Üzeyir Hacıbəyli - publisist
"Azərbaycan milli mətbuatının 135 illik
yubileyinin keçirilməsi haqqında" Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
imzalamış olduğu 10 iyun 2010-cu il tarixli sərəncamda
deyildiyi kimi, 1875-ci il iyulun 22-də görkəmli maarifçi
və publisist Həsən bəy Zərdabi tərəfindən
nəşr olunmağa başlayan "Əkinçi" qəzeti
ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı
bütün dövrlərdə həqiqət
carçısı olmuş, cəmiyyəti
düşündürən problemləri, dövrün
qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini
əks etdirmiş, xalqımızın maariflənməsində,
milli və bəşəri dəyərlərin təbliğində
mühüm rol oynamışdır.
Mürəkkəb,
lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız
həmişə xalqımızın şanlı tarixinin
güzgüsü olmuşdur. XIX əsrin ikinci yarısı - XX əsrin
əvvəllərində "Əkinçi" ənənələrini
davam etdirən "Ziya", "Kəşkül",
"Şərqi-rus", "Həyat",
"İrşad", "Molla Nəsrəddin" və digər
nəşrlər insanları yüksək ideallar uğrunda
mübarizəyə səsləmiş, milli oyanış və
özünüdərk prosesinin aparıcı nümunələri
kimi tanınaraq şöhrət qazanmışlar. Azərbaycan
mətbuatı xalqımızın azadlıq arzularının
gerçəkləşməsinə, mənəvi dəyərlərinin
qorunmasına, mədəniyyətinin tərəqqisinə,
qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına
böyük töhfələr vermişdir…
***
Üzeyir
Hacıbəyli Azərbaycan musiqisinin, dramaturgiyasının,
elmi-estetik fikrinin XX əsrin birinci yarısında
parlamış bənzərsiz simalarından biri kimi
milyonların sevimlisidir. Şanlı tərcümeyi-halı
çoxyönlü yaradıcılığın və
ictimai fəaliyyətin bir çox sahələri ilə əlamətdar
olan Üzeyir bəy bu sahələrin hər birində öz
parlaq əməlləri ilə yeni, əlamətdar səhifələr
açıb onları əsaslı şəkildə zənginləşdirmişdir.
Onun 15 il müxtəlif qəzet redaksiyalarında
felyetonçu, tərcüməçi, redaktor müavini və
redaktor kimi çalışdığı illərdəki fəaliyyəti
öz sanbal, məna və əhəmiyyəti etibarilə
ancaq ana dilimizdə ilk qəzeti yaratmış Həsən bəy
Zərdabinin və dünyada məşhur "Molla Nəsrəddin"
jurnalının redaktoru Cəlil Məmmədquluzadənin fəaliyyətləri
ilə müqayisə edilə bilər. Özəlliklə
çarizmin, rus bürokratiyasının
özbaşınalıqlarını, erməni
daşnaklarının rus bolşevikləri ilə sıx əlaqə
şəraitində Azərbaycana, bütünlükdə
türk dünyasına münasibətdə nümayiş
etdirdikləri xəyanətləri ifşa edən məqalələrini
Üzeyir bəy sanki bir əsr bundan öncə deyil, elə
yaşadığımız günlərdə qələmə
almışdır.
Üzeyir
Hacıbəyli irsinin çox əhəmiyyətli bir sahəsini
onun publisistikası təşkil edir. Ədib gənclik
çağlarından yaradıcılığa publisistik
yazılarla başlamış, on illər boyu yorulmaq bilmədən
Azərbaycan və rus dillərində bu janrın məqalə,
felyeton, resenziya, miniatür, səhnəcik, açıq məktub
və s. formalarında yüzlərlə əsərini nəşr
etdirmişdir. O, peşəkar jurnalist kimi, bu sahənin sənət
sirlərini, yaradıcılıq incəliklərini, nəzəri
problemlərini çox yaxşı bilmiş, müxtəlif
illərdə zəmanəsinin bəzi ən populyar qəzetlərinin
felyetonçusu, tərcüməçisi, naşiri, redaktoru
olmuşdur. Bu gün xüsusi iftixar duyğusu
ilə qeyd edirəm ki, Üzeyir bəy bizim ilk müstəqil
Azərbaycan hökumətinin nüfuzlu mətbu orqanı olan
"Azərbaycan" qəzetini də redaktə etmişdir.
Publisistikada
Üzeyir bəyi ən çox cəlb edən bu janrın
operativlik adlanan keyfiyyəti idi. XX əsrin əvvəllərində
cəmiyyət həyatının aktual problemlərinin
aşıb-daşdığı, təxirə salmadan şərhini,
izahını, dəyərləndirilməsini gözlədiyi
bir vaxtda xalqın taleyinə biganə qalmayan istedadlı və
geniş bilikli ziyalı dinclik nə olduğunu bilmir, digər
sahələrdə, özəlliklə də musiqi
yaradıcılığı sahəsində çox ciddi
tarixi uğurlar qazanmaqla yanaşı publisist fəaliyyətini
də davam etdirir, illər uzunu, demək olar ki, həftədə
bir neçə yazısı nəşr olunurdu. Təkcə
bunu demək kifayətdir ki, dahi bəstəkarın "Leyli
və Məcnun", "Arşın mal alan",
"O olmasın, bu olsun" kimi şedevrləri 1907-1912-ci illər
arasında, yəni onun jurnalistlik fəaliyyətinin də
intensiv surətdə davam etdiyi bir vaxtda yaranmış,
iştirakı, çox dəyərli məsləhətləri
və köməyi ilə tamaşaya qoyulmuşdu. Bu barədə düşünərkən Üzeyir
bəyin xalq işi uğrunda cannisarlığı
qarşısında bir daha baş əyməli olursan.
