"Şeyx Sənan"
operası
Məktubların
işığında
1909-cu ildə Üzeyir bəy Hacıbəylinin yazdığı məktubların əksəri Məlikə xanıma ünvanlanıb. Bu gün bu məktublardan cəmi 20 məktub aşkar edilmişdir. Məlikə xanımın yazdığı cavab məktublarından bəlli olur ki, Üzeyir bəyin məktubları daha artıq imiş. Lakin Məlikə xanımın da 13 cavab məktubu onun yazdıqlarının tam hamısı deyildir. fəqət nə etməli?... Bununla belə əlimizdə olan bu 33 məktub (20+13) 1909-cu ildə Üzeyir bəyin həyatına, fəaliyyətinə, yaradıcılığına, məişətinə, ən əsası isə onun gənc qəlbinin təlatümlü hisslərinə işıq salmış olur. Məktublar 1909-cu ilin iyun - dekabr aylarını əhatə edir. Məhz bu zaman kəsiyi Üzeyir bəyin "Şeyx Sənan" operasını yazmağa başladığı və premyeraya təqdim etdiyi dövrdür. Əgər Üzeyir bəyin yaradıcılığını tədqiq edən musiqişünaslar "Şeyx Sənan" operası haqda 1909-cu il mətbuatında gedən bir neçə xəbər və ya resenziya ilə kifayətlənirdisə, bu məktublar özü-özlüyündə daha yeni, daha dəqiq inkaredilməz faktları, həqiqətləri cəmləşdirərək yeni tədqiqatlar üçün geniş üfüqlər açır. Məktubların nədən bəhs etməsinə baxmayaraq bir həqiqət aydındır ki, məktublar "Şeyx Sənan" operasını əvvəldən sona qədər müşayiət edib. Bu dövr həm də Üzeyir bəylə Məlikə xanımın nişanlanmasından evliliyə qədər olan dövrüdür - 6 ay!
Hərçənd Üzeyir Hacıbəylinin ilk tədqiqatçılarından olan Xurşid xanım Ağayevanın 1955-ci ildə rus dilində nəşr etdirdiyi "Üzeyir Hacıbəyov" kitabında bu fikirlərə rast gəlirik: "…"Şeyx Sənan" operasının səhnə təcəssümünə dair bir məlumat, yazılı qeyd və qəzet rəyi olmamışdır… İlk tamaşadan sonra opera səhnədən götürülüb, müəllifin özü tərəfindən məhv edilmişdir…"
Əlbəttə, bu hökmlü sözlər həqiqətdən çox uzaq idi. Görkəmli tədqiqatçı Qulam Məmmədlinin 1983-cü ildə nəşr etdirdiyi Ü.Hacıbəyovun "Həyat və yaradıcılıq salnaməsi"ndə artıq "Şeyx Sənan" operasına aid xeyli qəzet materialları - xəbər, elan, resenziya, rəy kimi mühüm əhəmiyyətə malik nümunələr verilmişdi.
"Salnamə" "üzeyirşünaslar" üçün yeni mənbə, yeni məxəz rolunu oynasa da, bir sıra tədqiqatçıların işini yüngülləşdirsə də, bütün suallara cavab vermirdi. "Şeyx Sənan"ı ağuşuna almış sirlərə vaqif olmaq üçün, tilsimli kələfin ipucunu əldə etmək üçün daha nə qədər mənbələri axtarıb-aramaq vacib idi.
Bu baxımdan son illər aşkar olunmuş "Şeyx Sənan"ın ədəbi mətni - librettosu və Ü.Hacıbəylinin 1909-cu ildə yazdığı məktublar da o zaman qəzetlərdə dərc olunmuş materiallardan heç də az əhəmiyyətli deyildir.
