Fikrət Qoca –
75
Şair, doğrudan da
şairdirsə - onun 16 yaşında yazdığı
şeirlə 46, yaxud 75 yaşında yazdığı
şeirlər arasında, şübhəsiz, fərq olacaq.
Amma bu fərq - əzəmətli, qollu-budaqlı, qocaman bir
ağacın yarpaqlarıyla həmin ağacın çox illər,
bəlkə çox əsrlər bundan qabaqkı pöhrə
vaxtının yarpaqları arasındakı fərq kimidir.
Ağac həmin ağacdır - qovaq, çinar, əbrişim
ya palıd. Yaşı başqadır, görkəmi
başqadır, illərinin sayı fərqlidir. Şair həmin
şairdir, poeziyasının alın qırışları
çoxalıb, şerinin başı ağarıb… amma
şairin sifəti həmin sifətdir. Əsl şairin
üzü olur, bu üz dəyişir, amma
başqalaşmır, ya başqalaşır, amma
yadlaşmır…
…Fikrət Qocanın səciyyəvi
keyfiyyətlərindən çox danışmaq olar. Mən
yalnız bütün yaradıcılığı boyu
şairin sadiq olduğu bir cəhəti qeyd etmək istəyirəm.
Bu cəhət üç ünsürün - yüksək vətədaşlıq
pafosu, zərif lirik duyğu və gülüş - təbəssüm
ünsürünün F.Qoca poeziyasında üzvi birləşməsi,
vəhdəti, sintezidir. Fikrətin sırf ictimai motivli əsərləri
də var, xalis lirik miniatürləri də, satirik - yumoristik
parçaları da. Amma elə yazıları da var ki, bu
ünsürün üçü də bir şerin daxilində
-təbii axarda qovuşur.
Dövrün nəbzini
tutmağı bacaran şairi təbii ki, doğma
xalqının, ana yurdunun müasir gerçəkliyi daha
çox düşündürür. Fikrət Qocanın son
kitablarında respublikamızın həyatındakı
mühüm dəyişikliklər poetik, obrazlı əksini
tapmışdır. Şair yaxşı bilir ki, bütün
uğurlarımız, fərəhlərimiz yaradıcı zəhmətin,
gərgin əməyin bəhrəsidir.
İctimai təpər,
fəal vətəndaşlıq mövqeyi şairin lirik qəhrəmanının
əsas insan xasiyyətlərindəndir. Amma hər bir həqiqi,
bütöv insan kimi şairin qəhrəmanı da mürəkkəb
duyğular aləminə, mənəvi zənginliyə
malikdir. Onun qəlbi ağrılardan, acılardan xali deyil,
ömür yolunda qazanclarıyla yanaşı, itkiləri də
olub. İnsanın mürəkkəb daxili aləminə
nüfuz edərkən şair həqiqətə sadiq
qaldığındandır ki, onun lirik qəhrəmanına
inanır, etibar bəsləyirik.
Fikrət Qoca
poeziyanın ən gözəl ənənələri zəminində
ustad şairdir…
Anar
Ədəbiyyat qəzeti.- 2010.- 16 iyul.- S.3.