Əsla təsadüfi deyil
ki, Üzeyir bəyin hələ 1985-ci ildə
"Yazıçı" nəşriyyatında
buraxılmış çox sanballı "Seçilmiş əsərləri"nin təxminən 500 səhifəsi dövri mətbuatda
çıxan bu cür nisbətən kiçik həcmli məqalələri
üçün ayrılmışdır. Lakin
bu da onun publisistik çıxışlarının
hamısı deyil. Ü.Hacıbəylinin Rusiyanın
"parçala, hökm sür!" doktrinasını, erməni
daşnaklarının şovinist siyasətini, ümumiyyətlə,
türkə, özəlliklə də azərbaycanlılara
qarşı patoloji nifrətini, o vaxt ölkədə hökm
sürən ictimai ədalətsizliyi, geriliyi, ətaləti,
fanatizmi ifşa edən məqalələrinin 115-i məlum səbəblərə
görə onun sovet vaxtı buraxılmış kitablarına
salınmamışdı. Azərbaycan mətbuatı
tarixinin tədqiqi sahəsində mühüm xidmətləri
olan qocaman jurnalist, professor Şirməmməd Hüseynov
Üzeyir bəyin bu məqalələrini toplayıb iki cilddə
nəşr üçün hazırlamışdır. 115 məqalədən ibarət birinci cild 2009-cu ildə,
vaxtilə zədələndiyi üçün tam mətni bərpa
olunmuş məqalələr isə ikinci cild kimi 2010-cu ildə
"Elm" nəşriyyatı tərəfindən nəfis
şəkildə buraxılmışdır. Yəqin ki, böyük bəstəkar və ədibin
əsərlərinin tam külliyyatının akademik nəşri
hazırlanarkən onun bu qəbildən olan digər əsərləri
də necə varsa (ixtisarsız və redaktəsiz), eləcə
də əhatə ediləcəkdir.
***
Üzeyir bəyin
publisistikası ictimai həyatın irəli sürdüyü
vacib problemlərə həm vaxtında, həm də çox
obyektiv cavab verir, jurnalistin təbiətindəki
doğruçuluq, özünə, məsləkinə
qarşı tələbkarlıq onu mürəkkəb siyasi məsələlərin
girdabında ilişib qalmağa qoymur, hadisələri hər
şeydən öncə məhz xalqın, onun mütərəqqi
qüvvələrinin mövqeyindən çıxış
edib qiymətləndirməsini təmin edirdi. Akademik Mirzə
İbrahimovun bu mülahizəsi keçən əsrin ədəbi-ictimai
mənzərəsinin hərtərəfli təhlilindən
doğduğu üçün çox mötəbərdir
ki, Üzeyir bəyi publisistikaya gətirən onun "cəmiyyətlə
üz-üzə, göz-gözə danışmaq",
mütərəqqi fikirlərini xalqa mümkün qədər
tez çatdırmaq və aşılamaq arzuları
olmuşdur.
Məlum
olduğu kimi, Bakı XX əsrin əvvəllərində əsasən
neftçıxarma və neftin emalı zəminində o vaxtadək
görünməmiş miqyasda və sürətlə
inkişaf edirdi. Bu illərdə bütün imperiya ərazisində
baş verən qlobal hadisələr yalnız ictimai, siyasi,
iqtisadi həyatda yox, üst qatda, yəni ədəbiyyat, incəsənət
və mətbuatda da özünü aşkar surətdə
göstərirdi. 1905-ci il
inqilabından sonra əmələ gəlmiş nisbi
"yumşalma" müstəvisində Bakıda həm Azərbaycan,
həm də rus dillərində xeyli qəzet və jurnal nəşr
edilirdi.
Maraqlıdır ki, həmin
kütləvi informasiya vasitələrinin ən çox
populyar olanlarının mühüm bir qismi az
sonra böyük Azərbaycan bəstəkarı kimi məşhur
olacaq Ü.Hacıbəylinin şərəfli adı və əməlləri
ilə bilavasitə bağlı olmuşdur. Üzeyir Hacıbəyli,
Allah eləməmiş, heç bir bədii, elmi əsərini,
"Leyli və Məcnun", "Koroğlu"
operalarını, "Arşın mal alan" və "O
olmasın, bu olsun" operettalarını yazmış
olmasaydı da, elə yalnız 1905-1920-ci illər
arasındakı publisist fəaliyyəti ilə Azərbaycan
jurnalistikası tarixində sanballı yer tutan görkəmli
ictimai xadim kimi tarixə düşəcək, uca mövqe
sahibi kimi həmişə yüksək qiymətləndiriləcəkdi.
