Rüşvət verəndə, rüşvət alanda -

Könülsüz gülüş də rüşvətdir,

şirin yalan da...

  

 Bizim cəmiyyət adlı şey yoxdur! Cəmiyyət var. Zamanı və məkanı ilə cəmiyyət adlı nəhəng bir okean var. Bizim ölkə də bu nəhəng okeanın kiçik bir parçasıdır. Payımıza okeandan düşən bu parça bizim müstəqil ölkəmiz, cəmiyyətimiz olsa da, biz çox da fərqli deyilik. Çünki zamanımız, məkanımız, tərkibimiz birdi. Biz ayrılanda ideal bir həyat, quruluş sahibi ola bilmərik. Müəyyən kiçik bir dövr üçün ola bilsək də, zaman çalxalandıqca yenə eyniləşəcəyik. Cəmiyyət çirkli paltar deyil ki, atasan paltar maşınına yarım saata yuyula, təmizlənə. Cəmiyyətin təmizlənməsi üçün zaman, heç olmasa bu yerə gəlib çıxdığı qədər zaman gərəkdir. Bunun üçün cəmiyyətin damlası olan insanlar özü, hər kəs özünü, başqasını yox, özünü təmizləməlidir. Cəmiyyət deyən hər kəs okean dediyimizin hər damlası özünü okeandan kənarda hiss edir. Okeanı, başqa damlaları təmizləmək, düzəltmək, tərbiyə etmək fikrinə düşür. Bu da güc, zor, zorakılıq tələb edir. Bu təcrübəni keçmişik. İnqilablar eləmişik. Qırğınlar törətmişik, qanlar axıtmışıq. Ayrıca bir ölkədə sosializm qurmuşuq. "Kommunizm"ə çatmağa az qalmışıq, sonun da görmüşük. Heç kəs özünü görə bilmir. Ailəsində belə, hər kəsin nöqsanını görə bilir, onu düzəltməyə çalışır, özü toxunulmaz qalır. Həmin o nöqsanların virusları onun özündə qalır, artır, ailəsini yenidən yoluxdurur. Cəmiyyəti Allahın istədiyi səviyyədə yüksəlməyə qoymayan bu çirk-bəla nədir? Bunun çox adı var. Yalan, saxtakarlıq, riyakarlıq, paxıllıq, yaltaqlıq. Bu sadaladığım sözlər piramidasının tacında "rüşvət" sözü dayanır. Rüşvət!

İlk rüşvət Həvvanın Adəmə verdiyi gözəl meyvə idi. Adəm nəfsini cilovlaya bilmədi, ikisi də cənnətdən qovuldu. Bəli, gördüyümüz kimi, rüşvətin qarşısını almaq çox adi bir işdi. Sən özün rüşvəti alma, tamahından güclü ol. Özün rüşvət vermə! Vəssalam. Nə çətin işdir? Yox, çətindir! Gördüyünüz kimi, Adəmlə Həvvadan bu günə kimi biz bunun öhdəsindən gələ bilməmişik. Yaxşı bəhanəmiz də var. Biz kimik? Adəmlə Həvvanın övladlarıyıq davalideyn övlad üçün keçilmiş təcrübədir, övlad ata-anadan bir addım irəli getməlidir. Adəmdən bu günə kimi milyon illər keçəndən sonra hələ rüşvətdən can qurtara bilməmişik deyəndə mən insan nəsli adından bütün canlılar qarşısında xəcalət çəkirəm. Avropa Birliyi nümayəndələrinin vaxtaşırı çıxışlarını dinləyəndə, qəzetlərdən oxuyanda belə təsəvvür yaranır ki, bütün bu günahların ocağı, qaynağı Azərbaycandı. Demokratiya Azərbaycanda axsayır. İnsan haqları, hüquqları Azərbaycanda pozulur. Azərbaycanda tutulan nəşəxorlar, reketlər, rüşvətxorlar, - azadlıq, demokratiya, insan haqları mücahidləri, mübarizləridir. Avropa Şurasının ölkələr gəzən beşulduzlu otellərinin ərköyün qaranquşları yaxşı yeyib-içib dincələndən sonra olduqları ölkələrdə insan haqları, demokratiya təsərrüfatının enini, uzununu ölçürlər. Adları siyahıya düşmüş üç-dörd dustağın (onlar üçün fərqi yoxdur nə üstə tutulublar) azadlığa buraxılmasını tələb edirlər. Nail olurlar. Bununla faktı təsdiq etmiş olurlar. "Şeyx Nəsrullahlar ölü diriltdi". Bununla da demokratiya sahəsində daha bir addım irəli atmış olur. Onlar haqlıdır. Onlar "Meterdi", hətta istəsələr ölçüb-biçib görərlər və göstərərlər ki, Ermənistanda da, Gürcüstanda da, hətta Rusiyada da pozulan insan haqlarının səbəbkarı Azərbaycandır. Çünki Azərbaycan xristian ölkəsi deyil. Xüsusilə də Azərbaycanda vəziyyət sabitdir. Sakitdir. Ciddi etiraz etmir. Həm də yoxlayıblar, dəfələrlə görüb arxayın olublar ki, onlar belə "hava" çalanda Azərbaycanda çox böyük həvəslə "züy" tutanlar olur. Bəlkə bu vəziyyətdə susmaq da müdriklikdir. Əgər səs-küy salsaq, deyəcəklər, rüşvəti də biz yaratmışıq dünyaya, xüsusilə Avropa ölkələrinə, yazıq əzabkeş erməni xalqına da biz yoluxdurmuşuq. Deyərlər, hətta sübut edərlər ki, böyük rus yazıçısı Qoqol "Müfəttiş" əsərinin mövzusunu da Azərbaycandan götürüb. Nə desən deyərlər. Elə o saatda da Azərbaycandakı "vətənpərvərlər" çox düzdür, deyəcəklər. Daha irəli gedib deyəcəklər.

