Hekayələr

  

Ölümünü gözləyən adam

 

Artıq hər şey danışılıb qurtarıb. Hər şey… Dost-tanışa, qohum-qardaşa, bir sözlə, gümanı gəldiyi adamların hamısına ağız açıb. Kaş ağız açmayaydı… Heç kim pul vermir. Yalnız məsləhət verir: maşınını sat, evini sat…

O, bunları bilmir, niyə? Bilir. Elə onları da satlıq elan edib. Müştəri hardadır? O da ola xəstəliyin yaxaladığı bu ağır, çətin zamanda! Ürəyin gözləməyə vaxtı yoxdur. Yorulub, qüvvəsi tükənib. Daha dözə bilmir insanların ikiüzlülüyünə, qəddarlığına… Bir də gördün ki, qəfildən dayandı… Ondan sonra ha yalvar-yaxar… Heç bir xeyri olmayacaq…

Həkimin də nə ona yazığı gəlirdi, nə də yorulub əldən düşmüş ürəyinə. Əməliyyat üçün doqquz min dollar istəyirdi; ürəyinin üç damarını dəyişəcəkdi…

Bax, belə… Hamı məsləhət verirdi:

- Maşınını sat, evini sat. Sat, sat!

Vaxt gedirdi. Qohum-qardaşın, dost-tanışın, həkimin vecinə deyildisə, heç vaxtın da vecinə deyildi. Keçməyindəydi…

O düşünür, düşünürdü. Tutalım ki, maşını satdı. Olsun… Maşınsız necə ötüşəcəkdi? Necə? Gənc yaşlarından indiyə kimi maşını olmuşdu. Hər yana maşınla gedib-gəlmişdi. İndisə piyada gedib-gəlməliydi… Maşını olanlar ona yuxarıdan aşağı baxacaqdılar… Yanından saymazyana şütüyüb kecəcəkdilər. Guya ki, bunu heç görmürlər. Maşını olanda yanından keçəndə əl edirdilər, üzünə gülümsəyirdilər… Buna dözmək çətin idi… Çarəsiz idi, dözməliydi… Qısası, maşın satılmalı idi…

Evinin satılmasına gəldikdə isə… Üzdə razı idi, ürəyindəsə yox. Bunun tərsini deyirdi. Evini satsaydı, bir gör nə günə düşəcəkdi? Bu yaşında gedib kirədə yaşamalıydı. Düzdür, kirəkeş olmaq daha əvvəlki kimi ayıb sayılmırdı. İndi yüzlərlə, bəlkə də minlərlə adam evsiz-eşiksiz idi, kirədə yaşayırdı. Elələri vardı ki, çalışıb-çabalayırdı, bir ilə, iki ilə, yaxud beş-on ilə ev alırdı. Elələri də vardı ki, kirələrdə canını Allaha tapşırırdı.

Kirələrdə qalmaq onun üçün də ayıb deyildi… Lakin mənzil pulunu ödəmək onu narahat edirdi, şok vəziyyətinə salırdı…

…Çalışdığı idarədən də heç bir xəbər yox idi. Heç nə demirdilər; köməklik edəcəkdilər, ya yox…

…Vaxt gedirdi. Nə maşın satılırdı, nə ev satılırdı, nə də idarədən bir xəbər gəlirdi… Qohum-qardaş, dost-tanış yenə eyni sözü deyirdi:

- Maşınını sat, evini sat. Sat… sat…

…Gözlərini yavaş-yavaş açdı. On iki yaşlı qızı, arvadı ayaq üstə dayanıb ona baxırdı… Gözlərində kədərqarışıq sevinc vardı. Gözləri qapandı.

