdır, Gürcüstan Respublikasının ali mükafatı olan "Şərəf" ordeninə layiq görülüb.

Ramiqin şeirləri hərdən onun ürəyinin kövrəkliyindən keçib gəlir, belədə "sözün nəbzi" də kövrək-kövrək döyünür:

 

Eşqimizə şahid olan buz bulaq,

Anam bulaq, bacım bulaq, qız bulaq;

Demə, nakam gəlib keçdi bir qonaq,

Mənli dünya, mənsiz dünya, əlvida…

 

Hərdən də bu şeirlər oda, alova çevrilir, yandırır-yaxır, işığı ötənlərə, itənlərə düşür:

 

Çox uzanır bu dolanbac yolumuz,

Düşmən çoxdur - həm sağımız, solumuz.

Əzəl gündən qırılardı qolumuz

Yatmış qisas min ürəkdə qalıb, hey…

 

Onun ömrünü xalqımızın azadlığı uğrunda döyüşlərə həsr etmiş böyük cəfakeş şair Xəlil Rzanın ölümü münasibətilə yazdığı "Ölməz Xəlil" şeri də mübariz ruhu ilə seçilir.

 

Diktor bacım, təkzib elə

Söylədiyin bəd xəbəri,

Öz səhvini özün düzəlt!

Nurla açaq al səhəri.

- Nə söylədin, Xəlil öldü?

Ola bilməz,

O günəşdir, mənim bacım,

Asanlıqla sönə bilməz.

 

Mən Ramiqi nikbin adam kimi tanıyıb-sevmişəm: duzlu söhbətləri bu nikbinliyin məğzini, mayasını təşkil edib; çox maraqlıdır ki, Ramiqin əsərləri də bu əhval-ruhiyyədədir: sevinc də qədərincə, gülüş də. Bu gülüşün lap dərinliyində gizlənmiş kədəri isə, mən bilən, ancaq ayıq-oyaq oxucu, tamaşaçı görə bilər.

Ən vacibi isə, Ramiq Muxtar çox sadə yazır, əllaməçilik eləmir. Öz geniş maraq dairəsində hadisələri oxucuya döğmalaşdıra bilir. Həyat materialını bədii materiala çevirərkən qəribə rənglərdən, səslərdən istifadə edir.

İndi "Seçilmiş əsərlər" çap etdirmək də bir dəbə çevrilib; məncə, seçilən əsərlərini oxucu ünvanına göndərmək haqqını müəllif öz yaradıcılığı ilə qazana bilməlidir.

Ramiq Muxtarın "Azərbaycan" nəşriyyatında çap edilmiş "Seçilmiş əsərləri"nin birinci cildi ilə tanış olduqdan sonra istər-istəməz fikirləşdim ki, o, çoxdan oxucu ünvanına belə bir kitab göndərməli idi.

Bu cildə müəllifin altmışa yaxın şeri və mahnı mətnləri, bir poeması, üç pyesi daxil edilmişdir.

Onun Bakı, İrəvan, Naxçıvan, Ağdam, Qazax teatrlarında tamaşaya qoyulan əsərləri ciddi marağa səbəb olmuşdur. "Üfüqlər qızaranda", "Müdirin aqibəti", "Əlvida, köhnə dünya", "Əgər sevirsənsə", "Şəhərli kürəkən", "Doğma səmanın ulduzları", "Qıl körpü" pyesləri dramaturji ustalıq, konfliktlərin gərginliyi, qəhrəmanların daxili mübarizəsi, hadisələrin dərinliyi baxımından nəzər-diqqəti cəlb etmiş, müəllifin yaradıcılıq uğurları kimi dəyərləndirilmişdir. Ənənəyə sədaqəti ilə seçilən Ramiq Muxtar öz pyeslərində duyub-dərk etdiyi mənəvi aləmin dərinliklərinə üz tutur, sanki tamaşaçını bu aləmin təmizliyini, zərifliyini kobudluqlardan, namərdliklərdən qorumağa, hifz etməyə səsləyir. Bu əsərlərdə ötəri hisslərə yer yoxdur, mənəvi narahatlığın həyəcan siqnalı var. Dramaturq öz qəlbindəki mənəvi ağrıları ustalıqla qəhrəmanlarının həyatına, taleyinə köçürür.

Onun əsərlərində müəllifin mövzuya yeni münasibəti, səmimiyyəti nəzəri cəlb edir.

