Dante mozaikası
Dante Aligyeri İtaliya
1265 -1321
Ravennanın San-Piero - Maccore kilsəsindəki mərmər sərdabələrdən birində uyuyan Dante Aligyerinin vəfatından yeddi əsrə yaxın bir vaxt keçməsinə baxmayaraq, onun təkrarolunmaz yaradıcılığı dünya bədii fikrinin mənəvi dəyərlərindən biri kimi qalmaqdadır. "İlahi komediya"nın bəşər mədəniyyəti tarixində yüksək göstəricilərdən biri olması nə qədər danılmaz həqiqətdirsə, xristian-katolik məfkurəsinin məhsulu sayılan və ümumilikdə, dünya ədəbiyyatının şah əsərlərindən biri olan bu poemanın Məhəmməd peyğəmbərin (ə) meracı əsasında qələmə alınması faktı bir o qədər müəmmalı və heyrətamizdir. Bu problem bir əsrə yaxın vaxt ərzində "çaylar qədər mürəkkəb" aparsa da Avropa alimləri tərəfindən tam şəkildə həll edilməmiş qalaraq, nəhayət, son illərdə dünya dantoloqlarının bütün mümkün "tərəddüdlərinə" baxmayaraq, "müəyyən korrektivlər" çərçivəsində danılmaz fakt kimi qəbul edilmişdir. Düşünürük ki, bu problem, məsələnin qoyuluşunda maraqlı olan islam ilahiyyat alimləri və italyanşünasları tərəfindən də əsaslı şəkildə araşdırılmalıdır. (Bu mövzuya həsr olunmuş informativ xarakterli bir məqalə ilə məlumat verməyi nəzərdə tuturuq).
Dantenin 26 yaşında qələmə aldığı "Yeni həyat" əsəri onun ilk uşaqlıq məhəbbəti olan , 1290-cı ildə 25 yaşında vəfat etmiş Beatriçe Portinariyə həsr olunmuşdur. "Yeni həyat" şairin 1283 - 1290-cı illərdə yazdığı, konkret süjetlər üzrə yerləşdirilmiş, avtobioqrafık və falsəfi-estetik şərhlərlə təqdim olunan şeirlər toplusundan ibarətdir. Avropa ədəbiyyatı tarixində ilk lirik avtobioqrafiya sayılan bu romantik povestin nisbətən erkən yazılmış şeir hissələri, "yeni şirin üslub" (dolce stil nuovo) lirikasının ən yaxşı nümunələrini təşkil etməklə, bir qədər gec qələmə alınanları, məsələn, Beatriçenin ölümünə həsr olunmuş parçalar artıq "İlahi komediya"nın üslubunu xatırladır.
"Yeni həyat" mürəkkəb əsərdir. Burada Dante sevgi ilə ölümün üz-üzə gəlməsini, onların insan qəlbinə olan təsirini göstərərək ayrılıqda götürülmüş bir fərdin həyatına qeyri-adi, bəşəri məna verir. Bunu əsərin adından da görmək olar. Latın dilindəki "nova" sözü (italyanca "nuova") təkcə "yeni" deyil, həmçinin "qeyri-adi" deməkdir. Povestin qəhrəmanı da Beatriçe ilə ilk görüşündən sonra məhz belə bir həyata, - yeni, qeyri-adi həyata qədəm qoyur.
Əsərin məzmunu kimi, forması da (prozometriya) mürəkkəbdir. Bu forma Qərb ədəbiyyatında Dantedən əvvəl də mövçud olmuşdur. Son dövrlər Roma şairi Boetsinin "fəlsəfənin təsəllisi" risaləsi, fransız cəngavər romanı "Okassen və Nikolett", provansal poeziyası topluları və s. kimi bədii nümunələr bu formada yazılmışdır. Ancaq, "Yeni həyat"da tam dolğunluğu və özünəməxsus lirizmi ilə təsvir olunan həyat psixologiyası, sevgi və ölümün insan qəlbinə təsiri problemi bu formanın daxilində sarsılmaz vəhdət təşkil edir.
Həmçinin, qeyd etmək lazımdır ki, intonasiyanın fərdi şəkildə təsirli olmasını təlqin edən müasir poetik tələblərdən fərqli olaraq, orta əsr şairləri belə hesab edirdilər ki, poetik universallıq yalnız simvolik ümumiləşdirmələr vasitəsilə əldə oluna bilər, - özü də təkcə simvolu yaratmaqla yox, həm də onu şərh etməklə.