Əgər "Şeyx Sənan" operası haqda mətbuatda ilk yazılı məlumat 14 iyun "Tərəqqi" qəzetinin 130-cu nömrəsində getmişdisə, 25 iyun 1909-cu il tarixli məktubunda Üzeyir bəy Məlikə xanıma yazırdı: "…Bunlardan əlavə mən yeni opera üzərində çalışıram (operanın adı göstərilmir - S.f.) və müqaviləyə görə operanı sentyabrın 1-nə qədər bitirməliyəm".
Diqqət edin: Yeni opera yazması haqda xəbəri Üzeyir bəy 25 iyun 1909-cu ildə məktubda Məlikə xanıma bildirir. Halbuki, təxminən bir ay öncə Məlikə xanım Bakıda idi və hər gün Üzeyir bəylə görüşürdü. Əgər may ayında Üzeyir bəy "Şeyx Sənan" operası ilə məşğul olsa idi, yəqin bu haqda hər gün görüşdüyü Məlikə xanımla fikirlərini bölüşərdi. Daha 1 ay keçdikdən sonra yeni xəbər kimi məktubda yazmağa ehtiyac qalmazdı.
"Çox zəhmət çəkməli olacağam. İyulun 1-dən etibarən özümü bütünlüklə bu işə sərf edəcəyəm. Ancaq bir fikir; tezliklə səninlə bir yerdə (bərabər) olmaq xəyalı mənim bütün əziyyətlərimi asanlaşdırır". Məktubun məzmunundan göründüyü kimi, Üzeyir bəy 2 aydan bir qədər artıq bir müddətə yeni operanı bitirməlidir. Əlbəttə, bu çox qısa bir zamandır. Lakin Üzeyir bəyi ruhlandıran, işinə təkan verən başqa cəhətlər var. Əvvəla, "Leyli və Məcnun"dan fərqli olaraq "Şeyx Sənan" "Nicat" cəmiyyətinin sifarişi ilə yazılacaqdı və müəllif cəmiyyətlə müqavilə bağlamış, həm də avans belə almışdı. Tezliklə toy tədarükünü görməkdən ötrü Üzeyir bəyə operanın qanorarını almaq çox vacib idi.
6 iyul 1909-cu il tarixli 3-cü məktubunda Üzeyir bəy Məlikə xanıma yazırdı: "…Mən hədsiz məşğulam, ancaq özümü yormuram. Hal-hazırda ən çətin vəzifəm - operanı vaxtında başa çatdırmaqdır…".
Sanki qısa bir zamanda operanı başa çatdırmağın necə "çətin vəzifə" olmasını Üzeyir bəy özü də etiraf edir. Bir də onun yazdığı "vaxtında" kəlməsinə diqqət edək. Bu kəlmə Üzeyir bəyin "Nicat" cəmiyyəti ilə müqavilə bağlayaraq artıq ondan asılı olmasına işarə deyilmi? Üzeyir bəy "Nicat"la hansı müqaviləni imzalamışdı? 14 iyun 1909-cu il tarixli "Tərəqqi" qəzeti 130-cu nömrədə xəbər verirdi: "…İyun ayının 12-də "Nicat" cəmiyyətinin ümumi iclası oldu… İkinci məsələ bu idi ki, müsəlman musiqiçisi Üzeyir Hacıbəyov təzədən yeni bir "Şeyx Sənan" ünvanlı opera tərtib verməkdədir. "Nicat" da bu operanı müsənnifdən almaq üçün bir şərtnamə tərtib edib, təsdiq üçün ümumi iclasa təqdim etmişdir. Bu şərtnamənin üstündə bir çox danışıq oldu. Axırda qərar verildi ki, opera 50 il "Nicat" cəmiyyətinin malı hesab olunacaqdır. Bu şərtlə ki, əvvəlinci dəfə opera oynandıqda nəf müsənnif ilə bərabər bölünsün. İkinci dəfə isə opera büsbütün müsənnifin nəfinə oynanacaq. Gələn dəfələrdən isə oyundan 25 faiz müsənnifə veriləcəkdir…".
