Portretdən ştrixlər
Bir neçə il əvvəlin söhbəti olsa da, indiki kimi xatırlayıram. Dostlarımdan biri məni Böyük Qafqaz dağlarının ətəyində muncuq kimi sıralanmış bölgələrdən birinə həsr olunmuş mahnının təqdimatına dəvət etmişdi. Məmnuniyyətlə razılıq verdim və tədbirə qatıldım. Mahnı mətni doğma yurda sevgi ilə qələmə alınsa da, orada bər-bəzəkli sözlərdən, gurultulu ibarələrdən gen-bol istifadə edilsə də, məzmun çox kasad görünürdü, rayonun tarixi, sakinləri, təbiəti və bugünkü inkişafı, özünəməxsus digər xüsusiyyətləri, xarakterik cəhətləri şeirdə əksini tapmamışdı. Musiqi şən və oynaq olsa da, yüngül təsir bağışlayırdı, mahnının mətni kimi onda da sanbal yox idi. Məclis əhli münasibət bildirməyə başladı. Kimi göz yaşlarını silərək, kimi sonsuz qürur və fəxarətlə zilə qalxır, mahnını ağızdolusu tərifləyir, kimisi də bəmdən gedir, ehtiyatlı ifadələrlə təqdimatı "yola verirdi". Növbə mənə çatanda tədbirin təşkilatçılarına təşəkkürümü bildirdim, şairə, mahnı müəllifinə minnətdarlıq etdim ki, öz istedad və bacarıqları səviyyəsində haqqında söhbət gedən bölgəyə məhəbbətlərini izhar ediblər. Sonra tədbirin iştirakçılarına belə bir sualla müraciət etdim: - Şeirdə adı çəkilən rayonun əvəzinə "Şəki", "Qax", "Balakən", yaxud "İsmayıllı" sözlərini yazsaq, mətnə, mahnıya xələl gələrmi, nə dəyişər? Məncə, heç nə.
Yerbəyerdən yarızarafat, yarıciddi replikalar eşidildi: "Lənkəran", "Masallı", "Lerik" sözləri də gedər. Kimsə lap ağ elədi: lap "Cəlilabad", "Biləsuvar", "Neftçala" da yazmaq olar. Mən davam etdim: - Bununla çəkilən zəhməti yerə vurmaq, heçə endirmək istəmirəm. O, yerlərin adamları, onların həyat, düşüncə tərzləri, adət-ənənələri kimi təbiəti, çayları, dağları, meşələri də bir-birinə bənzəyir. Amma hərəsinin öz adı, öz siması, hər rayonun öz tarixi, özünəxas cəhətləri, maddi-mədəni abidələri var. Məncə, bu cəhəti unutmaq olmaz…
Budur, indi özüm öz tələbim qarşısındayam. Çox hörmətli bir nəfər professor haqqında ürək sözlərimi yazmalıyam. "İstedadlı", "zəhmətkeş", "daim axtaran-arayan", "gənclərə diqqətlə yanaşan, onlara yol göstərən", "öz üzərində işləyən", "elmi yenilikləri izləyən", "iti müşahidə, təhlil qabiliyyətinə malik", "real, obyektiv dəyərləndirmək məharəti olan" kimi şablonlar işimə yaramır. Kimsə oxuyar və mənə sual ünvanlayar ki, ömrünü-gününü elmə, təhsilə həsr edən hansı professorun ünvanına bu sözləri işlətmək olmaz?! Bəs haqqında yazacağım professor Nizami Məmmədovun (Tağısoy) bütün bunlarla yanaşı özünəməxsusluğu, fərdi keyfiyyətləri hansılardan, nədən ibarətdir? Professorlar qalereyasında Nizami müəllimin maraqlı olduğu qədər də diqqətçəkən və zəngin həyat yolu var. Hələ məktəb yaşlarından əlinə qələm alan Nizaminin imzası əvvəlcə şagirdlərin buraxdığı divar qəzetində, sonra rayon qəzetində, daha sonralar isə respublika mətbuatında görünməyə başladı. Şeir və məqalələri Yuxarı Şilyan kəndindən bir istedadın boylandığından, "mən də varam", "mən də gəlirəm" mesajından xəbər verirdi. O vaxt boylanırdı ki, neçə illər sonra yazsın:
"Yaşamaq mənimdir, yanmaq mənimdir,
Dünyanı dərk edib, anmaq mənimdir,
İnsanı insantək sanmaq mənimdir…".