Bu əsər, eyni zamanda, gələcək bəşəri bir poemanın müəllifındən, onun mücərrəd düşünmək imkanlarından və sərrast təhlil qabiliyyətindən də xəbər verir. Dantenin poetik məharəti - yığcam və səlis üslubda, cüzi vasitələrlə son dərəcə qabarıq və yaddaqalan surətlər yaratmaq bacarığındadir.
"Qoy, o eşq yolunu…"
soneti sentimental - psixoloji xarakter daşıyır. "Qəlbimin
hüznündən…" kantsonası isə xoral ağı
formasında yazılmışdır. Hər iki şeir
nümunəsinə özünəməxsus mürəkkəb
qafiyələr sistemi xasdır. Dantenin özü və italyan
dili haqqında söylədiyi fikirlər onun üç
kantsonasına (nəğməsinə) yazdığı
müfəssəl şərhlərdən ibarət olan,
yarımçıq qalmış "Ziyafət" (1303-1306)
əsərindən götürülmüşdür.
"florensiyalı dosta" adlı məktubu isə onu bir
şəxsiyyət kimi xarakterizə edən maraqlı tarixi sənəddir.
Məktub latın dilində, sadə epistolyar janrda
yazılmışdır. (1315-ci ilin amnistiyasına görə,
florensiyadan sürgün olunmuş Dante vətəninə
qayıtmaq üçün alçaldıcı şərtlərlə
razılaşmalı idi. O, cərimə ödəməli, kətan
köynəkdə, başında kağız qalpaq, əlindəki
yanılı şamla şəhərdən keçərək
həmvətənləri qarşısında
"günahlarını" boynuna almalı idi. Məktub
Dantenin qayını Monetto Donatiyə unvanlanıb).
"Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim olunan parçalar şairin yubiley
külliyyatından götürulmüşdür (Dante
Aligyeri. Külliyyatı, Leypsiq - 1921).
Tərcüməçi
Yeni həyat
1. Yaddaş kitabımın1
o yerində ki, ona qədər çox az şeyi oxumaq
mümkündü, belə bir başlıq var: incipit Vita
Nova2. Bu başlıq altında yazılmış sözlər3
var ki, mən onları, - əgər hamısını olmasa
da, hec olmasa onların mənasını, - bu kitabçada təqdim
etmək istərdim.
2. Mən anadan olandan sonra
işığın səması4, bir növ
özünün daimi fırlanmasında5, artıq doqquz dəfə6
başlanğıc nöqtəsinə
qayıtmışdı ki, ruhumun müşərrəf
xanımı ilk dəfə olaraq gözlərim önündə
canlandı; çoxları da onu Beatriçe7 deyə
çağırmağa başladılar, bilməyərək
ki, onu elə belə də çağırmaq
lazımdır. O, bu həyatda artıq bir o qədər yaşamışdı
ki, bu müddət ərzində ulduzlu səma dərəcənin
on ikidə biri qədər şərqə tərəf hərəkət
etmişdi8 belə ki, o doqquz yaşının əvvəlində
mənim gozlərim önünə gəlmişdi, mən isə
onu demək olar ki, doqquz yaşımın sonunda
görmüşdüm. O, son dərəcə nəcib al-qırmızı
rəngli, təvazökar və ləyaqətli bir geyimdə
gözlərim önündə canlanmışdı, kəmərlənməsi
də, bəzəkləri də elə bir tərzdə idi ki,
həddən ziyadə gənc yaşına uyğun gəlirdi.