"Müfəttiş" yaxın vaxtın əsəridir. Hələ beş yüz il əvvəl füzuli babamız deyib ki, "salam verdim, rüşvət deyildir, almadılar". Yazıq avropalı nə bilsin ki, füzuli Azərbaycandan İraqa anasının bətnində köçüb gedib. İraqda doğulub, orda da yaşayıb, qırx yaşlarında o sözü Kərbəlada deyib. Bunu indii sübut etməyin əhəmiyyəti yoxdur. Sübut hər xalqdan tapmaq olar. Öz xalqının əleyhinə danışanları da hər ölkədə hər xalqın arasında istədiyin qədər taparsan. Onlar da özlərini haqlı sayırlar. Onlar da öz ölkəsinin, xalqının nöqsanlarını qabartmaqla vəziyyəti düzəltməyə çalışır. Neyləyəsən, bu vətənpərvərlik belə şeydi. Kimi ömrü boyu haysız-küysüz vətən üçün öhdəsinə düşən işi görür, lazım gələndə də vətən yolunda ölür. Kimidaim danışmaq üçün kürsü axtarır. Kürsünün alçaqlığının, yüksəkliyinin ona dəxli yoxdur. Təki kürsü olsun, üzünü və əlini Qərbə uzadıb danışsın, indi tarixdə pis adam kimi qalan, bizim xalq üçün həqiqətən pis insan olan Vladimir İliç Leninin yaxşı bir sözü var, "uşağı çimizdirəndə çirkli suyla qarışıq vətəndaş uşağı da atmayın" - deyirdi. Biz də ölkəmizi nöqsanlardan təmizləmək üçün tənqid edəndə körpə azadlığı hələ əzələləri bərkiməmiş müstəqilliyi də ləyəndəki çirkli suyla bir yerdə çölə atmayaq. Biz hələ onillərlə onu çimizdirməliyik, bəsləməliyik, böyütməliyik. Azadlıq, müstəqillik, dövlətçilik saqqallı, bığlı kişi kimi dünyaya gəlmir. Bütün ölkələrdə eyni yaşda, eyni başda deyil. Onu dünyaya gətirmək mübarizə tələb edirsə, onu qorumaq, saxlamaq, inkişaf etdirmək on qat artıq səy, güc, ağıl, fəhm tələb edir. Azad, müstəqil ölkələrin oxşar cəhətləri çoxdur. Xüsusilə insan haqları, şəxsiyyət azadlığı kimi bəşəri dəyərlərdə oxşarlıq vacibdir. Amma hər xalqın milli ənənələri, milli əxlaqi dəyərləri arasındakı fərqi başa düşməli, anlayışla qarşılamalıyıq. Bu fərqlər var və olmalıdır. Bu fərqlər ölkələri müqayisəolunmaz, cəlbedici edir. Əksinə, milli azadlıq, milli-mədəni dəyərləri, milli-əxlaqi keyfiyyətləri assimilyasiyadan qoruyb saxlamalıdır. Müstəqil azad demokratik dövlətlər arasında belə fərqliliyə eşq olsun!