("Sən yaşamırsan")
Gəlirdi ki, illər sonrası millətin səsini, fəryadını, dərdini, faciəsini bütün gücü ilə hayqırsın.
Bütün bunları, bunlardan daha çoxunu demək üçün Nizami "Ptolomeyin yadigarı", "fateh və sərkərdələrin hədəfi", "qonaq-qaralı, dostlara vəfalı, düşmənə xəncər" Şilyandan böyük həyata qədəm qoyurdu. İlk addımları kövrək, lakin inamlı idi. Yoluna çıxan toz-torpaq, daş-kəsək ona, onun yürüməsinə mane ola bilməzdi. Məktəbi bitirdikdən sonra bir müddət istehsalatda alın təri tökdü, əzələlər möhkəmləndi, əllər qabardı. Növbədə əsgərlik vardı. Nizami bu borcu verməyə artıq tam hazır idi və "kişilik məktəbi"ni də şərəflə, ləyaqətlə başa vurdu.
…Burada fasilə verir,
yazılanlara nəzər salıram. Rəssamlar portret işləyəndə
bir nəfəsə onu başa vurmurlar ki! fırçanı
tablonun üstündə gəzdirir, geri çəkilir, rənglərə
tamaşa edir, götür-qoy edir, düşünür və
yenidən fırçanı işə salırlar. Mən də
yuxarıda yazılanları Nizami Tağısoyun portretindən
ştrixlər hesab edir və növbəti cizgilərə
keçirəm…
Yeniyə, yeniliyə can
atmaq, təzə cığır açmaq, axtarmaq eşqi, həvəsi
Nizami Məmmədovla lap körpəlikdən yoldaşlıq
edir, bu gün də bu həvəs, ehtiras, enerji tükənmir.
İlk yaradıcılığındakı - şeir və
hekayələrindəki bu məziyyətlər sonralar
cilalandı, genişləndi, sistem halını aldı, yeni məzmun
kəsb etdi, yeni müstəviyə keçdi - elm aləminə
qədəm qoydu.
Əsgəri xidmətdən
sonra M.f.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı
İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini
fərqlənmə diplomu ilə bitirdi (1975). Bir müddət
kənd məktəbində pedaqoji fəaliyyətlə məşğul
olan N.Məmmədovda baş qaldıran peşəkar tədqiqatçı
olmaq arzusu onu məzunu olduğu İnstitutun aspiranturasına gətirdi
(1980-1984). İxtisasını və ruhunu (Səməd
Vurğun yaradıcılığı) birləşdirən
"S.Vurğunun pyeslərinin rus tərcümələri və
səhnə təcəssümü" mövzusunda elmi-tədqiqat
işini uğurla bitirib namizədlik dissertasiyasını
müdafiə etdi (1986). Gənc alim N.Məmmədov hər dəfə
əlçatmaz hesab etdiyi zirvəni fəth etdikcə,
qarşısında daha böyük yüksəklik görən
və ona can atan alpinist kimidir. O, ədəbiyyatşünaslıqla
bağlı bir mövzuya girişir, onu tamamlayır, sonra
mövzu yeni mövzu gətirir, onun qarşısında təzə
üfüqlər açılır. O, irəliləyir, arxada
isə tədqiqatçı alimin tədricən araşdırmalarından
ibarət zəngin irsi formalaşır…
İlk uğurlarından
ruhlanan N.Məmmədov S.Vurğunun bir əsəri
timsalında rus-Azərbaycan ədəbi əlaqələri
mövzusunda özünü sınayandan sonra cəsarət
tapıb daha geniş və fundamental problemə girişir:
"XX əsr rus poeziyası Azərbaycan tərcümələrində".
