Mühüm məsələlər

 

Azərbaycan hökumətinin düşmənləri çoxdur. Türklər gedəndən bəridir ki, onlar dil açıb hökumətimizi hər yerdə məzəmmət etməyə və töhmətləndirməyə çalışırlar. Bakı şəhərindəki bədxahlarımız bəs deyildir ki, Tiflisdə də rus “sosialist”lərindən və erməni daşnaklarından ibarət olan bir güruh ki, amal və arzularının şeytanət və xəyanətinə görə “qaragüruh” adlanmasına behəqq layiq və şayəstədirlər, hökumətimizin və hətta bütün millətimizin əleyhinə qəzetlərin sütunlarında ağızlarına gələni deyib, Azərbaycan hökumətinin dağılmasını və Azərbaycan türklərinin də ümumqafqaz konfransına buraxılmamalarını tələb edirlər!

Bu alçaq güruh Bakı haqqında bir-birindən qırmızı yalanlar buraxıb bir tərəfdən camaatı iğfal, digər tərəfdən dəxi son dərəcə acı olan büğzü ədavətlərini ibraz ilə bir məqama çatıbdırlar ki, həmsayəmiz nəcib gürcülər bunların bu payədə olan xəbasət və şeytanətlərindən bizar olaraqQruziya” qəzetinin baş sütununda öz inciklərini izhar edib, müfəttinlərin yalanlarını bir-bir üzlərinə çırpırlar.

Azərbaycan hökumətinin vəkili Məhəmməd Yusif Cəfərov cənabları dəxi bu qədər söylənən yalanlara və gəda ağzından çıxmağa layiq olan söyüşlərə laqeyd baxa bilməyib gədalar güruhunun Gürcüstan dövlətində ağızları yumulması xüsusunda gürcü dövlətinə bir ixtar verdi.

İçərimizdə və çölümüzdə olan düşmənlərə bu cürəti və bu sitizəliyi verən ingilis qoşununun Bakıya vürudi oldu. Zatən alçaq düşmənlər bu ümiddə idilər ki, ingilislər Bakıya gəlib və Azərbaycan hökumətini qovacaq və əvəzinə onları qoyacaqdır. Lakin bu ümid puça çıxdı: ingilis qoşunu gəldi, Azərbaycan hökumətini yerində saxladı və hətta baş qovzamaq istəyən alçaqların da bir qədər başından basdı. Bunu da elan etdi ki, ümumsülh konfransı qurulub da millətlərin və əzcümlə Qafqaz millətlərinin hüquqi-siyasiyyə və miliyyə məsələləri həll olunana qədər nəinki tək bir Azərbaycan, həm də bütün Qafqaz sülhasayiş iqbası naminə müttəfiq dövlətlərin müraqibəsi altında olacaqdır.

Ümidləri puça çıxan düşmənlərimizin bu gün Bakıda, Tiflisdə və sair yerlərdə çalışdıqları, vuruşduqları, öldükləri odur ki, çığır-bağır salmaqla, söyüş ilə, hiylə və təzvir ilə xəbisliklər büruzə verib, ümumi sülh konfransı olana qədər ingilislərin və sair müttəfiqlərin rəyini Azərbaycan hökuməti haqqında öz istədikləri tərəfə döndərib, Sülh konfransında da Azərbaycan türklərinin hər bir hüquqdan məhrum edilmələrinə səbəb olsunlar.

Əlbəttə, bu hiylələrin müqabilində biz Azərbaycan türkləri və bizim Azərbaycan hökumətimiz laqeyd qalsaq, mat-mat baxıb dursaqbütün ümidimizi Sülh konfransına yığılanların insafına və ya lütfü mərhəmətinə bağlasaq, düşmənlərimizin hiylə və təzvirlərində müvəffəq olacaqlarına şübhə edilməməlidir.

Sülh konfransında hüquq paylamayacaqdırlar ki, biz də “növbətə” durub payımızı gözləyək.

Sülh kofransına yığılan millətlər özlərinin hər bir siyasimilli hüquqa layiq olduqlarını isbata çalışıb məhz öz millətləri haqqında deyib-danışacaqdırlar. Sülh konfransı keçən Balkan davası kimi kiçik millətlərin vuruşması nəticəsi deyildir, bəlkə Cahan müharibəsinin intac etdiyi əzim bir məclis olacaqdır ki, bir tərəfdən aləmşümul cəngi-məğlubənin və digər tərəfdən millətlər sarsıdan böyük-böyük inqilabların hasil və məhsulunu meydana çıxaracaqdır.

Burada kimin xəbəri olacaqdır ki, bizim də yeniyetmə Azərbaycanımızın müstəqil millətlər cərgəsinə girməyə layiq olub-olmadığımızı öz-özlərindən təhqiq və tədqiq etsinlər. Halbuki, bütün böyük dövlətlər də, kiçik dövlətlər də, böyük millətlər də, kiçik millətlər də hamısı ancaqancaq öz hüquqlarının təmini və təhsili haqqında çalışacaqdırlar.