Bu yerdə, - doğru sözümdür, - qəlbimin ən məhrəm
bucağında qərar tutmuş həyat ruhu elə şiddətlə
titrəməyə başladı ki, ən zərif damarlarda
belə özünü qorxunc tərzdə büruzə verdi
və titrəyərək bu sözləri dedi: "Ecce Deus
fortior me, qui veniens dominabitur mihi"9. Bu yerdə, hissiyyat
ruhlarının öz qavrayışlarını
apardığı yuxarı tərəfdə qərar
tutmuş heyvani ruh son dərəcə heyrətlənməyə
başladı və ilk növbədə görmə
ruhlarına müraciətlə bu sözləri dedi:
"Apparuit iam beatitudine vestra"10. Bu yerdə, bizim
qidalanmamızın baş verdiyi bir tərəfdə qərar
tutmuş təbii ruh ağlamağa başladı və
ağlaya-ağlaya bu sözləri dedi: "Heu miser, quia
frequenter impeditus ero deinceps!"11 Deməliyəm ki, o vaxtdan ta
indiyədək sevgi qəlbimə hakim kəsildi və təxəyyülümün
ona bəxş etdiyi ləyaqətlərə görə mənim
üzərimdə o dərəcədə əmniyyət və
hakimiyyət əldə etməyə başladı ki, mən
onun bütün istəklərinə tam şəkildə riayət
etmək məcburiyyətində qaldım. O, çox vaxt mənə
əmr edərdi ki, bu gənc mələyi görməkdən
ötrü səylərə gatılım: ona görə də
uşaqlıq çağlarımda tez-tez onu axtararaq gəzib-dolaşardım
və görərdim ki, onun yüksək nəcabətə və
tərifə layiq davranışı var, belə ki, həqiqətən
də, onun barəsində şair Homerin sözlərilə
demək olardı: "O, ötəri bir insanın deyil,
Tanrının qızına bənzəyirdi". Və
baxmayaraq ki, onun daima mənimlə olan surəti mənə
hakim kəsilməkdən ötrü eşqin cəsarətinə
çevrilərdi, bununla belə, alicənab ləyaqəti o dərəcədə
idi ki, bircə dəfə də olsun izn vermədi ki,
ağılın etibarlı məsləhəti olmadan sevgi mənə
hökm etsin, - o yerdə ki, belə məsləhətləri
dinləmək heç də faydasız deyildi. Və belə
ki, bu dərəcədə gənc yaşın hissləri və
hərəkətləri üzərində dayanmaq bir qədər
ağlasığmaz görünə bilər, mən bu
mövzudan uzaqlaşıram və bunların haradan
yaranması nümunəsində anlaşılması
mümkün olan bir çox şeylərin üstündən
keçərək o sözlərin üstünə gəlirəm
ki, onlar yaddaş kitabımın sonrakı
başlıqlarında həkk olunmuşdur.
3. Bir o qədər gün
keçəndən sonra ki, bu yüksək nəcabət sahibəsinin
yuxarıda təsvir olunan gəlişinin düz doqquz ili
tamamlanırdı, həmin günlərdən sonuncusunda elə
oldu ki, bu ecazkar xanım ağ-bəyaz libasda, yaşda
özündən böyük iki nəcib xanımın
arasında yenidən gözlərim önündə
canlandı və küçədən keçərkən
o, baxışlarını mənim həyəcan içərisində
qərar tutduğum tərəfə yönəltdi və bu
gün əbədi əsrlərdə mükafatını
almış həmin o qeyri-adi nəzakətinə görə,
o, mənimlə elə xeyirxahlıqla salamlaşdı ki,
düşündüm, sanki ən ülvi səadətin zirvəsindəyəm.
Onun son dərəcə şirin salamının mənə
çatdığı saat həmin günün düz saat
doqquzu idi və belə ki, onun sözləri mənim
qulaqlarıma yetişməkdən ötrü birinci dəfə
idi səslənirdi, mən elə bir zəriflik duydum ki, elə
bil məst olmuş kimi, insanları tərk edərək,
otağımın tənha bir guşəsinə çəkilib,
bu yüksək nəzakət sahibəsi barədə
düşüncələrə qapıldım...
5. Bir gün bu yüksək
nəcabət sahibəsi, şərafət məlikəsinə
alqışlar söylənən yerdə əyləşmişdi,
mən də orada elə bir tərəfdə idim ki, oradan
öz səadətimi görə bilirdim: bizim aramızda isə
düz xətt boyunca, çox xoş görkəmli, nəcib
bir xanım əyləşmişdi və o,
görünür, baxışlarımın ona
tuşlandığını güman edərək, tez-tez heyrətlə
mənə nəzər salırdı; bu səbəbdən
bir çoxları onun necə baxdığını
görmüşdülər və bu, onların
yaddaşına o dərəcədə həkk olunmuşdu ki,
mən oranı tərk edəndə eşidirdim ki, ardımca
deyirlər: "Gör, bir o xanım bu insanın
varlığını necə də sarsıdır". Və
onun adını çəkəndə, mən anladım ki,
söhbət yüksək nəcabət sahibəsı
Beatriçedən başlayaraq, mənim gözlərim
önündə qurtaran düz xəttin ortasında əyləşmiş
həmin o xanımdan gedir. Onda mən, əmin olanda ki, həmin
gün baxışlarım sirrimin üstünü
açmamışdır, bir qədər təskinlik
tapdım. Və dərhal fikirləşdim ki, həqiqəti
gizlətmək xatirinə bu alicənab xanımdan bir
örtük kimi istifadə edim və az bir müddət ərzində
buna o dərəcədə nail oldum ki, haqqımda
danışanların çoxuna elə gəlirdi sirrimə bələddirlər.