Rüşvətxorluq heç bir xalqın milli keyfiyyəti deyil. Bu bəşəri bəladır. Burada bütün ölkələr oxşardır. Bəzi ölkələrdə deyirlər ki, xeyr, biz artıq iki yüz ildir, üç yüz ildir demokratik, azad ölkədə yaşayırıq. Biz rüşvətin kökünü kəsmişik. Bəlkə də onlar baxdığı yerdən elə görünür. Amma mən fərqli bucaqdan baxıram. Misal üçün ABŞ bu cəhətdən nisbətən uğurlu sayıla bilər. Dəfələrlə görmüşəm, bir ölkəyə iyirmi milyard, otuz milyard kredit verir. Bir il sonra hansısa böyük sammitdə vacib bir məsələnin müzakirəsində o ölkələrdən biri Amerikaya isti münasibətini bildirir, ona səs verir. Başqa bir kredit alan ölkə ya əleyhinə, ya da neytral qalır. Bir-iki ildən sonra Amerikanı dəstəkləyən ölkənin kreditinin bir hissəsi bağışlanır. Amerikanın əleyhinə səs vermiş ölkənin kreditinin qalan hissəsi kəsilir. Verdiyi hissənin xərclənməsinə nəzarəti artırır ilaxır. Sizcə, bu rüşvətə oxşamır ki? yaxşı biz o boyda kredit verə bilən ölkəyik, elə kredit götürməyə ehtiyacımız var.

Şahidi olduğum bir şeyi sizə danışmaq istəyirəm. 1978-ci il idi. Dörd nəfərdən ibarət bir nümayəndə heyəti ilə Vyetnamda idik. Heyətin rəhbəri məşhur çinşünas Slatkovski idi. Müharibədən yenicə çıxmış Vyetnamın rəhbərləri ilə danışıq aparırdıq. Azərbaycandan mən idim, Qazaxıstandan Ali Sovetin katibi Abayeva, bir uzaq Şərqdən bir universitet rektoru idi. Danışığı Slatkovski aparırdı. Qoca kişi idi.

Slatkovski:

- Altı aydan sonra Londonda toplantı olacaq, yəqin bilirsiniz.

- Bəli, biz iştirak edəcəyimizi təsdiq etmişik.

- Müstəqil ölkə kimi bütöv Vyetnamın fikri orda çox qiymətli olacaq.

- Bilirik. Çox problemimiz var.

- Biz gətirdiyimiz, yolda olan yardımların siyahısını vermişik.

- Bilirik, çox sağ olun. Amma rəhbərlik üçün iyirmi ədəd "Volqa" maşını almaq istərdik. Maddi durum…

- Onu danışarıq.

- Bu hamısı deyil, - dedi, bir çox şey sadaladı.

- Onu da danışarıq, - dedi Slatkovski.

fasilə elan elədilər. Az sonra Slatkovski:

- Sizin dedikləriniz hamısı bu axşam yolda olacaq.

Vyetnamlılar gülümsünüb razılıqla baş əydilər.

- Əlbət ki, biz həmişə sizi dəstəkləmişik.

- Bəs Londonda necə?

- Orada, orada da sizin tərəfdəyik.

Sonra Slatkovski bizə bir-bir söz verdi. Biri Qazaxıstandan danışdı. O biri Uzaq Şərqin Vyetnama yaxınlığından danışdı. Mən isə dedim ki, xalqımızın müdrik sözü var. Deyirlər, günün günorta vaxtı şam yandırıb küçəyə çıxma. Sözüm çox xoşlarına gəldi, hamı gülüşdü. Deyəsən çıxışımın qısa olması onları sevindirmişdi. Axşam Slatkovski məni otağına çağırdı. Dedi, Aleksandr Sergeyeviç (Aleksandr Sergeyeviç Dzasoxov Asiya-Afrika ölkələri ilə həmrəylik komitəsinin müavini idi. Sədr Mirzə İbrahimov idi). mənə demişdi, şairsən. Hara getmək istəyirsən deyim, aparıb səni gəzdirsinlər. Özümü avamlığa qoyub soruşdum:

- Bu danışıq idi? Mən heç başa düşmədim.

- Mən içmirəm. Amma arada-bir içirəm, - dedi. Rumkasını götürdü. Gördü hələ cavab gözləyirəm - Vzyatku davali, qolubçik, vzyatku (rüşvət verirdik, əzizim, rüşvət). Bu sözləri o elə həvəslə dedi ki, elə bil uzun ömründə ilk dəfə həqiqəti deyirdi. Dərin bir nəfəs alıb qədəhdəki arağı uddu.