Hər halda ağır şərtlərdir: 50 il "Nicat" cəmiyyəti operanı öz malı etmək iddiasında imiş. Üzeyir bəyin ağır maddi durumu onu bu şərtləri bütün ağırlığı ilə qəbul etmək məcburiyyətində qoymuş və o bu addımı atmışdır. Bu məktublarda diqqətimizi çəkən bir cəhət də var. Operanın libretto müəllifinin adı çəkilmir. Özgə ad yoxdursa, demək opera yazılmağa başlandıqda librettonu da bəstəkar özü tərtib etmişdir. Qocaman tədqiqatçı Mirabbas Aslanov "Şeyx Sənan" operasının taleyi" məqaləsində Üzeyir bəyin dərbəndli şair Mirzə Səməndərə operanın librettosunu yazmağı sifariş etməsini qeyd edir. Guya sonradan hansı səbəbdənsə Üzeyir bəydən inciyən Mirzə Səməndər öz yazdıqlarını geri götürərək Üzeyir bəyi çıxılmaz vəziyyətdə qoymuşdur. Bu əhvalatın həqiqətə nə qədər uyğun olmasını təsdiq etmək, onu inkar etmək qədər mümkünsüzdür. Amma bəzi mülahizələr yürütmək olar. Yada salaq ki, 14 iyun "Tərəqqi" qəzetində gedən yazıdan görünür ki, "Şeyx Sənan" operasına görə bağlanan müqavilədə Üzeyir bəydən savayı heç kimin adı çəkilmir. Yəni 14 iyunda artıq Mirzə Səməndər söhbəti yoxdur, deməli "Şeyx Sənan"ı Üzeyir bəy tam şəriksiz, təkbaşına yazır.
3-cü məktubdan sonra 23 avqustda yazılmış 9-cu məktuba qədər Üzeyir bəy "Şeyx Sənan" operası haqda Məlikə xanıma heç bir söz yazmamışdır. Lakin 9-cu məktubda oxuyuruq: "…Məlikə, əgər məni indi görmüş olsan,deyərsən aman Allah, bu nə yaman gündədir. Mən lap korlanmışam. Özümə heç fikir vermirəm. Bunun da səbəbi odur ki, hələ də işimi (operanı - S.f.) tamamlaya bilməmişəm. Çox məşğulam. İnşallah, bitirən kimi özümə də diqqət edəcəyəm… "
Artıq sentyabrın 1-nə bir həftə qalıb. Üzeyir bəy müqavilənin şərtlərindən ən vacibinin öhdəsindən gələ bilmir. Nə üçün? Səbəb nədir? "Tərəqqi" qəzetində baş redaktor kimi işinin çoxluğu. Hətta müəllimlik fəaliyyətini dayandırmaq istəyir. Başqa bir tərəfdən "Zənbur"çularla yaranmış qalmaqal da onun əsəblərini tarıma çəkir. Və heç də əhəmiyyətsiz olmayan - 1909-cu ildə Bakının yayı… O yay çox isti keçirdi. Məktublarında Üzeyir bəy bu hədsiz istiləri dəfələrlə xatırladır. Hətta 9-cu məktubda belə sətirlər də var: "…And olsun Allaha, Bakının bu yayı lap mənim zəhləmi tökdü. Daha başqa səfər məni öldürsələr belə, yay vaxtı Bakıda qalmaram…"
12 sentyabr 1909-cu il tarixli açıqlamada Üzeyir bəy yazır: "Əziz və mehriban Məlikə, sənin məktubunu aldım, bu açıqlama ilə cavab verirəm. Çünki özüm Tiflisə, sizə gəlməyə hazırlaşıram. Bu günlərdə yola çıxacağım üçün sən hələ ki, mənə məktub yazma, gözlə: ya məni, ya məktubumu…" 28 sentyabr tarixli məktubunda isə artıq Üzeyir bəyin Tiflisdən yaxşı əhval-ruhiyyə ilə qayıtmağı bəlli olur. Lakin "Şeyx Sənan" haqda hələ ki, bir sətir də yoxdur.
