Vurğunsuz yaşadı Vurğun
ömrünü
XX əsrin 5-ci ilində Qazağın İkinci Şıxlı kəndində dünyaya gəlmiş, 90-cı ilin 2 iyulunda həyata vida demişdir. Bəli, 2 iyul 2010-da ustad Osman Sarıvəllinin vəfatından 20 il keçdi. Osman Sarıvəlli 1930-cu illərdən yaradıcılığa başlamışdı. O, ilk şeir kitablarından ta ömrünün axırınadək yaradıcılığında dövrün, zamanın bütün mövzularına dair öz sözünü demiş xəlqi şair kimi yaddaşlarda yaşayır.
Yurdumuzun gözəllikləri, folklorumuzun müdriklikləri, klassik poeziyamızın incəlikləri Osman Sarıvəlli yaradıcılığının mənəvi qidasına çevrilmişdi. O, böyük şair olduğu kimi, həm də qüdrətli tərcüməçi idi. folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməmişdi. 40-cı illərdə ədəbiyyata gəlmiş orta nəsil ədəbi qüvvələrinin sənət yolunda ilk addımlarının istiqamətlənməsində xidmətləri də böyükdür. B.Vahabzadə, N.Xəzri, H.Arif, B.Adil, İ.Səfərli, Q.Qasımzadə, Ə.Ziyatay kimi şairlərin ilk kitablarının ərsəyə gəlməsində Osman müəllimin əməyini onların öz dilindən eşitmişəm. Mənim özümün də ilk kitabımın redaktoru olmuş, sənət yolunda həmişə Osman Sarıvəlli qayğısı ilə rastlaşmışam. Osman müəllimin qoşmaları, gəraylıları bu gün də aşıqlarımızın dilindən düşmür. Onun "Gətir, oğlum, gətir" lirik poeması, "Tut ağacı", "Bənövşə", "Təqvimin son vərəqi", "Bu yer onun yeridir", "Hər kəs yüz il yaşamasa" şeirləri öz təravətilə Azərbaycanın ədəbi məclislərində, şənliklərində hər gün səslənən və sevilən əsərlərdəndir. "Hər kəs yüz il yaşamasa" gəraylısı isə xalqın dilində zərbi-məsələ çevrilmişdir.
Osman Sarıvəlli müdrik, dostluğa sədaqətli, yurduna, doğma torpağa bağlı bir insan idi. Onun dərdləri çox idi, ən böyük dərdi isə yaxın sənət dostu, tələbə yoldaşı Səməd Vurğunun həyatdan vaxtsız getməsi oldu. "Sənsiz keçən günlərim" poemasında Vurğun kədəri bütün çaları, dərin psixoloji təsirilə verilmişdir. "Bir tabut götürdüm, belim büküldü". S.Vurğunun qardaşı ilə məzar üstünə gəlməsini, hüznlü anları isə belə mənalandırır: "Məzarın başında dayanmışıq biz, mən ayaq daşınam o, başdaşındı".
30-cu illərin repressiyası O.Sarıvəlli ailəsindən yan keçməmişdir. Əslən Türkiyənin Konya vilayətindən gəlmiş nəsil olduğuna görə qardaşı ailəsilə birlikdə Sibirə sürgün edilmişdi. Stalinin ölümündən xeyli sonra bəraət almış ailənin övladları Eldar Sibirel və Vəli Xramçaylı vətənə qayıtmışlar.
Osman Sarıvəlli türk şairlərinin bir çoxunun şeirlərini əzbər bilir, Səməd Vurğunla birlikdə, türk şairləri Tofiq Fikrət, Namiq Kamal, Məmmədəmin şeirlərinin onlara təsirini ehtiyatla danışardı. Burda Tofiq Fikrətin mübariz şair ruhundan təsirlənmələrini xüsusi qeyd edirdi. O, bir dəfə Abdulla Şaiqin 1923-cü ildə tərtib etdiyi "Türk ədəbiyyatı" kitabını mənə göstərdi, həmin kitabdan T.Fikrətin "Çəlik" şerini mənə oxudu və təhlil etdi. Şeirdə mənim üçün anlaşılmaz sözlər də vardı. "Çəlik - yəni polad", "Mühəqqər - təhqiramiz", "Ey hissi-fəlah - ey sevincli, fəxarətli hisslər" - deyə ərəb sözlərinin izahından sonra həmin şeri oxudu.
Kitab latın əlifbası ilə yazıldığından alıb özüm də oxudum, mən həm ərəb əlifbasını, həm də latını atamdan 39-40-cı illərdə öyrənmişdim, çətinlik çəkmədən kitabı oxumağım Osman müəllimin xoşuna gəldi. Tofiq Fikrətin məzarı üstünə gələn türk şairinin "Gəldim" rədifli qoşmasını özüm oxudum. Osman müəllim Tofiq Fikrətin və ondan sonra gələn bir neçə şairin adını çəkib Səmədlə mənə ən çox təsir edən şair Tofiq Fikrət və Əhməd Cavad olub - dedi. Osman müəllim bu sözləri də ehtiyatla söylədi: Əhməd Cavadın "Qurban olduğum" və "Qızıma" şeirləri dilimizin əzbəri idi. "Yeni" quruluşun hərəkatı onları burjua ziyalısı kimi məhv etdi. Cavid də elə Cavad ola, H.Sanılı da, yazıq Müşfiq də. Müşfiqin heç bir gunahı olmayıb. Cavidi və Cavadı sevdiyi üçün onu da məhv etdilər. Səməd Vurğun ancaq Cavidin adını hörmətlə çəkirdi, yeni Azərbaycan mövzusu məsələsini qoyub yazmışdı:
Nədən şerimizin baş qəhrəmanı
Gah İrandan gəlir, gah da Turandan?
