Oyadan, isidən və yaşadan istedad
"Həqiqi istedadın
nuru səhər günəşinin işığına bənzəyir:
yandırmır, göz qamaşdırmır. Oyadır.
İsidir. Yaşadır…"
Xalq şairi Fikrət
Qocanın "Seçilmiş əsərləri"nə
ustad Əkrəm Əylisli "Ürəyimi sərdim günəşə"
başlıqlı ön sözündə belə yazır və
o ön söz boyunca misal gətirilən tək bircə
şerin oyatdığı təəssürat Əkrəm
müəllimin həqiqi istedad barəsində
yazdığı həmin məhrəm, dəqiq münasibəti
yüzdə-yüz təsdiqləyir. Biz bu dəqiq
münasibətin qapsadığı həqiqətə zərrə
qədər də etinasızlıq göstərmədən
onu da əlavə edə bilərik ki, həqiqi istetadın
nuru səhər günəşinin işığı kimi
oyatmaqla yanaşı, həm də yönəldir - sakini
olduğumuz dünyanın, yaşadığımız cəmiyyətin
problemlərinə, mənəvi aşınmalarına, zəmanənin
gidiliyinə.
Bu məziyyət
Fikrət Qoca yaradıcılığının
başlıca keyfiyyətidi. Hansı janrda,
hansı ölçü-biçidə yazmasından
asılı olmayaraq həyata, dünyaya cavabdehlik hissi bu
yazılanların ana xəttindən keçir. Və
dönə-dönə bəyan edir, yada salır ki:
Sən insansan,
Ayaqlarına
sığınıb Yer kürəsi.
İnsansan, yaşayırsan
-
Həyata cavabdehsən;
Dünyanın taleyini
Ürəyində
daşıyırsan…
Fikrət
Qocanın hesabınca dünyanın taleyi insanların
yaşam, düşüncə tərzilə yanaşı həm
də adi daşın, qayanın, meşənin,
çayın, dənizin, qurdun-quşun, ekoloji
tarazlığın hansı durum qarşısında
olmasından asılıdır, külli-aləmin yaşamaq
şansı bir vəhdətdi. Hər hansı
sınma, qopub-ayrılma, ən xırda qəsd, laqeydlik bu aləmin
çöküşünə, ani məhvinə təkan verə
bilər. Ona görə də ən lirik, oynaq, eyni
zamanda fəlsəfi şerilə yanaşı "Ağdaş
meşələri"nin həyəcan təbili
də səslənir:
Bu meşənin dili yoxdu
danışa,
Ağacların
ayağı yox qaçalar.
Bu ağacdı,
dönüb, dolub bu yaşa,
Adam olsa on
yaşında qocalar.
Bu misraların alt
yapısında, təqdim olunan, diqqət yönəldilən
ağacın mantar qatında bəşəriyyətin, yerin,
göyün, külli-aləmin ümumiləşdirilmiş
obrazı, biganəliyə, laqeydliyə yenilməz bir üsyan
var. Bu şeirdə konkret bir günahkarın, yaramazın
adı çəkilmir. Ancaq çəkilməyən bu ad
birbaşa çağdaş insanın təbiətə olan
münasibətini bütöv, boya-boy ortaya qoyur, əsl
"qatili" nişan verir:
Gövdələri
kömür üçün doğrandı,
Yerlərinə
qarpız, yemiş əkildi.
Bulaqları ayaq altda
bulaşdı,
Bizdən
küsüb ayaq altda çəkildi.
Gödən
üçün ruha, cismə balta çalmaq
nadürüstlüyünün faciəsini təqdim edir
şair bu misralarla:
Baltalandı qovaqların həyatı,
Qırqovullar
çılpaq qaldı, qırıldı.
Meşə oldu bir
yanıqlı bayatı,
Orda-burda
kötükləri qaraldı.
Şair
kainatın, anamız Yer kürəsinin oksigen balonları olan
meşələrin orda-burda qaralan kötüklərindən
qlobal fəlakətlərə yol
başlandığının həyəcan təbilini
vaxtında çalır, problemi qabardır. Bu, onun vətəndaş
məsuliyyətinin, vicdanının səsidir. Sənətkar münasibəti zamanın
dilmancına dönəndə xalqın sevgi və
sayğısıyla qarşılanır, cəmiyyət onun
problemlərini qabardan söz sahibinə ehtiram bəsləyir.