Bir neçə illər və aylar mən bu xanımla pərdələndim
və başqalarını daha da inandırmaqdan ötrü,
ona bir neçə cızmaqara şeir də qoşdum ki,
onları təqdim etmək fıkrində deyiləm,
sözsüz ona görə ki, burada söhbət ancaq yüksək
nəcabət sahibəsi Beatriçedən getməlidir;
bü səbəbdən də, onların hamısını kənara
qoyaraq təqdim etməkdən ötrü bəzi şeyləri
saxlayacağam ki, zənnimcə, onun tərifinə layiq olacaq.
7. İş elə gətirdi
ki, bu qədər yaxt ərzində könül eşqimi
onunla pərdələdiyim xanım yuxarıda adı çəkilən
şəhərdən gedərək, uzaq bir ölkəyə
yollanmalı oldu; buna görə də mən belə gözəl
arxanı itirdiyimdən xeyli məyus olaraq, qabaqlar təsəvvür
edə biləcəyimdən də artıq bir dərəcədə
kədərlənirdim. Və düşünəndə ki, əgər
onun buraları tərk etməsindən kifayət qədər
nisgilli bir söhbət açmasam, adamlar yalanımı
tezliklə hiss edəcəklər, qəmli bir şikayət
soneti qoşmağı qərara aldım; onu təqdim edirəm,
belə ki, mənim xanımım bu sonetdəki bəzi
sözlərin birbaşa səbəbkarı olmuşdur, - bu da
deyilənləri başa düşən hər bir kəs
üçün aydın olmalıdır: onda mən həmin
bu soneti qoşdum. O bu sözlərlə başlayır:
"Qoy, o eşq yolunu..."
Qoy, o eşq yolunu tutub gedənlər
Baxıb desinlər:
"Mənim dərdim kimi
ağır dərd varmı?"
Sonra dinləməkçün
lütf eyləsinlər,
Və söyləsinlər:
"Bir yaralı qəlbə
min dərd sığarmı?"
Tale çəkməmişdi
qarşımda sipər,
Bilməzdim kədər,
Deyirdim, ürək də qəmlə
dolarmı ?
Eşitdim, arxamca çox
söylədilər:
"İlahi, məgər,
Bir bağa min bahar qismət
olarmı?"
İndi yoxa
çıxmış o şövqlü aləm,
Onda ki, sevgiydi ömrün bəhəri;
Ötən illəri
Bir də sınamağa
cürət etmirəm.
İndi o kəs tək ki,
kasıb günləri
Namusla yaşayır, - qəlbində
ələm;
Üzdə gülürəm,
İçimdə - göz
yaşı, tale kədəri.
31. Gözlərim bir xeyli
müddət yaşlı qaldıqdan və o dərəcədə
taqətdən düşəndən sonra ki, artıq,
hüznümə son qoya bilmirdi, düşündüm ki, ona
bir neçə kədərli sözlə son qoymağa cəhd
edim; ona görə də bir kantsona qoşmağı qərara
aldım ki, orada kədərimə qapılaraq o kəsin barəsində
söz açmış olum ki, bu dərəcədə
böyük bir dərd onun uçbatından qəlbimi
parçalamışdır və mən həmin kantsonanı
başladım ki, onun əvvəlində bu şözlər gəlir:
"Qəlbimin hüznündən usanıb gözlər..."
Və bu kantsona sona çatanda o, dul bir qadın kimi tənha
görünsün deyə, mən onu hələ qoşmazdan əvvəl
hissələrə böləcəyəm və bundan sonra da
eynilə belə edəcəyəm.
Mən deyirəm ki, bu talesiz
kantsona üç hissədən ibarətdir: birincisi
girişdir; ikincidə mən xanım barəsində
düşünürəm; üçüncüdə kədər
içərisində kantsonanın özünə müraciət
edirəm. İkinci hissə belə başlayır; "Odur,
Beatriçe ..." Üçüncü isə belə:
"Sən, ey qəmli nəğməm... "Birinci hissə
özü üç yerə bölünür: birincidə
onu deyirəm ki, məni danışmağa vadar edən nədir;
ikincidə kimə söz demək istədiyimi deyirəm;
üçüncüdə isə kimin barəsində
danışmaq istədiyimi söyləyirəm. İkinci belə
başlayır: "Bir vaxt, yadımdadır..."
