Altmışıncılardan qarayazanlara mesaj

 

Fikrət Qocaya

 

Bir daş olub başlarına

Düşübdü altmışıncılar.

Onları hey dalayıb-sancır

Hələ qəflət yuxusundan

Durmamış yatmışıncılar.

 

Ən ağır, çətin illərdə

Sözümüzü biz şax dedik.

O zamankı cahillərdən

Zərbə aldıq, kötək yedik.

Çuğullara, cəsuslara,

Danoslara olduq hədəf.

Qanımıza susadılar

Həm o tərəf, həm bu tərəf.

Alnı açıq, üzümüz

Yaşadıq biz o dövranı.

biləydik, vaxt gələcək

İcazəli "qəhrəmanlar"

Yaxşı maddi təminatlı,

Sponsorlu "pəhləvanlar",

rüsxətlə "qoçaq" olanlar,

rüşvətlə qaçaq olanlar

sulayacaqlar meydanı.

Bir vaxt bizim atalardan

KQB- danos yazan,

Alçaqların, dəyyusların,

Mənəvi davamçıları,

Varisləri, övladları

Bu gün bizdən danos yazıb

Qəzetləri bulayacaq,

Sonra da sifariş verənin

Boşqabını yalayacaq.

 

Amma, dostum, qoy yazsınlar,

Bunların da janrı budur.

Ancaq danos yaza bilər

Başqa bir bilməyənlər.

Qoy yazsınlar yüz yol, min yol,

Fikir vermə sən bunlara,

Yolunla get, işində ol.

 

Yerimizə göz dikənlər,

Həsədimizi çəkənlər,

Heç bir şey qura bilməyib,

Ancaq dağıdan, sökənlər,

İstedaddan qısır olan,

Qəlbi kin-nifrətlə dolan,

Hər yerə nifaq səpənlər,

Ədavət, pislik əkənlər,

Söz atıb, söyüş biçənlər,

Qoy yazsınlar yüz yol, min yol,

Fikir vermə, dostum, buna,

Yolunla get, işində ol.

 

Küçənin avaraları

"Ədavətin" "cır narları"

Ağızları süd qoxuyan,

Alaçiy kitab oxuyan,

Yalanla böhtan toxuyan,

Beşikdəykən satılanlar,

Qrant verənə, verənə,

Müdirinə, sahibinə,

Qəzetin redaktoruna,

Avtobus konduktoruna

Min sifətlə yalmananlar.

Məlum yerdə çiban kimi

Birdən çıxıb pırtlayanlar.

Kimisə infarkt etməkçün

Ürəkləri partlayanlar.

Hər cür böhtan, yalanla,

Kifli, nimdaş yazılarla

Qəzetləri qıcqırdanlar.

Qışqırdılan biçarələr

onları qışqırdanlar

Yalnız bir şey gözləyirlər,

Əcəl gəlib, ölüm gəlib

kimlərisə aparacaq.

Ölənlərin işi, yeri,

adı bunlara qalacaq.

Dirilərlə bacarmırlar ümidləri əcəldir.

Bunların da bacardığı, imkanı,

gücü belədir.

Bu misalı bilir hamı,

Deyərlər ki, at öləndə

İt o gün edər bayramı.

Amma fayda ki, boşdur,

yararsızdır patronları,

Əzrail da olsa hətta müttəfiqi,

patronları.

Dirilər diri qalacaq,

Əzrail gəlsə yüz yol.

Məhəl qoyma kəmfürsətə,

yolunla get, işində ol.

 

İstəyinə çatmayacaq, min il

belə qalalar,

Belələrin saxlamazdı qapısında

heç nökərtək.

Bizim əsl bəy babalar.

 

Biri vardır

müalicəsin bitirmədən

dəlixanadan qaçıbdır.

Bir qəzetdən qovulubdur,

Başqasına yol tapıbdır.

Beyni şikəst, ağıldan kəm

İstəyir ki, sağlamlar da

Xəstə olsun, olsun vərəm.

O da şəstlə qüvvələnib

Desin ki, bax mən varam.

Yazıb-yaradan hər kəsə

Həsəddən qovrulan yazıq.

Bilinmir özü yazıb.

Ölümüzə, dirimizə

Ermənitək nifrət bəslər,

Yaranıbsa xalq bəyənən

Gözəl roman, yaxşı əsər

Ürəyinə qubar olar,

Ağzı çirkabla dolar.

Gecə-gündüz marıqdadır

Güdür hər addımımızı.

Təzədən dəli olur

Hər görəndə adımızı.

 

Quduranın ömrü - qırx gün

Söyləyib müdrik babalar.

Qırxıncı gün aparıblar,

Dəlixanaya salıblar.

Baytar həkim çağırıblar,

Baxıb, baxıb söyləyibdir:

Bu elə belə qalacaq,

Bu mərəzin yox əlacı.

Tarixə düşəcək adı,

Fil-Alabaş təmsilinin

- ikinci personajı.

 

Fikir vermə, dostum, buna,

Yolunla get, işində ol.

Qoy yazsınlar, yüz yol, min yol,

Havalar da durulacaq,

Bizdən yazanlar da bir gün

Yazıb-yazıb yorulacaq.

Gözləyirlər biz ölək

Gör bir neçə müddətdi,

Hamısı dinin atan,

özün satan mürtəddi.

İşsiz qalıblar indi,

Odur ki, bağırırlar,

ölümü çağırırlar,

gör haray-həşirdi,

bəli, onlar belədir

hamısı ölü yuyandır,

hamısı mürdəşirdir.

 

Tarixlərə yaxşı adla düşəcək

altmışıncılar,

Elə qəflət yuxusunda yatacaq

yatmışıncılar.

Abrı, həyanı atmışıncılar,

haramı halala qatmışıncılar,

fitnələr içində batmışıncılar,

vəzifə, var-dövlət, şöhrət naminə

bütün varlığını satmışıncılar.

Ac toyuq yuxuda darı görəntək

Məqsədə yuxuda çatmışıncılar.

Odur ki, ayılmaq istəməyib heç

Xam xəyal içində yatmışıncılar.

 

 

Anar

 

3 avqust - 20 sentyabr 2003

 

Ədəbiyyat qəzeti.- 2010.- 23 iyul.- S.6.