Təsadüfi deyil ki, Dostoyevski Lissabon zəlzələsindən
bir gün sonra qəzetdə fetin biganə bir şerini
oxuyandan sonra yazmışdı: "Xalq öz şairini
meydanda basdırdı". Deməli, zəmanəsinin problemlərinə
biganə olan sənətkar gələcək
üçün də yaşarı ola
bilməz. Və xalq şairi Fikrət Qocanın
sənətkar xoşbəxtliyi həm də
yazdıqlarının cəmiyyət, sakini olduğu dünya,
vaxt və baxt üçün aktual olmasındadı. Bir sənətkar olaraq o, bəşəriyyət və
insanlıq itkisinə dözümsüzdü. Onun təsvirində adi bir çiçək
soluşu, budaq sınığı, qarışqa
nizamının pozulması ağır itkidi. Fransa filosofu Marsel Prustun "Həqiqi cənnətlər
itirilmişlərdir" təəssüfü Fikrət
Qocanın yaradıcılığından küll halında
keçir. Özü də təkcə zəngin
şeirlərindən, poemalarından, povestlərindən yox,
həm də publisistikasından. Və bu məqamda
professor İlham Rəhimlinin xatırlamaları F.Qocanın vətəndaşlıq
qayəsini incələmək üçün daha bol material
verir: "Ötən əsrin 80-ci illərinin əvvəllərində
Azərbaycan ictimai şüurunda müəyyən dərəcədə
yeni oyanma, mənəvi-əxlaqi dəyərlərə, insan
və cəmiyyət problemlərinə təzə
baxış tərzi yaranmışdı. Düzdür,
bu oyanış geniş miqyas almamışdı. Lakin ziyalılarımızın bir qismi özlərinin
publisist yazılarında həmin oyanışın
işartılarını büruzə verirdilər. Həmin azsaylı ziyalılardan biri Fikrət Qoca
idi. Mən o dövrdə "Kommunist"
(indiki "Xalq qəzeti") qəzetində mədəniyyət
və publisistika şöbəsinin müdiri işləyirdim.
Bir gün Fikrət Qoca redaksiyaya böyük bir
yazı gətirdi. Şair yazıya
"Çoban olmaq istəyirəm" adını
qoymuşdu. Özündən və
Ağdaşdakı doğma kəndlərindən bəhs
edirdi. Əslində bu, bəhsetmə yox,
daxili həqiqət eşqilə qovrulan, cəmiyyətdəki
kəm-kəsirlərə qarşı fəryadla mübarizəyə
çağıran şairin hayqırtısı idi. Fikrət
Qoca mənə dedi ki, bu yazını çap eləməsən
özümə qaytar. Onu da dedi ki, belə getsə, yəni,
torpağa xəyanət dərinləşsə, şairliyi
atıb görk üçün çoban olacam…
Bir neçə
gündən sonra yazı olduğu kimi çap olundu. Əslində
bir kəndin timsalında böyük bir məmləkətin mənəvi-əxlaqi
münasibətlərdə, torpaq və insan, cəmiyyət və
şəxsiyyət problemlərində olan acınacaqlı
çatışmazlıqlar cəsarətlə qələmə
alınmışdı. Yazı çox ciddi rezonans verdi və bu məqalə ilə bağlı
daha bir neçə publisist fikir oxuculara
çatdırıldı…
Bunları
xatırlamaqda məqsədim odur ki, fikrət Qocanın poeziya
yaradıcılığndan söz açan ədəbiyyatşünaslar
ədibin publisistikasına da ehtiramla yanaşsınlar. Məncə,
həmin prinsip - yanaşmada Fikrət Qocanın
yazıçı qayəsi daha aydın görünə bilər".
Professor
İlham Rəhimlinin içdən və vəfalı
yaddaş dünyasından gələn bu xatırlamalar
sözügedən məqalənin çap olunduğu tarixi
şəraiti yenidən gözlərim önünə gətirir.