Allah xatirinə, elə düşünməyin ki, mən bizdə olan rüşvətə haqq qazandırmaq istəyirəm və yaxud müqayisələr etməklə bizdə rüşvət yoxdur demək istəyirəm. Bizdə də rüşvət var, olmasa, Korrupsiya ilə Mübarizə Komitəsi nə üçün yaradılırdı? Rüşvət olub, var. Təəssüflə deyirəm ki, onun kökünü kəsmək hələ zaman tələb edəcək. Bəzən yaşıdlarımdan eşidirəm Stalin, Bağırov dövründə rüşvət yox idi. Vardı, əzizlərim, vardı! Müharibə dövründə gündəlik cəbhə məlumatlarında bizdən ölənlərin sayını azaltmaq, almanlardan ölənlərin, əsir düşənlərin sayını artırmaq rüşvət deyildi, bəs nə idi? Partiyaya, rəhbərliyə yazılan şeirlər, Stalinə qoyulan heykəllər rüşvət idi. 1959-cu ildə Rəsul Rzanın rüşvətxor haqqında sərt bir şeri çap olunmuşdu. Anarın "Molla Nəsrəddin - 66" əsəri 1966-da çap olunsa da, o əsər azı dörd il düşünülmüşdü. Mənim 1962-ci ildə "Rüşvətxorlar" adlı şerim çap olunmuşdu. Ən qəribəsi odur ki, o şeirə görə mənə bir neçə söyüş məktubu gəlmişdi. Rüşvətxorlar o qədər özlərini arxayın hiss edirdilər ki, onların ərazisinə girdiymə görə mənə söyüş məktubları yazırdılar. Doğrudur, məktublar imzasız - anonim məktublar idi, amma hər halda cavab idi, etiraz idi. Amma indi radioda, televiziyada, qəzetlərdə onlar qınaq obyektidir. İndi imzasız da cavab verəcəkləri adamın ağlına belə gəlmir. Bəzən rüşvətxorların özü də rüşvət əleyhinə kəskin çıxışlar edirlər.

Sonra ümummilli liderimiz ölkə rəhbərliyinə gəldiyinin ilk illərində "Qoy həqiqət zəfər çalsın" adlı böyük bir məqalə ilə Moskva mətbuatında çıxış etdi. Məqalənin bir fəslində mənim "Rüşvətxorlar" şerimdən:

 

Rüşvət xəyanətin ocağıdır,

Rüşvət kürəyimizə sancılan

xain bıçağıdır

 

- misraları misal gətirilirdi. Onun arxasınca ümummilli liderimiz Heydər Əliyev cəmiyyətin bu bəlasına qarşı çox ciddi mübarizə aparılacağını dedi və apardı da. O məqalə o zamanda Siyasi Büroda zəlzələ effekti yaratmışdı. Rəhbər neyləsin, rüşvətxorluq kərtənkələ kimidir, ayağını üstünə qoyanda quyruğunu qoyur qaçır. Sonra quyruğu yenidən cücərir. Yəni Azərbaycanda rüşvət olub, amma onunla mübarizə də olub. Bu günvar, gələcəkdə daha kəskin olacaq. Rüşvət də oğruluq kimi qaranlıq məhsuludur. Şəhərimizdə, həyətimizdə və həyatımızda, içimizdə işıq artdıqca rüşvətin meydanı daralacaq. Rifahımız yaxşılaşdıqca rüşvətin havası çatışmayacaq. Rüşvətin bir nömrəli düşməni özəl təsərrüfatdı, özəl yerləridir. Sahibkar, əksinə, yaxşı işçiyə daha çox pul təklif edib işə cəlb edəcək. Yetmiş il sovet dövründə bu son on beş ildə respublikada görülən abadlıq işləri qədər görülmüşdü? Rayonlarda tikilən diaqnostika mərkəzləri, salınan parklar, olimpiya kompleksləri, salınan yollar. Görkəmini dəyişmiş Bakıya baxın, üç mərtəbə yollara, körpülərə baxın. Onda da rüşvət vardı, indivar. Amma bu görülən işlər də var. Bunları da görmək lazımdır. Əlbət ki, rüşvət kimi bəlalar olmasa, görülən gözəl işlər daha çox olardı. Çalışıb rüşvətin kökünü birinci növbədə təhsildə və səhiyyədə kəsmək lazımdır. Yenə də deyirəm, sahibkarlara yol verilməli, şərait yaradılmalıdır. Bununla biz rüşvətə ölüm hökmü oxumuş olarıq. Hər kəs bacardığı qədər yaratsın, zəhmətinə layiq yaşasın. Yəni, halal çörəyi ilə yaşasın. Görünür, bu istək bizim ən qədim əxlaq kodeksimizdir. Atam həkim idi. Həmişə yeməkdən sonra əlini qaldırıb deyərdi: Allahım, ağlığımın işığını qaraltma, nəfsimin boğazını ayağımın altında elə. Süfrəmi halal çörəkli elə, ya Rəbbim. Amin! Haçansa biz bu dualar dövrünə qayıdacağıq. Çünki bu duaların yanında "rüşvətə, rüşvətxorluğa" yer yoxdur.

 

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.- 2010.- 9 iyul.- S.3.