"Şəhərli kürəkən" adlı iki hissəli psixoloji pyesdə hadisələr Gürcüstanda cərəyan edir. Maraqlıdır ki, gürcülərə məxsus şən, şux söhbətlər, duzlu-məzəli zarafatlar əsər boyu bir-birini əvəz edir. Ancaq şən söhbətlərin nüvəsində dərin bir kədər, zarafatların daxilində həyatın ciddi ironiyası var.

Sandro və Maryanın təyyarə qəzasında ölmüş oğlanlarının yadigarı olan Nona Moskvada təhsil alır. Nənə-babanın canlarından artıq sevdikləri Nona şəhərdə tanış olub adaxlandığı Zurabla kəndə gəlir. Məlum olur ki, Zurabın atası Quram nazir müavini, anası Yelena iş adamıdır. Onların yeganə arzuları övladlarının xoşbəxtliyini görməkdir.

İlk baxışdan hər şey çox sadə və gözəldir. Amma məlum olur ki, təlatüm arxadadır. Nona qonşuları Nəbi kişinin oğlu Qədirə də söz veribmiş ki, təhsilini bitirəndən sonra ona ərə gedəcəkdir. Nəbi kişi qonşusu və cəbhə dostu Sandrodan üz döndərir, ancaq Qədir şəhərli kürəkənə ərə gedib Tiflisdə yaşayan Nonanın yalqız qoyduğu qocaları tez-tez yoluxur, onlara hər cür köməklik edir.

Sandro Tiflisə, təzə qohumlarıgilə gedəndən sonra vəziyyət daha da gərginləşir: məlum olur ki, Nona zahiri parıltıya - Zurabın şirin dilinə, yalançı vədlərinə aldanıb. Var-dövləti hər şeydən uca tutan nazir müavini hər cür alçaqlığa qol qoyur. Yelena da əxlaqca təmiz deyil.

Sandro Quramı görən kimi tanıyır: onlar bir cəbhədə döyüşmüşlər. İndiki nazir müavini cəbhədə də alçıqlıq etmiş, həbs olunmuş, həbsdən qaçmışdır. Adını dəyişərək nazir müavini pilləsinə qədər yüksəlmiş, indi də öz nalayiq əməllərini davam etdirir.

Hadisələrin sonu aydınlıqla bitir. Nona doğma kəndə - öz əvvəlki saflığına, zərifliyinə, təmiz adamların arasına qayıdır.

İki hissəli "Qıl körpü" pyesinin qəhrəmanı Qulam Gözəloviç də sabiq nazirdir. O da pozğun bir həyat yaşamış, vəzifəsindən sui-istifadə edərək çoxlarının bədbəxtliyinə səbəb olmuşdur. Pozğun həyat keçirdiyi katibəsi Nazanı ərə verməklə öz günahını ört-basdır etməyə çalışan Qulam Gözəloviç özü kimi nadürüst əməllər sahibi Hacı Zərdüşt, qayınları Əlağa, Vəlağa, müharibə veteranı Tağı müəllim, Zəki doktor kimiləri başına toplayıb. Qulamın hər sözü onlar üçün qanundur. Lakin sürücüsü Rasim onun təklifi ilə razılaşmır, Naza ilə evlənmək müqabilində Qulamın ona vəd etdiyi firavan həyatı qəbul etmir.

Müəllif pyesdə maraqlı bir üsuldan istifadə edir: əsər Qulamın son günlərinin təsviri ilə başlayır və bu vəziyyətdə də davam edir. Qulamı ittiham edən qəhrəmanlar səhnədə yox, zalda, tamaşaçıların arasındadırlar. Onlar hadisələrə fəal müdaxilə edir, dinamikanı gücləndirirlər.

Əsərdə Qəşəng xanım, Gülya, Lətif, Əbil kimi maraqlı və yaddaqalan obrazlar vardır.

Bu əsərlərdə müəllif niyyəti çox saf və təmizdir: o, həyatı öz nuruna bələyən işığın, ürəkləri riqqətə gətirən saflığın, təmizliyin, mərdliyin tərəfindədir. Belə olanda həyat da gözəl olar, yaşamaq da…

Ramiq Muxtarın "Seçilmiş əsərləri"nin birinci cildində məlumat verilir ki, növbəti cildə müəllifin "Özgə ürəyi", "Əlvida, köhnə dünya", "Kişi ömrü", "Dəvə dağ əfsanəsi" pyesləri, xatirələri, atası Muxtar Nağıyev haqqında sənədli povesti daxil edəcəkdir.

Yeni kitabla görüş ümidi ilə...

 

 

Yavuz AXUNDLU

 

Ədəbiyyat qəzeti.- 2010.- 16 iyul.- S.5.