Maraqlıdı ki,
"Çoban olmaq istəyirəm" məqaləsi
"Kommunist" qəzetində dərc edildiyi il
mən ali təhsilimi yenicə tamamlayıb ucqar və təbii
ki, problemlərlə baş-başa olan kənd məktəbində
müəllim kimi fəaliyyətə
başlamışdım. Azərbaycan dili və ədəbiyyatı
fakültəsini bitirsəm də, şeirlərim "Azərbaycan",
"Ulduz" jurnallarında, "Ədəbiyyat və incəsənət"
qəzetində, bir çox toplularda dərc edilsə də, məktəb
direktoru mənim bədən tərbiyəsi dərsi deməyimi
"məsləhət" bilmişdi. Təbii
ki, mənim "bədən tərbiyəsi dərslərim"
sinifdə oxuyan diribaş uşaqların bilgisi hesabına yola
verilirdi. Bu mənada, Fikrət Qocanın "Çoban
olmaq istəyirəm" məqaləsində bəhs olunan
problemlər mənə tanış idi. Əli
qabarlı çoban atam kolxozun min baş qoyununu min cür əzab-əziyyətlə
bəsləyir, üç-dörd aydan bir yüz iyirmi manat maaş alırdı. Evdar qadın olan
anamın, bacılarımın adına isə
hər ay 200-300 manat saxta "əmək haqqı"na qol
çəkdirib kolxoza "süd" alırdılar.
Məqalədə qoyulan
problemlər mənə yaxşı tanış
olduğundan müəllifə bir məktub da
ünvanladım. Qeyd etməyi də unutmadım
ki, hörmətli Fikrət müəllim, indi kənd-kəsəkdə
çobançılıq etməyin özü də çətin
işə dönüb. Mal-qara
üçün olan örüş yerləri
başdan-başa şumlanıb pambıq əkinəcəyinə
dönüb. Künc-bucaqda qalan arx-bərə
üstündə isə gərək iki-üç baş
davarını yedəyində otarasan. Otlaq
sahələri olmadığı üçün binəva
çobanlar otardıqları mal-qaranı kol-kosda, arx-bərədə
itirib sonra da ömrü boyu cərimə ödəmək
zorunda qalırlar.
"Kommunist"
qəzetinin 3-4 həftə sonrakı sayında Fikrət
müəllim sözügedən məqalə ilə
bağlı münasibət bildirən oxucularla bərabər
mənim də adımı çəkmişdi və
şübhəsiz ki, bu kiçik diqqət əyalət
ağrısı yaşayan, problemlər məngənəsində
sıxılan kənd müəllimi üçün yetərli
bir həmrəylik faktı idi.
Yaxın günlərdə
Fikrət müəllimin iş otağında olan söhbətimiz
gəlib yenə "Çoban olmaq istəyirəm" məqaləsinin
üstündə dayandı. Baxışları
uzaq, məchul bir nöqtədə ilişib qaldı.
Hiss edirdim ki, bu an o, fiziki baxımdan mənimlə üzbəüz
əyləşib söhbət edən görkəmli şairdən
daha çox zaman-zaman ağır, işgəncəli, eyni
zamanda hasilə gətirilməyi xalq, millət və bəşəriyyət
üçün mütləq vacib olan bir işin altına
çiyin verən, ancaq gözlədiyi nəticəni
heç vəchlə əldə edə bilməyən qos-qoca
bir batır qismindədi. Handan-hana iç dünyasından
ayrılıb məsum bir çocuq kövrəkliyi, təəccübü
ilə dediyi sözlər də bu durumunun əhvalınca idi:
- Ha baş
sındırırsan, düşünürsən, ancaq baş
aça bilmirsən ki, bu işlər niyə belə gedir?
Axı gözlərimin qabağında olan, gündəlik
rastlaşdığım bu problemlər haqqında otuz-otuz beş il əvvəl yetərincə
yazmışam, bu nöqsanların aradan qaldırılması
üçün impuls vermişəm. Məndən əvvəllər
də yazan olub, sonra da… Ancaq aradan neçə
onilliklər keçib, yenə də baxıb görürəm
o problemlərin bir çoxu yeni - iyirmi birinci əsrin də
yol yoldaşına dönüb. Xruşşovun
dövründə donuzçuluğun inkişafı ilə
bağlı qərar qəbul olunmuşdu. Bu
istiqamətdə geniş kampaniya başlamışdı.