…Gözlərini bir də açacaqdı. Nəinki açacaqdı, hətta sağalıb ayağa da duracaqdı. On iki yaşlı qızını da, arvadını da qucaqlayıb üzündən öpəcəkdi. Sonra maşına oturub evinə də gedəcəkdi. Onda arvadı ona hər şeyi danışacaqdı. Hər şeyi. Çalışdığı idarədən on min manat göndərilməsini deyəcəkdi. Pul göndərilən zərfi də ona göstərəcəkdi. Onda bir daha inanacaqdı ki, bu dünyada ikiüzlülərlə, yalançılarla, laqeydlərlə yanaşı, yaxşı insanlar da var. Dünya xali deyil…

Bütün bunlar tezliklə olmayacaqdı. Sonra, sonra olacaqdı. O vaxt ki, sağalacaqdı, o vaxt ki, evə dönəcəkdi. İndisə əməliyyat olunmuşdu: xəstəxanada yatmalıydı, sağalmağını gözləməliydi…

 

 

Yuxular çin olacaq…

 

Ermənilər dağın o üzündə idilər. Rus hərbi birləşmələri ilə hücuma hazırlaşırdılar. Nə vaxt, nə zaman hücuma keçəcəkləri məlum deyildi.

Dağın bu üzündəki kənd təşviş içindəydi; daha müdafiə olunmaqdan vaz keçilmişdi; kənd boşaldılmaqdaydı. Niyə, nə üçün? Heç kimə heç nə deyilmirdi, hesabat verilmirdi. İki-üç saat olardı ki, kəndi müdafiə edən hərbi hissə kənddən çıxmışdı, başqa müdafiə mövqelərinə getmişdi. On beş-iyirmi əsgər, bir neçə zabit qalmışdı; onlar da kənd əhalisinin mütəşəkkil surətdə köçürülməsi üçün saxlanılmışdı.

Kənd yolunda bir neçə üstüaçıq hərbi maşın dayanmışdı. Adamlar o maşınlara mindirilirdi… Hər kəs öz doğmasını - ərini, arvadını, oğlunu, qızını səsləyirdi. Tapanlar rahatlanırdılar. Tapmayanlar tükürpədən səslə bir-birini çağırmaqdaydılar. Söyüş söyənlər də vardı, qarğış edənlər də…

Ballı arvadsa daxmasında şirin-şirin yatırdı. Nə kənddən xəbəri vardı, nə də adamların köçməyindən. Bəlkə də beləcənə yatacaqdı… Əgər "Qaşqa" inək tövlədə böyürməsəydi… Yazıq heyvan adamların köçməyini elə bil hiss etmişdi. Hiss etdiyindəndir ki, aramsız böyürürdü… Ballı arvad artıq oyanmışdı… Yatağındaca "Qaşqa"ya xoş sözlər deyirdi: - Gəlirəm, gəlirəm, a canı yanmış. Gəlirəm. Çayın kənarındakı çəmənliyə səni aparacağam. Orda hörükləyəcəyəm. Göy otdan yeyəcəksən, səpsərin sudan içəcəksən. Dünən ac qalmağının əvəzini çıxacaqsan… Və birdən dünənki gülləbaran yadına düşdü… Dünən kənd aramsız top atəşinə tutulmuşdu. Ölən, yaralanan çox olmuşdu. Amma adamlar kənddən çıxmamışdı. Axşama yaxınsa atışma tamam dayanmışdı. Elə bil heç nə olmamışdı…

Ballı arvad paltarlarını əyninə geyib tövləyə girdi, inəyin ipini mıxdan açıb çölə çıxardı. Tək-tək yağış atmağındaydı. Ballı arvadla inək də getməyində. Hər ikisi irəliləyirdi. İkisi də tələsirdi. "Qaşqa" inək göy otdan yeyəcəkdi, səpsərin sudan içəcəkdi, Ballı arvadsa əl-üzünü yuyub kəndə dönəcəkdi, arvadlara qoşulub dünən ölənlərə ağlayacaqdı…

Lap yaxınlıqdan səs gəldi:

- Hara gedirsən, ay arvad? Hara gedirsən? Burax inəyi! Burax! Gəl tez maşına min… Kəndi boşaldırıq… Hamı gedir…

Bu sözləri deyən üz-gözünü tük basmış könüllü idi; əlində avtomat vardı. Avtomatı oyuncaq kimi bu əlindən o əlinə, o əlindən bu əlinə ötürürdü.

Ballı arvad heç nə başa düşmədi. Heç "Qaşqa" da bir şey hiss etmədi. "Qaşqa" da, Ballı arvad da yollarına davam etdilər.

