İlk sevgi
Mən səni sevəndən qorxaq olmuşam,
Özüm də özümə çətin sualam.
Büllur oyuncaqlı uşaq olmuşam,
Qorxuram büdrəyib əlimdən salam.
Gözlərim həmişə üzündə olur,
Qorxuram baxışın soyuya birdən.
Tək fikirləşəndə gözlərim dolur,
Bu boyda xoşbəxtlik görməmişəm mən.
Sevgilim, sən mənə könül açdıqca
Hicranın indidən lap üzür məni.
Xoşbəxtlik mənə çox yaxınlaşdıqca
Bədbəxtlik daha çox qorxuzur məni.
Dəli də inanmaz buna, dəli də,
Ömür uzun şeydi, xoşbəxtliksə az.
Eh, uzun bir ömür var irəlidə,
Ömrü belə xoşbəxt yaşamaq olmaz.
Hər şirin
çağların acı
anı var,
Bizim o anımız əvvəl gələydi.
Hər sakit dənizin bir tufanı var,
Bizim tufanımız əvvəl
gələydi.
Əvvəl döyüləydim
yağışda, qarda,
Zəhmətim bu boyda eşqə
dəyəydi.
Əvvəl bərkiyəydim
fırtınalarda,
Sonra da üzümə günəş gələydi.
Yoxsa birdən-birə
qarşıma çıxdın,
Dedim ki, sevirəm… sevirəm dedin.
Sən bütün
ömrümü yollardan
yığdın,
Bir anın içində xoşbəxt elədin.
Yarpaqtək əsirdim,
indi yanında
Günüm günəşsizdi, gecəm
də aysız.
Mən sənin
eşqinin burulğanında
Düşüb boğuluram haysız, haraysız.
Tərcümeyi-halım
Evim-avtobuslar, vaqonlar,
təyyarələr,
Kəndlər, şəhərlər,
səyyarələr dayanacağım.
Milyon kilometrlərlə
ömür yaşamışam.
Kim bilir,
haradı dayanacağım?
Qorxuram və
qorxmuram
Qorxmuram ölməkdən,
Qorxuram ki, mən
Ölmək lazım
gəlsə
Ölə bilməyəm.
Yaş o yaş
deyil ki…
Sən mənim
ən əziz sirrim, istəyim,
Sən mənim ən acı həqiqətimsən.
İtmiş gəncliyimdən
soraq gətirən
Sən mənim ikinci məhəbbətimsən.
Yaş o yaş
deyil ki, yolunu kəsim,
Yaş o yaş deyil ki, açım qəlbimi.
Təzədən başlayım,
danışım, küsüm
On yeddi yaşında cavanlar kimi.
Yaş o yaş
deyil ki, səni izləyim,
Özümü odlara toxuyum yenə.
Durub saatlarla
vədə gözləyim,
Görənlər, bilənlər nə deyər mənə.
Səni hər görəndə çaşıram
düzü,
Hamı mənə baxıb gülür elə bil.
Dilimi dişləyib
demirəm sözü
-
Yaş o yaş deyil ki… heyif ki,
deyil.
Gecə yaman
uzundur
Gözümün işığına
hər kirpik bir yük olur,
Gecə yaman uzundur.
Bəzən bir ömürdən də
bir gecə
böyük olur,
Gecə yaman uzundur.
Xəyallar şirin-şirin,
Xəyallar acı-acı,
Gecə yaman uzundur.
Qəlb vüsalın
möhtacı,
Gecə yaman uzundur.
İndi yəqin
yuxuda
Xumar-xumar gülürsən.
Eh… sən
hardan biləsən
Gecə yaman uzundur.
Möcüzə
Soruşma nə üçün sevirəm
səni,
Sən də möcüzəsən,
mən də möcüzə.
Niyə eyni vaxtda dünyaya gəldik,
Bu boyda dünyada gəldik üz-üzə?
Hər addım
başında bir möcüzə var,
Möcüzə küləkdir, oddur, bulaqdır.
Kiçik bir budaq da hoqqa
çıxardır,
Yarpağı yaşıldı, çiçəyi
ağdı.
Sükut səssizlikdən
yaranır ancaq,
Sükutun səsindən qulağım
batır.
Hər şeydə,
hər yanda min möcüzə var,
Daşda, qayada da möcüzə
yatır.
Hardandır gecədə
işıqlı yuxu,
Zülmət yer altında işıqlı sular?
Ölüm ayağında həyata ümid?
Zindanın küncündə gözəl
arzular?
Min-min səyyarəni
yaşatmaq üçün
Günəşə nə gəlib alışıb-yanır?
Kiçik bir daş atsan havada durmaz,
Bəs bu Yer kürəsi
necə dayanır?
Mavi göz aləmi mavi görməyir,
Bir vaxt mən ölsəm də bu ölüm
deyil,
Təslim olmağımdı bu suallara.
Soruşma nə üçün sevirəm səni?
Sən də möcüzəsən,
mən də möcüzə.
Niyə eyni vaxtda dünyaya
gəldik?
Bu boyda dünyada gəldik üz-üzə.
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2010.- 16 iyul.- S.3.