Təsəvvür
edin, təşəbbüsə qoşulan azərbaycanlı təsərrüfat
rəhbəri donuzbəsləmə prosesini bilmədiyi
üçün rus millətindən olan donuzabaxan dəvət
etmişdi, soruşmuşdu ki, hansı üsulla yemləsək
birinciliyi əldə edə bilərik? O rus balası da yarı
ciddi, yarı zarafat deyib ki, donuzlar qoyun ətiylə bəslənsə
daha çox gəlir əldə edərik. Donuzçuluqdan
başı çıxmayan kolxoz sədri eləməyib tənbəllik,
hər gün donuzlara kəsilib verilmək üçün
on-on beş baş qoyun göndərib… Təsəvvür edirsinizmi bu nə deməkdi, yerlərdə
təsərrüfata kimlər başçılıq
edirmiş? Mən o zaman "Qoyun yeyən donuzlar"
adlı bir məqalə yazıb çap etdirmişdim. Baxmayaraq ki, başabəla kolxoz sədriylə
yanaşı, dolayısı ilə o dövrün
şüarçılıq, hoqqabazlıq bəlalarını
da tənqid etmişdim, bunun üstündə
başımın sığallanmayacağını da bilirdim.
Ancaq mənim vətəndaş, sənətkar
heysiyyətim bu rəzalətə üsyan edirdi və mən
o üsyanı əks-sədalandırmağı özümə
mənəvi borc bilirdim. "Çoban
olmaq istəyirəm" məqaləm də o vətəndaş
narahatlığının bəlirtisi idi. Görürdüm ki, dədə-babalarımızın
halal peşəsinin qəsdinə duranlar var. "Bolluq"
deyə-deyə bolluğu yaradacaq sahələri ləğv
edirlər, halal zəhmətə söykəli peşələri
unutdururlar. "Azərbaycan gəncləri"
qəzetində dərc edilən bir məqaləmdə isə
yaşayış evlərinin ətrafını hasar-qalaya
alanların bu işi hansı xofa, qorxuya görə etmələrinə
təəccübümü bildirmişdim. "Kimdən qorunuruq, kimdən
qaçırıq?" sualını önə çəkmişdim.
Doğrudur, həmin məqalə mətbuatda dərc
edildikdən sonra şəhərimizin iki-üç yerində
ümumi mənzərəyə xələl gətirən gərksiz
barıları, divarları sökdülər. Ancaq indi onların yerində daha dəhşətli,
daha keçilməz barılar, çəpərlər çəkilir.
Görünür bu çəpərlər
beynimizdə, şüurumuzdadı. İçimizdə
çəpərsiz yaşaya bilməmək xofu var. Ona görə
də əlimizə imkan düşən kimi çəpər
çəkib uşaqlarımızı, özümüzü
ətraf mühitdən, cəmiyyətdən təcrid edirik.
İçərişəhərin
nizamının pozulması barəsində də publisistik
yazılarımda dönə-dönə münasibətimi
bildirmişəm. Ancaq adama elə gəlir ki, bu
yazılanların, deyilənlərin qulaqlara çatmamsı,
qafaları silkələməməsi qorxusu, problemləri var.
Və bu problem o gərəksiz hasarlardan daha qorxuludu. Bilirsinizmi, sənət adamı öz millətinin,
xalqının problemlərinə həmişə həssas
olmalıdı. Bu yolda hər cür
çətinliklərlə üzləşsə də belə.
Sabirin, Cəlil Məmmədquluzadənin
böyüklüyü, gücü buradan gəlir. Götürək ki, mənim 1962-ci ildə
"Rüşvətxorlar" adlı şerim çap
olunmuşdu. Ən qəribəsi o idi ki,
şeirə görə mənə bir neçə
söyüş məktubu gəlmişdi. Deməli,
sözüm hədəfinə çatmışdı və
mən bununla təskinlik tapır, şerimdən razı
qalırdım… Təbii ki, şeir, söz təbdən
süzülür, şairlik Tanrı vergisidi. Ancaq sənətkar amalı, məramı da aydın
olmalıdı. Bunsuz söz sənəti gərəksizləşir.
Sözün yaşarılığı öncə
onun çağdaşlığında və mövqeyindədi.
Bunlarsız sənətin maraq dairəsində
olması mümkün deyil.
Baxıram… Bu elə əzəldən əsərlərini sevə-sevə mütaliə etdiyim, 30 il əvvəl şəxsi təmasda olduğum şair Fikrət Qocadı. Şeirləri, istedadı ilə oyadan, isidən və yaşadan Fikrət Qoca. Bir rəssam tərəfindən çəkilən şəklində bir üzü ağac - dünya, kainat, təbiət, bir üzü insan - ruh kimi təsvir olunmuşdu. İllər öncəsi o şəkli necə görmüşdümsə indi Fikrət müəllim o şəklin əkiz tayı, qardaşı kimi əyləşmişdi önümdə…
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2010.- 16 iyul.- S.3.