5 oktyabr tarixli məktubdan: "Əzizim, mehribanım Məlikə, hal-hazırda sənə pul göndərə bilmədiyim üçün məni bağışla. Bir neçə gün gözləməli olacaqsan. Bilirsən, bizim "Tərəqqi" qəzetini bağladılar, özündən asılı olmayan səbəblərə görə naşir özü qəzeti bağladı. Digər qəzetimiz "İttifaq" da bağlandı. Ancaq onu hökumət bağlatmışdır…" "…"Səadət" məktəbi məni işə dəvət edir…"
Əlbəttə, bu qədər problemlərlə operanı əvvəldən planlaşdırılmış vaxtda başa çatdırmaq heç də asan deyildi.
10 oktyabr tarixli məktubdan: "…Bizim qəzetin bağlanması məni heç də pərişan etməyir. Əslində bu belə də olmalı idi (Yəqin qəzetin qalmaqallara düçar olmasına işarə edir - S.f.). Olsun ki, bu halda mən xeyli qazancımı itirirəm. Ancaq daha sakit, rahat həyat yaşayacağam. Məni "Səadət"ə dəvət edirlər… Əlbəttə, ora gedəcəyəm. Ancaq hələ ki, opera ilə yaman məşğulam. "Nicat" yaxın zamanda operanı səhnəyə qoymaq istəyir. Buna görə mən gecə və gündüz işləyirəm…" Görünür ki, Üzeyir bəy "Şeyx Sənan"ı heç olmasa oktyabr ayında bitirmək istəyir. İlkin şərtə görə opera sentyabrda tamamlanmalı idi.
16 oktyabr tarixli məktubda Üzeyir bəy yazır: "…Mən hal-hazırda bərk məşğulam. Məktəbdən gəldikdən sonra (demək o yenidən "Səadət" məktəbində çalışır - S.F.) oturub gecə saat 3-ə qədər işləyirəm. Binəva anam mənə görə özünü həlak edir. Mən uzun müddət işləyəndə o da yata bilmir və məni elə hey dilə tutur ki, gedib yatım. Mən isə çox tələsirəm. Əvvəla, məni "Nicat" tələsdirir (S.F.), saniyən özüm tezliklə toyumuzu etmək imkanı yaratmaq üçün tələsirəm…" Bu sözlərdə operadan qazanacağı mənfəətlə toy tədarükünə başlayacağını bir daha Üzeyir bəy etiraf edir. Daha sonra yazır: "…Belə ki, bu əziyyət məni heç sıxmır. Bu çox cəlbedici, xoş bir zəhmətdir. Nəsə layiqli bir əsər yaratmaq istəyirəm. Hələ ki, hər şey uğurlu alınır. Artıq məşqlər başlayıb. Qadın artisti də artıq tapmışıq. Xor yəhudi sineqoqundandır. Ah, əzizim, əgər sən burada, mənim yanımda ola bilsəydin, mən heç bir zəhmətin ağırlığını hiss etməzdim… İşimin qızğın çağında sənin xəstə olmağın fikrimə gəlir, kefim pozulur, işimi yarımçıq qoyub sənin haqda düşünməyə başlayıram…" Operanın yazılmasını ləngidən daha bir səbəb!.. Nişanlısından ayrı qalaraq min türlü fikrə düşən gənc Üzeyir bəy üçün ayrılıq, nigarançılıq heç də asan deyilmiş… Bununla belə məlum olur ki, oktyabr ayının ortalarında operanın məşqləri başlayıb. Deməli opera tamamlanıb və ya böyük bir hissəsi hazırdır. Solistlər, xor, orkestr problemi həll olunmuşdur. Əlbəttə, burada "Nicat"ın köməyi, təşkilatçılıq dəstəyi vurğulanmalıdır. Həm də operanın tezliklə tamaşaya qoyulmasına "Nicat" özü də maraqlıdır. Ortada qazanc, mənfəət - yəni maddi xeyir var.