üçüncü: "Səslənər, gözümdən...";
Sonra deyəndə ki; "Odur Beatriçe..." - mən onun
barəsində düşünürəm; buna mən iki hissə
ayırıram: əvvəlcə səbəbini
açıqlayıram ki, onu nəyə görə bizdən
almışlar; sonra onu deyirəm ki, onun getməsinə
başqaları necə ağlayırlar, - bu hissə belə
başlayır: "Tərk edib füsunkar gözəl cismini
..." Bu hissə üç yerə bölünür;
birincidə onu deyirəm ki, kimlər ona ağlamir; ikincidə
deyirəm kimlər ona ağlayır, üçüncüdə
isə öz vəziyyətimdən söhbət
açıram. İkinci belə başlayır; "Ağlaya
da bilməz heç kədərini..."
Üçüncüsü isə belə: "Həyəcan
ahları..." Daha sonra deyəndə ki, "Sən, ey qəmli
nəğməm", mən bu kantsonaya müraciətlə
ona nişan verirəm ki, o hansı xanımların yanına
gedib, onlarla qalmalıdır:
Qəlbimin hüznündən
usanıb gözlər
Qan ağlar bu dərdi
çəkəndən bəri.
Məğlub qismətindən
xəbər verərək.
Könül də bir qədər
ovunmaq istər.
Ölüm tək sinəmə
çökmüş kədəri,
İçimdə ahlara qərq
edim gərək.
Bir vaxt, yadımdadır, qəlbən
sevərək
Xanımı vəsf etdim
ömrü baharkən;
İndi, siz, ey qızlar, siz,
ey xanımlar,
Sizə ünvanlanmış
bax bu misralar. -
Səslənər, göz
yaşım seltək axarkən,
Onun şəninədir bu
yazdıqlarım;
Onun ki, göylərə
uçdu vəfası,
Qəlbimin ahıdır indi
sədası.
***
Odur, Beatriçe, sonsuz
baharda,
Mələklər bəzəmiş,
bax, dövrəsini,
Orda, göylərdədir pak
ülviyyəti.
Əcəl yetişmədi
boranda, qarda,
Günəş də
vurmadı gül çöhrəsini.
Onu bizdən aldı doğru
niyyəti,
Nəcib duyğuları, səmimiyyəti.
Ruhu ucalırkən bir
işıq kimi,
Tanrı heyran qalıb öz
övladına.
Sevərək, lütf edib
istedadına,
Aldı dərgahına
yaraşıq kimi.
İnanıb eşqinə,
etiqadına;
Çünki anlayardı kədərli
günlər
Yüksək nəcabətə
layiq deyillər.
***
Tərk edib füsunkar,
gözəl cismini,
Mərhəmətlə dolu
uca varlığı.
Sevildi şərəflə
layiq məkanda.
Kim ona ağlamır, çəkmir
fikrini
O kəsin daş qəlbi,
riyakarlığı,
Səxavət bəxş etməz
heç bir zamanda.
Ülvi niyyətlərdən
uzaq insan da
Anlamaz hüsnünü ellər
yarının.
Beləsi dərk etməz
öz qədərini,
Ağlaya da bilməz
heç kədərini;
Həsrətin,
ölümün, göz yaşlarının,
Dərd çəkən
insandan sor xəbərini;
Ondan ki, bir zaman görüb,
bilibdir,
O necə gəlibdir, necə
gedibdir.
***
Həyəcan ahları
sarıb ömrümü,
O mələk surəti enib
ruhuma.
Titrədir qəlbimin hər
ahəngini:
Artıq,
düşündükcə, hər gün ölümü.
Şirin bir cazibə
çöküb duyğuma,
Dəyişir çöhrəmin
dərhal rəngini.
Ancaq gözlədikcə əcəl
zəngini,
Dərdlər hücum
çəkir yenə hər yandan.
Sonsuz iztirabdan sınır
varlığım,
Sarsılır iradəm, fədakarlığım,
Utanıb qaçıram mən
insanlardan,
Sonra göz yaşıyla o
axtardığım
Görünür xəyal tək,
- "Nədən, getdin sən?"
Soruram, - cavabı gəlir
göylərdən.
***
Dərddən gözü
yaşlı, ahdan kədərli,
Ürək
parça-parça, harda varamsa.
Sitəmim dinləyən
yanar halıma:
Olsa da bir zaman ömrüm təpərli.
Eşqimi göylərdə
axtarıramsa,
Sözlər acizdir ki, yetsin
dadıma.
Bəs, nədən,
xanımlar, indi adıma
Güvənə bilmirəm
deyim kiməm mən.