Bu dəfə başqa bir könüllü, eyni ilə birinci könüllü kimi üz-gözü tüklü könüllü əlindəki avtomatı yellədə-yellədə Ballı arvada tərəf qaçdı, qarşı-qənşər dayandı, bağıra-bağıra dedi:

- Ey, ey arvad, fil qulağında yatmısan? Bu işlərin sənə dəxli yoxdur? Burax inəyi. Qoy hara istəyir getsin. Get maşina min. Erməni və rus birləşmələri…

Hiss etdi ki, lazım olmayan sözləri deyir. Tez sözünü dəyişdi:

- Ay rəhmətliyin qızı, burax inəyi. Burax inəyin ipini. İnəyi də özünlə aparmayacaqsan ki…

Ballı arvada söz indi çatdı. İpi biləyinə sarıya-sarıya dedi:

- Ay bala, deyirsən, "Qaşqa" burada qoyum gedim? Deyirsən, "Qaşqa" dığaların ümidinə qoyum? Vallah, ürəyim gəlmir… Axı neçə illərdir ki, o məni dolandırıb… Südünü içmişəm, qatığını, pendirini yemişəm, artıq qalan ağartını satıb əmrimi aşırmışam… Yox, yox, onsuz gedə bilmərəm.

Könüllünün səbri tükəndi, inəyin ipini zorla onun əlindən aldı, "Qaşqa" inəyin budundan avtomatın qundağı ilə vurdu:

- Yeri get Allahın heyvanı. Yeri get.

"Qaşqa" yerindən tərpənmədi. Ballı arvada sarı getdi. Onda Ballı arvad özünü saxlaya bilmədi, inəyin boynunu qucaqlayıb hönkür-hönkür ağladı. Ağlaya-ağlaya da ondan aralandı. Nə fikirləşdisə, geri qayıtdı. "Qaşqa"nın boynundakı ipi açdı, qoltuğuna vurdu. Gedib axırda dayanmış yük maşınına mindi.

Bir azdan maşınlar hərəkətə gəldi. Qıvrıla-qıvrıla uzanan yolla kənddən uzaqlaşdılar, Beyləqana üz tutdular…

Ballı arvadın qaçqınlıq həyatı belə başladı. Qaçqınları çadırda, boş evlərdə, bir sözlə, güman gələn yerlərdə yerləşdirdilər. Onların da "yurd-yuvası" oldu. Ballı arvada da o "yurd-yuva"dan təklif elədilər. Bundan imtina elədi: "Mənə buralarda ev-eşik lazım deyil, - dedi, - Mənim evim bax o dağların o üzündədir. - Əlini uzadıb çox-çox uzaqları göstərdi. - Buradakı qaçqın sığınacaqlarının hamısı mənim öz evimdir. İstədiyim evdə qalıb günümü keçirəcəyəm."

O gündən Ballı arvad hər bir qaçqın ailəsinin əzizi oldu. O ailənin duzunu daddı, çörəyini yedi, suyunu içdi; ağırlandı, əzizləndi… Onlar Ballı arvadın, o da onların dərdinə şərik oldu.

Ballı arvad hansı evə gedirdisə, qoltuğunda mütləq bir bağlama olurdu. O bağlamada bir-iki köhnə paltarı vardı. "Qaşqa" inəyin boynundan açıb götürdüyü ip vardı. Bir də kənddən çıxanda geydiyi rezin qaloş vardı. Palçığı üstündə qalıb qurumuşdu… Bir də, bir də o boğçada pensiya pulu ilə aldığı şüşə konfet vardı. O konfetləri uşaqlara paylayırdı. Birini də özü yemirdi. Səbəbini soruşanda deyirdi ki, mənim konfet yeməyim qaldı kəndə dönməyimizə. Bax, o vaxt, o vaxt o konfetlərdən yeyəcəyəm, ağzımı şirin edəcəyəm. İndisə… Heç kim onunla mübahisə eləmirdi. Demirdi ki, ay arvad, konfet yeməyin o işə nə dəxli var? Qorxurdular ki, birdən inciyər, xətri qalar…

Ballı arvadın bu dünyada bircə arzusu vardı: doğulduğu kəndə qayıtmaq. Hər gecə o fikirlə yatırdı, o fikirlə dururdu.