Üzeyir bəyin
1905-ci ildə nəşr etdirdiyi məqalələri özəlliklə
həm də onunla əlamətdar olmuşdular ki,
Qarabağdan, Hadrut məktəbindəki müəllimlikdən
təzəcə gəlmiş müəllifin Bakıda məskunlaşıb
"Həyat" qəzeti redaksiyasında mütərcim və
felyetonçu kimi fəaliyyətinin bünövrəsi məhz
həmin çıxışları ilə qoyulmuşdu. O zaman ictimai təlatümlər
içərisində çırpınan, həmişə də
daşnak-bolşevik fitnəkarlarının təzyiqlərinə
məruz qalan siyasi və mədəni mərkəz Bakıda rəsmi
qulluğa başlaması, həm də görkəmli ədib,
publisist və bəstəkar Üzeyir bəy Hacıbəylinin
doğuluşundan xəbər verirdi.
Ü.Hacıbəyli
bir neçə ilk məlumat və məqaləsini
"Kaspi" qəzetində rus dilində, "Həyat"
qəzetində Azərbaycan dilində
buraxdırmışdı. 1906-cı ilin ilk
günlərindən isə o, Prezident sərəncamında
adı çəkilən, fəaliyyəti, xidmətləri
haqlı olaraq təqdir edilən "İrşad" qəzetinin
redaksiyasında felyetonçu-tərcüməçi vəzifəsində
işə başlamışdı. Bu zaman
"İrşad"ın redaktoru görkəmli Azərbaycan
alimi və jurnalisti Əhməd bəy Ağayev
(Ağaoğlu) idi. Ü.Hacıbəylinin
publisistika sahəsində istedadının parlamasında
"İrşad"ın, özəlliklə, onun redaktoru Ə.Ağaoğlunun
nəcib və xeyirxah rolu olmuşdur. Təkcə bunu
göstərmək kifayət edər ki, yalnız 1906-cı
ildə bu qəzetin səhifələrində Üzeyir bəy
dövrün ən aktual mövzularında 125 məqalə və
felyeton yazıb nəşr etdirmiş, öz xəlqi, mütərəqqi
ruhu, mübariz mövqeyi ilə "Molla Nəsrəddin"
jurnalının nəzərini cəlb etmiş, şəxsən
Cəlil Məmmədquluzadənin hüsn-rəğbətini
qazanmışdı. Üzeyir bəyin "filankəs"
imzası ilə, "Ordan-burdan" başlığı
altında dərc etdirdiyi məqalələri həm
"İrşad" qəzetinin tarixçəsi, həm də
Azərbaycan publisistikasının uğurları
baxımından 1905-ci il inqilabı ilə başlanan mərhələnin
ən aktual mövzularına həsr edilmiş çox kəskin
ruhlu yazılar idi.
***
Üzeyir Hacıbəyli
1904-cü ildən başlamış 1920-ci ilin baharına qədər
bir müəllim, bəstəkar, dramaturq, dirijor, ictimai xadim, tərcüməçi
kimi yüksək dərəcədə səmərəli
çalışmaqla yanaşı publisistik
yaradıcılığa da geniş fasilə verməmiş,
Azərbaycan və rus dillərində yazdığı məqalə,
felyeton və tərcümələrini müntəzəm olaraq
nəşr etdirmişdi. Hesablamalar göstərir ki, Üzeyir
bəyin ən çox nəşr olunduğu mətbuat
orqanları onların fəaliyyətlərinin xronoloji
ardıcıllığı baxımından "Kaspi"
(1881-1919), "Həyat" (1905-1906), "İrşad"
(1905-1908), "Tərəqqi" (1908-1909), "Həqiqət"
(1909-1910), "Yeni iqbal" (1915-1917) və "Azərbaycan"
(1918-1920) qəzetləridir. Bu qəzetləri
müxtəlif vaxtlarda Azərbaycanın görkəmli vətənpərvər
oğulları, böyük yaradıcı ziyalıları,
alimləri Ə.Topçubaşov, H.Zərdabi, Ə.Hüseynzadə,
Ə.Ağaoğlu, C.Hacıbəyli, Ü.Hacıbəyli
redaktə etmişlər. Bir qədər konkretləşdirsək,
Üzeyir bəy 1905-ci ildə (sentyabr-dekabr) "Həyat"
qəzetinin redaksiyasında tərcüməçi,
1906-1908-ci illərdə "İrşad" qəzeti
redaksiyasında tərcüməçi, 1906-1908-ci illərdə
"İrşad" qəzeti redaksiyasında mütərcim-felyetonçu
vəzifələrində çalışmışdır. "Həqiqət", "Yeni iqbal" və
"Azərbaycan" qəzetlərinin fəaliyyətinin
müxtəlif çağlarında onların baş redaktoru
olmuşdur. Müstəqil Azərbaycan
dövlətinin ilk rəsmi orqanı "Azərbaycan"ı
nəzərə almasaq, yuxarıda adları çəkilən
qəzetlərin demək olar ki, hamısı böyük Azərbaycan
xeyriyyəçiləri Hacı Zeynalabdin Tağıyev və
Murtuza Muxtarovun maliyyə dəstəyi ilə
çıxmışdı.