Bu məclisi-kübrada, bu millətlər hüququ bazarında biz də gözə çarpıb mətah sahibi olmaq istərsək, ümidimizi ancaq öz şüurumuza, öz qabiliyyətimizə, çalışmamıza bağlamalıyıq. Ona görə indidən və məhz indidən işə başlamalıyıq. Vaxt azdır, çoxdur. Əvvəla, içərimizdə və çölümüzdə əleyhimizə görən bugünkü düşmənlərimizin bizi müttəfiqlər qarşısında bədnam və bədşöhrət etmələrinə qarşı bütün qüvvəmiz ilə müqabil durmalıyıq. Bizi kənd və şəhər dağıtmaqda ittiham edirlərsə, yüzlərlə dağılan kəndlərimizin və şəhərlərimizin hesabını meydana qoymalıyıq. Bizi ev soymaqdaadam öldürməkdə məzəmmət edirlərsə, minlərcə xarab edilmiş xanimanlarımızın və on minlərcə öldürülən adamlarımızın siyahısını lazım olan yerlərinə təqdim etməliyik. Necə ola bilər ki, özgələr bir danə kəndin (məsələn, Mərzi kəndi) bir-iki min manat cərimələnməsi və bir neçə adamın ittifaqən öldürülməsi haqqında ingilislərə şikayət edib, bu barədə həftələrcə qəzet sütununda yazsınlar, amma biz yer ilə yeksan edilmiş kəndlərimizin, xarab edilmiş şəhərlərimizin, zülm ilə öldürülmüş adamlarımızın haqqında bir söz də söyləməyib kirimiş duraq?!

Düşmənlərimiz heç bir şey ilə bizi töhmət edə bilməməlidirlər, çünki hər nə onlara olubsa, on qat artıq da bizə olubdur. Bunu isbat etmək üçün münsifhaqgu şahidlərimiz ilə bərabər əlimizdə və göz qabağında elə müsəlləm dəlillərimiz var ki, daha düşmənlərimizin öz şərəf və heysiyyətlərinə layiq gördükləri yalanlara, hiylə və təzvirə və xəbislik büruzə verməyə heç bir ehtiyacımız yoxdur.

Zatən elə alçaqlıqları bizim namus və milliyyəmiz də qəbul etməz.

Qərəz, içimizdə və çölümüzdə oynanılan bu intriqalara qarşı laqeyd və layənşüur qalmamalıyıq.

Məbadə, məbadə!

Və saniyən, mühüm işimizin o biribudur ki, Sülh konfransı əqd edilənə qədər biz özümüzü Avropayabaxüsus müttəfiqlərə bildirək, mərufluq edək ki, bu gün Sülh konfransına gedərkən deməsinlər ki, siz kimsiniz?!

Burası heç kəsə məxfi deyil ki, ermənilər əlli-altmış ildən öz millətləri xüsusunda Avropada o qədər deyib-danışıbdırlar ki, bu gün “erməni məsələsi” avropalıların uşaqlarınca da məruf və məşhur olan bir məsələdir. Gürcü qonşularımız dəxi bu xüsusda az çalışmayıb, millətlərini mədəniyyət aləminə tanıtdırıbdırlar. Dağıstan dəxi Avropaca məşhur bir məsələdir. Amma Azərbaycan, baxüsus, Qafqaz Azərbaycanı, iqrar etməliyik ki, tazə bir məsələdir.

İndiyə qədər o dərəcədə bişüur olmuşuq ki, bütün Qafqaz millətlərindən təkətəklikdə ədədcə çox olduğumuz halda, biz Azərbaycan türkləri haqqında nəinki Avropanın, hətta yüz ildən bəri üstümüzdə sahiblik edən rusların da dürüst xəbərləri yox idi. Ruslar bu günə qədər bizə “persian” deyə İranfars millətindən hesab edirlər. Mən özüm bizimpersian” olmayıb, türk olduğumuzu MoskvaPetroqraddan əlavə Bakının özündə də bir çox ruslara dəfələr ilə qandırmışam.

Bəs biz Azərbaycanı və iki milyondan artıq Azərbaycan türklərini Avropaya və müttəfiq dövlətlərə indidən tanıtdırmalıyıq. Özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata, sənayei-nəfisəyə malik olduğumuzu onlara bildirməliyik. Dilimiz firəng dili Avropada olan kimi bütün Qafqazda ümum bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk-Azərbaycan dili ilə danışmağa məcbur olduğunu isbat etməliyik. Musiqimizin ümum Qafqaz millətlərinə zövq və ləzzəti-ruhani verən bir musiqi olduğunu bildirməliyik. Avropa şüəralarından geri qalmayacaq şairlərimizi, müsənniflərimizi, yazıçılarımızı, alimlərimizi birbəbir nişan verməklə xüsusi bir mədəniyyətə malik olduğumuzu əyan və aşkar etməliyik. Daha yüz il əvvəl müstəqil xanlıqlar surətində yaşadığımızı yada salmalıyıq. Cəsur və rəhmli, safdilhaqgu bir millət olub da, fitnə və fəsad, hiylə və təzvir kimi əxlaqi-zəmimədən ari olduğumuzu da gizlətməməliyik. Qəhrəman bir əsgər, qabil bir tacir, mahir bir sənətkar, zəhmətsevən bir əmələ, işgörən bir ziraətçi olduğumuzu da unutmayıb söyləməliyik.

Əlqissə, bütün xüsusiyyatımızı, bütün mənəviyyatımızı təfsilatı ilə Avropaya bildirib, müstəqil yaşamağa və müstəqil bir hökumət təşkilinə kamalınca müstəhəqq olduğumuzu layiqincə isbat etməliyik ki, gələcək Sülh konfransı kimi məclisi-kübraya gedən nümayəndələrimiz hüquqi-siyasiyyə və miliyyə imtahanından səhulətlə keçib vətənimizə qayıdarkən əllərində istiqbal şəhadətnaməsi olsun!

Pəs daha durmayıb işə başlayaq.

 

"Azərbaycan" qəzeti,

03.12.1918

 

 

Üzeyir Hacıbəyli

 

Ədəbiyyat qəzeti.- 2010.- 9 iyul.- S.1, 2.