Vüqarımın zirvəsində
Gün doğdu, qartək əridim,
İsindi torpaq, yaşadım.
Bəlkə bir tumurcuq idim,
Oldum bir yarpaq, yaşadım.
Gün nurunu səpdi yerə,
O, bir bütöv, mən bir zərrə.
İşıq dolu zirvələrə
Könlümdə maraq yaşadım.
Ancaq həyat
gör neçə iç…
Heyif, tapdım düz yolu gec.
Eldən ki güc almadım - heç…
Özümdən uzaq yaşadım.
Dedin: - Haqqı
ortaya çək,
Baş almasın yalan, kələk.
Haqq alınar,
budur bu dərk,
Budur bu - anlaq, yaşadım.
Öz süfrəmdən
yeyə billəm,
Bəy libası geyə billəm.
Yurda dönsəm,
deyə billəm:
Əlimdə yaraq yaşadım!
Zirvələr var, neçə endə…
Kirs, Dəlidağ
gözlər öndə…
Vüqarımın zirvəsində
Üçrəngli bayraq yaşadım.
Qaralmış, qurumuş sözlər
var
Qarabağ… məcburi
köçkün… qayıdış…
Vaxt keçir, bu sözlər nə ucuz belə.
"Qədim
yurd, məhəbbət,
qürur, iftixar" -
Hələ harasıdır,
yurdlarla birgə
Bəzi sözləri
də gəl uduz belə…
Sözlərin itkisi ruhumdan keçər,
Təhlükə olmazmı bu ürək üçün?
Saxta layihələr,
xəritələr var,
Billəm, yaddaşımı keyitmək
üçün.
Sevimli sözlər
var, sınır, əyilir,
Qorxuram dilimdən düşələr
qaçaq.
Sözləri öldürüb,
şikəst eyləmək,
Yenə varlığıma
zərbədir ancaq!
Bəlkə də ruhumu divarlar sıxır,
Üzümə ən geniş meydanları aç!
Zəhərlənmiş qanım
arınsın bir az,
Boğulan ruhumuz Şuşaya möhtac!
Sözü kəskin
deyək, bir az da açıq,
Sözün də ardında nə güc var, bilim.
Yoxsa bəzi
sözlər lüğətdən
çıxar,
Ta nəyə
yarayar o kasıb dilim?..
Qaralmış, qurumuş
sözlər var, qardaş,
Billəm, Xankəndində yaşıllaşacaq.
"Qədim
yurd, məhəbbət,
qürur, iftixar…"
Bu sözlər
qalacaq,
əlbəttə, o vaxt
Ta saxta mahnılar oxunmayacaq.
Duzlu dəsmalımı
Arazda yuyum
Sənəti bənnalıq
deyil, o kəs ki,
Daş üstə daş yığar, hörməyə
qoymaz.
Pislər var, bu qıfıl paslansın deyər,
Düyünü döndərər, ilməyə
qoymaz.
De nə
var fikrində, nə var qolunda,
Nələr var, kimlər var, de, sağ-solunda?..
Kim kəsib
yolunu aran yolunda,
Atları dağlara sürməyə
qoymaz.
fələkmi bizləri
əlacsız qoyub,
O kimdir ruhumu talayıb, soyub?
Duzlu dəsmalımı
Arazda yuyub,
Çıxıb Ziyarətdən sərməyə
qoymaz.
Bu suçu verməyək, gəl, yerə, göyə.
Güc olub haqsızı əyməyək niyə?
Yiyə var, nə yazıq, aldanan yiyə
İtini oğruya
hürməyə qoymaz…
Musa, seçməliyik
əyrini, düzü,
Dalanlar üfüqə aparmaz bizi.
Xırda sevinclərin
böyük kölgəsi
Geniş göy üzünü görməyə
qoymaz
Kim deyir ki, layla de
Keyləşməsin ağıllar;
Bizə ləkə yaxılar.
Qarışıqdır yuxular,
Oyat məni,
ay ana,
Kim deyir ki, layla de!?
Keçib gedir vaxt-vədə,
Dəmir gərək kürədə.
Yatmışammı dərədə,
Oyat məni,
ay ana,
Kim deyir ki, layla de!?
Sınaq, döyüş
- bir səhər…
Yatmaq olmaz bu qədər.
Huşum da itib gedər,
Oyat məni,
ay ana,
Kim deyir ki, layla de!?
Laylaların qəsdin nə?
Zaman durub qəsdimə.
Soyuq su tök üstümə,
Oyat məni,
ay ana,
Kim deyir ki, layla de!?
Kimlər kimə
"döz" deyir,
Təzə yastıq üzləyir?
Söz-yastıqlar az deyil,
Oyat məni,
ay ana,
Kim deyir ki, layla de!?
Yad oxşama,
laylalar…
Billəm, olub, yenə var!
Varsan, doğma
anam var,
Oyat məni,
ay ana,
Kim deyir ki, layla de!?
Musa Aslanxanlı
Ədəbiyyat qəzeti.- 2010.- 16 iyul.- S.4.