Bu illərdə Üzeyir bəy
intensiv jurnalistik fəaliyyətini davam etdirməklə
yanaşı Bibiheybətdə ibtidai məktəbdə müəllimlik
etmiş, orada ana dili, rus dili, riyaziyyat, coğrafiya və musiqi
dərsləri demiş, "Hesab məsələləri"
dərsliyini, "Mətbuatda istifadə olunan siyasi, hüquqi,
iqtisadi və əsgəri sözlərin türki-rusi və
rusi-türki lüğəti"ni də nəşr
etdirmişdi.
"İrşad"
- gənc və enerjili jurnalistin xüsusi canfəşanlıqla
çalışdığı redaksiya idi. Maraqlıdır ki,
"İrşad" fəaliyyət göstərdiyi təqribən
iki il yarım ərzində iki dəfə
bağlanmışdı. Birinci dəfə qəzetin
rəhbərliyi Üzeyir bəyin "Stolıpinin xəyalı"
(1907) felyetonunu dərc etməkdə, ikinci dəfə yenə
də onun "Nağıl" (1908) felyetonuna yaşıl
işıq yandırmaqda günahlandırılırdı.
Birinci felyetonda 1905-ci il inqilabından
sonrakı rus irticasının atası Stolıpin ifşa
edilir, ikinci felyetonda isə çar hökuməti
"İvan" adı altında lağa qoyulurdu.
Tamamilə təbiidir
ki, Üzeyir bəyin publisistikasında XX əsrin əvvəllərinin
iki çox vacib probleminə münasibət özünün
geniş və yerli-yataqlı inikasını
tapmışdır. Bunlardan biri baxtına ən azı 100 il "Xalqlar həbsxanası"
Rusiya imperiyasının tərkibində yaşamaq kimi
ağır bir tale yazılmış Azərbaycanın vəziyyəti,
digəri isə bütün Qafqazı xərçəng xəstəliyi
kimi təhdid edən və özünün əsas məqamları
ilə birinci problemlə sıx bağlı olan erməni
sindromu idi.
Məlum olduğu kimi, tarixin
hökmü ilə çarizm çökdükdən sonra Azərbaycan
iki il fərqlə 70 il də həmin
imperiyanın qırmızı rəngə boyanıb dəbdəbəli
şüarlarla bəzədilmiş astar üzü olan
kommunist rejiminin əsarətində qaldı. Bu müddətdə
Azərbaycan xalqının yüz minlərlə
günahsız övladları "inqilabi mübarizələrin"
üzbəüz səngərlərində
qırıldılar, şəxsiyyətə pərəstişin
qurbanları kimi "buzlu cəhənnəm"də məhv
edildilər, Böyük Vətən müharibəsi cəbhələrində
faşizmə qarşı mübarizə meydanlarında fədakarlıqla
həlak oldular. Lakin sovetlərin irtica
maşını xalqımızın axırına
çıxıb onun genefondunu sona qədər məhv edə
bilmədi. Əmələ gəlmiş az-çox
imkanlardan istifadə edən istedadlı vətən
övladları, bir tərəfdən kütləvi
repressiyalarda qırıldıqlarına, Sibir, Uzaq Şərq
həbs düşərgələrində
çürüdüldüklərinə baxmayaraq, o biri tərəfdən
ali məktəblər bitirib yüksək ixtisaslı mütəxəssislər
oldular, təkcə Azərbaycanın deyil, keçmiş
sovetlər ittifaqının sənaye, kənd təsərrüfatı,
elm, ədəbiyyat, mədəniyyət və incəsənətinin
inkişafında böyük hünərlər göstərdilər.
Zəmanəsinin ən böyük bəstəkarlarından
biri, unikal sənətkar Üzeyir Hacıbəylinin
"Koroğlu" kimi epoxal əhəmiyyətə malik
operası yarandı, elmimizin iftixarı, kimyaçı alim,
akademik Yusif Məmmədəliyevin ixtira etdiyi yüksək
oktan ədədli benzin faşizmə qarşı müharibənin
sayı-hesabı bilinməyən təyyarə, tank və digər
maşınlarını göydə də, yerdə də
faşistlər üçün demək olar ki, əlçatmaz
etdi.
Yenə taleyin hökmü ilə
sovet imperiyası da çökdü, "Xalqlar həbsxanası"
dağıldı, keçmiş SSRİ-nin bütün
xalqları kimi Azərbaycan xalqı da çoxdan bəri
arzusunda olduğu, uğrunda meydanlara çıxıb
mübarizə apardığı, yenə də ən
yaxşı oğul və qızlarını 1990-cı ilin 20
yanvar gecəsi qurban verdiyi azadlıq arzusuna qovuşdu. Müstəqil
dövlətimiz - Azərbaycan Respublikası bərqərar
oldu, üçrəngli dövlət bayrağımız
bütün ölkə boyu vətən göylərində
dalğalandı, sovetlərin güllələdiyi görkəmli
şair Əhməd Cavadın sözlərinə vaxtilə
Üzeyir bəyin bəstələmiş olduğu məşhur
"Azərbaycan Respublikasının Dövlət himni"
dalğa-dalğa bütün dünyada səsləndi.