Həqiqətən 1909-cu ilin oktyabr ayının sonlarında Bakı qəzetlərində "Şeyx Sənan" operasının premyerasının göstəriləcəyi haqda xəbərlər dərc olundu… Ancaq bu opera Üzeyir bəyin yox, guya Mirzə Səməndərin imiş…
28 oktyabr, "Səda" qəzetində oxuyuruq:
"…Bu günlərdə Bakı "Morskoy sobraniya"sının zalında müsəlman artistləri tərəfindən "Şeyx Sənan" adlı opera - Mirzə Səməndərin təsnif etdiyi - oynanacaqdır. "Nicat" cəmiyyəti bizdən xahiş edir, elan edək ki, bu opera həmin "Şeyx Sənan" operası deyil ki, 25 günədək "Nicat" cəmiyyəti tərəfindən oynanacaq. Həmin opera üçün mükəmməl musiqi tərtib olunub və operada Şeyx Sənanın məhbubəsi Xumar rolunu ifa etməyə bir xoş səsli xanım dəvət olunub…"
Bu sətirlərdən göründüyü kimi Mirzə Səməndər "Nicat" cəmiyyətini əməlli-başlı təşvişə salıbmış. Ancaq əslində Mirzə Səməndər deyil, onu idarə edənlərin, qılığına giribən bu qocaman və acıdil şairi hərcayi saçmalara sövq edənlərin "Nicat" üçün "başağrısı" yaratması aşkar idi.
…Üzeyir bəyə qarşı həmişə düşmən mövqedə duran "Zənbur"çuların "Şeyx Sənan" operasının ərsəyə gəlib, səhnədə təcəssüm tapmasına sakit, məğmun bir halətdə seyr edəcəklərini təsəvvür etmək əlbəttə sadəlövhlük olardı. Məhz buna görə "Morskoy sobraniye"də Mirzə Səməndərin "Şeyx Sənan" operasının oynanılacağı əslində düşünülmüş bir hiylə, "blef", qurma kələk idi. Bakı camaatını çaşdırmaq, dedi-qodu yaratmaq, Üzeyir bəyin yeni operasını gözləyənlərin zənnini aldatmaq, ictimaiyyətin fikrini qarışdırmaq - bu idi Üzeyir bəyin düşmənlərinin məqsədi... Əslində yeni operanın yaranmasına mane ola bilməsələr də, Üzeyir bəyin əsəblərini tarıma çəkmiş, necə deyərlər, "ürək bulandırmışdılar"…
Mirabbas Aslanovun məqaləsində oxuyuruq: "…Mirzə Səməndər 1920-ci ilin fevralında 93 yaşında Bakıda vəfat etmişdir… M.Səməndər çox tündməcaz və əsəbi şəxs idi. Mərdəkana A.Aşurbəyovun yanına gedərdi, içki içməyə…"
Deməli 1909-cu ildə Mirzə Səməndər 82 yaşında imiş və 23-24 yaşlı Üzeyir bəylə bu içkiyə mail qocanın bir yerdə nə sayaq opera yaza biləcəklərini təsəvvür etmək belə ağla sığmır. Həm də opera məgər tək şeirdənmi ibarət olur? İlk öncə opera səhnə əsəri və dramaturgiyanın ən mürəkkəb formalarından və janrlarından biridir. Qoca Mirzə Səməndərin opera yazması heç gülməli də deyil. Əslində "Səda" qəzetində gedən xəbər Üzeyir bəyin bədxahlarının növbəti kələyi, sataşması, ilin əvvəlindən davam edən qalmaqalın yeni əndazədə davam etdirilməsinə bir cəhd idi. M.Səməndərin bu "operası" isə "ana bətnindəcə ölmüş körpədən" savayı bir şey ola bilməzdi. Heç qəzetlərdə də bu "operanın" sonrakı taleyindən nəsə belə bir yazı getmədi və yəqin ki, tezliklə bu söhbət özü də unuduldu. Vəssalam. 2 il sonra Üzeyir bəy yazacağı "O olmasın, bu olsun" operettası belə sözlərlə bitəcəkdi…
"…Sən qoca, ol cavan
Səndə yoxdur eşq odu…"
"Başına gələn
başmaqçı olar" - deyib atalar… Görünür,
Mirzə Səməndər məsələsində (əgər
bu olmuşdusa) Üzeyir bəy gördüyünü
görmüşdü. Qoca Mirzə Səməndər
ürəkləri riqqətə gətirən, könülləri
ovsunlayan bir eşq dastanı yarada bilməzdi. Olsa-olsa ustad şair kimi nizamlı misralar yazardı.
