Nizami Tağısoy - 60

  

Hörmətli Nizami müəllim!

Sizi - istedadlı ədəbiyyatşünas alimi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz ədəbi fəaliyyətə ötən əsrin 80-ci illərinin əvvəllərindən başlamısınız. Ədəbi əlaqələr və tərcümə nəzəriyyəsi ilə ardıcıl və səmərəli məşğul olmusunuz. Sizin "XX əsr rus poeziyası Azərbaycan tərcümələrində" (1992), "Əslin milli özünəməxsusluğu və tərcümə" (1998), "Səməd Vurğun dramaturgiyası rus dilində" (1999), "Poetik tərcümə" (2001) və s. monoqrafiya, dərslik və dərs vəsaitləriniz ədəbi əlaqələr, tərcümənin nəzəri və metodoloji problemlərini öyrənmək baxımından ədəbiyyatşünaslığımızda gərəkli mənbələr kimi dəyərləndirilir.

Sizin rus və Azərbaycan ədəbiyyatının bir çox görkəmli nümayəndələrinin tərcümə yaradıcılığına həsr olunmuş kitab və məqalələriniz ədəbi əlaqələr və bədii tərcümə tariximizin maraqlı və konseptual səhifələrindəndir. Siz M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət rayonda müəllim işləmisiniz. Rayonda pedaqoji fəaliyyətlə məşğul ola-ola, həm də Azərbaycan və rus ədəbi əlaqələrinin tarixi, nəzəri, metodolojipraktik məsələlərini araşdırmısınız.

Siz iyirmi beş ilə yaxındır ki, regional etnoqrafiyafolklor nümunələrinin toplanıb araşdırılması və nəşri istiqamətində çalışırsınız. Azərbaycanda və Türkiyədə yaşayan Şilyan ellərinin etnoqrafiyasını, etnik-milli düşüncə tərzi, şifahi xalq yaradıcılığı örnəklərini yığıb "Şilyan: özü, sözü - çeşmənin gözü" (2009) kitabını nəşr etdirmisiniz.

XX əsrin 40-cı illərində İkinci Dünya müharibəsində səngərlərdə vuruşa-vuruşa yazıb-yaratmış nakam şair Səftər Həsənzadənin "Cəbhə gündəliyi"ndən və əzizlərinə ünvanladığı məktublarından sizin toplayıb nəşr etdirdiyiniz "Səftər Həsənzadə. Vətən həsrətli, barıt qoxulu sətirlər" (2009) kitabı, sizin ədəbi tənqidimizin, müasir ədəbi prosesin bir sıra məsələlərinə işıq tutan, nəzəri müddəalarla zəngin "Nəsrin axarı: zaman və məkan konteksti" (2008) monoqrafiyanız maraqla qarşılanmışdır.

Siz Bakı Slavyan Universitetində türk xalqları ədəbiyyatından mühazirələr oxuyur, qazax, qaraqalpaq, qırğız, türkmən, özbək və digər türk xalqları ədəbiyyatını tədris edirsiniz. Filologiya elmləri doktoru, professorsunuz.

Bu yaxınlarda sizin başqa müəlliflərlə (Rafiq Manafoğlu və Rüstəm Kamalla) birlikdə hazırladığınız "İzahlı tərcüməşünaslıq tərcümə terminləri lüğəti"niz (2010) Azərbaycan tərcüməşünaslığında ilk təşəbbüsdür.

Bədii yaradıcılıqla da ardıcıl məşğul olursunuz. İndiyə qədər sizin "Axtaracaqsan məni" (2000), "Bəlkə dünya öz yolunu çaşıbdı" (2004) şeirlər və poemalar kitabınız və "Natiqlə qara zurnanın nağılı və ya hər ikisinə elegiya" (2006) povestiniz ədəbiyyatsevərlərə təqdim olunmuşdur.

Hörmətli Nizami müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi 

 

Ədəbiyyat qəzeti.- 2010.- 9 iyul.- S.4.