Dövlətçiliyimizin tarixinə taleyüklü
Qurtuluş günü kimi düşən 1993-cü ilin 15
iyununda böyük qlobal hadisə bərqərar oldu,
xalqımızın təkidli tələbi ilə
Naxçıvandan Bakıya gələn ulu öndər Heydər
Əliyev Azərbaycanı xaosdan, vətəndaş
qarşıdurmasından, qardaş qırğınından
xilas etdi, onu dünya inkişafının şahrah yoluna
çıxartdı.
Beləliklə,
Üzeyir Hacıbəylinin də bir publisist kimi intensiv məşğul
olduğu problem tarixin təbii axarı müstəvisində
öz uğurlu həllini tapmış oldu. Bununla belə,
onun həmin mövzu ətrafında yazdığı əsərlər,
XX əsrin əvvəllərinin dövri mətbuatında nəşr
etdirdiyi məqalə və felyetonlar öz tarixi əhəmiyyətini
bu gün də qoruyub saxlayırlar.
Üzeyir
Hacıbəylinin öz əsərlərində qoyub şərhini
verdiyi prioritet məsələlərdən biri xalqın
öz düşmənlərinə qarşı mübarizəsində
xüsusi əhəmiyyət kəsb edən birliyi, vəhdəti
məsələsi idi. Azadlıq və istiqlaliyyət xalq
taleyinin heç nə ilə müqayisəyə gəlməyən
elə əvəzolunmaz nemətidir ki, onu əldə etmək
üçün xalqı təmsil edən bütün
qüvvələrin birliyi, vəhdəti, bir hədəfə
vurması tələb olunur. Böyük publisist bu məsələnin
tərkib hissəsi kimi adamlarımızın vicdan
azadlığını, milli və dini birliyini də yüksək
qiymətləndirirdi… "Bakıda müsəlman
ictimai" məqaləsi bu baxımdan çox səciyyəvidir.
Əslində bu məqalə şəhərdə
baş tutmuş bir yığıncaqdan reportajdır. Müəllifin diqqətini cəlb edən məsələ
isə çox maraqlıdır. Burada
çıxış edən dərzi Əliyev (Şəki)
dini icmada sünnü-şiə ixtilafı haqqında
danışmağa başlar-başlamaz adamlar hay-küy
qaldırıb ona mane olur və natiqi xitabət kürsüsündən
salırlar. Müəllif aşkar duyulan bir iftixar hissi ilə
yazır ki, "ancaq müsəlmançılığı
ilə fəxr edən cəmaət sünni və şiə
mübahisəsini istəmir" ("Həyat" qəzeti,
23 noyabr 1905-ci il).
Üzeyir bəyin
məqalələrini izləyəndə görmək olur ki,
soydaşlarının bir sıra məqamlarda nümayiş
etdirdikləri milli birlik təzahürləri ədibin
böyük fərəhinə səbəb olurdu. Onun "Əski qaydalar hələ
güclüdür" ("Həyat" qəzeti, 29 noyabr
1905-ci il) adlı məqaləsindən məlum olur ki, azərbaycanlılara
qarşı qaragüruhçu əməlləri ilə məşhur
olan Qazax uyezdinin rəisi Arnold qeyri-qanuni əməlləri,
rüşvətxorluğu və digər ağır cinayətləri
üstündə istefaya göndəriləndən az sonra yəqin
ki, külli miqdarda rüşvət verib yenə də öz
yerinə bərpa edildikdə 200 nəfər azərbaycanlı
əlbir olub əvvəlcə Qafqaz canişininə etiraz
teleqramı vurmuş, sonra isə mütəşəkkil surətdə
Tiflisə gedib canişin Vorontsov-Daşkovun özü ilə
görüşmüş, o da öz növbəsində bu
işə bir əncam çəkəcəyinə söz
vermişdir…
Üzeyir bəy erməni
fitnəkarlığı nəticəsində baş verən
gərginlik hallarını aradan qaldırmaq, onların
günahkarlarını cəzalandırmaq əvəzinə hər
bir hadisədən istifadə edib münasibətləri daha da
gərginləşdirən və mümkün qədər
çox azərbaycanlının qırılmasına şərait
yaradan rəsmi hökumət dairələrini nəzərdən
qaçırmır, fürsət düşdükcə
başda müsəlman qanına susamış
Qoloşçapov olmaqla rus bürokratiya
maşınını ifşa edib gözdən salırdı.