O, bu mövzuda doktorluq dissertasiyasını uğurla müdafiə
edir (1992) və bir müddət sonra (1994) alim, Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının qərarı ilə professor adına layiq
görülür. Bu, "XX əsr rus ədəbiyyatı",
"Türk xalqları ədəbiyyatı", "Azərbaycan
ədəbiyyatı" fənlərindən rus və Azərbaycan
bölmələrində mühazirələr oxuyan, kurs,
buraxılış, magistr, namizədlik işlərinə rəhbərlik
edən, dərslik, dərs vəsaitləri, dərs
proqramları yazan, respublika mətbuatında
saysız-hesabsız elmi məqalələr dərc etdirən
Nizami Tağısoyun halal əməyinə verilən qiymətdir.
Professorun elmi fəaliyyəti çoxşaxəli,
çoxplanlıdır: tərcümə nəzəriyyəsi,
ədəbi əlaqələr, komparativistika, türk
xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, epik təfəkkürü,
ənənələri, folkloru, klassik və müasir ədəbiyyatı,
çağdaş ədəbi proses.
İti zəkası,
geniş təfəkkürü N.Tağısoya ədəbiyyatşünaslıq
kimi böyük ümmanda problemləri görmək,
çözmək, sistemləşdirmək, dəyərləndirmək
bacarığı vermişdir. Türkdilli xalqların ədəbi
xəzinəsinin araşdırılması ilə
N.Tağısoy Azərbaycanda türkologiyanın
inkişafına ciddi töhfə vermişdir: qazax, özbək,
qaqauz, qaraqalpaq, qaraçay, qırğız, Kıbrıs,
malkar, xəzər və başqa türk qövmləri ilə
bağlı qələmə aldığı
çoxsaylı əsərlər həm aktuallıq, həm də
problemə yanaşma metodu ilə diqqəti çəkir.
Müəllifin "Qazax ədəbiyyatı" (Bakı,
APRDƏİ nəşriyyatı, 1983, 70 s. - rus dilində),
"Əslin milli özünəməxsusluğu və tərcümə"
(Bakı, "Mütərcim" nəşriyyatı, 1998, 68
s. - rus dilində), "Poetik tərcümə" (Bakı,
"Maarif" nəşriyyatı, 2001, 245 s. - rus dilində),
"Qaraqalpaq ədəbiyyatı" (Bakı, "Kitab aləmi"
nəşriyyatı, 2007, 296 s. - rus dilində), "Nəsrin
axarı: zaman və məkan konteksti" (Bakı, BQU nəşriyyatı,
2008, 152 s.), "Səftər Həsənzadə. Vətən
həsrəti, barıt qoxulu sətirlər" (Bakı,
"Mütərcim" nəşriyyatı, 2009, 76 s.) kimi
monoqrafiya və kitabları elmi ictimaiyyətin və təhsil
auditoriyasının daim diqqətində olmuş, mütəxəssislər,
xüsusilə türkoloqlar tərəfindən yüksək
qiymətləndirilmişdir.
İstedadlı alim öz
yaradıcılığında ədəbi mühitə, ədəbi
prosesə iki istiqamətdən yanaşır və onun elmi-nəzəri
qənaətləri bu aspektlərdən formalaşır. Bir tərəfdən
o, ümumən, ədəbi problemləri araşdırır,
analiz edir, sahənin nəzəri materiallarını zənginləşdirirsə,
digər tərəfdən ayrı-ayrı yazıçı
və şairlərin yaradıcılığını tədqiqat
müstəvisinə çıxarır, onların əsərlərində
mövzu, dil-üslub, sənətkarlıq məsələlərini
təhlil süzgəcindən keçirir. Bu baxımdan
professorun Elçin, Anar, S.Əhmədli, M.Cəlal, K.Abdulla,
eləcə də A.Blok, S.Yesenin, K.Simonov, A.Tvardovski və digərlərinin
irsi ilə bağlı özünəməxsus mülahizələr,
maraqlı mühakimələr və elmi nəticələrlə
zəngin məqalələri diqqəti çəkir.