Çünki viran qoymuş
tale ömrümü,
Bağçamda qurutmuş
solmaz gülümü.
Hər ötən söyləyir:
"Gen gəzim səndən",
Görəndə bu tutqun,
qara üzümü.
Tək o xanım bilir sonumu,
fəqət,
Mən ondan umuram yalnız mərhəmət.
***
Sən, ey qəmli nəğməm,
get həzin-həzin;
Dolaş sorağında bu
xanımların.
Kimə ki, sənin o şux
bacıların
Sevinclər bəxş
etmiş qəlbdə qalası;
Sənsə, ey kədərin
nakam balası,
Həsrətlə yanına
üz tut onların.
***
Dante özü haqqında
"Ziyafət" - I risalə, III fəsil
...Romanın füsunkar və
şan-şöhrətli bacısı olan florensiyanın vətəndaşları
məni öz şirin yuvamdan qovmağa qərar verdikdən
sonra (orada ki, mən doğulmuşam və həyat yolumun zirvəsinə
yetişənə qədər pərvəriş
tapmışam və orada ki, - onunla yaxşılıqla
barışdıqdan sonra, - yorğun ruhuma dinclik verərək,
mənə ayrılmış möhləti başa
vurmağı səmim-qəlbdən arzu edirəm), mən bir
yadelli tək, az qala dilənçi kimi, taleyinin mənə
vurduğu yaranı, - təqsiri dəfələrlə və
haqsız olaraq mən yaralının boynuna atılan yaramı
iradəmə rəğmən göstərərək,
doğma dilimizin sirayət etdiyi bütün tərəfləri
gəzib-dolaşmışam. Mən, həqiqətən də,
miskin kasıbçılığın əsdirdiyi sərt
küləklərin müxtəlif limanlara, mənsəb və
sahillərə gətirib çıxardığı yelkənsiz
və sükansız bir qayıq idim və mən
çoxlarına nifrətə layiq birisi kimi
görünürdüm, onlar, bəlkə də, eşitdikləri
hansısa şaiyə səbəbindən məni başqa
cür təsəvvür edirdilər və onların nəzərlərində
mənim nəinki şəxsiyyətim alçalır, hətta
hər bir əsərim belə qiymətdən
düşürdü, - istər artıq yazmış
olduğum, istərsə də yazacağım...
İtalyan dili haqqında
"Ziyafət" - I risalə, IX-X fəsil
...Beləliklə, əsas məqsədimizə
qayıdaraq mən israr edirəm ki, açıq-aydın
göründüyü kimi, latın dili yalnız bəzilərinə
öz iltifatını göstərə biləcəyi halda,
xalq dili həqiqətən də çoxlarına xidmət edəcəkdir....
...bütün bəraətimin
qayda-qanunu tələb edir göstərim ki, məni buna təhrik
edən ana dilimizə bəslədiyim təbii məhəbbətim
olmuşdur, - bu da mənim rəhbər tutduğum
üçüncü və sonuncu səbəbdir. Mən israr
edirəm ki, təbii məhəbbət sevənləri ilk
növbədə üç şeyə təhrik edir.
Birincisi, seviləni ucaltmağa; digəri onu qısqanmağa;
üçüncüsü isə onu müdafiə etməyə,
- hamı da görə bilər ki, həmişə elə belə
də olur. Bu üç şey məni məhz ana dilimizi
seçməyə məcbur etdi ki, mən onu təbiətən
də, özgə səbəblərdən də sevirəm və
sevmişəm...