1906-cı ilin iyulunda Şuşada general
Qoloşçapovun mənzilindən bir qədər aralı
bir erməni qətlə yetirilmiş və bu zəmində
polislə atışma baş vermişdi. Məsələnin
kökünə gedib onun mahiyyətini araşdırmadan,
generalın əmri ilə Şuşanın azərbaycanlılar
yaşayan məhəlləsi bu münasibətlə şiddətli
top atəşinə tutulmuş, nəticədə geniş
miqyasda evlər, həyətlər, bağlar, ot
tayaları alışıb yanmışdı. Üzeyir bəy
bu lokal hadisədən qlobal nəticə çıxarıb hərarətlə
çar istibdadının mütərce antiazərbaycan,
antitürk, antimüsəlman mahiyyətini açıb
göstərirdi: "tutalım ki, müsəlmanlar tərəfindən
bir nəfər erməni təsadüfən
öldürülüb… Aya, bəs sair müsəlmanların
təqsiri nədir ki, top ilə var-yox evləri
dağıdılır. Arvad-uşağın təqsiri
nədir ki, top səsindən vahiməyə düşüb
bağırları yarılır. Neçin
əsl müqəssiri tutub tənbeh etməyib, şəhərin
yarısını dağıdırlar? Neçin
əhalini sakit etmək əvəzinə qırğına
bais olurlar? Məgər qulduru tutmaq, qatili
tapmaq bacarılmadıqda bütün bir şəhəri topa
tutub xarabaya döndərmək lazım idi?"
Cavabı
özündən doğan bu taleyüklü suallar əslində
romanovların Qafqazdakı panerməni siyasətinin mürtəce
mahiyyətini əsaslı surətdə ifşa edirdi. Bu deyilənlərdən
Üzeyir bəyin gəldiyi nəticə də çox məntiqli
və cəsarətli olub, rəsmi dairələri
kökündən silkələyirdi: "Eylə isə bir
Şuşa şəhəri deyil, bütün Rusiya top-tüfənglərə
tutulub, atəşlərə yaxılıb, alt-üst edilməliydi!"
("İrşad" qəzeti, 16 iyul 1906-cı il).
1905-ci ildə
ölkəmizin ikinci böyük şəhəri Gəncədə
azərbaycanlılara qarşı soyqırım törədib
minlərlə günahsızın qanını
tökmüş ermənilər hadisələrin mahiyyətini
kökündən təhrif edən bir kitab
quraşdırıb adını da "Gəncənin
qanlı günləri" qoymuşdular. Üzeyir bəy bu bədnam
kitabda deyilənlərin daşını-daş üstə
qoymamış, ermənilərin həmişəki kimi əslində
müqəssir və cinayətkar olsalar da, yenə sudan quru çıxmaq cəhdlərini kəskin
surətdə ifşa etmişdi. O, qəzəblə göstərirdi
ki, bu kitab "Gəncə hadisatını tərsinə nəql
edibdir. Yəni müsəlmanlar edən işləri
ermənilərə isnad veribdir, ermənilər edən vəhşilikləri
isə müsəlmanların üstünə
yıxıbdır. Və bu həyasızlıqla
kifayətlənməyib müsəlmanın
başçılarını sögübdür". Əvvəldən
axıra qədər ağ yalan üzərində
qurulmuş kitabı həyasızcasına tərifləyib
göylərə qaldıran "Araç" adlı erməni
qəzetini rüsvay edən Üzeyir bəy kinayə ilə
yazmışdı: "Araç"a nə var? Arı yeyib, namusu qurşağa
bağlayıbdır. Yalançıya
deyir - sən peyğəmbərsən. Doğruçuya
deyir - bizə düşmənsən. Belə
qəzetin özü nə, sözü nə?!"
("İrşad" qəzeti, 17 aprel 1906-cı il).
10 aprel
1906-cı ildə "İrşad" qəzetində
Ü.Hacıbəylinin uzun illər boyu Qarabağda
pristavlıq edib zülm və ədalətsizlikdə ad
çıxarmış Şəfi bəy fətəlibəyova
ünvanladığı açıq məktubu nəşr
edilmişdir.
Üzərindən 100 ildən də artıq vaxt keçdiyinə
baxmayaraq, bu açıq məktubu indi də həyəcansız
oxumaq mümkün deyil: "…Ey su yerinə müsəlman
qanı ilə dəstəmaz alıb razu-niyaz edən abid! Ey
arvad - uşaqların göz yaşı ilə "pak
olub" ibadətlə məşğul olan zahid, behiştin əla
dərəcəsində yeriniz var… Bu 25 ilin ərzində…
hökumətə çox böyük qulluqlar edibsiniz.
Sizin qırmancınız altında ölmüş müsəlmanların,
odunuz ilə yanmış evlərin, hökmünüz ilə
darmadağın edilmiş mal və mülklərin, "həyanız"
ilə bihəya olunmuş arvadların, vəhşi nərəniz
ilə bağrı yarılmış uşaqların
sayını götürüb mülahizə etsək,
neçə-neçə qəbiristanlıqların "təmiri"
(yaradılması) sizin hünərinizə bağlı
imiş!... Şöhrətiniz Qarabağda
adınızı yaşadacaqdır. Sizə
bir yadigar nişangah qoymaq Qarabağa vacibdir".
"Qaradan
tünd rəng yoxdur" deyib babalar. Üzeyir bəyə
bu cür tünd boyalar işlətməklə ifşaedici məqalələr
yazdıran onun obyektiv vətəndaş mövqeyi, xalq mənafeyinə
sədaqətlə çırpınan həssas
yazıçı-publisist ürəyi idi.