Məgər bu bəs edərdimi? Vaxtikən
Nizami də "Xosrov və Şirin"i yaradarkən ondan əvvəl
bu mövzuya üz tutmuş Firdovsinin qocalığına eyham
vurmuşdu:
"Söylərkən o həkim
bu xoş dastanı,
Çıxmışdı
içindən eşqi, fəğanı
Altmış
yaşındaydı yazanda bunu
Saxlaya bilmirdi yayda oxunu
Altmışında sevginin,
eşqin həyəcanı
Titrədə bilməzdi
yorğun qocanı…
…Onun yazdıqları - cəngavər
eşqi
Mən yazdıqlarım bir
dilbər eşqi…"
60 yaşlı
Firdovsiyə eyham vuran Nizami 82 yaşlı Mirzə Səməndərə
görən nə deyərdi? Bəlkə də
tarixin ədalətli bir hökmü idi ki, M.Səməndərlə
Üzeyir bəyin müştərək işi
alınmadı. Doğrusu, əslində
onların belə bir işə başlamaq niyyətlərinin
olması barədə tutarlı bir sübut da yoxdur. Olanlar ehtimal və söz-söhbətdir ki, bunlar da
elə bir dəyərə, qiymətə malik deyillər.
***
1909-cu ilin
oktyabr aylarında Tiflisə, Məlikə xanıma
yazdığı məktublarında Üzeyir bəy sanki tələsir,
artıq bir dəqiqəsini itirmək istəmir. Məktublar
daha işgüzar, daha konkret xarakter alır. Hətta əvvəlki
məktublarında Məlikənin bütün ailə üzvlərini
bir-bir sadalayaraq salam göndərən
Üzeyir bəy indi çox qısa və konkret olaraq - "Məndən
hamıya salam söyləyin" - cümləsi ilə kifayətlənir.
26 oktyabr 1909-cu il tarixli məktubunda oxuyuruq: "…Hal-hazırda
mənim məşqlərim davam edir. Musiqi
çox uğurlu alınır. Yaxınlarda hər
şey sona yetəcək… Mənim fərəhim, az
yazdığıma görə bağışla, məşqə
tələsirəm…" Ancaq nə qədər
tələssə də, Üzeyir bəy oktyabr ayında da
"Şeyx Sənan"ı səhnəyə
çıxara bilmədi. Artıq noyabr
ayı sonuncu müddət kimi qətiləşdirilmişdi.
***
2 noyabr tarixli məktubunda
Üzeyir bəy yazır: "…Yeri gəlmişkən,
noyabrın 23-də operanın ilk tamaşasını göstərməliyik.
Belə ki, o qədər də çox gözləməli
olmayacağıq. Məhz buna görə mən tələsir,
tələsir, tələsirəm…"
…Bu məktubun başqa bir
hissəsində oxuyuruq: "…Bu gün, daha doğrusu 1 saat əvvəl
(indi gecə 12-nin yarısıdır) İmran Qasımovun
evində məşq idi. Yeri gəlmişkən
deyim ki, Rahilə xanım da orada idi. Rahilə
xanım zarafat edərək deyirdi ki, guya mənim aktrisa ilə
(belə) canfəşanlıq etməyimi sənə yazacaq.