... Mən onu, həmçinin,
bir çox ittihamçılarından da müdafiə etməli
oldum ki, onlar ona nifrət edərək başqa dillərin, ilk
növbədə "Os"12 dilinin tərifində qalmayaraq
- və sözsüz ki, son dərəcə yanılaraq, -
buyururlar ki, o bizim dilimizdən daha gözəl, daha
yaxşıdır. Xalq dili "Si"13nin ən ali məziyyətləri
həmin bu şərhlərdən məlum olacaqdır. Onun bu
imkanları, - elə latın dilinin özündə olduğu
kimi, - ən yüksək və qeyri-adi anlayışları
münasib formada, kifayət edəcək qədər və zərif
şəkildə ifadə etmək qabiliyyəti, qafiyə tələb
edən əsərlərdəki təsadüfi bəzəklərlə,
yəni qafiyə, vəzn və nizamlı ölçülərlə
əlaqədar olduğundan, özünü lazımi səviyyədə
göstərə bilmirdi; eynilə necə ki, hər hansı
bir qadının bəzəklərinin və
libaslarının gözəlliyi onun özündən
artıq heyrət doğuranda, əsl gözəlliyi göstərmək
qeyri-mümkün olur; qoy qadın barəsində həqiqi
fıkir söyləmək istəyən hər bir kəs, ona
hər cür təsadüfi bəzəklərindən kənar
ikən öz təbii gözəlliyi ilə təklikdə
qalanda baxsın. Bizim bu şərh də belə olacaq - orada
hecanın rəvanlığı, quruluşların
özünəməxsusluğu və onun tərkib hissəsi
olan zərif deyimlər üzə çıxacaqdır və
bütün bunlar, - kim diqqətlə baxarsa, görə bilər,
- ən şirin və füsunkar gözəlliklə dolu
olacaq. Və belə ki, ittihamçının qüsurunu və
məkrini açıqlamaq niyyəti ən ali dərəcədə
tərifəlayiqdir, ərz edim ki, İtaliya ləhcəsini
ittiham edənləri rüsvay etmək məqsədi ilə
onu da deyəcəyəm ki, onları buna təhrik edənlər
nədir və bu məxsusi fəsildə bu barədə
söhbət açacağam ki, həqarətləri bundan da
artıq faş olsun...
Doqquzuncu məktub
Florensiyalı dosta
1. Sizin, layiqli ehtiram və
minnətdarlıq hissi ilə qarşıladığım məktublarınızı
diqqətlə nəzərdən keçirərkən,
könül xoşluğu ilə anladım ki, vətənə
qayıtmağım üçün necə səy göstərir
və can yandırırsınız və mən
özümü sizə bir o qədər borclu hiss etdim, nə
qədər ki, sürgün olunmuş birisi nadir hallarda
özünə dost tapa bilir. Ancaq bu cavab məktubu bəzi
insanların cəsarətsizliyinin görmək istədiyi kimi
olmazsa, son fıkrə gəlməzdən öncə, bu məsələnin
sizin məsləhətlərınizin nəzarəti
altında olmasını lütfən rica edərdim.
2. Beləliklə... bir
çox dostların məktublarına minnətdarən,
sürgün olunmuşların əfv edilməsi barədə
bu yaxınlarda florensiyada çıxmış dekret
haqqında mənə bunlar məlum olmuşdur: əgər mən
müəyyən miqdarda pul ödəməyə və
rüsvayçı mərasimə razılıq verərəmsə,
həm əfv oluna, həm də vətənimə dönə
bilərəm. Düzünə qalsa, ata, bunların ikisi də
gülünc və kifayət qədər
düşünülməmiş məsələdir; mən
"kifayət qədər düşünülməmiş"
deyəndə, mənə bu xəbəri
çatdıranları nəzərdə tuturam, sizin
ehtiyatlı və ehmallı tərtib edilmiş məktublarınızda
isə buna bənzər heç bir şey yoxdur,
3. Deməli, budurmu təqribən
on beş illik sürgünün məşəqqətlərindən
sonra vətəninə qayıtmaq üçün Dante
Aligyeriyə təklif olunan mərhəmətli şərtlər?
Bunamı layiqdir mənim hər bir kəsə məlum olan
günahsızlığım?
Elmlərə sərf
olunmuş cidd-cəhdlərin, aramsız səylərin
mükafatı bundanmı ibarətdir? Qoy fəlsəfə ilə
qohumlaşmış bir insanın qəlbi o dərəcədə
alçalmasın ki, o, Çolo14 və digər rəzil
yaramazlar tək, sanki quldurmuş deyə,
bağışlanmağı xatirinə öz
rüsvayçılığına razılıq versin! Qoy ədaləti
müdafiə edirkən, haqsızlıga düçar olan
insan, haqsızlıq törədənlərə, sanki xeyriyyəçilərə
lütf edirmiş kimi, öz pulunu halal bilməsin.
4. Yox, ata, vətənə
aparan yol bu deyil; ancaq, əvvəl siz, sonra isə digərləri
Dantenin şöhrətinə və şərəfinə xələl
gətirə bilməyəcək özgə bir yol
taparsınızsa, mən düşünmədən, ona qədəm
basaram. Yox, əgər bu yollardan heç biri florensiyaya
aparmırsa, deməli mən də heç yaxt florensiyaya ayaq
basan deyiləm. Nə etməli? Məgər mən özgə
bir yerdə günəşi və ulduzlari seyr etməkdən
zövq ala bilmərəmmi? Məgər mən əvvəlcə
alçaldılmış, ondan da artıq, florensiya camaatı
qarşısında rüsvay edilmiş birisi kimi şəhərimə
qayıtmasam, istənilən başqa bir səma altında ən
şirin həqiqətlər barəsində fikrə dala bilmərəmmi?