***
Üzeyir bəyin
bir publisist kimi çox fəal
çalışdığı ilk illər onun həm də
yaxın gələcəyin görkəmli
yazıçısı, dramaturqu - komediyanəvisi kimi
yetişməkdə olduğu illər idi. Allah vergisi
olan komizm bir keyfiyyət kimi məqalələrini yazanda da
müəllifin köməyinə gəlirdi. Üzeyir bəyin öz məqalələrində
sıx-sıx istifadə etdiyi maraqlı vasitələrdən
biri dialoq idi. Bu vasitədən
avamlığın, cəhalətin, xurafatın tənqid
olunduğu məqalələrində publisist əyani vasitə
kimi daha çox istifadə edirdi. 30 dekabr 1905-ci il tarixli "İrşad" qəzetində
buraxılmış "Tazə xəbər" məqaləsi
müəllifin çox ustalıqla tərtib etdiyi təxminən
yarım səhifəlik bir dialoqdan ibarətdir:
- Ay ev yiyəsi,
fala baxdırmazsınız?
- Bax görək, bu
konstitusiya ki, deyirlər, bunu doğrudan veriblər, ya ki, belə
şey yoxdur?
- Niyyətinizi edib əlinizi
sürtün tasa, sonra baxım.
- İndi bax! (Əlini
sürtür tasa, falçı özü ilə
danışırmış kimi astadan):
- Konstitusiya, konstitusiya;
özün, ürəyin düz, əlin açıq, gözəllikdə
də mislin yox. Amma nə deyim… Atan, anan səni
saxlayıb, hələ verməyiblər. O da ondan
ötrüdür ki, öz əmin və dayın sən
biçarənin bəxtin bağlayıblar, sənə cadu
ediblər, qoymurlar ki, səni birisi alsın.
İndi hərgah
bu qızın ata-anası mənə bir şey versələr,
mən biçarə qızın bəxtin açaram. Bir ayacan da ərə
gedib oğullu-qızlı olar.
- Vay sənin yalançı
evivəcən, arvad?!..
Çox
yığcam yazılıb, heç bir lüzumsuz
sözün işlədilmədiyi bu mühakimədə əlbəttə,
ilk növbədə tuqi-lənət olub insanların
boğazına keçmiş müftəxor, tüfeyli
falçılar və onlara inanan savadsız, təcrübəsiz
insanlar, ilk növbədə sadəlövh qadınlar,
qızlar tənqid olunur. Lakin sətiraltı mənasına fikir
verəndə müasiri olan cəmiyyətin "qanuni-əsasi"si
haqqında bəzi mülahizələrin burada məsxərəyə
qoyulduğunu görmək çətin deyil.
İlk
baxışda çox kiçik görünən ən adi
bir faktı da bəzən Üzeyir bəy çox qəribə
bir şəkildə mənalandırır və elə bu
tapıntı da jurnalistin məqalələrinin bədii təsir
qüvvəsini əhəmiyyətli dərəcədə
artırırdı. Məsələn, gürcü paytaxtında rusca nəşr
edilən və Azərbaycanla ilgili məqalələrində
çox vaxt həqiqətdən uzaq olan "Tiflisski
listok" qəzeti ilə mübahisədə bizim müəllifin
diqqətini ilk baxışda kiçik, əhəmiyyətsiz
görünən bir fakt cəlb etmişdi. fərhad Ağazadənin
"İrşad"da buraxılmış "Dövlət
dumasında Qafqaz vəkilləri" məqaləsinə
cavabında özünü "doğru" sayıb
"İrşad"ı "yalan" kimi qələmə
verən "Tiflisski listok" müəllifi öz
yazısının altında imza əvəzinə ikicə hərf
yazmışdı: "Ov". Bu da Azərbaycan publisistinə
kifayət etmişdi ki, "Ov"u necə lazımdırsa
yıxıb-sürüsün:
"Məzkur
"doğru" öz sözlərinin
"doğru"luğundanmı, ya nədənsə
familiyasını gizlədib… Yəni
başını örtüb quyruğunu göstəribdir.
Bu cənab "quyruq" məsumanə bir tərzlə deyir
ki, dövlət dumasına tel göndərilməsi təbii
bir işdir… Doğrudan da cənab "quyruğun"
özü götürüb dumaya yazar ki, ay hürriyyət
bahadırları, müsəlmanlar xuliqandırlar, amma ermənilər
məzlum quzudurlar, özləri də "svoboda" istəyirlər,
amma xuliqan müsəlmanlar buna razı olmayıb onları hər
yerdə qırırlar". Özünün məşhur
"filankəs" imzasını qoymazdan əvvəl
Üzeyir bəy bu məqaləsində artıq bir başa
"listokçuların" özlərinə müraciət
edərək açıq mətnlə deyirdi: "Dumanı təhqir
edən "İrşad" deyil. "İrşad"
ancaq öz millətini sizin kimi provakatorun böhtan və
iftirasından müdafiə edir. Dumanı təhqir edən
o adamlardır ki, sizin kimi quyruqların həyasızlıqla
yazılmış yalan teleqramını həqiqi hürriyyət
bahadırlarının qabağında oxuyb tülkü hiyləgərliklərinizin
üstünü quzu dərisi ilə örtmək istəyirlər"
("İrşad" qəzeti, 3 iyul 1906-cı il).