Ballı arvadın bir niyyəti vardı; kəndə qayıdanda özünün pensiya pulu ilə alacağı şəkər tozundan hazırladığı şərbəti qapı-qapı paylamaq.

Ballı arvadın bir vəsiyyəti vardı. Demişdi ki, əgər canını qaçqınlıq zamanı Allaha tapşırsa, kənddən çıxan zaman geydiyi rezin qaloşu, bir də "Qaşqa" inəyin boynundan açıb götürdüyü ipi onun qəbrinə qoysunlar. Bu onun üçün bir təskinlik idi.

Ballı arvad xəstələndi. Yaman xəstələndi. Daha üzü o yana idi. Daha bu dünyadan əli üzülmüşdü…

Səhər açılar-açılmaz isə…

Ballı arvadın dünyadan köçməsi xəbəri sürətlə qaçqın evlərinə çatdı.

Ballı arvadın vəsiyyətinə əməl edildi. On beş ildən çox boğçasında saxladığı rezin qaloşlarını, bir də "Qaşqa"nın ipini onun qəbrinə qoydular…

O gün, daha doğrusu, Ballı arvadın torpağa tapşırıldığı o günün gecəsi qaçqınların bir çoxu eyni yuxu gördü. Sıra ilə düzülüb Qarabağa gedirdilər. Qəribə olsa da, dəstənin önündə Ballı arvad gedirdi, onun da dalınca "Qaşqa" inək. Ballı arvadın ayaqlarında palçığı qurumuş rezin qaloş vardı. Qaşqasınınsa boynunda Ballı arvadın məzarına qoyulan ip vardı.

 

 

  Yaz küləyi

     

  Bu qıza bax! Gör bir necə dayanıb?! Elə bil heykəldir… Daşdan yonulub, bu yolun hər tərəfindən görünən bir yerdə qoyulub… Qoyulub ki, bir anlıq olsa da, ayaq saxlayıb ona baxsınlar. Heç olmasa bir anlığa gündəlik qayğılarından ayrılıb bu heykəl qıza baxsınlar. Bir anlığa gözəllik haqqında düşünsünlər… Sonra yenə öz işləri ilə məşğul olsunlar…

Yox, o, heykəl deyil. Adicə bir qızdır. Min, milyon qızlardan biri… Hər gün səhər buradaca gəlib durur, avtobus gözləyir. Külək də fürsətdən istifadə edib onun şabalıdı saçlarına sığal çəkir, əynindəki kipçərək köynəyinin dəbdə olan iri yaxalığını oynadır, o tərəf-bu tərəfə atır. Qızsa yaxalığını qaydaya salır, köynəyini dartıb düzəldir. Onda külək səngiyir. Görünür, qızın hirslənəcəyindən ehtiyat edir. Lakin ehtirasını boğa bilmir, yenidən qızın yaxalığını yellədir… Sonra onun saçlarını bir-birinə qarışdırır…

Nədənsə qız nə yaxalığını düzəldir, nə də saçlarını. Gözlərini uzaqlara dikib. Lap uzaqlara. O uzaqlara ki… O uzaqlarda yəqin ki, özünü tapır, sevgisini tapır, həyatını tapır…

Avtobus dayanır. Qız avtobusa qalxır… Yaz küləyi ondan ayrılır. İndi bu külək mənimlə oynayır. Üzümə toxunur, əllərimə toxunur, köynəyimin açıq yaxasından içəri dolur.

Mənsə özümdə deyiləm. Avtobusa minən qızı düşünürəm. Kaş sabah da bugünkü yerində duraydı. Yaz küləyi bugünkü kimi onun yaxalığını o yan-bu yana ataydı, şabalıdı saçlarına sığal çəkəydi…

Yoluma davam edirəm. Sabahkı günü düşünə-düşünə. O qızı - yolun kənarında dayanan qızı gözləyə-gözləyə…

Qəfildən özümə gəlirəm. Axı məni evdə gözləyən var. Yəqin ki, o qızın da yolunu indi kimsə gözləyir. İndi gözləməsə də, nə vaxtsa gözləyəcək…

 

 

Bayram İsgəndərli

 

Ədəbiyyat qəzeti.- 2010.- 16 iyul.- S.4