Qar
Yağır, yaman yağır Qubanın qarı,
Yenə Təngə qardı,
Afurca qardı.
Üzür dağ kəndini qışın qübarı
Tox-toxa söylənir, ac-aca, - qardı.
Qar qovur küləyi o dağ, bu dağda,
Sovrulur, səslənir dərə tabaqda.
Beləcə yağırdı min il qabaq da
Bu qar köhnə qardı,
Çox qoca qardı…
Zirvədən asılıb soyuyur bulud,
Unut soyuqluğu buludum, unut…
Bir evdə
od yanır,
Bir evdə
sükut, -
Bir baca tüstüdü,
Bir baca qardı.
Qar düşüb
ovçunun tələsinə
də,
Qar qonub tüfəngin lüləsinə də.
Qar yağır
gecənin şöləsinə
də,
Bu qar sirli qardı,
tapmaca qardı.
Boyundan boy verir
boyların üstə,
Oynayır sıldırım layların
üstə.
Uzanıb ən uzun çayların üstə, -
Adına gəlincə,
- bir heca, Qardı…
Qusarım
Bu axşam
mənim də havam çalındı,
Havalı dilimdən
duam çalındı…
Bu səs
Suvarındı, Suvacalındı,
Dindi "Rast"ım
mənim,
"Hisar"ım mənim. -
Qusarım mənim.
Yerləri gül səsi, çiçək
qapısı,
Göyləri nur seli, mələk
qapısı.
Dosta dost qapısı,
ürək qapısı,
Düşmənə keçilməz
hasarım mənim -
Qusarım mənim.
Bir daşı
yurd daşım, binə daşımdı,
Bir daşı baş daşım, sinə daşımdı.
Bil ki, yamaq daşım, pinə daşımdı,
-
Sənsiz hara düşsə güzarım
mənim -
Qusarım mənim.
Ötür şəlalələr
tel nəğməsini,
Asıb qayalara sel nəğməsini.
Yasab nəğməsini,
Hil nəğməsini
Könlümə əbədi
yazarım mənim -
Qusarım mənim.
Düşsün gözəllikdən
gözə dən, baxım,
O gözəl
hüsnünə təzədən
baxım…
Çıxım, şahdan
baxım, Ləzədən
baxım,
Deyim bu qartalım, bu sarım mənim -
Qusarım mənim.
Bu axşam
mənim də havam çalındı,
Havalı dilimdən
duam çalındı…
Bu səs
Suvarındı, Suvacalındı,
Dindi "Rast"ım
mənim,
"Hisar"ım
mənim -
Qusarım mənim.
Ağlama
Ağlayırsan, indi ağla,
Məni öləndə ağlama.
Qəbrim üstə
güllər solub,
Xəzan gələndə ağlama.
Sıxılma yas saxlayanda,
Geyib qara bağlayanda.
Ağla, düşmən
ağlayanda,
Dostlar güləndə
ağlama…
Gözəl davran, gözəl inlə,
Darılma dərd
gözəlinlə…
Göz yaşını
öz əlinlə
Özgə siləndə
ağlama…
Öz tamı var, öz təhəri,-
Ölüm ömrün
son bəhəri…
Gizlə gözündən
qəhəri,
Gözün biləndə ağlama.
Axşam şəri,
səhər danı,
-
Səninlə böldüm hər anı.
Sonuncu dəfə
dünyanı
Yarı böləndə
ağlama…
Atamın xatirəsinə
Gözündən ölməyə
başladı atam,
Gözündən düşməyə başladı
dünya.
Saraldı gözünün
ağ çiçəkləri,
Gəlib gözlərində
qışladı dünya…
Ölümü nar kimi sıxdı gözünə,
Gözünün içində nar çiçəklədi.
Öpdü gözlərindən
ölüm mələyi,
Gözünün odunda qar çiçəklədi.
Gördüm ki, soyuyur həyət-baca da,
Gördüm buz sallanır gül tağlarından.
Bağın başındakı
qoz ağacı da
Asılıb qarğanın
ayaqlarından…
Pəncərə önündə
gilas ağacı
Hamıdan gizlicə
Tək ağlayırdı.