Ü.Hacıbəylinin
publisistikasında satirik gülüşün çox əhəmiyyətli
mövqeyi var. Bu, Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin"
möcüzəsindən mayalanan bir gülüş idi. Mirzə Cəlilin
mötəbər tədqiqatçılarından olan
AMEA-nın müxbir üzvü prof. Ə.Mirəhmədovun
yazdığı kimi, satirik gülüşə ümumxalq
marağının artdığı yeni şəraitdə
"Molla Nəsrəddin" jurnalı Azərbaycan ədəbiyyatında
böyük keçmişi və gözəl canlı ənənəsi
olan satiranı yenidən oyadıb tüğyana gətirmişdi.
Onun gülüşü gözünü
açıb oyanmış, ətrafa ayıq tənqidi nəzərlə
baxıb yaxşını pisdən, dostu düşməndən,
gözəlliyi eybəcərlikdən seçməyə
başlayan adamların gülüşü idi.
***
25 dekabr 1909-cu ildə "Həqiqət"
qəzetinin 1-ci nömrəsində Üzeyir bəy "Bəyani
məslək" adlı baş məqalə ilə
çıxış etmiş, bu yazısında yenicə nəşr
olunmağa başlayan həmin qəzetin redaksiyasında birlikdə
çalışdığı qələm yoldaşlarının
izlədikləri məqsəd və vəzifələri şərh
etməklə kifayətlənməmiş, ümumiyyətlə
mətbuat işçisinin vəzifəsi, jurnalist etikası,
qələm sahibinin məsləki kimi çox mühüm
yaradıcılıq və mənəviyyat məsələlərinə
də aydınlıq gətirmişdi. Artıq beş
il müxtəlif qəzetlərdə Azərbaycan və rus
dillərində çoxlu məqalə dərc etdirmiş
publisist-redaktor bu fikirdə idi ki, məslək sahibi olması
hər bir jurnalistin vətəndaşlıq mövqeyindən
asılı olan çox vacib bir keyfiyyətdir. Jurnalist
ən vacib mövzularda, özü də məsləkinin təhriki
ilə yazmalıdır. "Həvəssiz,
könülsüz, etinasız, ruhsuz tamaşaçı"
olmaq ona yaraşmaz. Xalqımızın
qeyrətli övladlarının qəhrəmanlıqları
jurnalisti fərəhləndirdiyi kimi, hökumət məmurlarının
camaata münasibətlərində özünü göstərən
zülmkarlıq da onda etiraz və nifrət
duyğularını coşdurmalıdır.
Üzeyir bəyin
sarsılmaz qənaətinə görə əsl jurnalist ancaq
gördüyü və bütün vicdanının
şahidliyi ilə ürəkdən inandığı həqiqəti
yazmalıdır. Ən mürəkkəb vəziyyətlərdə
də heç bir başqa məsələyə etina etmədən,
yalnız həqiqətə qahmar çıxmaq əsl
jurnalistin ən mühüm məslək göstəricisi
olmalıdır.
Həqiqi milli mətbuatı,
xalqın taleyi ilə qırılmaz tellərlə
bağlanmış publisistikanı Üzeyir bəy vətən
tarixinin mötəbər təmsilçisi hesab edir,
yaşadığı keşməkeşli zəmanədə
jurnalistikanın köməyinə böyük ümidlər
bəsləyir, mətbuatı qiymətli bilik mənbəyi, cəmiyyətin
üzvləri və regionun qərəzsiz sakinləri
arasında hərtərəfli əlaqələrin əvəzedilməz
vasitəsi kimi dəyərləndirir, həmvətənlərinin
əxlaqi-mənəvi tərbiyəsində çox gərəkli
vasitə sayırdı. Məqalələrinin birində
Üzeyir bəy deyirdi ki, "millətə, camaata bir təhlükə
üz verdiyi zaman qəzet dördgözlü olmalıdır
ki, təhlükə bir tərəfdən üz verdikdə
digər tərəfdən qabağı alınsın"
("Həqiqət" qəzeti, 28 yanvar, 1910-cu il).
Üzeyir bəy
çar üsul-idarəsinin ağır bürokratiya
maşınını böyük hərarətlə,
çox təsirli qələmlə tənqid və ifşa
edirdi. O,
"Dövlət dumasının açılmağı"
adlı məqaləsində hakim təbəqənin dövlət
aparatından öz xeyri üçün gen-bol istifadə etməsini
tənqidə tutaraq yazırdı: "Vəzirlərdən tutmuş,
hər bir sahibmənsəb-cümləsi bürokratdırlar.
Hansı məmləkətdə ki, bürokratlar güclü
və ixtiyarlıdır, o məmləkətin işi
xarabdır, çünki ixtiyarlı bürokratın
vücudu ilə millət özü heç bir işi görə
bilməyib həmişə onların buyurduğuna əməl
etməyə məcbur olar və heç bir ixtiyarı olmaz
ki, durub bürokratların tutduğu əməllərə nəzər
yetirsin ki, görək aya bu əməllər millətdən
ötrü nə qədər ağırdır və milləti
əzməkdə bürokratın nə haqqı vardır.
Bəkir NƏBİYEV
Ədəbiyyat qəzeti.- 2010.- 2 iyul.- S.1, 3.