Mən

 

Get-gedə çoxalır "Mən" silsiləsi,

Özümü yazıram, yenə özümü.

Varmı şairlərin yenə beləsi?

"Mən"ə yönəldirəm tez-tez sözümü.

 

Nə yaman çox imiş məndəki "mən"lər…

"Mən"ləri zahirə çıxaran xışam.

Hey "mən"dən yazıram, indiyə qədər

Deməli, özümü tanımamışam.

 

Deməli, "mən"lərim cəbr, həndəsə,

fəhmsiz olmuşam mən taleyi kəm.

Deməli, olsam da bələd çox kəsə,

Mən özüm-özümə bələd deyiləm.

 

Özgəni görürəm şahin gözümlə,

Özümü görməksə "müşkil" yaradıb.

Deməli, indi özüm özümlə

Tanış olmağımın məqamı çatıb.

 

Bircə günüm belə şersiz deyil,

Mən ki, bilməyirəm rahatlıq nədir.

Mənim hər divanım təbimə dəlil,

Mənim hər səfərim səfərnamədir.

 

Oxucu, "Mən" şerim bitsə bu an,

"Mən"lər silsiləsi davam edəcək.

Təzə "mən"lərimi oxuyacaqsan,

Mən məni yaxşıca tanıyım gərək!

 

 

Gəl, səni götürüb qanadlarıma

 

Əsəblər çəkilib yerdə tarıma,

Şahin pərvazına göy intizar ki

Gəl, səni götürüb qanadlarıma

Aparım göylərə, yerdə var ki?

 

Göylərdə görünməz fitnədən əsər,

Gedib çata bilməz şər ənginliyə.

Hər kəsin nəsibi deyil bu səfər,

Hər quş uça bilməz hər ənginliyə.

 

Göylərdə çəkilməz sinəmizə dağ,

Göylərdən uzaqdır yerdəki nalə.

Bir az da hicranı göydə ağladaq,

Yetişək bir az da göydə vüsalə.

 

Həya ziya versin gözlərimizə,

Sərvətə, gümüşə, zərə əlvida.

Qoy ulu Yaradan yar olsun bizə,

Göyə salam deyək, yerə əlvida.

 

Nəfsdən gen düşək, tamahdan uzaq,

Söz ilə düz gəlsin hər əməlimiz.

Göydə göylü olaq günahdan uzaq,

Yeri yersizlərə bağışlayaq biz.

 

Əsəblər çəkilib yerdə tarıma,

Şahin pərvazına göy intizar ki

Gəl, səni götürüb qanadlarıma

Aparım göylərə, yerdə var ki?

 

 

Sükut əzabı

 

Gəl məni sükutun çəngindən çıxar,

Qulağım dəng olur sükut səsindən.

Səsim yox, sükutun amma səsi var,

Qulağım dəng olur sükut səsindən.

 

Günəşin, şüanın qışqırığı var,

Ağacın, yuvanın qışqırığı var,

Qulaq as, havanın qışqırığı var,

Qulağım dəng olur sükut səsindən.

 

Qulağım sükutu, vallah, eşidir,

Sən eşitməyirsən, billah, eşidir.

Bu səsi eşitsə, Allah eşidir,

Qulağım dəng olur sükut səsindən.

 

Gəlib xilas elə, gəlib tut məni,

Yata bilməyirəm, gəl uyut məni.

Dəli eləyəcək bu sükut məni,

Qulağım dəng olur sükut səsindən.

 

Dumanın neyi var, çənin nəğməsi,

Gəlir qulağıma buludun səsi.

Məni dəng eləyir sükutun səsi,

Qulağım dəng olur sükut səsindən.

 

Bu sükut səbrimi pis günə qoyur,

Ayrılıq qoxuyur, hicran qoxuyur.

Axşamdan sübhəcən sükut - oxuyur,

Qulağım dəng olur sükut səsindən.

 

Sükut ağı deyir, var imiş dili,

Sükutun bəmi var, sükutun zili

Sükut kar edəcək Şahin fazili,

Qulağım dəng olur sükut səsindən.

 

 

Bu şeri oxuma mən olmayanda

 

Bilirsən, ötübdür yaşımın çoxu,

Şumlasın ömrümü xışım hayanda?

qədər ki sağam, bu şeri oxu,

Bu şeri oxuma mən olmayanda.

 

Gedə bilməyirik birgə, yanaşı,

Bizim vəslimizə güman balaca.

Yerləşə bilməyir iki qoç başı

Bir qazan içində, qazan balaca.

 

İzimin üstündə görünmür izin,

Kimdir buna bais, buna səbəb kim?

bəd qisməti var taleyimizin,

Sən tapa bilmədin, mənsə itirdim.

 

Kədər daşıyıram hey tabaq-tabaq,

Qəlbimdə dərd bütöv, əzab mükəmməl.

Hicran gözə dəydi vüsaldan qabaq,

"Xudahafiz" gəldi "salam"dan əvvəl.

 

Səndə qürur var, məndə qürur,

O sevda yarıtmaz, bu istək hədər.

Bizim aramızda məsafə durur

Yerdən Aya qədər, ulduza qədər.

 

Sözümüz toqquşur qılınclar kimi,

Bizimki tutmayır, tutmayır nəsə.

Bu yaşıl sevgimi, pöhrə sevgimi

Çıxar ürəyindənürəyindəsə.

 

Xülya öz yerini bərkitməyəcək,

Röya olmayacaq, bilirəm ki, çin.

Bizi heç bir zaman tərk etməyəcək

Mənim tənhalığım, sənin təkliyin.

 

Əlimə toxunma, qoluma düşmə,

Sən yalqız yaşa, mən tək olum.

Yolunu itirib yoluma düşmə,

Sənin öz yolun var, mənim öz yolum.

 

Bu yoldan o yola iz gəlməyəcək,

Sən mənə yabançı, mən sənə yadam.

Sözümüz heç vədə düz gəlməyəcək,

Sən ayrı adamsan, mən ayrı adam.

 

Bilirsən, ötübdür yaşımın çoxu,

Şumlasın ömrümü xışım hayanda?

qədər ki, sağam, bu şeri oxu,

Bu şeri oxuma mən olmayanda

 

 

Şahin Fazil

 

Ədəbiyyat qəzeti.- 2010.- 2 iyul.- S.4.