Quru budaqları
qara əl kimi
Divarın üzünü
cırmaqlayırdı…
Gözləri çıxmışdı
hədəqəsindən,
Sanki kirpiyində dağ dolaşırdı.
Həyat gözlərində
özgələşirdi,
Gözləri ölümlə doğmalaşırdı.
Göz-göz oxşayırdı
ölümü atam,
Oxşaya-oxşaya nələr
danışdı…
Gözləri ölümə
sığmadığından
Öləndən sonra da yumulmamışdı.
Dünyanın şəklindən
qaçıb gözləri,
Ölümün şəklini çəkirdi
o gün.
Ölümün şəklini
olduğu kimi
İlk dəfə
atamın gözündə
gördüm…
Gözüylə dünyanın
arasındakı
İşıqlı nə varsa uçuracaqdı.
Elə yapışmışdı
gözü ölümdən,
Elə bil əlindən qaçıracaqdı…
Ölməyə heç
nəyi yox idi o gün,
Nəfəsi yox idi, dili
yox idi.
Elə nazlanırdı
gözündə ölüm,
O gün
ondan gözəl ölü yox idi…
Gözünə dikilən
gözlərdən qaçıb,
gözünə tökülən
səslərdən qaçıb,
gözünə çəkilən
bizlərdən qaçıb
gözüylə öpüşdü
yetimliyiylə,
gözüylə öpüşdü
yavanlığıyla,
gözüylə öpüşdü
uşaqlığıyla,
gözüylə öpüşdü
cavanlığıyla.
öpmək istəmədi
qocalığını,
gözləri üzünü
yana çevirdi…
Yolu iman yolu,
yolu can yolu,
getdi öz yoluyla, iziylə getdi.
Gözündən qəbrinə
uzanan yolu
Atam bizdən
qabaq gözüylə
getdi…
Mənzərə
Bu kəndçidi,
kənd içidi,
yola verdim.
Bu qonşudu,
şudu-budu,
yola verdim.
Bu qonşunun
tanışıdı,
yola verdim.
Ba tanışın
Xanışıdı,
yola verdim.
Bu Xanışın
xahişidi,
yola verdim.
Bu qohumdu,
yad toxumdu,
yola verdim.
Bu qayınata,
bu qayınana,
baş qoşmadım
bir oyuna,
yola verdim.
Bu qardaşdı,
qara daşdı
yola verdim.
Bu bacıdı,
dil acıdı
yola verdim.
Bu qayındı,hər qılığı
bir oyundu,
yola verdim.
Bu baldızdı,
balı duzdu,
yola verdim.
Bu yeznədi,
hər üznədi,
yola verdim.
Bacanaqdı, şirini
yox, acı nağddı,
yola verdim.
Bu xaladı,
öz qövmünə
bir bəladı,
yola verdim.
Bu bibidi,
yüz əməli, bir cibidi,
yola verdim.
Bu dayıdı,
sərçə boyda
ürəyi var,
elə bilir bir ayıdı,
yola verdim.
Bu əmidi,
"əmiyə qalan
dəmyə qalar…"
bir zəmidi,
yola verdim.
Dostdu küsdü,
yola verdim.
Düşmən qəsdi,
yola verdim.
Tənəsini, eyhamını
yola verdim,
Mən hamını
yola verdim,
…Bir özümə yol vermədim.
***
Bu qarı
mal saxlamır,
Yağdan, kərədən qaçır.
Təndirə bel bağlamır,
Oddan, kürədən qaçır.
Dörd divardı,
bir kilim,
Yuxusu dilim-dilim,
Quş əppəyi,
cincilim, -
Otdan, tərədən qaçır.
Hanı ərlər,
ərənlər,
Bir vaxt könül verənlər,
Yüz qapıdan
girənlər
Bir pəncərədən
qaçır…
Ömür bir xırman, sovur,
Ləmbə-saman bir hovur,
Qovan təpədən qovur.
Qaçan dərədən qaçır.
Səbri sudu ələkdə,
Dünəni daş bələkdə.
Dözməyib lap fələk
də
Bu mənzərədən qaçır.
Ramiz Qusarçaylı
Ədəbiyyat qəzeti.- 2010.- 9 iyul.- S.6.