Prof.N.Tağısoyun
etnoqrafiya, folklor nümunələri ilə bağlı cəfakeş
fəaliyyəti qeyd olunmasa, onun portretində müəyyən
ştrixlərin yeri görünər. 25 ilə
yaxındır ki, Nizami müəllim dərviş
dözümü, pərvanə sevgisi, fərhad fədakarlığı
ilə öz sevdasının - şifahi xalq nümunələrinin
türklər demiş, peşindədir. Onun etnoqrafiya, etnik-milli
düşüncə və həyat tərzi ilə
bağlı topladığı şifahi söz nümunələri
türkdilli xalqların ortaq milli-mənəvi dəyərlərinin
müqayisəsi, qiymətləndirilməsi baxımından
böyük əhəmiyyət kəsb edir. Doğulub
boya-başa çatdığı doğma Şilyan kəndindən
misqal-misqal topladığı, mirvari dənələri kimi
sıraladığı alqışlar, qarğışlar,
andlar, sınamalar, ayamalar, ləqəblər, bayatılar,
laylalar, lətifələr, habelə dini-tarixi abidələrlə
ziyarətgah və ocaqlarla bağlı rəvayətlər nəinki
oxucuların ürəyinə, eləcə də mütəxəssislərin
yaradıcılıq laboratoriyasına yol tapacaq, professorun
dediyi kimi, onları "düşünüb fikirləşməyə,
fikirləşib düşünməyə sövq edəcək,
onlar sözün gücündən zövq alacaq, ona heyran
qalacaq, xalq fəlsəfəsi və müdrikliyi haqqında dərindən
düşünəcək", bu zəngin, mənalı irslə
bağlı müəyyən qənaətlərə gələcəklər.
Professorun portretində tərcüməçilik
və lüğətçilik fəaliyyətinin də
xüsusi yeri var. Tərcümə nəzəriyyəsi və
bədii tərcümə məsələləri sahəsindəki
işinə bir cümlə ilə qiymət vermək olar: o,
bu sahədə peşəkardır. O, Azərbaycan
türkologiyasında ilk dəfə "Qaraqalpaq xalq
nağılları"nı (Bakı, 2006, "Mütərcim"
nəşriyyatı, 220 səh.) və qazax qəhrəmanlıq
eposu "Koblandı-batır" (Bakı, 2010, folklor
İnstitutu nəşriyyatı, 200 səh.) Azərbaycan
türkcəsinə uyğunlaşdırmış, bir
neçə şeir, poema kitabını rus dilinə tərcümə
etmişdir.
Prof.N.Tağısoyun elmi, bədii
yaradıcılığını onun ictimai və pedaqoji fəaliyyətindən
ayrı təsəvvür etmək mümkün deyil. Bu fikri
başqa cür də ifadə etmək olar: bu fəaliyyət
sahələri N.Tağısoyun timsalında bir-birini
tamamlayır, bir-birindən qidalanır, bir-birini zənginləşdirir.
Və sonda. Yuxarıda yazılanlar prof.N.Tağısoyun yaradıcılıq portretinin ştrixləridir. Nə qədər uğurlu, qənaətbəxşdir - deyə bilmərəm. Bu, bir qələm dostunun cəhdidir. Amma peşəkar rəssam əlində fırça onun kətan üzərində portretini işləmək eşqinə düşsə, məsləhət görərdim ki, Nizami Tağısoyun təbəssümünü unutmasın. Nizami müəllimin təbəssümsüz portreti qarsız zirvə kimi görünər.
Abid Tahirli
Ədəbiyyat qəzeti.- 2010.- 9 iyul.- S.4, 5.