Və əlbəttə ki, bir parça çörəyə
də möhtac qalmayacağam.
1. Orta əsrlər poeziyasında
çox işlənən metaforalardan biridir.
2. Yeni həyat
başlanır (latınca).
3. "Sözlər" ifadəsini
hər yerdə şeirlər mənasında başa
düşmək lazımdır.
4-5. Günəşin səması
nəzərdə tutulur; Dantenin günəş sistemi
haqqındakı təsəvvürləri, bütün orta əsr
alimlərində olduğu kimi, Ptolomeyə əsaslanırdı.
6.Orta əsrlərdə
yayılmış rəqəmlər simvolikası "Yeni həyat"
üçün də, "İlahi komediya"
üçün də səciyyəvidir; "Doqquz"
Beatriçenin rəqəmidir.
7. Beatriçe - "səadətbəxş"
deməkdir.
8.Ulduzlu səma yüz ildə
1 dərəcə qərbdən şərqə doğru
yerini dəyişir; 1/12 dərəcə = 8 il 4 aya.
9. Budur, məndən
güclü olan Allah ki, gələrək mənə hökm
edəcəkdir (latınca).
10. Artıq səadətiniz
zahir olur (latınca).
11. Yazıqlar mənə,
çünki bundan sonra tez-tez maneələrə rast gələcəyəm
(latınca).
12. Provans dili nəzərdə
tutulur ("Os", yəni "Hə").
13. İtalyan dili -
("Si", yəni "Hə").
14.Çolo delyi Abati - o
vaxtlar məşhur olmuş soyğunçu və qatil.
(Əsərdəki şərhi
tələb olunan digər çoxlu sayda fəlsəfi-alleqorik
və s. ifadələrin açıqlanmasını ixtisara
salmağı məqsədəuyğun bildik. - C.C.)
İtalyan və latın dillərindən tərcümə
edəni: Cəmşid CƏMŞİDOV
Cəmşid Şamil
oğlu Cəmşidov. 1953-cü ildə anadan olub. Latın və
italyan dillərindən tərcümə edir. Bakı Dövlət
Universitetinin filologiya fakültəsində oxuyarkən, həmçinin
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda
çalışdığı illərdə fars dili ilə
yanaşı tanınmış albanşünas, tarix elmləri
doktoru Z.Yampolskinin rəhbərliyi altında uzun müddət
latın dili üzrə ixtisaslaşıb. Daha sonra Azərbaycan
Dillər Universiteti nəzdindəki xarici dil kurslarının
fars, Moskva Mərkəzi Dövlət Xarici dil
kurslarının italyan və ispan dili şöbələrini
eksternlə bitirib. Bir neçə Şərq və Qərb
dillərini bilir. 1981-ci ildən başlayaraq uzun müddət
məsul dövlət qurumlarında xidmət edib. Müxtəlif
illərdə italyan və fars dilləri üzrə tam həcmdə
dövlət attestasiyalarından keçib.
1977-ci ildə "Ədəbiyyat
və incəsənət" qəzetində çap
olunmuş ilk tərcüməsi (A.Moravia "Oğrular kilsədə"
novellası) italyancadan Azərbaycan dilinə çevrilmiş
ilk bədii əsərdir. İtalyan
yazıçılarından C.Bokkaççonun
"Dekameron" əsərini, C.Verqanın, - L.Pirandello,
A.Moravia, D.Buttsati, İ.Kalvino, T.Querra və
başqalarının bir çox hekayə və
novellalarını, Şimal intibahının görkəmli
nümayəndəsi, holland yazıçısı Rotterdamlı
Deziderius Erazmusun "Axmaqlığın tərifi"
satirasını, Qədim Roma şairi P.O.Nazonun, italyan
şairlərindən D.Aligyerinin, F.Petrarkanın, L.Merkantini və E.Montaleninin şeir və
poemalarından nümunələri dilimizə çevirib.
Uç tərcümə kitabının, Azərbaycan-İtaliya
ədəbi əlaqələrinə dair bir sıra elmi məqalənin
müəllifidir. Hal-hazırda Azərbaycan Respublikası
fövqəladə Hallar Nazirliyinin Akademiyasında fakültə
rəisi vəzifəsində çalışır.
Ədəbiyyat qəzeti.- 2010.- 2 iyul.- S.5.