Hələ ki

 

Çiynimdədir bu dünyanın qəm yükü,

Sevincinə tamarzıyam hələ ki

Axşam-səhər yorğun gözü yol çəkən

Anam üçün bir arzuyam hələ ki

 

Qəm üstündə kökləmişəm tarımı,

Göz yaşıma örtük etdim arımı.

Yarımadım, yarıtmadım yarımı,

Zirvələrin sal buzuyam hələ ki

 

Dağ zirvəylə, çinar yaşla tanınar,

Çəmən güllə, keçid daşla tanınar.

Deiyrlər ki, "üzük qaşla tanınar",

Qaşı itmiş bir üzüyəm hələ ki

 

Tərs ələdi ələyimi ələyən,

Sevinmədi bələyimi bələyən.

Arzuları ürəyində mələyən

Yetim qalmış bir quzuyam hələ ki

 

 

Bir nadana

 

Çox yalvardım, nadan yola gəlmədi,

"Can" deməyə can evində dözüm yox.

Əl uzatdım, boyu qola gəlmədi,

Qamətində, duruşunda gözüm yox.

 

Duru suyu bulandırıb - dözmüşəm,

Yalan deyib, üzə durub - dözmüşəm.

Qapı-qapı dolandırıb - dözmüşəm,

Dost-tanışa üz tutmağa üzüm yox.

 

Dedim: - Bu yol dolaşıqdı, əyridi,

Sözlərimi söz elədi, əyirdi.

Mən qazandım, əyri yedi, səyridi,

Yorğanıma astar üçün bezim yox.

 

Öz-özümü yaman fağır elədim,

Yaşamağı, ömrü ağır elədim.

Sənə görə yolu yağır elədim,

Yaddaşımda bircə dənə izim yox.

 

Ya qulaq as, ya sözümü kəs hərdən,

Öz işindi, tufan kimi əs hərdən.

Söz qılıncım daha düşüb kəsərdən,

Anlamaza, dilbilməzə sözüm yox.

 

 

Yazığım gəlir

 

Bir xoş sığala möhtac

Telə yazığım gəlir.

Cəlladdan aman uman

Ələ yazığım gəlir.

Dağlarda coşub-daşan,

Zirvəyə nəğmə qoşan,

Səhrada fağırlaşan

Selə yazığım gəlir.

 

Gəlişinə səs düşən,

Gedişinə sis düşən,

Tarixlərə nəs düşən

İlə yazığım gəlir.

 

Zəhmət çəkən, döyülən,

Yerli-yersiz söyülən,

Çaqqallara əyilən

Filə yazığım gəlir.

 

Qönçə vaxtı quruyan,

Budağında qarıyan,

Tikanlardan yarıyan

Gülə yazığım gəlir.

 

Gözlərində qəm, kədər,

Şər yayır axşam-səhər.

Hər kəlməsi bir zəhər

Dilə yazığım gəlir.

 

 

Əflatun Cəfərli

 

Ədəbiyyat qəzeti.- 2010.- 16 iyul.- S.4.