Bəs mənim yurdumun varlığı hanı?
Böyük bir şairin
yazdığı dastan
Gah İrandan gəlir, gah da
Turandan.
Görürsənmi Səməd
Cavidə "böyük şair" deyir. Oxucu bu
"böyük şair" sözünü axtaracaq, Caviddən
xəbər tutacaq" - deyirdi. Əlbəttə, o
dövrün haqsızlıqları yada düşəndə,
adam danışmağa indi də qorxur, gözü
qıpıq olmuşuq!..
Osman Sarıvəllinin 50 illik
yubileyi 1955-ci ildə o vaxtkı Azdramanın binasında
keçirildi. Səməd Vurğunun onun haqqında
yazdığı şeir bəlkə də ən son şeri
oldu. S.Vurğun onu belə təbrik edirdi:
Qardaş, sənin axar təbin
Axdı axar sular kimi,
Gah yeridi, gah atlandı,
Qartal olub qanadlandı
Müqəddəs arzular
kimi…
Sən çapdıqca
köhlənini,
Nallarından od qalandı
Nihilistin başı üstə…
Getdik dedim, yox, inanma -
Mənzil uzaq, ömür
yarı,
İlhamının
qanadları
Qartal kimi dağlar
aşsın,
Zirvələrlə
qucaqlaşsın.
Bu şeirdə Səməd
Vurğunun Osman Sarıvəllini necə dərin məhəbbətlə
sevdiyi açıq-aydın görünür.
Süleyman Rəhimov da Osman
Sarıvəlli yaradıcılığını yüksək
qiymətləndirirdi. Onun "Gətir, oğlum, gətir"
lirik poemasını təhlil edib, torpağı sevməyə,
gözəlliyə biganə qalmamağa, vətəni
qarış-qarış duyub onu göz-bəbəyi kimi
qorumağa çağrış adlandırırdı.
Həmin şeirdə xalq
müdrikliyinin, xalq sənətinin, təbiətin qeyri-adi
hadisələrinə münasibət, onu öyrənməyə
maraq göstərməyə tövsiyə edilirdi.
Var - dövlət istədim,
axça vermədi,
Gülüstan istədim, bağça
vermədi.
Bircə könül verdi mənə
o yerlər,
Odur ki, adıma şair deyirlər.
Şeir məclisində sevərlər
məni,
Lakin nə ad məni, nə
hünər məni
Əsir eyləmədi, əsir
olma heç,
Sən adı şöhrəti
ayaqlayıb keç.
Bircə könül gətir
dönüb gələndə,
O böyük gəlbinlə
fəxr edim mən də.
Bu misraları yüksək
qiymətləndirən Süleyman Rəhimov Osman Sarıvəllinin
əsl gənclik, vətən, torpaq şairi, müdrik el sənətkarı
olmasını ürəklə yazdığı dərin
duyğulu məqaləsində təsdiqləyirdi.
Osman Sarıvəlli müxtəlif
vaxtlarda Azərbaycan Yazıçılar Birliyinin məsləhətçi
"Ədəbiyyat qəzeti"nin redaktoru, Partiya təşkilatının
katibi, Akademiyada folklor şöbəsinin müdiri,
Yazıçılar İttifaqının katibi kimi vəzifələrdə
də işləmişdir. Biz hamımız onu işinə məsuliyyətlə
yanaşan insan, sevimli şairimiz, xeyirxahlığı ilə
dərin hörmət qazanmış ağsaqqal kimi
xatırlayırıq. O, ürəyinin əleyhinə getməyən
böyük şairimiz idi.
Bu gün öz şeirləri,
Aşıq Ələsgər, Aşıq Şəmşir və
ümumən aşıqların yaradıcılığı
haqqında yazdığı elmi məqalələri ilə
xalqın qəlbində yaşayır. Xidmətlərinə
görə fəxri xiyabanda dəfn ediləcək şair vəsiyyət
etdi ki, onu həyat yoldaşı Sayalı xanımın
yanında dəfn etsinlər. O, indi oğulları Afər,
Rafiq və Seyranla doğma kəndi II Şıxlının qəbiristanlığında
uyuyur. Onun adı hər yerdə ehtiram və hörmətlə
çəkilir. Xatirəsi önündə baş əyilir.
2 iyul günü şairin xatirə günüdür.
Belə bir vaxtda
xatırlamaya, "qəbrin nurla dolsun" deməyə bilməzdim,
əziz ustad!
İtirdin ən əziz sənət
dostunu,
Çəkdin əlli
yaşdan ən ağır dərdi.
Vurğunsuz yaşadın
Vurğun ömrünü,
Ömründən qırx
ili Vurğuna verdin.
İlyas TAPDIQ
Ədəbiyyat qəzeti.- 2010.- 9 iyul.- S.6.