Mən isə cavab verdim ki, xeyri yoxdur, Məlikə buna
heç vaxt inanmayacaqdır…"
…Amma görünür Məlikə
xanımın ürəyinə şübhə toxumları
düşübmüş, çünki Üzeyir bəyə
cavab məktubunda Rahilə xanımın ünvanını
soruşur…
…Rahilə xanım kimdir? …Rahilə Hacıbababəyova dövrünün
savadlı və mütərəqqi qadınlarından olaraq həm
də Bakıda qızlar məktəbinin direktoru olmuşdur.
O neçə-neçə pedaqoq yetişdirən Terequlovlar
ailəsini də yaxşı tanıyırdı. Rahilə xanım sonralar qız məktəbində,
şagirdlərin ifasında Üzeyir bəyin də neçə
əsərindən parçalar göstərəcəkdi.
***
1943-cü ildə
SSRİ Ali Sovetinin deputatı Üzeyir Hacıbəyov Azərbaycan
SSRİ Ali Sovetinin sədri M.B.Qasımova şəxsi deputat vərəqində
belə bir vəsatət göndərmişdi.
"SSRİ Ali Sovetinin
deputatı
Azərbaycan SSR Ali Sovetinin
Rəyasət heyətinin sədri,
yoldaş Mir Bəşir Qasımova
Bu ərizədə
Azərbaycanın qocaman maarifçi qadınlarından biri -
keçmiş pedaqoq, indi pensiyaçı olan Hacıbababəyova
R.İ. haqqında məsələ qaldıraraq, onun
"Respublikanın əməkdar pedaqoqu" fəxri adı
ilə təltif edilməsi barədə vəsadət verirəm.
Yoldaş
Hacıbababəyova pedaqoji işdə otuz ildən artıq
çalışmışdır. O, Hənifə xanım Məlikova-Zərdabi
və Şəfiqə xanım Əfəndiyeva kimi inqilaba qədərki
Azərbaycanda ilk qadın müəllimələrdən
olmuş, Azərbaycanda maarifçilik hərəkatında
böyük səylər göstərmişdir. Yüzlərlə
azərbaycanlılar - bu günki müəllimlər, həkimlər,
mühəndislər və s. ziyalılar kimi qulluq edənlər,
rəhbər vəzifələrdə olanlar R.Hacıbababəyovanın
yetişdirdiyi, tərbiyə etdiyi kadrlardır.
Onun
çoxsaylı yetişdirmələrindən birinin SSRİ
Ali Sovetinin deputatı Çimnaz Aslanovanın adını
çəkmək kifayətdir. R.Hacıbababəyova -
alman-faşist işğalçılarından bizi müdafiə
edən iki sovet zabitiin - iki oğulun anasıdır.
SSRİ Ali Sovetinin
deputatı,
professor Ü.Hacıbəyov
1943-cü il".
------------------------
* Təqdim olunan məktublar
Sərdar Fərəcov tərəfindən rus dilindən Azərbaycan
dilinə tərcümə edilib.
** Bir daha yada salaq ki, "Tərəqqi"
və "İttifaq" qəzetinin naşiri neft
milyonçularından biri Murtuza Muxtarov idi. Məhz M.Muxtarovun
ayırdığı təqaüdlə 1909-cu ilin
sentyabrında Ceyhun Hacıbəyli əvvəl İtaliyaya,
sonra fransaya ali musiqi təhsili almağa
getmişdir. Lakin ali musiqi təhsilinin
çox çətin olması onu tezliklə başqa ixtisasa
sahib olmağa sövq edir.
Sərdar FƏRƏCOV
Üzeyir Hacıbəylinin
ev muzeyinin direktoru,
əməkdar incəsənət xadimi
(Davamı var)
Ədəbiyyat qəzeti.- 2010.- 23 iyul.- S.5.